Məhkəmə qərarları › İş №2(006)-1078/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1078/2023

02.06.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1078/2023 02.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh (Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti və Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «evə köçürülmə və istifadə hüquqlarının müəyyən edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «evə köçürülmə və istifadə hüquqlarının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və övladının ünvan 1 ünvana köçürülməsi və hansı otaqlardan istifadə hüquqlarının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti və Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişlər. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, X6 ilə 1968-ci il tarixdə ailə qurmuşdur. Əri 1994-cü il tarixdə rəhmətə getmişdir. O, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamışdır. Lakin, oğlu, Cavabdeh onu yaşadığı evdə yaşamağa qoymur. Onu söyüb, təhqir edib, hədə-qorxu gələrək evdən qovmuşdur. O, artıq uzun müddətdir ki, öz evində yaşaya bilmir. Nə qədər qızının evində qala bilər? Qızı ailəlidir və artıq qızına yük olmaq istəmir. Qızının da yaşamaq üçün şəraiti pisdir. Onun yaşamağa başqa yeri və ünvanı yoxdur. O, qeydiyyatda olub, həmişə yaşadığı həmin ünvanda yaşamaq istəyir. Evə köçürülməsi üçün ona köməklik edilməsini xahiş edir. Bildirir ki, bütün əşyaları həmin evdədir. Həmçinin hansı otaqdan və mətbəxdən, tualet-hamamdan istifadə etməsinin də müəyyən edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, yuxarıdakı mənzilə köçməyə razıdır. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, iddia ərizəsini əsassız hesab edir. Belə ki, iddiaçı ünvan 1 ünvanda yaşayır. İddiaçının beş oğlu var, biri rəhmətə gedib, digər üçü isə başqa yerdə yaşayır. İddiaçı onlara heç bir analıq etməmişdir. İddiaçı onun bioloji anasıdır, iddiaçı ona mənəvi analıq etməmişdir. 15 ildə o, bir dəfə də olsun ev mübahisəsi etməmişdir. Həyətdə balaca bir otaq var idi. O, öz ailəsi ilə həmin evdə yaşamışdır. ünvan 1 ünvanda yaşayır. O, heç vaxt iddiaçını söyüb evdən qovmamışdır. Ev faktiki olaraq iki otaqdan ibarətdir. O, bir otağı bölmüşdür, böldüyü otağın bir hissəsində oğlu, digər hissəsində qızı yaşayır. Özü isə digər bir otaqda yaşayır. Həyətdə bir ədəd ayrı tikili otaq var, orada şərait olmadığı üçün heç kim yaşamır. İddiaçının həyətdə olan ayrıca tikili otağa köçməsinə etirazı yoxdur. 15 il bir otaqlı evdə qalmışdır. Heç vaxt səsini çıxarıb deməmişdir ki, ev istəyir. Daha sonra aralarında ailə münaqişəsi yaranmış və sahə müvəkkilinə müraciət etmişlər. Sahə müvəkkili bildirmişdir ki, anası ilə bacısı iki nəfər olduğu üçün onlar yuxarıdakı otağa köçsünlər. O və ailəsi isə çöldəki otağa köçmüşlər. Daha sonra aralarında münaqişə olmuş, qardaşları gəlmiş və anasını götürüb aparmışlar. Üç ay oğlanlarının yanında qalmamış və çıxıb geri gəlmişdir. Yuxarıdaki bir otağı o, anasına verməyə razıdır, amma bir şərti vardır ki, aşağı hissəyə o, öz ləvazimatlarını yığacaq. Əvvəlki məhkəmə iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi X3 ünvan 2 ünvanında dövlət qeydiyyatından keçmiş, lakin fərdi mənzil nömrəsi olmayan evlərin, həm də özbaşına tikililərin mövcud olduğunu bildirərək, doğurdan da İddiaçı ünvan 2 saylı fərdi yaşayış evinin sahəsi 11,75 m2-dən ibarət olan hissəsində qeydiyyatda olmaqla, yaşamasını göstərərək qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə və Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2005-ci il tarixdə Bakı şəhəri Nəsimi RPİ tərəfindən verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx xxxx 1951-ci il tarixdə, tarixi Qərbi Azərbaycanda, həmin dövrdə ermənistan SSR Quqark rayonunda doğulmuşdur. ünvan 1 ünvanda qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş evlənmək haqqında şəhadətnamədən görünür ki, X7 ilə X11 arasında nikah 05 oktyabr 1989-cu il tarixdə 1969 saylı akt qeydi ilə tarixi Qərbi Azərbaycanda, həmin dövrdə ermənistan SSR Quqark rayonu Allovar kəndində bağlanmışdır. İş materiallarına əlavə olunmuş Nəsimi rayon XDS İK-nın 26 may 1989-cu il tarixli 93/12 saylı qərarından görünür ki, X7 rayon icraiyyə komitəsinə müraciət edərək, Qərbi Azərbaycandan deportasiya olunduğunu, ünvan 1 ünvanda məskunlaşdığını, həmin evin sahibi olan şəxslə Qərbi Azərbaycanda yerləşən evini dəyişmək barədə razılığa gəldiklərini bildirərək, ailə üzvləri ilə həmin ünvana qeydiyyata alınmasını xahiş etmişdir. Yuxarıda qeyd olunanlar, eləcə də Bakı şəhər XDS İK-nın ermənistan SSR-dən gələn milliyyətcə Azərbaycanlıların yerləşdirilməsi tədbirləri ilə bağlı 11 aprel 1989-cu il tarixli 3/92 saylı qərarı nəzərə alınaraq Nəsimi rayon XDS İK-nın 26 may 1989-cu il tarixli 93/12 saylı qərarı ilə X7 və digər 8 nəfər ailə üzvünün həmin ünvana daimi qeydiyyata alınmaları qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin 04 aprel 2023-cü il tarixli və 18 aprel 2023-cü il və 12 may 2023-cü il tarixli məktublarından görünür ki, ünvan 4 ünvanda iki fərdi yaşayış evi qeydiyyata alınmışdır:

1. Ümumi sahəsi 87,8 m2, yaşayış sahəsi 66,1 m2 olan 3 otaqlı 188 nömrəli fərdi yaşayış evi xx.xx.2019-cu il tarixdə X2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir (çıxarışın və əsas olmuş müqavilənin surəti əlavə olunur);

2. Ümumi sahəsi 68,8 m2, yaşayış sahəsi 55,1 m2 olan 3 otaqlı 188 nömrəli fərdi yaşayış evi xx.xx.2007-ci il tarixdə X4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir (əsas olmuş müqavilənin surəti əlavə olunur, çıxarış İdarənin arxivində saxlanılmamışdır). xx.xx.2019-cu il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış; xx.xx.2015-ci il tarixli və xx.xx.2019-cu il tarixli alğısatqı müqavilələrinin surətləri yuxarıda qeyd olunan sorğuya cavab məktubuna əlavə edilmişdir. Nəsimi rayon VVAQ şöbəsi tərəfindən verilmiş 22 mart 1994-cü il tarixli İV-JQ seriyalı 373872 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X7 18 mart 1994-cü il tarixdə Bakı şəhərində kəskin ürək damar çatmamazlığından vəfat etmişdir. Bu barədə 22 mart 1994-cü il tarixdə müvafiq akt qeydləri kitabında 386 saylı akt qeydi aparılmışdır. İş materiallarına əlavə edilmiş Nəsimi rayon MKTB-nin 59 saylı MKİS-nin 28 aprel 2023-cü il tarixli, 576 saylı arayışından görünür ki, İddiaçı ünvan 2 ünvanında 27 iyun 1989-cu il tarixdən etibarən qeydiyyatdadır və hal-hazıradək övladları ilə birlikdə həmin ünvanda yaşayır. İş materiallarına əlavə edilmiş ünvan 5dən tərtib və təsdiq edilmiş sxemdən görünür ki, ünvan 2 ünvanda yerləşən və İddiaçı istifadəsində olan yarımzirzəmi 11.75 kv.metrdən (otaq) və h/t 1.0 kv.metrdən ibarətdir. İşin faktiki hallarından görünür ki, İddiaçı əri və digər ailə üzvləri ilə birlikdə tarixi Qərbi Azərbaycan ərazisində yaşayan yerli əhali kimi ermənistan SSR-də dövlət səviyyəsində təşkil edilmiş deportasiya siyasətinə əsasən yaşadıqları ərazilərdən məcburi şəkildə çıxarılaraq, Azərbaycan Respublikasına göndərilmişlər. Qərbi Azərbaycanda, doğma yurd yerlərində qalmış evlərini hazırda qeydiyyatda olduğu və çıxarılanadək yaşadığı evlə dəyişdirmişlər. Müvafiq XDS İK-nın qərarına əsasən daimi olaraq həmin ünvana qeydiyyata alınmışlar. O, həmin evdən çıxarılana qədər uzun onilliklər ərzində qeydiyyat yeri üzrə yaşamış, fərdi yaşayış evindən təyinatı üzrə istifadə etmişdir. İddiaçının evdən istifadə hüququ vardır, iddiaçı və ailə üzvləri ünvan 6 ünvanda yerləşən, qeydiyyatda olduğu evi Qərbi Azərbaycanda qalmış evləri ilə dəyişdirmişlər. İddiaçı fərdi yaşayış evini öz xoşu ilə tərk etməmişdir, mənzili tərk etməyə məcbur edilmişdir. Bununla da, iddiaçının fərdi yaşayış evindən istifadə hüququ pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə qeyd edir ki, bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni, insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Tikilinin kim tərəfindən inşa edilməsindən asılı olmayaraq özbaşına tikili statusunda olan evdən uzun illər ərzində yaşayış sahəsi kimi istifadə etmiş şəxsin həmin sahədən çıxarılması düzgün deyil. Göstərilən məsələyə əks yanaşma ictimai münasibətlərdə qeyri-sabitliyiə səbəb ola bilər. Bu halın mövcudluğu artıq qanunu pozmaqla özbaşına tikintini aparmış şəxsə növbəti qanunsuzluqlar etməyə, yəni, özbaşına tikilidə yaşayan şəxsləri qanuni əsas olmadan oradan çıxartmağa və digər bu kimi hərəkətlər etməyə şərait yarada bilər. Ona görə də, bu kateqoriya mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olub-olmadığı araşdırılmalıdır, yəni, əgər məhrumedənin mənzilə hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilənin mənzilə köçürülməsi təmin edilməlidir. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinin birinci hissəsinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (əri), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həmin Məcəllənin 54-cü maddəsinin üçüncü hissəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Məhkəmə eləcə də vurğulayır ki, mübahisəli fərdi yaşayış evi ilə bağlı hüquq münasibətləri yaranan dövrdə qüvvədə olan (2000-ci ilədək qüvvədə olan 1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsi) Mülki Məcəllənin 105-ci maddəsinə əsasən vətəndaşdan yaşayış evi (bağ) və ya evin (bağın) bir hissəsi əvəzsiz olaraq alındıqda məhkəmə onu və onunla yaşayan şəxsləri bu evdən (bağdan) istifadə etmək hüququndan məhrum edə bilər. Lakin bu vətəndaşların daimi yaşamaq üçün yararlı olan başqa yaşayış sahəsi yoxdursa, alınmış evin (bağın) verildiyi yerli xalq depuptatları Sovetinin icraiyyə komitəsi onlara başqa yaşayış sahəsi verir. Həmin Məcəllənin 244-cü maddəsinə əsasən dəyişmə müqaviləsinə əsasən, tərəflər arasında bir əmlak digəri ilə dəyişdirilir. Dəyişmə müqaviləsinə, alğı-atqı müqaviləsinə dair müvafiq qaydalar tətbiq edilir. Dəyişmə müqaviləsinin hər bir iştirakçısı, dəyişdirdiyi əmlakın satıcısı, aldığı əmlakın isə alıcısı hesab olunur. Dəyişmə müqaviləsində tərəflərdən biri və ya hər ikisi dövlət təşkilatı olduqda, həmin müqavilə ancaq SSR İttifaqı və ya Azərbaycan SSR qanunvericiliyi ilə müəyyən edilmiş hallarda bağlana bilər. Göründüyü kimi, İddiaçı mübahisəli mənzildən istifadə hüququ mövcuddur, həmin hüququ itirməmişdir və istifadə hüququ olan yaşayış sahəsinə köçürülməlidir. İddiaçının məhz hansı yaşayış sahəsinə köçürülməsi ilə bağlı məhkəmə hesab edir ki, İddiaçı ünvan 2 saylı fərdi yaşayış evinin faktiki istifadəsində olan sahəsi 11,75 m2-dən ibarət olan hissəsinə köçürülməlidir. İddia tələbinin “iddiaçının övladının ünvan 2 ünvanında yerləşən mənzilə köçürülməsi və s.” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, göründüyü kimi, iddiaçının övladları yetkinlik yaşlarına çatmaqla, fərdi qaydada məhkəməyə müraciət emək hüquqları vardır. Beləliklə həmin hissədə iddia tələbi ilə əlaqədar iddiaçıya həmin şəxslərin fərdi qaydada məhkəmədə iddia qaldıraraq hüquqlarını müdafiə etmək hüquqlarının olması izah edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ünvan 2 saylı fərdi yaşayış evinin sahəsi 11,75 m2-dən ibarət olan hissəsinə köçürülməlidir. İddia qalan hissədə təmin edilə bilməz. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. İddiaçı ünvan 2 saylı fərdi yaşayış evinin sahəsi 11,75 m2-dən ibarət olan hissəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar