Məhkəmə qərarları › İş №2(006)-108/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-108/2025

24.09.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-108/2025 24.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «X1 İnşaat ve Dış Ticaret Limited Şirketi»nin Azərbaycan Respublikasındakı filialına qarşı «əmək haqqı və məzuniyyət pulu» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh «X1 İnşaat ve Dış Ticaret Limited Şirketi»nin Azərbaycan Respublikasındakı filialına qarşı «əmək haqqı və məzuniyyət pulu» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «X1 İnşaat ve Dış Ticaret Limited Şirketi»nin Azərbaycan Respublikasındakı filialının xx.xx.2023-cü il tarixli 29 nömrəli əmrinin ləğv edilməsi; onun cavabdeh «X1 İnşaat ve Dış Ticaret Limited Şirketi»nin Azərbaycan Respublikasındakı filialında menecer vəzifəsinə bərpa edilməsi; xx.xx.2023-cü il tarixdən işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı məbləğinin və istifadə olunmamış əmək məzuniyyətinə görə 2.325 manat məbləğində kompensasiyanın ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2018-ci il tarixli əmək müqaviləsi ilə «X1 İnşaat ve Dış Ticaret Limited Şirketi»nin Azərbaycan Respublikasındakı Filialında satıcı vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə isə işəgötürənin 29 nömrəli əmrinə əsasən guya öz xahişi ilə işdən azad edilmişdir. Hesab edir ki, işəgötürənin xx.xx.2023-cü il tarixli əmri qanunsuz və əsassızdır. O, işdən azad olunması barədə hər hansı ərizə ilə cavabdehə müraciət etməmişdir. İddia ərizəsinə əlavə olunan Bakı 14 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, ilkin mediasiya sessiyası təklif göndərilən tərəf iştirak etmədiyinə görə baş tutmamışdır. Bakı 2 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, cavabdehin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 69-cu maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə İşəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Həmin Məcəllənin 135-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. O, əmək müqaviləsinin ləğv edilməsi barədə hər hansı ərizə verməmişdir. Bu səbəbdən, işdən azad olunmasına dair işəgötürənin xx.xx.2023-cü il tarixli əmri ləğv olunmalı, əvvəlki işinə bərpa olunmalı, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməli və istifadə etmədiyi məzuniyyətlərin əvəzi ödənilməlidir. Sonradan iddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinə dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdən işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı məbləğinin və istifadə olunmamış əmək məzuniyyətinə görə 2.325 manat məbləğində kompensasiyanın ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə iddia tələbinə dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdən işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı məbləğinin və istifadə olunmamış əmək məzuniyyətinə görə 2.325 manat məbləğində kompensasiyanın və 85 gün məcburi iş buraxma günləri üçün 1.275 manat olmaqla, cəmi 3.600 manat pul vəsaitinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmumuna uyğun izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qiyabi qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh «X1 İnşaat ve Dış Ticaret Limited Şirketi»nin Azərbaycan Respublikasındakı filialına məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları: xx.xx.2018-ci il tarixdə (114/Q18 saylı əmr) bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı «X1 İnşaat ve Dış Ticaret Limited Şirketi»nin Azərbaycan Respublikasındakı filialına satıcı vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin: - 2.3-cü bəndinə əsasən müqavilə xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 5 il 3 ay 3 gün müddətinə bağlanmışdır. - 2.4-cü bəndinə əsasən işçi xx.xx.2023-cü il tarixdən işə başlayır. - 4.1-ci bəndinə əsasən işçiyə hər ay 450 manat məbləğdə əmək haqqı ödənilir. - 4.27-ci bəndinə əsasən əsas məzuniyyətinin müddəti 30 təqvim günüdür. - 4.29-cu bəndinə əsasən əmək məzuniyyətinin ümumi müddəti 30 təqvim günüdür. xx.xx.2023-cü il tarixdə həmin əmək müqaviləsinə dəyişikliklər edilmiş, İddiaçı menecer (mağaza, əsas) vəzifəsinə keçirilmişdir (təyin edilmişdir). xx.xx.2023-cü il tarixli 29 nömrəli əmrdən görünür ki, İddiaçı öz xahişinə əsasən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən xitam verilmişdir. Bakı 14 saylı Mediasiya təşkilatının 18 dekabr 2023-cü il tarixli MŞB/14/2023-01199 saylı İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixə saat 11.00-a təyin edilmiş mediasiya sessiyasına gəlmiş, cavabdeh «X1 İnşaat ve Dış Ticaret Limited Şirketi»nin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi isə həmin sessiyaya gəlməmişdir. Bu səbəbdən, Mediasiya təşkilatı tərəfindən İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim olunmuşdur. İddiaçı tərəfindən 50 manat İMS xərci və 10 manat poçt xərci ödənilmişdir. «X1 İnşaat ve Dış Ticaret Limited Şirketi»nin Azərbaycan Respublikasındakı filialının 05 fevral 2024-cü il tarixli 75 saylı əmrində qeyd olunmuşdur ki, İddiaçı 05 fevral 2023-cü il tarixdən etibarən əmək haqqı əmək müqaviləsinə uyğun ödənilməklə Əmək Məcəlləsinin 47-ci maddəsinin «f» bəndinə əsasən cəmiyyətə müddətli menecer vəzifəsinə işə qəbul edilmiş, işçi ilə tam maddi məsuliyyət haqqında müqavilənin bağlanması qərara alınmışdır. Məhkəmə işə obyektiv, tam, ədalətli baxılması üçün 19 fevral 2024-cü il tarixli 2(006)- 1117/2024 saylı qərardadına əsasən məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və ekspert qarşısında cavablandırılması zəruri olan suallar qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/1872/2024 saylı məktubu ilə məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat məhkəmənin dəftərxanasına daxil olmuşdur. Həmin məlumatda qeyd edilmişdir ki, ekspert qarşısında qoyulmuş sualların həll edilməsi üçün tədqiqat obyektinin ekspert baxışına təqdim olunması barədə məhkəməyə xx.xx.2024-cü il tarixli vəsatəti (İddiaçı «X1 İnşaat ve Dış Ticaret Limited Şirketi»nin Azərbaycan Respublikasındakı filialında işlədiyi dövrdə bütün aylar üzrə iş vaxtının tabel uçotu, eləcə də, ona hesablanmalı olan və faktiki halda hesablanmış ödənilmiş əmək haqqı və əmək haqqına əlavələr barədə məlumat (tam açıqlanması ilə – vergilərə, DSMFyə, həmkarlar ittifaqına və digər tutulmalar göstərilməklə), şəxsi uçot vərəqəsi, məzuniyyət əmrləri) göndərilmiş, lakin vəsatət təmin edilməmişdir. Bu səbəbdən, məhkəməmühasibatlıq ekspertizası üzrə tədqiqat aparılmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1117/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı xx.xx.2023-cü il tarixdən işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı məbləğinə görə 1.275 manat və istifadə olunmamış əmək məzuniyyəti günlərinə görə 2.325 manat məbləğində kompensasiya olmaqla, cəmi 3.600 manat məbləğində pulun cavabdeh «X1 İnşaat ve Dış Ticaret Limited Şirketi»nin Azərbaycan Respublikasındakı filialından tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Sonradan iş üzrə cavabdeh «X1 İnşaat ve Dış Ticaret Limited Şirketi»nin Azərbaycan Respublikasındakı filialı məhkəməyə ərizə ilə müraciət edərək 2(006)-1117/2024 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixli qiyabi qətnamənin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1117/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1117/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qiyabi qətnaməsi ləğv edilmiş, mülki işin icraatı təzələnərək mahiyyəti üzrə baxılmasının təyin edilməsi qərara alınmışdır. Məhkəmə işə obyektiv, tam, ədalətli baxılması üçün xx.xx.2025-ci il tarixli 2(006)- 108/2025 saylı qərardadına əsasən məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və ekspert qarşısında cavablandırılması zəruri olan suallar qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibat ekspertizasının aparılmasından imtina edilməsi barədə xx.xx.2025-ci il tarixli məlumatından görünür ki, 2(006)-108/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixdə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının aparılması və rəy verilməsi əlavə tədqiqat obyektlərinin və iş üzrə materialların təqdim edilməsi barədə xx.xx.2024-cü il tarixli vəsatət (İddiaçı “X1 İnşaat və Dış Ticaret Limited Şirketinin” Azərbaycan Respublikası Filialında işlədiyi dövrdə bütün aylar üzrə iş vaxtının tabel uçotu, eləcə də ona hesablanmalı olan və faktiki halda hesablanmış ödənilmiş əmək haqqı və əmək haqqıya əlavələr barədə məlumat (tam açıqlanması ilə-vergilərə, DSMF-yə, həmkarkar ittifaqına və digər tutulmalar göstərilməklə), Şəxsi uçot vərəqəsi, Məzuniyyət əmrləri) təmin edilmədiyindən mümkün olmamışdır: Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 25-ci maddəsinin İ hisəssinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 9-cu maddəsinin d bəndinə görə qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarına daxildir. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 83-cü maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. 110-cu maddəsinin 1-ci hissəsinə əsasən işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. 3-cü hissəsinə əsasən işçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz. 113-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək məzuniyyəti — işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır. 2-ci hissəsinə əsasən əmək məzuniyyəti müvafiq peşə (vəzifə) üzrə əmək funksiyasını yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və istehsalın, əməyin xarakterinə və əmək stajına görə, habelə uşaqlı qadınlara verilən əlavə məzuniyyətdən ibarət olub, istər birlikdə, istərsə də ayrılıqda verilə bilər. 3-cü hissəsinə əsasən əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər. 139-cu maddəsinin 1-ci hissəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır. 2-ci hissəsinə əsasən məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı, habelə məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 140-cı maddəsinin 1-ci hissəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 2-ci hissəsinə əsasən 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. 3-cü hissəsinə əsasən məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. 4-cü hissəsinə əsasən bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. 5-ci hissəsinə əsasən işçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir. 6-cı hissəsinə əsasən əmək müqaviləsində, kollektiv müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, məzuniyyət vaxtı üçün orta əmək haqqı müəyyən səbəbdən məzuniyyət başlanandan sonra ödənilmişdirsə, işçinin tələbi ilə məzuniyyətin başlanma vaxtı əmək haqqının faktik olaraq verildiyi gündən hesablanıla bilər. 7-ci hissəsinə əsasən məzuniyyət vaxtı üçün hesablanmış orta əmək haqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılıb ödənilməlidir. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin həmin Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki halların araşdıraraq, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilmək barədə qətnamə və ya bu maddənin ikinci hisəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, İddiaçı işdən öz xahişi ilə azad olunmasına dair ərizə təqdim etmədiyi halda, işəgötürən – cavabdeh «X1 İnşaat ve Dış Ticaret Limited Şirketi»nin Azərbaycan Respublikasındakı filialı tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək qanunvericiliyinin tələblərinə zidd olaraq xitam verilmişdir. Lakin məhkəmə araşdırması müddətində cavabdeh iddiaçının işə bərpa edilməsinə dair xx.xx.2024-cü il tarixli əmr vermişdir. Bununla da işçinin xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək məcburi iş buraxma müddəti nəzərə alınmalıdır. İddiaçının ilkin tələbi əmrin ləğvi, işə bərpa və pul tələbi olsa da, sonradan cavabdeh tərəfindən işçinin işə bərpa edilməsinə dair əmr verildiyindən iddianın bu hissəsində mübahisə öz həllini tapmış hesab edilməlidir. Cavabdeh tərəfindən məhkəməyə iddiaçının işdən azad edilməsinə əsas verən yazılı ərizə, habelə işçinin işdən azad edildikdən sonra son haqq hesabın ödənilməsini təsdiq edən sənədlər, eləcə də, sonradan xx.xx.2024-cü il tarixdən etibarən əmək haqqı əmək müqaviləsinə uyğun ödənilməklə Əmək Məcəlləsinin 47-ci maddəsinin «f» bəndinə əsasən cəmiyyətə müddətli menecer vəzifəsinə işə qəbul edilməsinə razılıq verməsinə dair ərizə təqdim olunmamışdır. Məhkəmə tərəfindən təyin edilmiş mühasibatlıq ekspertizasının keçirilməsi üçün cavabdeh tərəfindən zəruri sənədlər və məlumatlar təqdim edilməmiş və bunun da nəticəsində cavabdeh iddiaçının ərizəsində qeyd etdiyi məbləği qəbul etməsinə dair mövqe göstərmişdir. İddiaçıya ödənilməli olan istifadə edilməmiş əmək məzuniyyət günlərinə görə məbləğin, habelə işdən azad olunduğu gündən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün ödənilməli məbləğin hesablanması üçün cavabdeh tərəfindən zəruri məlumatların və sənədlərin təqdim edilməməsi bu nəticəyə gəlməyə əsas verir ki, iddiaçının əmək haqqı hesabından çıxarışlarına əsasən hesablayaraq tələb etdiyi məbləğ əsaslı hesab edilməlidir. Məhkəmə həmçinin xatırladır ki, Əmək Məcəlləsinin müddəalarına əsasən əmək məzuniyyəti günləri üçün əmək haqqının hesablanması qaydası müəyyən edilsə də, həmin düstura əsasən işçinin əmək fəaliyyəti göstərdiyi son 12 ayın əmək haqqı məbləği nəzərə alınmaqla ona əmək məzuniyyəti günlərinə görə əmək haqqı hesablanması nəzərdə tutulduğundan, lakin hazırki halda işəgötürənin bu qaydada hesablanması aparılması üçün zəruri sənədləri təqdim etməməsi baxımından işçinin həmin işəgötürənlə son əmək müqaviləsində müəyyən edilmiş əmək haqqı məbləği (450 manat) əsas götürülməklə ona istifadə edilməmiş əmək məzuniyyəti günləri üçün əmək haqqı hesablanması ədalətli hesab edilməlidir. Beləliklə qeyd edilməlidir ki, iddia özlüyündə əsaslıdır və cavabdehin məhkəməyə yazılı şəkildə göndərdiyi etiraz tipli qısa məlumatında qeyd edilənlər iddianın əsaslılığını təkzib etməyə əsas vermir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İddiaçının izahatına əsasən o, 5 il ərzində məzuniyyətsiz olaraq əmək fəaliyyətini həyata keçirmişdir, əksini işəgötürən sübuta yetirə bilməmişdir. İş üzrə təyin edilmiş ekspertizanın aparılması üçün zəruri sənədlər tədqiqata təqdim edilməmiş və nəticədə iddiaçının hesablamasını təkzib edən sübutlar müəyyən edilməmişdir. Məhkəməyə iddiaçının hesablamasına alternativ hesablama təqdim edilmədiyindən iddiaçının 5 il ərzində hər il 30 gün məzuniyyət hüququnun olması nəzərə alınmaqla istifadə edilməmiş əmək məzuniyyəti günlərinin 155 gün təşkil etməsi və nəticədə aylıq əmək haqqına mütənasib olaraq 155 istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə ödənilməli məbləğ (450:30=15 manat, 15 x 155=2.325 manat) 2.325 manat və habelə məcburi iş buraxma günləri isə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət üçün (85 gün x 15=1.275 manat) 1.275 manat olmaqla cəmi 3.600 manat müəyyən edilməklə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, xx.xx.2023-cü il tarixdən işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı məbləğini təşkil edən 1.275 manat və istifadə olunmamış əmək məzuniyyətinə görə 2.325 manat məbləğində kompensasiya, 50 manat mediasiya xərci və 10 manat poçt xərci cavabdeh «X1 İnşaat ve Dış Ticaret Limited Şirketi»nin Azərbaycan Respublikasındakı filialından tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən işə bərpa olunan xx.xx.2024-cü il tarixədək günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı məbləğinə görə 1.275 (bir min iki yüz yetmiş beş) manat və istifadə olunmamış əmək məzuniyyəti günlərinə görə 2.325 (iki min üç yüz iyirmi beş) manat məbləğində kompensasiya olmaqla, cəmi 3.600 (üç min altı yüz) manat məbləğində pul cavabdeh «X1 İnşaat ve Dış Ticaret Limited Şirketi»nin Azərbaycan Respublikasındakı filialından tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 50 (əlli) manat mediasiya xərci və 10 (on) manat poçt xərcinin əvəzi, cəmi 60 (altmış) manat cavabdeh «X1 İnşaat ve Dış Ticaret Limited Şirketi»nin Azərbaycan Respublikasındakı filialından tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar