Məhkəmə qərarları › İş №2(006)-1096/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1096/2022

20.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1096/2022 20.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi "qohumluq faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi "qohumluq faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 26.11.2020-ci il tarixdə vəfat etmiş X7 oğlu olması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası X7 26 noyabr 2020-ci il tarixdə vəfat edib. Onun adında və mülkiyyətində olmuş Baklı şəhəri, Qasımzadə küçəsi, 38 ünvanında yerləşən fərdi ev ondan miras qalıb. O, həmin mirası vərəsə olaraq qəbul etməyi üçün ərazi üzrə Bakı şəhəri, Nəsimi rayonu ərazisində fəaliyyət göstərən 13 saylı notariat ofisinə müraciət etmişdir. Orada ona bildirilib atasının vəfatı ilə əlaqədar mirasın açılması faktı aşkar olunmur və bu notariat ofisində mirasın açılması mümkündür lakin, onu onun vərəsəsi kimi qəbul etmələri üçün ondan müvafiq sənədlər o cümlədən də ona məxsus doğum haqqında şəhadətnamə tələb olunur. O, Ermənistan Respublikasında doğulduğundan və məlum səbəblərə görə oradan qaçqın düşdüklərindən bütün sənədləri də Ermənistanda qalıb. O, qohumluq faktını, yəni doğum haqqında şəhadətnaməsini notariat kontoruna təqdim edə bilməyi üçün aidiyyəti yerlərə, o cümlədən X2 Reyestri Xidmətinə və Maraqlı şəxsnə rəsmi müraciətlər etsə də, bu idarələr tərəfindən tələbinin təmin olunması mümkün olmamışdır və səbət olaraq onun doğum haqqında şəhadətnaməsinin arxivinin Azərbaycanda olmaması göstərilmişdir və ona məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Ona yuxarıda qeyd etdiyi kimi atasından qalmış mirasdakı payına sahib çıxa bilməyi üçün miras qoyanın vərəsəsi olmağını təsdiq edən sənəd, (ona münasibətdə) doğum şəhadətnaməsini əldə etmək lazımdır. Bu isə məhkəmədən kənar həll edilə bilən məsələ deyil. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə 12.04.2022-ci il tarixli məktub ünvanlayaraq ərizəyə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, nümayəndənin məhkəmə iclasına gələ bilməməsinin üzürlü səbəbi kimi iş həcminin çox olmasını göstərmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidləri dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilə bilməz. Belə ki, məhkəmə iclasında iştirak edən şahid X4 ifadə verərək bildirmişdir ki, ərizəçi onun qonşusudur. Ərizəçinin atasının adı Oruc idi. Məhkəmə iclasında iştirak edən şahid X5 ifadə verərək bildirmişdir ki, ərizəçi onun qayınatasıdır. X11 ərizəçinin atasıdır. X8 və X6 ərizəçinin bacılarıdır. Azərbaycan Respublikası Bakı şəhəri icra hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı 126650 nömrəli Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, X11 Bakı şəhəri, F.Qasımzadə küçəsindəki 38 №-li yaşayış evi X11 adına rəsmiləşdirilmişdir və bu barədə Reyestr kitabında 25.02.1998-ci il tarixdə 912-ci səhifədə 136978 №-li qeydiyyat aparılmışdır. “Elektron notariat” X1 vasitəsilə “X3” AQİS-dən verilmiş çıxarışın surətindən görünür ki, X11 10.01.1936-cı il tarixdə anadan olmuş, 26.11.2020-ci il tarixdə vəfat etmişdir. Ailə vəziyyəti olaraq evli göstərilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi göndərilmiş 05/9-2187/75 saylı, 02.12.2021-ci il tarixli məktubun surətindən görünür ki, doğum haqqında akt qeydinin bərpa edilməsinə dair Nəsimi rayon qeydiyyat şöbəsinə daxil olmuş ərizəyə baxılmışdır. Ərizədə doğum yerinin “Ermənistan” olduğunu qeyd etmişdir. Bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinin tələblərinə əsasən X2 itmiş qeydinin bərpası bu cür qeydərin həqiqətən olduğunun təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbəsi tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X2 Reyestri Xidməti tərəfindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, “X3" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən doğumununun qeydə alınmasına dair məlumat aşkar edilməmişdir. Ermənistan Respublikasında tərtib edilmiş X2 qeydləri Azərbaycan Respublikasının X2 reyestri xidmətinin, habelə qeydiyyat şöbələrinin arxivlərində saxlanılmır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlar qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbəsi tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Araşdırma zamanı doğum haqqında akt qeydinin qeydiyyat şöbəsində bərpa edilməsi üçün kifayət qədər sənədin olmadığı müəyyən edilmişdir. Yaranmış vəziyyətlə bağlı ona müvafiq faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etməyinə hüquqi yardım göstərilməsi təklif edilmiş, lakin o, vəkil xidmətindən istifadə edəcəyinizi bildirərək bundan imtina etmişdir. Göstərilənlərə əsasən qeyd edilir ki, məhkəməyə müraciət ediləcəyi təqdirdə məhkəmənin çıxaracağı qərardan asılı olaraq qeydiyyat şöbəsi tərəfindən doğum haqqında akt qeydinin bərpa edilməsi və bu barədə şəhadətnamə verilməsi məsələsinə baxılacaqdır. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsinə əsasən Məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Maddə 104-cü maddəsinə əsasən şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Məhkəmənin tələbi ilə şahid öz ifadəsini yazılı tərtib edə bilər. Alınma mənbəyini göstərə bilməyən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki Məcəllənin 1136-cı maddəsinə əsasən nikahdankənar uşaq o halda atasının vərəsəsi sayılır ki, atalıq qanunda nəzərdə tutulmuş qaydada müəyyənləşdirilmiş olsun. Atalığın tanınması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasmın mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır: 1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Əgər qohumluq faktının müəyyən olunması X2 qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və X3nda dəyişiklik edilməsi X2 dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. X2 dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, məhkəmə X2 kitablarında qeydlərin düzgün olmamasına dair işlərə Azərbaycan Respublikası MPM 37-ci fəslində nəzərdə tutulmuş qaydada xüsusi icraat qaydasında baxa bilər. Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Həmin qərarın 11.3-cü bəndinə əsasən ölən şəxsin özünü uşağın atası hesab etməsini təsdiq edən sübutlara şahid ifadələri, yazılı və maddi sübutlar, həmin şəxsin uşağın anası ilə bir evdə yaşaması, uşağın tərbiyəsində iştirak etməsi, yazılı məktubları, həmçinin uşağın bağçaya, məktəbə qəbul edilməsinə dair məktəb rəhbərliyinin adına yazdığı ərizələr və sair ola bilər. İşin faktiki hallarından görünür ki, Ərizəçi vətəndaş mirasın açılması ilə bağlı müraciət etdiyini və doğum haqqında şəhadətnaməsinin olmadığı üçün qohumluq münasibətlərinin, yəni X7 oğlu olması faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Bununla bağlı məhkəmə iclasına şahidlər gətirsə də, birinci növbə digər vərəsələrdən hər hansı biri şahid qismində ifadə verməmişdir. Eyni zamanda ərizəçinin izahatı və şahidlərin ifadələri digər sübutlarla (yazılı və maddi sübutlar və s.) təsdiqlənmədiyindən məhkəmə sübut olaraq göstərilən halları mötəbər hesab etmir. Göründüyü kimi, ərizəçinin ərizəsi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsıhin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311 -ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi "qohumluq faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307, 307.2, 307.2 10, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi "qohumluq faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar