Məhkəmə qərarları › İş №2(006)-1099/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1099/2023

19.01.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1099/2023 19.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızı, İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlakda payın müəyyən edilməsi və s.” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlakda payın müəyyən edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X1 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 84 saylı kooperativ binanın 6-cı girişində 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 140 kv.m. olan 3 otaqlı 118 saylı mənzilin 2/4 payına yetkinlik yaşına çatmamış xx.xx.2007-ci il təvəllüdlü X2 hüququnun müəyyən edilməsi, həmin paya münasibətdə hüquqlarının qeydə alınması öhdəliyinin "xxxx" MMMC-nin üzərinə qoyulması və X2 həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı 1) aidiyyət normalarına və 2) iddia ərizəsinin mülki prosessual qanunvericiliklə müəyyənləşdirilmiş məzmununa riayət etməmişdir. Belə ki, iddia ərizəsindən görünür ki, barəsində pay hüququnun müəyyən edilərək dövlət qeydiyyatına alınması və həmin mənzilə köçürülmə tələb edilən mübahisəli əmlak Bakı şəhəri, Yasamal rayonunun ərazisində yerləşir. İddia ərizəsindən, həmçinin, görünür ki, cavabdehlər qismində cəlb edilmiş şəxslərə qarşı heç bir tələb yönəldilməmiş və bununla da mülki prosessual qanunvericiliyin iddia ərizəsinin forması və məzmunu barədə tələbləri iddiaçı tərəfindən pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 35.1-35.2-ci maddələrinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə görə, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 iyun 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi şəxslərin məhkəməyə əlçatanlığının, işlərə ağlabatan müddətdə baxılmasının, prosessual qənaət prinsipinin, ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Daşınmaz əmlaklarla bağlı müstəsna aidiyyətin, yəni onun olduğu yerdə baxılmasına dair qanunda təsbit olunmuş tələbin əsas məqsədi sübutların olduğu yerdə tədiqiqini aparmaq və bununla da işlərə səmərəli və ağlabatan müddətdə baxılmasını təmin etməkdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçının yetkinlik yaşına çatmamış xx.xx.2007-ci il təvəllüdlü X2 hüququnun müəyyən edilməsi, həmin paya münasibətdə hüquqlarının qeydə alınması öhdəliyinin "xxxx" MMMC-nin üzərinə qoyulması və X2 həmin mənzilə köçürülməsi barədə tələbləri daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialara aiddir. Barəsində mübahisə edilən daşınmaz əmlak isə Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşdiyindən, şəxslərin məhkəməyə əlçatanlığının, mübahisəyə ağlabatan müddətdə baxılmasının, prosessual qənaət prinsipinin, ədalət mühakiməsinin səmərəliliyinin, mübahisənin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsi, mübahisə predmeti olan əşyanın yerində müayinəsi, sübutların olduğu yerdə tədiqiqinin aparılması, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsinin asanlaşdırılması, işə obyektiv baxılmasının təmin edilməsi məqsədilə hazırki mübahisəyə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı deyil. Mülki Prosessual Məcəllənin 152.1.1 və 152.1.3-cü maddələrinin tələbinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Həmin Məcəllənin 149.2, 149.2.3-cü maddələrinə görə, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Məcəllənin 114.1, 114.1.3-cü maddələrinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Hesab edirəm ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Həmçinin, İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul ona geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1, 152.1.3, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlakda payın müəyyən edilməsi və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul ona geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar