Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-11/2022 30.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı LPO "xxxx" KB QSC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" KB QSC Cavabdeh qarşı «kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" KB QSC ilə Cavabdeh arasında bağlanmış 09 oktyabr 2012-ci il tarixli 1xx/xx/23556/12 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 850.031 manat əsas borc, 19.550,47 manat faiz, 179.526,54 manat cərimə, 73.079,14 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla, cəmi 1.122.187,15 manat pulun, iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipotekanın qeydə alınması üçün ödənilmiş 30 manat rüsum olmaqla, cəmi 60 manat dövlət rüsumunun tutulması; ipoteka predmetinin ilkin satış qiyməti 2.800.000 manat məbləğində müəyyən edilməklə Cavabdeh tutulmalı olan məbləğin bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında 0,03612 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 468,1 m2, yaşayış sahəsi 229,1 m2, yardımçı sahəsi 239 m2 olan 2 mərtəbəli 9 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracdan satılması; evə tutma yönəldildikdən və satıldıqdan sonra ipoteka qoyan Cavabdeh yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin evdən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO "xxxx" KB QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki, 09 oktyabr 2012-ci il tarixdə Cavabdeh "xxxx" KB QSC-yə ərizə ilə müraciət edərək, ona 2.000.000 manat məbləğində kredit verilməsini xahiş etmişdir. Bank ilə cavabdeh (müştəri kodu - 306050) arasında 09 oktyabr 2012-ci il tarixdə kredit verilməsi haqqında 1xx/xx/23556/12 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdeh illik 7,00 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 2.000.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh tam mülkiyyət hüququ ilə ona məxsus ünvan 1 ünvanda 0,03612 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 468,1 m2, yaşayış sahəsi 229,1 m2, yardımçı sahəsi 239 m2 olan 2 mərtəbəli 9 otaqlı fərdi yaşayış evini 25 dekabr 2012-ci il tarixli 1xx/xx/23556/12 saylı sonrakı ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü etmişdir (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış; seriya RX № 0109723, 122 № reyestr kitabında, 11055 № vərəqdə, qeydiyyat nömrəsi **********, 30 dekabr 2012-ci il). Lakin borclu şəxs hazırkı iş üzrə cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 850.031 manat əsas borc, 19.550,47 manat faiz, 179.526,54 manat cərimə, 73.079,14 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla, cəmi 1.122.187,15 manat borcu qalmışdır. 09 oktyabr 2012-ci il tarixli 1xx/xx/23556/12 saylı kredit müqaviləsinin 5.4.5-ci bəndində göstərilir ki, alınmış krediti və ona hesablanmış faizləri vaxtlı-vaxtında ödəmək, ödənişləri vaxtında və tam həcmdə yerinə yetirmək borc alanın vəzifəsidir. Müqavilənin 5.4.9-cu bəndinə əsasən müqavilə şərtlərini tam və vaxtında icra etmək borc alanın vəzifəsidir. Müqavilənin 5.1.6-cı bəndinin tələbinə görə kreditorun müqavilə şərtlərinin borclu tərəfindən pozulduğu hallarda vurulmuş ziyanın əvəzinin və borcun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir, lakin bundan sonra da qeyd olunan kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Bildirirlər ki, cavabdeh borclu tərəfindən pul məbləğinin ödənilməsinin gecikdirilməsi banka zərər dəyməsi ilə nəticələnir. Bu səbəbdən də, öhdəliyin tam icra olunması gününədək hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Bank ilə cavabdeh arasında bağlanmış 25 dekabr 2012-ci il tarixli 1xx/xx/23556/12 saylı sonrakı ipoteka müqaviləsinə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəltmək hüququ vardır. Həmin müqavilənin 4.2.8-ci bəndinə əsasən borc alanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyi təqdirdə, ipoteka saxlayanın ipoteka predmetinə ödəniş yönəltməsi üçün zəruri şəraitin təmin edilməsi və bunun icrası ilə bağlı bütün hərəkətlərin həyata keçirilməsi ipoteka qoyanın vəzifəsidir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 09 oktyabr 2012-ci il tarixli 1xx/xx/23556/12 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" KB QSC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 7,20 faiz ödəmək şərti ilə 2.000.000 manat məbləğində kredit verilmişdir. 13 iyun 2017-ci il tarixli maliyyə arayışından göründüyü kimi, Cavabdeh 09 oktyabr 2012-ci il tarixli 1xx/xx/23556/12 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 850.031 manat əsas borc, 19.550,47 manat faiz, 179.526,54 manat cərimə, 73.079,14 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla, cəmi 1.122.187,15 manat borcunun mövcud olması qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə iddiaçıdan 2.000.000 manat məbləğində kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 oktyabr 2019-cu il tarixli 1533 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən borc alan Cavabdeh tərəfindən alınmış kredit vəsaiti üzrə xx.xx.2015-ci il tarixə (müqavilə müddətinin qüvvədə olduğu tarixədək) banka ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir: - əsas borc üzrə 850.031,00 manat; - faiz üzrə 19.550,47 manat. Cavabdeh ilə "xxxx" KB QSC arasında bağlanmış 09 oktyabr 2012-ci il tarixli 1xx/xx/23556/12 saylı kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək kredit borcu üzrə illik 5 % dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla, Cavabdeh "xxxx" KB QSC-yə olan borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2017-ci il tarixə - əsas kredit borcu 850.031,00 manat; - faiz üzrə 90.740,57 manat. Qeyd edilir ki, iş materiallarında 09 oktyabr 2012-ci il tarixli 1xx/xx/23556/12 saylı kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, hazırkı ekspertiza tədqiqatı ilə Cavabdeh cərimə hesablanmadı. Aparılmış tədqiqatın dəyəri 145 manat təşkil edir. 25 dekabr 2012-ci il tarixli 1xx/xx/23556/12 saylı Sonrakı İpoteka müqaviləsindən görünür ki, yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh iddiaçı ilə ipoteka müqaviləsi bağlayaraq, özünə məxsus olan, ünvan 1 ünvanında 0,03612 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 468,1 m2, yaşayış sahəsi 229,1 m2, yardımçı sahəsi 239 m2 olan 2 mərtəbəli 9 otaqlı fərdi yaşayış evini banka ipoteka qoymuşdur. Müqaviləsinin 2.1-ci bəndinə əsasən həmin fərdi yaşayış evi 2.800.000 (iki milyon səkkiz yüz min) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli rəyindən (fərdi yaşayış evinin qiymətləndirilməsinə dair hesabatdan) görünür ki, ünvan 1 ünvanında 0,03612 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 468,1 m2, yaşayış sahəsi 229,1 m2, yardımçı sahəsi 239 m2 olan 2 mərtəbəli 9 otaqlı fərdi yaşayış evinin hazırda bazar qiyməti 6.800.000 manat, Likvid qiyməti 6.200.000 manat təşkil edir. Qiymətləndirmə xərci 500 manat təşkil edir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bildiriş məktublarından görünür ki, LPO "xxxx" KB QSC cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq etmişdir. Göründüyü kimi, borclu Cavabdeh icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan LPO "xxxx" KB QSC-yə ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evini açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 850.031 manat əsas borc, 19.550,47 manat faiz, 10.000 manat cərimə, müqavilə müddəti bitəndən sonra illik 5 %-lə hesablanmış 73.079,14 manat faiz olmaqla, cəmi 952.660 manat 61 qəpik pul, iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipotekanın qeydə alınması üçün ödənilmiş 30 manat rüsum olmaqla, cəmi 60 manat dövlət rüsumu Cavabdeh iddiaçı LPO "xxxx" KB QSC-nin xeyrinə tutulmalı; tələb üzrə tutma Cavabdeh mülkiyyətində olan ipoteka predmeti - ünvan 1 ünvanda 0,03612 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 468,1 m2, yaşayış sahəsi 229,1 m2, yardımçı sahəsi 239 m2 olan 2 mərtəbəli 9 otaqlı fərdi yaşayış evinə yönəldilməli; həmin əmlak açıq hərracdan satılmalı; əmlakın ilkin satış qiyməti 6.200.000 manat müəyyən edilməli; açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği LPO "xxxx" KB QSC-yə ödənilməli; bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılmalı; əmlakın satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh tutularaq iddiaçı LPO "xxxx" KB QSC-yə ödənilməli; həmin əmlaka tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh həmin fərdi yaşayış evindən çıxarılmalı, həmin əmlak boşaldılmalı; ekspertiza xərci olan 145 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməli, 500 manat qiymətləndirmə xərci Cavabdeh tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 10.000 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, qeyd olunan məbləğdə dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 850.031 manat əsas borc, 19.550,47 manat faiz, 10.000 manat cərimə, müqavilə müddəti bitəndən sonra illik 5 %-lə hesablanmış 73.079,14 manat faiz olmaqla, cəmi 952.660 (doqquz yüz əlli iki min altı yüz altmış) manat 61 (altmış bir) qəpik pul, iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipotekanın qeydə alınması üçün ödənilmiş 30 manat rüsum olmaqla, cəmi 60 manat dövlət rüsumu Cavabdeh iddiaçı LPO "xxxx" KB QSC-nin xeyrinə tutulsun. Tələb üzə tutma Cavabdeh mülkiyyətində olan ipoteka predmeti - ünvan 1 ünvanda 0,03612 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 468,1 m2, yaşayış sahəsi 229,1 m2, yardımçı sahəsi 239 m2 olan 2 mərtəbəli 9 otaqlı fərdi yaşayış evinə yönəldilsin. Həmin əmlak açıq hərracdan satılsın. Əmlakın ilkin satış qiyməti 6.200.000 manat müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği LPO "xxxx" KB QSC-yə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılsın. Əmlakın satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh tutularaq iddiaçı LPO "xxxx" KB QSC-yə ödənilsin. Həmin əmlaka tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh həmin fərdi yaşayış evindən çıxarılsın və həmin əmlak boşaldılsın. Ekspertiza xərci olan 145 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. 500 manat qiymətləndirmə xərci Cavabdeh tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-11/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-11/2022
30.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver