Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1100/2025 13.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 və X1 iştirakları ilə İddiaçı cavabdeh “X4” MMC-yə qarşı işə bərpa və məcburi işburaxma üçün əmək haqqı ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “X4” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun iş yerinə bərpa olunması və məcburi işburaxma günləri üçün əmək haqqının tam şəkildə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, o, 2023-cü ilin 5 aprel tarixindən 70000251 nömrəli müqaviləyə əsasən PPM şirkətində X6 vəzifəsində işləmişdir. 2024-cü il 30 avqust tarixində 10 gün əvvəldən xəbərdarlıq edilməklə Əmək Müqaviləsinin 10-cu maddəsinin 10.5 bəndinin “ç" yarımbəndinə istinad edərək işəgötürən birtərəfli olaraq əmək müqaviləsinə xitam vermişdir. Əsas səbəb kimi də şirkətin yeni siyasət (pensiya yaşına çatmış bütün işçilərin müqaviləsinə xitam veriləcəkdir) tətbiq etmək qərarı (şifahi olaraq) qeyd edilir. Bildirdiyinə görə, işəgötürən müqaviləyə xitam verməyə o qədər təkidli idi ki, prosedur və məntiq xətalarını gözdən qaçırmış və Əmək Məcəlləsinin tələblərinə tam şəkildə əməl etməmişdir: 1.Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmr Əmək Məcəlləsinin 84 maddəsinin tələblərinə uyğun tərtib olunmamışdır: a) Əmrin verilməsinə əsas bölməsində tam açıqlama verilməmişdir, b) Əmək müqaviləsinə xitam verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər təqdim olunmamışdır (Bu sənəd özündə yeni şirkət siyasətinin niyə və nə vaxtdan tətbiq olunmasını əks etdirməli idi). 2.Hamıya məlumdur ki, əmək müqaviləsi fərdi şəkildə tərtib olunmur, şirkət üçün standart formada hazırlanır və hər bir işçi müqavilənin Əmək Məcəlləsinin maddələrinə və tələblərinə uyğun olduğuna əmindir. O, əmindir ki, müqavilənin "e" yarımbəndi legitim deyil (Əmək Məcəlləsinin 75-ci maddəsinin 5-ci bəndinin tələblərini ödəmir), xüsusilə pensiya yaşına çatdıqdan 17 ay sonra tətbiq edilmək üçün, çünki yarımbənddə "pensiya yaşına çatdıqda" yazılıb, yəni yaşın tamam olduğu ay. 3.Hətta "ç" yarımbəndi legitim sayılsa belə ona şamil edilə bilməz və onun müqaviləsinə xitam vermək üçün əsas ola bilməz. PPM şirkəti onunla artıq rəsmən pensiyaçı olduğu zamanda müddətsiz müqavilə bağlamış və bunula şirkətdə istədiyi yaşa qədər işləmək hüququ və zəmanəti vermişdir. Müqavilənin bağlanma tarixi və şərtləri "ç" yarımbəndinin tətbiqini imkansız edir. Cavabdeh iddiaya etiraz təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 70000251 saylı əmək müqaviləsinə əsasən iddiaçı MMC-yə X6 vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsi 2.1-ci bəndə əsasən müddətsiz bağlanılmışdır. Əmək müqaviləsinin 10.5-ci bəndinin “ç” yarımbəndinə əsasən (işçi əmək pensiyası haqqında Azərbaycan Respublikasının qanununda müəyyən edilmiş pensiya yaşına çatdıqda) iddiaçı ilə onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam veriləcəyi barədə xx.xx.2024-cü il tarixində bildiriş təqdim edilmişdir. İddiaçı bildirişi aldığını imzası ilə təsdiq etmişdir. Bildirişə uyğun olaraq, xx.xx.2024-cü il tarixli 200/24-k nömrəli əmr ilə cavabdeh ilə iddiaçı arasında bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Bu əmrlə işçi xx.xx.2024-cü il tarixində tanış edilmişdir. Əvvəla, iddiaçının iddia etdiyinin əksinə, əmr Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə tam əməl olunmuşdur. Belə ki, əmrin verilməsinə əsas bölməsində əmək müqaviləsinə istinad olunmuşdur. Hansı ki, işçiyə verilən bildirişdə də əmək müqaviləsinin 10.5-ci bəndinin “ç” yarımbəndinə əsasən əmək müqaviləsinə xitam veriləcəyi qeyd edilmişdi. Üstəlik Əmrdə müqaviləyə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən xitam verildiyi də qeyd edilmişdir. Həmin bənd “tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar” adlanır. Müqaviləyə xitam vermə əsası da Əmək Müqaviləsinin 10.5-ci bəndinin “ç” yarımbəndi olduğundan, əmrin əsas bölməsində Əmək müqaviləsi qeyd edilməsi tam qanunidir. O cümlədən, Əmək Məcəlləsinin 84-cü maddəsinin 3-cü hissəsinə görə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Əmrin məzmunundan da göründüyü kimi 84-cü maddədə göstərilən tələblərin hər birinə əməl edilmiş, bütün zəruri məlumatlar göstərilərək əmr sadə formada tərtib olunmuşdur. Digər qüsur olaraq iddiaçı tərəfindən qeyd edilir ki, əmək müqaviləsinə xitam verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər təqdim olunmamışdır. Bu sənəd özündə yeni şirkət siyasətinin niyə və nə vaxtdan tətbiq olunmasını əks etdirməli idi. Bununla bağlı bildirmişdir ki, şirkət siyasətinin nə olduğu, niyə qəbul edildiyi, nə vaxtdan tətbiq olunduğunun əmək müqaviləsinə xitam əmrində göstərilməsi öhdəliyi daşımır. Şirkət hansısa siyasət qəbul edirsə, bunu aidiyyəti struktur bölmələri ilə paylaşır və tətbiqini həmin strukturdan tələb edir. Əmək qanunvericiliyində də şirkətin daxili siyasətinin əmək müqaviləsinə xitam əmrində göstərilməsi tələbi mövcud deyildir. Odur ki, bu cür siyasətin əmrdə göstərilməsinin özünün qanuni əsası olmadığından əmrdə belə bir siyasətə istinad olunmamışdır. İddiaçı eyni zamanda Əmək Müqaviləsinin 10.5-ci bəndinin “ç” yarımbəndinin legitim olmadığını, Əmək Məcəlləsinin 75-ci maddəsinin 5-ci hissəsinin tələblərini ödəməməsini qeyd edir. Bununla bağlı bildirmişdir ki, Əmək Məcəlləsinin 75-ci maddəsi “Əmək müqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsinin tənzimlənməsi” məsələlərini tənzimləyir. Əmək Məcəlləsinin 75-ci maddəsinin 1-ci hissəsinə görə, tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinə görə, əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər: a)tərəflərin qarşılıqlı razılığı; b)səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə tibb müəssisəsinin müvafiq rəyinə görə; c)əmək funksiyasının müəyyən müddətdə icrası zamanı müvafiq iş yerində peşə xəstəliyinə tutulmanın yüksək ehtimalı olduğu halda; ç) işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) məcburi öhdəlik götürdükdə; d) bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar. 13.Əmək Məcəlləsinin 75-ci maddəsinin 3-cü hissəsinə görə, tərəflər əmək münasibətlərinin gələcəkdə daha dolğun tənzimlənməsini təmin etmək məqsədi ilə bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hallardan işçinin əmək şəraitinə uyğun olanını əmək müqaviləsinə hökmən daxil etməlidirlər. 14.Əmək müqaviləsinin 10.5-ci bəndində də göründüyü kimi Əmək Məcəlləsinin 75-ci maddəsinin 3-cü hissəsinin tələbinə uyğun olaraq, Əmək Müqaviləsinə müvafiq bəndlər daxil edilmişdir. 15.Digər tərəfdən, Əmək müqaviləsinin 10.5-ci bəndinin “ç” yarımbəndi Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində göstərilən prinsiplərlə ziddiyyət təşkil etməməkdədir. 16. Bundan əlavə, İddiaçı iddia ərizəsində göstərilən “ç” yarımbəndinin ona tətbiqinin imkansız olduğunu qeyd edib. Bununla bağlı bildirmək istəmişdir ki, iddiaçı ilə əmək müqaviləsi bağlandığı tarixdə iddiaçının 65 yaşına çatması bu yarımbəndin qüvvəsinə təsir etmir. Belə ki, müqavilənin bu yarımbəndi işəgötürənə hüquq verir ki, işçi ilə əmək müqaviləsini işçi əmək pensiyası yaşına çatdıqda, o cümlədən bu yaşa çatdıqdan sonra bu yarımbəndə istinad edərək ləğv edə bilər. Yarımbənddə qeyd edilən “işçi əmək pensiyası haqqında Azərbaycan Respublikasının qanununda müəyyən edilmiş pensiya yaşına çatdıqda” ifadəsi o demək deyildir ki, işçi 65 yaşına çatan kimi əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməlidir. İşəgötürənin bu hüququ işçi pensiya yaşına çatdıqda yaranır və qüvvədə qalmağa davam edir. İşəgötürən, işçi pensiya yaşına çatdıqda və pensiya yaşında olduğu davam edən dövr ərzində əmək müqaviləsinə öz mülahizəsinə əsasən xitam verə bilər. O cümlədən, işçinin əmək müqaviləsi imzalayarkən pensiya yaşına çatmış olması və müqavilənin həmin şərti ilə razılaşması müqavilənin qüvvəyə mindiyi tarixdən işəgötürənin həmin bəndə istinad edərək işçi ilə əmək müqaviləsini birtərəfli ləğv etmək hüququ yaranmışdır. Bununla belə nəzərə alınmalıdır ki, işəgötürən bu hüququndan sui-istifadə etməmiş, belə niyyəti də olmamışdır. Belə ki, işçi ilə əmək münasibətləri işçi əmək pensiyası yaşına çatdıqdan sonra 1 il 7 ay davam etdirilmişdir. Bu, işəgötürənin işçi ilə əmək münasibətlərini müəyyən müddətə qədər davam etdirməkdə maraqlı olduğunu, müqaviləyə xitam verilməsində hüququndan sui-istifadə etmədiyini göstərir. Əksinə işəgötürən pensiya yaşına çatmış iddiaçı ilə əmək münasibətlərini davam etdirərək humanistlik nümayiş etdirmiş və işçinin məşğulluğunu təmin etmişdir. Digər yandan, iddiaçı əmək müqaviləsi bağladığı anda müqavilə ilə tanış olmuş, onun şərtlərini oxumuş, heç bir şərtə etiraz etməmiş, bunun təsdiqi olaraq da əmək müqaviləsinin bütün səhifələrini imzalamışdır. Bu da bir daha əmək müqaviləsinin tərəflərin hüquq bərabərliyi əsasında müqavilə şərtləri barəsində razılaşdığını göstərir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair xx.xx.2024-cü il tarixli qərarında göstərilir ki, “Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır.” Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi tərəflərə əmək müqaviləsinin müddətinin müəyyən edilməsində sərbəstlik verdiyi kimi, analoji olaraq, Məcəllənin 75-ci maddəsinin 2-ci hissəsi də tərəflərə qarşılıqlı razılıq ilə müqaviləyə əlavə xitam halları nəzərdə tutmaq imkanı verməkdədir. Beləliklə, Konstitusiya Məhkəməsinin də mövqeyinə uyğun olaraq hazırki iş üzrə tərəflər hüquq bərabərliyi və sərbəst iradə ifadələrinin bəyanı və təsdiqi olaraq əmək müqaviləsinin 10.5-ci bəndinə “ç” bəndi daxil etmişlər. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmədə cavabdehin nümayəndəsi X5 iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasını xahiş etdi. Məhkəmədə cavabdehin nümayəndəsi X3 iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan işəgötürən “X4” MMC ilə işçi İddiaçı arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 70000251 saylı əmək müqaviləsindən görünür ki, həmin müqavilə sonuncunun X6 vəzifəsinə qəbul edilməsi haqında bağlanmışdır. Müqavilənin 2.1-ci bəndində müavilənin müddətsiz bağlanması qeyd edilmişdir. İş materiallarında olan iddiaçının AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, onun doğum tarixi xx.xx.1958 olmaqla, xx.xx.2023-cü il tarixdə bağlanmış 70000251 saylı əmək müqaviləsindən əvvəl, xx.xx.2023-cü il tarixdə 65 yaşı tamam olmuşdur. İş materiallarında olan “X4” MMC-nin əmək müaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmrindən görünür ki, İddiaçı ilə bağalnamış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan “X4” MMC tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixdə ünvanlanmış bildirişdə göstərilmişdir ki, onunla xx.xx.2023-cü il tarixdə bağlanmış 70000251 saylı Əmək Müqaviləsinin 10-cu bəndinin 10.5 “ç” yarımbəndinə (işçi əmək pensiyası haqqında Azərbaycan Respublikasının qanununda müəyyən edilmiş pensiya yaşına çatdıqda) əsasən xx.xx.2024-cü il tarixdən etibarən xitam veriləcəkdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və onun tələblərinə görə tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Məhkəmə iclasında işə əlavə edilmiş materiallardan müəyyən edildi ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi səbəbi kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən göstərilməklə qəbul edilmişdir. Həmin yarımbəndində əmək müqaviləsinə xitam verilməsinin əsasları kimi tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar göstərilmişdir. İşəgötürən “X4” MMC ilə işçi İddiaçı arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 70000251 saylı əmək müqaviləsinin 10.5-ci bəndinin “ç” yarımbəndində əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi hallar kimi həmçinin işçinin əmək pensiyası haqqında Azərbaycan Respublikasının qanununda müəyyən edilmiş pensiya yaşına çatması göstərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75 maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər: a) tərəflərin qarşılıqlı razılığı; b) səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə tibb müəssisəsinin müvafiq rəyinə görə; c) əmək funksiyasının müəyyən müddətdə icrası zamanı müvafiq iş yerində peşə xəstəliyinə tutulmanın yüksək ehtimalı olduğu halda; ç) işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) məcburi öhdəlik götürdükdə; d) bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaya etirazında əmək qanunvericiliyin tələblərinin pozulmaması, əmək müaviləsinə müqavilədə göstərilən əsasla (işçinin əmək pensiyası haqqında Azərbaycan Respublikasının qanununda müəyyən edilmiş pensiya yaşına çatması) xitam verilməsini bildirsə də, tərəflər arasında müqavilə bağlanarkən iddiaçı artıq pensiya yaşına çatmış, həmin ana onun 65 yaşı tamam olmuşdur. Odur ki, bu səbəbin müddətsiz bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün hüquqi əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bənidnə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 10-1.1-ci maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Göründüyü kimi qanunvericilik bu imperativ normanı “dövlət büdcəsindən maliyyələşən” müəssisələrə aid etməklə vurğulamışdır. İşəgötürən ancaq dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işləyən işçinin əmək müqaviləsinə çalışmanın yaş həddinə əsaslanaraq xitam verə bilər. Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işləyən işçilərin minimum çalışmasının yaş həddi, Əmək Məcəlləsinin 10-cu maddəsinə görə, 65-dir və xüsusi tələblərlə artırılır. İstənilən işəgötürən yaşa görə əmək pensiyasına çıxan işçini bu səbəblə işdən azad edə bilməz və Əmək Məcəlləsində belə bir xitam maddəsi və ya bəndi mövcud deyildir. Yaşa görə əmək pensiyasına əsaslanaraq əmək müqaviləsinə xitam verilməsi ancaq işçinin öz xahişi ilə həyata keçirilə bilər. Eyni zamanda da vurğulanmalıdır ki, tərəflər arasında bağlanmış müqavilə müddətsiz olaraq qeyd edilmiş (müqavilənin 2.1-ci bəndi), müqavilə bağlanarkən işçinin pensiya yaşına çatması müqavilənin bağlanması üçün maneə törətməmişdir. Beləliklə, tərəflər arasında əmək müqaviləsinin müddətsiz bağlanılması, müqavilə bağlanılarkən işçinin artıq pensiya yaşına çatmasını nəzərə alaraq, işəgötürənin həmin əsasla əmək müqaviləsinə xitam verməsi əsassız olmuşdur. Beləki, yaşa görə əmək pensiyasına çıxmaq üçün yaşı çatmış, amma əmək müqaviləsi müddətsiz bağlanmış işçiyə münasibətdə qeyd olunan əsasla xitam verilməsi müqavilənin bərabərlik prinsipini pozaraq, işəgötürənin üstün mövqedən çıxış etməsinə şərait yaratmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 20 oktyabr tarixli Qərarına əsasən, nəzərə alınmalıdır ki, əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2024-cü il 31 yanvar tarixli Qərarına əsasən, əmək münasibətləri dedikdə, əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlər başa düşülür (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsi). Beləliklə, müqavilə bağlanarkən işçinin faktiki yaşına uyğun olaraq özü üçün əvvəlcədən aşkar olan əsasla, yəni bağlanmış müqavilənin 10.5-ci bəndinin “ç” yarımbəndinə əsasən xitam veriləcəyini bilərək razılaşması və bu əsasla da müqaviləyə xitam verilməsinin qanuni və əsaslı olması barədə işəgötürənin dəlili ağlabatan görünmür. Əksinə, qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olmaqla İddiaçı “X4” MMC-yə “X6” vəzifəsinə bərpa edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə, hesab edir ki, cavabdeh tərəfindən əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin "e" yarımbəndində nəzərdə tutulmuş ləğv edilməsi əsasları pozulduğundan iddiaçıya işə çıxdığı günə qədər məcburi işburaxmaya görə əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işə baxılarkən çəkilən xərclərin tutulmasına dair aşağıdakıları qeyd edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun ödənilməsindən azad edildiyindən, dövlət rüsumu, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat miqdarında dövlət rüsumu ödənilir. Beləliklə məhkəmə hesab edir ki, 100 manat dövlət rüsumu cavabdehdən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. “X4” MMC-nin xx.xx.2024-cü il tarixli 002-1/23-M nömrəli əmri ləğv edilsin. İddiaçı “X4” MMC-də “X6” vəzifəsinə bərpa edilsin. Məcburi işburaxma dövrü İddiaçı əmək stajına daxil edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən işə çıxdığı günə qədər məcburi iş buraxma müddəti üçün tərəflər arasında bağlanmış müqavilə əsasında əmək haqqı ödənilsin. “X4” MMC-dən 100 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-1100/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1100/2025
13.02.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver