Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1101/2022 04.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Mirzəağa qızına qarşı «yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Mirzəağa qızına qarşı «yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və qeydiyyatdan çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mirzəağa qızının Bakı şəhəri Nəsimi rayonu 5-ci mikrorayon Asif Məhərrəmov küçəsi 24 saylı evin 50 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi; Cavabdeh Mirzəağa qızının həmin mənzildən qeydiyyatdan çıxarılması; ödənilmiş 100 manat dövlət rüsumu və 160 manat məbləğində vəkil xərcinin Cavabdeh Mirzəağa qızından onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası ƏMDKnın yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 04 avqust 2017-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri Nəsimi rayonu 5-ci mikrorayon Asif Məhərrəmov küçəsi 24 saylı evin 50 saylı mənzili atası X3 xüsusi mülkiyyətindədir. Atası 06 dekabr 2021-ci il tarixli etibarnamə ilə həmin mənzilə sahiblik və sərəncam hüquqlarını ona etibar etmişdir. Həmin mənzil 04.08.2017-ci il tarixdə alğı-satqı edərkən mənzil sahibi X1 qızı Cavabdeh Mirzəağa qızı mənzildə qeydiyyatda olmuş, qısa müddət ərzində qeydiyyatdan çıxacağı barədə söz versə də, vədinə əməl etməyərək indiyə qədər mənzildə qeydiyyatda qalmışdır. Bakı şəhəri 12 saylı Notariat Kontorunda 31.07.2017-ci il tarixdə təsdiq olunmuş ərizəsində həmin mənzilin satılmasına etiraz etmədiyini bildirərək öz xətti ilə razı olması barədə qeydi icra etmişdir. Cavabdeh ailəlidir, heç vaxt onların evində yaşamamışdır və hazırda da Binə qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Cavabdeh qeyd olunan ünvandan qeydiyyatdan çıxarılması üçün 14.12.2021-ci il tarixdə Bakı şəhəri Nəsimi RPİ-yə müraciət etmişdir. RPİ-nin 16 dekabr 2021-ci il tarixli 46358M-3221 saylı cavabında qeyd olunmuşdur ki, yalnız mövcud məhkəmə qətnaməsi əsasında onun qeydiyyatdan çıxarılmasının həyata keçirilməsi mümkündür. Cavabdeh Mirzəağa qızının daşınmaz əmlakın dövlət reyestrində belə qeydiyyatı yoxdur, qeydiyyatda olduğu ünvanda yaşamır və həmin ünvan onun olduğu ünvan sayılmır. Hesab edir ki, cavabdehin sözü gedən mənzildən istifadə hüququ itirilmiş hesab edilməli və qeydiyyatdan çıxarılmalıdır. Yaranmış münasibətlər səlahiyyətli məhkəmə vasitəsi ilə qanuni həllini tapmalıdır. MPM-nin 119.1-ci maddəsinə istinadə edərək hesab edir ki, ödədiyi 100 manat dövlət rüsumu və 160 manat vəkil xərci cavabdehdən onun xeyrinə tutulmalıdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Mirzəağa qızına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 04.08.2017-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu 5-ci mikrorayon Asif Məhərrəmov küçəsi 24 saylı evin 50 saylı mənzili xüsusi mülkiyyət kimi X3 adına 962 saylı reyestr kitabının 89244 saylı səhifəsində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, alğı-satqı müqaviləsinin bağlanmasından uzun müddət keçməsinə baxmayaraq cavabdeh iddiaçıya satılmış, hazırda iddiaçının mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmamışdır. Halbuki, keçmiş mülkiyyətçi X2 mənzili satarkən onun yetkinlik yaşına çatmış ailə üzvü olan Cavabdeh Mirzəağa qızı mənzilin satılmasına razı olduğunu notariat orqanına rəsmi şəkildə ərizə təqdim etməklə bildirmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1101/2022 saylı, 04.03.2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh Mirzəağa qızına qarşı «yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair mülki iş üzrə icraata Cavabdeh Mirzəağa qızının həmin mənzildən qeydiyyatdan çıxarılmasına aid hissədə xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin məzmununa görə yaşayış yerini dəyişmiş, başqa ölkədə yaşayış yeri seçmiş, istifadə hüququna xitam verilmiş şəxs qeydiyyatdan çıxarılmalıdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Məhkəmə baxışında müəyyən edildi ki, 04.08.2017-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla Bakı şəhəri Nəsimi rayonu 5-ci mikrorayon Asif Məhərrəmov küçəsi 24 saylı evin 50 saylı mənzili iddiaçının atası X3 xüsusi mülkiyyətindədir. Cavabdeh digər ailə üzvləri ilə hazırda faktiki olaraq həmin ünvanda yaşamır, daimi yaşamaq üçün başqa ünvana köçmüşlər. Lakin cavabdeh göstərilən qanunun tələblərini pozaraq, daimi yaşadığı yer üzrə qeydiyyata düşməmiş və hal-hazıradək iddiaçının atasının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mənzilə mülkiyyət hüququ iddiaçının atasına keçdiyindən və cavabdehin hazırda iddiaçının atasının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalması sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırdığından, cavabdehin mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunması üçün 100 manat dövlət rüsumu (KapitalBank vasitəsi ilə 17.12.2021-ci il tarixdə saat 11:27-də köçürmə həyata keçirilib) və hüquqi yardım almaq üçün Bakı şəhəri 14 saylı Vəkil Bürosuna 160 manat pul vəsaiti (eManat xidməti vasitəsi ilə, 7804 saylı qəbzlə, 1434 saylı terminaldan, 13.12.2021-ci il tarixdə saat 10:29:11-də köçürmə həyata keçirilib) ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Mirzəağa qızının Bakı şəhəri Nəsimi rayonu 5-ci mikrorayon Asif Məhərrəmov küçəsi 24 saylı evin 50 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Qətnamə cavabdehin həmin otaqdan qeydiyyatdan çıxarılması üçün əsasdır. Ödənilmiş 100 manat dövlət rüsumu və 160 manat hüquqi yardım üçün sərf edilmiş vəsait Cavabdeh Mirzəağa qızından İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Mirzəağa qızının Bakı şəhəri Nəsimi rayonu 5-ci mikrorayon Asif Məhərrəmov küçəsi 24 saylı evin 50 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu və 160 manat hüquqi yardım üçün sərf edilmiş vəsait Cavabdeh Mirzəağa qızından İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bakı şəhər Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Səməd Cəfərov İş № 2(006)-1101/2022 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi QƏRARDAD Bakı şəhəri 04.03.2022-ci il Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Mirzəağa qızına qarşı «yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Mirzəağa qızına qarşı «yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mirzəağa qızının Bakı şəhəri Nəsimi rayonu 5-ci mikrorayon Asif Məhərrəmov küçəsi 24 saylı evin 50 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi; Cavabdeh Mirzəağa qızının həmin mənzildən qeydiyyatdan çıxarılması; ödənilmiş 100 manat dövlət rüsumu və 160 manat məbləğində vəkil xərcinin Cavabdeh Mirzəağa qızından onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata Cavabdeh Mirzəağa qızının həmin mənzildən qeydiyyatdan çıxarılmasına aid hissədə xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi inzibati hüquq münasibətləri ilə bağlı münasibətlərin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli qərarında göstərmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Məhkəmə hesab edir ki, iddiaçının, tələbinə Cavabdeh Mirzəağa qızının həmin mənzildən qeydiyyatdan çıxarılması hisəsində ümumi yurisdiksiyalı məhkəmədə baxılmalı deyil, həmin tələblə bağlı müvafiq inzibati məhkəməyə müraciət olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. İddiaçıya Cavabdeh Mirzəağa qızının həmin mənzildən qeydiyyatdan çıxarılması tələbi ilə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı Cavabdeh Mirzəağa qızına qarşı «yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair mülki iş üzrə icraata Cavabdeh Mirzəağa qızının həmin mənzildən qeydiyyatdan çıxarılmasına aid hissədə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh Mirzəağa qızına qarşı «yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair mülki iş üzrə icraata Cavabdeh Mirzəağa qızının həmin mənzildən qeydiyyatdan çıxarılmasına aid hissədə xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-1101/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1101/2022
04.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver