Məhkəmə qərarları › İş №2(006)-1122/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1122/2022

31.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1122/2022 31.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 90 manat məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 270 manat 40 qəpik məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci i il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün senziyalar almışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xəttləri çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə “Ədalət- A' hüquq firması arasında 15.05.2008-ci il, 15.03.2011 -ci il, 01,10.2014-cü il, 29.03.2015-ci il, 04.01.2018-ci il və 01.06.2019-cu il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən, cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Qeyd olunan ünvanda 2 halda kabel şəbəkəsinə qanunsuz qoşulma faktları baş vermişdir:1) 33 saylı MKİS tərəfindən verilmiş 28.01,2015-ci il tarixli arayışa əsasən, ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi cavabdehə məxsusdur və həmin mənzildən kommersiya məqsədilə istifadə olunur. Belə ki, 09.11.2009-cu il tarixdə həmin ünvanda yerləşən “Zaqatala Balakən kafe” adlanan obyektdə Musayeva Süsənbər ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil 'K@TVT’ xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini 01.09.2014-cü il tarixinədək etmiş və həmin ünvan 13.10.2014cü il tarixdə 12,90 manat borc ilə şəbəkədən ayrılmışdır. 15.01.2015-ci il tarixdə “Ədalət-A” hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin zirzəmisində kabel şəbəkəsinə qanunsuz qoşulma faktı aşkar edilmiş, bu barədə 2326 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Həmin ünvana 09.03.2015-ci il tarixdə keçirilən nəzarət baxışı zaman cavabdehin yenidən kabel şəbəkəsinə təkrar qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə müvafiq olaraq 2668 N saylı akt tərtib edilmişdir. Beləliklə də, yuxarıda qeyd olunmuş qanunsuz qoşulmalar nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keşirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvanın kabel şəbəkəsindən ayrıldığı 13.10.2014-cü il tarixdən təkrar qanunsuz olaraq qoşulma aktın tərtib olunduğu 09.03.2015-ci il tarixə qədər olan müddət 146 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş zərər 43 manat qəpik təşkil edir. 2) 33 saylı MKİS tərəfindən verilmiş, 28.10.2016-cı il tarixli arayışa əsasən, ünvan 4 ünvanda yerləşən yaşayış sahəsi Cavabdeh məxsusdur və həmin mənzildən kommersiya məqsədilə istifadə olunur. Belə ki, 05.08.2008-ci il tarixdə, həmin ünvanda yerləşən “Ev alqı-satqısı”adlanan obyektdə Mehdizadə Sevinc ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən, mənzil “K@TV1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini 01.07.2014-cü il tarixinədək etmiş və həmin ünvan 06.10.2014-cü tarixdə 28,80 manat borc ilə şəbəkədən ayrılmışdır. 09.03.2015-ci il tarixdə “Ədalət-A” hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin “Ev alqı-satqısı” ofisində kabel şəbəkəsinə qanunsuz qoşulma faktı aşkar edilmiş, bu barədə 2663 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Sözügedən ünvanın kabel şəbəkəsindən ayrıldığı 06.10.2014-cü il tarixdən təkrar qanunsuz qoşulma barədə aktın tərtib olunduğu 09.03.2015-ci il tarixə qədər olan müddət 154 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş zərər 46 manat 20 qəpik təşkil edir. Beləliklə, eyni ünvanda yerləşən hər iki obyektdə aşkar edilmiş müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş zərərin məbləği ümumilikdə 90 manat təşkil edir. Bundan əlavə, İddiaçı MMC və “Ədalət-A” hüquq firması arasında bağlanmış "hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat pul ödəyir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubları çatdırılmış, lakin bu günədək cavabdeh tərəfindən dəymiş zərərin əvəzi ödənilməmişdir Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək yuxarıda qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, Cavabdeh ünvan 5 ünvanında qeydiyyatdadır. 33 saylı MKİS tərəfindən verilmiş 29.01.2015-ci il tarixli, 310 saylı arayışa əsasən, ünvan 5 ünvanda yerləşən yaşayış sahəsi Cavabdeh həmin ünvanda qeydiyyata olmaqla, ev sahibidir. İddiaçı MMC-nin KATV1 kabel şəbəkəsinə Kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi barədə 2326 N saylı, 15.01.2015-ci il tarixli, 2663 N saylı, 09.03.2015-ci il tarixli aktların surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 3 mkr., 78 saylı mənzilin sakini Zaqatala-Balakən kafesi tərəfindən qanunsuz olaraq qoşulduğu aşkar edilmişdir. İddiaçı MMC tərəfindən verilmiş 05.05.2021-ci il tarixli arayışa əsasən, İddiaçı MMC ilə ünvan 7 ünvanında Zaqatala-Balakən kafesi adlanan obyekt Musayeva Süsənbər arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən, 09.11.2009-cu il arixində bu ünvan KATV1 Kabel Televiziyası şəbəkəsinə qoşulub, 01.09.2014-cü il tarixinədək isı son ödəməsini edib, 13.10.2014-cü il tarixində 12 manat 90 qəpik borc ilə şəbəkədən ayrılıb. İddiaçı MMC-nin KATV1 kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi barədə, 09.03.2015-ci il tarixli, 2663 N saylı akta əsasən, ünvan 9 ünvanının sakini ev-alqı satqısı ofisi tərəfindən qanunsuz olaraq qoşulduğu aşkar edilmişdir. İddiaçı MMC tərəfindən verilmiş 05.05.2021-ci il tarixli arayışa əsasən, ünvan 7 ünvanında ev alqı-satqısı adlanan obyekt Mehdizadə Sevinc arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən, 05.08.2008-ci il tarixində bu ünvan KATV 1 Kabel Televiziyasının şəbəkəsinə qoşulub, 01.07.2014-cü il tarixinədək isə son ödəməsini edib, 06.10.2014-cü il tarixində 28 manat 80 qəpik borc ilə şəbəkədən ayrılıb. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 01.07.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.1970-ci il tarixdə Azərbaycan Respublikası, Mingəçevir şəhərində doğulmuş, ünvan 7 ünvanında qeydiyyatdadır. «Telekommunikasiya haqqında» Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinə əsasən tellekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Göründüyü kimi, Cavabdeh müvafiq icazə almadan və müqavilə imzalamadan qanunsuz olaraq «K@TV1»-ə məxsus olan kabel şəbəkəsinə qoşulmuş, mülki hüquq pozuntusu törətmiş və iddiaçıya maddi ziyan vurmuşdur. İddiaçı pretenziya qaydasına riayət edərək, müvafiq zərər həddində məbləğin ödənilməsini tələb etsə də, cavabdeh könüllü şəkildə vurduğu zərərin əvəzini ödəməmişdir. Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu və 40 qəpik məbləğində xidmət (bank xidməti) haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə qeyd edir ki, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manatın tutulması işin hallarına uyğun olmamaqla, ağlabatan deyil. Bu səbəbdən məhkəmə qeyd olunan məbləğin 50 manat məbləğində olmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, «K@TV1» əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 90 (doxsan) manat məbləğində vurulmuş zərər, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 50 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik məbləğində xidmət (bank) xidməti haqqı olmaqla, cəmi 170 manat, 40 qəpik məbləğində pul Cavabdeh qızından İddiaçı MMC-nin xeyrinə tutulmalı iddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. «K@TV1» əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 90 (doxsan) manat məbləğində vurulmuş zərər, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 50 (əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik məbləğində xidmət (bank) xidməti haqqı olmaqla, cəmi 170 manat, 40 qəpik məbləğində pul Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar