Məhkəmə qərarları › İş №2(006)-1139/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1139/2022

21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1139/2022 21.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X13 oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi X2 və onun vəkili Vəkil, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nümayəndəsi X4 iştirakı ilə İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı “öhdəliyin qoyulması tələbi”nə dair ilkin iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı qarşı “kommunal borcların ödənilməsi tələbi”nə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı “öhdəliyin qoyulması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 13.10.2017-ci il tarixdə ünvan 1 ünvanında mənzil almış, mənzilin kommunal xərclərini 2017-ci ilin oktyabr ayından 2019cu ilin sentyabr ayına qədər aylıq 50 manat olaraq evin köhnə komendantı Anar adlı şəxsə ödəyib ailə-uşaqları ilə birgə xarici ölkəyə getmişdir. 03.07.2021-ci il tarixdə Azərbaycana qayıdıb, mənzilinə qalxmaq istədikdə evin indiki komendantı Vasif onları liftə buraxmayıb. DİN-in 102 xidmətinə zəng edib polis çağırdıqdan, səs-küy salıb liftə mindikdən sonra kartı bloklanıb. İddiaçı 9, 11, 13 yaşlarında qızları ilə birlikdə xeyli müddət vahimə içində liftdə qalmışlar. Bu hərəkət 13.07.2021-ci il tarixdə yenidən təkrarlanmış, iddiaçı 102 xidmətinə zəng edib yenidən polis çağırmışdır. Lakin gələn polislər evin ümümi hissəsindən istifadə hüququnu təmin etmədən qayıdıb getmişlər. Qeyd olunan faktlar 102 xidməti tərəfindən rəsmi sənədlə təsdiqlənir. 15.07.2021-ci il tarixdə iddiaçının qardaşı X3 "xxxx" MMMC-nin idarə heyətinin sədri Azər müəllimlə “danışıb" lift kartlarını blokdan açdırmışdır. Bütün bu münasibətlərə səbəb cavabdeh "xxxx" MMMC-nin iddiaçıdan yaşayış binasının saxlanma xərcləri olaraq aylıq 95 manat pul tələb etmələridir. İddiaçı kommunal xərclərin iki il ərzində 2 dəfə artırılmasına etiraz edərək, əvvəlki qaydada 50 manat ödəmək istədikdə MMMCdən aylıq 95 manat ödəməli olduğunu demiş, əks halda ailə üzvləri ilə liftdən istifadəni qadağan edəcəklərini demişlər. MMMC-dən 95 manat kommunal xərclərinin necə və hansı əsasda müəyyən etdikləri barədə izah və hesabat vermirlər. Xaricdən qayıdandan sonra iddiaçı “Covid 19" virusuna tutulmuş və mənzilində müalicə almışdır. Mənzilin binanın 14cü mərtəbəsində yerləşməsi, liftdən istifadə edə bilməməsi xəstəlik keçirdiyi dövrdə həyatını dözülməz etmişdir. İnsanların bu münasibətlərindən hiddətlənib əzab çəkir. Cavabdeh özbaşınalığa yol verir, ağlagəlməz qərarlar qəbul edir. İddiaçı yaşadığı evin liftindən ona verilmiş kartlarla yalnız mənzilinin yerləşdiyi mərtəbəyə gedə bilir. Ondan yuxarıda yerləşən mənzillərdə yaşayan qohum və dostlarının evinə qalxmaq, evinə qonaq gələn şəxslərin mənzilə qalxmaq hüquqları tam məhdudlaşdırılmışdır. Bundan əlavə, iddiaçının mənzilində sudan istifadə üçün su sayğacı qoyulduğu halda "xxxx" MMMC sudan istifadə haqqını hesablama aparmadan suyun ödənişini hamıdan eyni miqdarda tələb edir. İddiaçı 2 ildən artıq mənzilində olmamış və sudan istifadə etməmiş, istifadə etmədiyi suya görə nə üçün ödəniş etməli olmasını bilmir. MMMC iddiaçı ilə heç bir müqavilə bağlamamış, kommunal xidmətlərin dəyəri müəyyən olunmamış (özbaşına rəqəm deyilməklə), mülkiyyətçilərə görülmüş islər barədə hesabat təqdim etməmişdir. Göstərilənlərə əsasən Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsi, 34-cü binada liftdən istifadə kartlarının ləğv edilməsi, həmin binanın saxlanması üçün xərclərin qanunvericiliyə uyğun şəkildə müəyyən edilməsi, iddiaçının mənzilinə verilən suyun hesabının quraşdırılmış sayğac vasitəsi ilə hesablanaraq ödənilməsinin təmin edilməsi öhdəliyinin cavabdeh "xxxx" MMMC-nin rəhbərliyinin üzərinə qoyulması, iddiaçıya və ailə üzvlərinə vurulmuş mənəvi zərərin əvəzi olaraq 5.000 (beş min) manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Eyni zamanda, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı qarşı “kommunal borcların ödənilməsi tələbi”nə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2022-ci ilin yanvar ayına qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilinə görə "xxxx" MMMC-nin fonduna ödənilməli olan borcu 3006 manat (üç min altı manat) təşkil edir ki, bu məbləğin vaxtı-vaxtında ödənilməməsi "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinə problemlər yaşadır. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 980-ci məhəllə, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Xan Şuşinski küçəsi 12 və Suleyman Rüstəm küçəsi 61 ünvanlarında "xxxx" MTK tərəfindən inşa etdiyi çoxmənzilli (272 mənzil) yaşayış kompleksi yerləşir. 05 noyabr 2008-ci il tarixli, 583 saylı “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında Dövlət qəbul komissiyasının aktı” əsasında yaşayış kompleksi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 26 dekabr 2008-ci il tarixində 672 saylı sərəncamla təsdiq edilmişdir. 28 aprel 2017-ci il tarixindən etibarən yaşayış kompleksinin sakinləri Azərbaycan Respublikasının mövcud Qanunlarına uyğun olaraq 1117-MM4-0044 №-li dövlət qeydiyyatından keçərək "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) yaratmışdırlar. Yaşayış kompleksində 28.04.2017-ci il tarixindən etibarən sakinlərə təhlükəsizliyə nəzarət, təmizlik xidmətləri, məişət tullantılarının yığılması, lift-servis, kompleksin mərkəzi işıqlandırılması, mənzillərə mərkəzləşdirilmiş isti və soyuq suyun (məişət) verilməsi, binaların ümumi əmlakının saxlanılması, istismarı, təmiri və sair xidmətlər təşkil və təmin olunmuş, bu xidmətlərin məsrəflərini və digər xərcləri nəzərə alaraq sahə mülkiyyətçiləri tərəfindən ödəniləcək aylıq haqların məbləği: 3 otaqlı (165 kv.m) mənzillər üçün - 65 (altmış beş) manat; 4 otaqlı (205 kv.m) mənzillər üçün - 85 (səksən beş) manat təyin olunmuşdur. Lakin, sözügedən çoxmənzilli yaşayış binalarınn sakini İddiaçı uzun illərdir ki, kommunal xərclərini qəsdən ödəmir və bununla da "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinə problemlər yaşadır. Dəfələrlə mənzil sahibinə bildirişlər göndərilməsinə baxmayaraq, o, müxtəlif səbəblər gətirərək tam ödəniş etməkdən daimi yayınıb, müəyyən edilmiş məbləğ əvəzinə böyük gecikmələrlə cəmi aylıq 50 (əlli) manat pul hesablamaqla ödənişlər etmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh ilə "xxxx" MMMC arasında kommunal xidmətlərin ödənilməsi barədə müqavilə bağlanmasa da, kommunal xidmətlərin miqdarı ilə bağlı məsələ mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti üzvlərinin ümumi yığıncağının qərarına əsasən öz təsdiqini tapmışdır. Qüvvədə olan qanunvericiliyə görə, ümumi yığıncaqda qəbul edilmiş qərarın icrası, iddiaçıların ümumi yığıncaqda iştirak etmədiyi halda da, onlar üçün də məcburi olduğundan, "xxxx" MMMC qarşılıqlı iddia üzrə cavabdehdən kommunal xərclərin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin 153 sahə mülkiyyətçisi iştirak etmiş ümumi yığıncağının 01.04.2017-ci il tarixli qərarından görünür ki: "xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin təsis edilməsi; Nəsimi-8” MMMC-nin nizamnaməsinin təsdiq edilməsi; MMMC-nin idarəetmə orqanlarının formalaşdırılması, o cümlədən sədrin seçilməsi; “Nəsimi-8" MMMC-nin hüquqi ünvanının müəyyən edilməsi; MMMC-nin dövlət qeydiyyatı ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi ilə bağlı səlahiyyətli şəxsin seçilməsi ilə bağlı gündəlikdə duran məsələlər müzakirə edilərək, Nəsimi-8” MMMC-nin təsis edilməsi. "xxxx" MMMC-nin nizamnaməsinin təsdiq edilməsi yekdilliklə qərara alınmışdır. Onun ali idarəetmə orqanı iştirakçılarının ümumi yığıncağıdır. Kompleksdə, 01.05.2017-ci il tarixindən etibarən sakinlərə təhlükəsizliyə nəzarət, təmizlik xidmətləri, məişət tullantılarının yığılması, lift-servis, kompleksin mərkəzi işıqlandırılması, mənzillərə mərkəzləşdirilmiş isti və soyuq suyun (məişət) verilməsi, binaların ümumi əmlakının saxlanılması, istismarı və sair xidmətlər təşkil və təmin olunmuş, bu xidmətlərin məsrəflərini və digər xərcləri nəzərə alaraq sahə mülkiyyətçiləri tərəfindən ödəniləcək aylıq haqların məbləği: 3 otaqlı mənzillər üçün - 65 (altmış beş) manat; 4 otaqlı mənzillər üçün - 85 (səksən beş) manat təyin olunmuşdur. Sahə mülkiyyətçilərinin 01.04.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş, 28.04.2017-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmış "xxxx" MMMC-nin Nizamnaməsindən görünür ki, cəmiyyətin yaradılmasının əsas məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən, bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərin yerinə yetirilməsi üçün fəaliyyət növlərini həyata keçirməkdən ibarətdir. Bu məqsədlərə çatmaq üçün cəmiyyət yaşayış binasının cəmiyyət iştirakçılarının ümumi istifadəsində olan daxili və xarici kommunal xidmətləri təchizatı xəttlərinin və digər qurğu və avadanlıqlarının təmiri və lazım gələrsə, bərpa edilərək daim işlək vəziyyətdə saxlanması, yaşayış binasının binadaxili istilik və elektrik enerjisi, təbii qaz, lift, məişət tullantıları və kanalizasiya xidmətləri təchizatı qurğuları və xəttlərinin təmir və ya bərpa olunması və onların işlək vəziyyətdə saxlanılması, yaşayış binasının daxili və xarici divarlarının, zirzəmi və damlarının, həmiçinin giriş bloklarının təmir olunması və işıqlandırılması, yaşayış binasının sərəncamında olan onun həyətyanı sahəsinin abadlaşdırılması, istirahət və uşaqlar üçün əyləncə qurğularının quraşdırılması, həyətyanı sahənin yaşıllaşdırılması, yaşayış binasının sakinlərinin rifahının yaxşılaşdırılmasına yönəldilən digər tədbirlərin həyata keçirilməsi və belə tədbirlərin görülməsi üçün müqavilə əsasında özəl operatorun və ya hər hansı podratçının cəlb olunması, yaşayış binasının sakinlərinin ümumi maraqlarına cavab verən və mövcud qanunvericiliklə qadağan olunmayan digər xidmətlərin göstərilməsi, işlərin görülməsi və fəaliyyət növlərinin həyata keçirilməsi kimi fəaliyyət növlərini həyata keçirir. Qarşılıqlı iddia üzrə cavabdeh kompleksdə təyin olunmuş aylıq ödənişlərlə 2017-ci ilin may ayından məlumatlıdır və bu tariflərin mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin 153 sahə mülkiyyətçisi iştirak etmiş ümumi yığıncağının qərarı olduğunu tam anlayır. Sadəcə məqsədi müxtəlif yalan və bəhanələrlə təyin edilmış öhdəliklərdən yayınmaq, "xxxx" MMMC-nin istər əvvəlki, istərsə də hazırki sədrinə müxtəlif böhtanlar ataraq, hədəqorxular edərək ödənişlərdən yayınırlar. Lakin, "xxxx" MMMC Qanunun aliliyinə tam inanaraq, sakinlər arasında heç bir ayrı-seçkilik etmədən bütün sakinləri qanuna riayət etməyə çağırır. Qarşılıqlı iddia üzrə cavabdeh ödəniş etməməklə digər sahə mülkiyyətçilərin hüquqlarına toxunmuş olur. "xxxx" MMMC-nin 156 sahə mülkiyyətçisi iştirak etmiş ümumi yığıncağının 27 iyun 2019-cu il tarixli protokolundan görünür ki, "xxxx" MMMC-nin idarəetmə orqanlarının formalaşdırılması, o cümlədən sədrin seçilməsi; "xxxx" MMMC dövlət qeydiyyatı ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi ilə bağlı səlahiyyətli şəxsin seçilməsi, yaşayış kompleksində görüləcək yenidənqurma, abadlaşdırılma və müxtəlif təkmilləşdirmə işləri haqqında; yaşayış kompleksinin aşağı və yuxarı həyətlərində sakinlərin şəxsi avtomobillərinin parkinq kimi istifadə edilməsi haqqında; yaşayış kompleksinin binalarının liftlərindən istifadənin kart sistemi vasitəsi ilə istifadə olunması haqqında, sahə mülkiyyətçilərinə cəmiyyət tərəfindən göstərilən xidmətlər və bunun müqabilində ödəniləcək aylıq ödənişlərin məbləğinin təyin və təsdiq olunması ilə bağlı gündəlikdə duran məsələlər müzakirə edilərək səs çoxluğu ilə "xxxx" MMMC idarə heyətinin 11 nəfərdən ibarət tərkibdə seçilməsi qərara alınmışdır. "xxxx" MMMC idarə heyətinin sədri X1. İki il keçməsinə baxmayaraq, müxtəlif çətinliklərlə üzləşmələrinə baxmayaraq, bir çox təmir materiallarının bahalaşması, minimum əmək haqqının artması və sair kimi amillərə baxmayaraq, "xxxx" MMMC-i 01.04.2017-ci il tarixində təyin olunmuş aylıq ödəniş tariflərini qaldırmamış, sakinlərdən yeganə xahişi ələlə verərək yaşayış kompleksini daha da abadlaşdırmaq, birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini istəyirlər. Azərbaycan Respublikasının Tarif Şurasının 31.01.2021-ci il tarixli iclasının qərarına əsasən su təhcizatı və tullantı sularının axıdılması xidmətlərinin tarifləri 01 fevral 2021-ci il tarixdən etibarən əhali üçün 0,5 AZN-dən 1 AZN səviyyəsinə qaldırılmışdır. Kompleksin mənzillərinə mərkəzləşdirilmiş isti və soyuq suyun NƏSİMİ-8 MMMC tərəfindən verilməsini nəzərə alaraq, Cəmiyyətin İdarə Heyətinin qəbul etdiyi qərara əsasən 1 mart 2021-ci il tarixdən etibarən sahə mülkiyyətçiləri tərəfindən fonda ödəniləcək aylıq haqların məbləği: 3-otaqlı mənzillər üçün - 75 AZN, 4-otaqlı mənzillər üçün 95 AZN hesablanması haqqında qərar qəbul edilmişdir ki, kompleksin bütün sakinləri bu qərarla tam razı olduqlarını bildirmişlər və ödənişləri vaxtı-vaxtında həhata keçirirlər. Lakin qarşılıqlı iddia üzrə cavabdeh qanunla müəyyən edilmiş və 156 sahə mülkiyyətçilərinin iradəsi ilə təyin edilmiş aylıq ödənişləri nəinki yerinə yetirmir, hətta müxtəlif yollarla "xxxx" MMMC-nin qanuni idarəetməsinə mane olur. "xxxx" MMMC-nin 192 sahə mülkiyyətçisi iştirak etmiş ümumi yığıncağının 30 iyul 2021-ci il tarixli protokolundan görünür ki, "xxxx" MMMC idarəetmə orqanlarının formalaşdırılması, o cümlədən sədrin seçilməsi; "xxxx" MMMC dövlət qeydiyyatı ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi ilə bağlı səlahiyyətli şəxsin seçilməsi, yaşayış kompleksində görüləcək yenidənqurma, abadlaşdırılma və müxtəlif təkmilləşdirmə işləri haqqında; yaşayış kompleksinin aşağı və yuxarı həyətlərində sakinlərin şəxsi avtomobillərinin parkinq kimi istifadə edilməsi haqqında; yaşayış kompleksinin binalarının liftlərindən istifadənin kart sistemi vasitəsi ilə istifadə olunması haqqında, sahə mülkiyyətçilərinə cəmiyyət tərəfindən göstərilən xidmətlər və bunun müqabilində ödəniləcək aylıq ödənişlərin məbləğinin təyin və təsdiq olunması ilə bağlı gündəlikdə duran məsələlər müzakirə edilərək səs çoxluğu ilə "xxxx" MMMC idarə heyətinin 9 nəfərdən ibarət tərkibdə seçilməsi qərara alınmışdır. "xxxx" MMMC idarə heyətinin sədri X10 yenidən seçilmişdir. "xxxx" MMMC-nin 192 sahə mülkiyyətçisi iştirak etmiş ümumi yığıncağının 30 iyul 2021-ci il tarixli protokolunun 3.9-cu bəndindən görünür ki, Cəmiyyətin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ: 3 aydan 1 ilə qədər olan yığılmış borclara görə sakinlərdən həmin borcun 10%-ni, 1 ildən 2 ilə qədər olan yığılmış borclara görə sakinlərdən həmin borcun 15%-ni, 2 ildən yuxarı müddət üçün isə yığılmış borclara görə sakinlərdən həmin borcun 20%-ni əlavə olaraq vurulmuş zərərin əvəzi kimi tələb edilməsi məsələsi səs çoxluğu ilə təsdiq edilmişdir. Hazırki işdə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mülkiyyətində olan mənzilə görə "xxxx" MMMC-nin fonduna olan borcları 2017-ci ildən başlayaraq yığıldığıdan və yığılmış əsas borcun məbləğı yanvar 2022-ci il daxil olmaqla 2505 manat (iki min beş yüz beş manat) olduğundan, "xxxx" MMMC-nin ümumi yığıncağının 30 iyul 2021-ci il tarixli protokolunun 3.9-cu bəndini tətbiq edərək həmin borcun 20%-ni əlavə olaraq vurulmuş zərərin əvəzi kimi tələbi irəli sürərək qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mülkiyyətində olan mənzilə görə yanvar 2022-ci il tarixinə "xxxx" MMMC-nin fonduna olan 3006 manat (üç min altı manat) borcu və növbəti aylarda 95 manat (doxsan beş manat) kommunal xidmətlər ödənişlərini "xxxx" MMMC-nin fonduna məcburi qaydada ödənilməsini məhkəmədən xahiş edirlər. Bununla yanaşı nəzərə alınmalıdır ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (Mənzil Məcəlləsinin 137.10-cu maddəsi). Göstərilənlərə görə cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilinə görə yanvar 2022-ci il tarixinə "xxxx" MMMC-nin fonduna olan 3006 manat (üç min altı manat) borcunun və növbəti aylarda 95 manat (doxsan beş manat) kommunal xidmətlər ödənişlərinin və ödənilmiş 50.06 manat dövlət rüsumunun "xxxx" MMMC-nin fonduna məcburi qaydada tutulması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi X3 və onun vəkili Vəkil ilkin iddia tələblərini müdafiə edərək, qarşılıqlı iddianı qəbul etməyərək, ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etmişdilər. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nümayəndəsi X6 ilkin iddianı qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə edərək, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən, qarşılıqlı iddia isə tam təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 13.10.2017-ci il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, ünvan 6 (yeni qaydalarla: İmran Qasımov küçəsi, 34, M14, m3) İddiaçı xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında ********** nömrə ilə qeydiyyat aparılmışdır. İşin materiallarında olan "xxxx" MMMC-nin 156 sahə mülkiyyətçisi iştirak etmiş ümumi yığıncağının 27 iyun 2019-cu il tarixli protokolundan görünür ki, "xxxx" MMMC-nin idarəetmə orqanlarının formalaşdırılması, o cümlədən sədrin seçilməsi; "xxxx" MMMC dövlət qeydiyyatı ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi ilə bağlı səlahiyyətli şəxsin seçilməsi, yaşayış kompleksində görüləcək yenidənqurma, abadlaşdırılma və müxtəlif təkmilləşdirmə işləri haqqında; yaşayış kompleksinin aşağı və yuxarı həyətlərində sakinlərin şəxsi avtomobillərinin parkinq kimi istifadə edilməsi haqqında; yaşayış kompleksinin binalarının liftlərindən istifadənin kart sistemi vasitəsi ilə istifadə olunması haqqında, sahə mülkiyyətçilərinə cəmiyyət tərəfindən göstərilən xidmətlər və bunun müqabilində ödəniləcək aylıq ödənişlərin məbləğinin təyin və təsdiq olunması ilə bağlı gündəlikdə duran məsələlər müzakirə edilərək səs çoxluğu ilə "xxxx" MMMC idarə heyətinin 11 nəfərdən ibarət tərkibdə seçilməsi qərara alınmışdır. Eyni zamanda, 3 otaqlı mənzillər üçün - 65 (altmış beş) manat; 4 otaqlı mənzillər üçün - 85 (səksən beş) manat aylıq kommunal ödəniş müəyyən olunmuşdur. "xxxx" MMMC idarə heyətinin sədri X1. İşdə olan "xxxx" MMMC-nin 192 sahə mülkiyyətçisi iştirak etmiş ümumi yığıncağının 30 iyul 2021-ci il tarixli protokolundan görünür ki, "xxxx" MMMC idarəetmə orqanlarının formalaşdırılması, o cümlədən sədrin seçilməsi; "xxxx" MMMC dövlət qeydiyyatı ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi ilə bağlı səlahiyyətli şəxsin seçilməsi, yaşayış kompleksində görüləcək yenidənqurma, abadlaşdırılma və müxtəlif təkmilləşdirmə işləri haqqında; yaşayış kompleksinin aşağı və yuxarı həyətlərində sakinlərin şəxsi avtomobillərinin parkinq kimi istifadə edilməsi haqqında; yaşayış kompleksinin binalarının liftlərindən istifadənin kart sistemi vasitəsi ilə istifadə olunması haqqında, sahə mülkiyyətçilərinə cəmiyyət tərəfindən göstərilən xidmətlər və bunun müqabilində ödəniləcək aylıq ödənişlərin məbləğinin təyin və təsdiq olunması ilə bağlı gündəlikdə duran məsələlər müzakirə edilərək səs çoxluğu ilə "xxxx" MMMC idarə heyətinin 9 nəfərdən ibarət tərkibdə seçilməsi qərara alınmışdır. Eyni zamanda, 3 otaqlı mənzillər üçün - 75 (yetmiş beş) manat; 4 otaqlı mənzillər üçün - 95 (doxsan beş) manat aylıq kommunal ödəniş müəyyən olunmuşdur. "xxxx" MMMC idarə heyətinin sədri X10 yenidən seçilmişdir. Həmçinin, işdə olan "xxxx" MMMC ilə ünvan 6 ünvanında yaşayan X3 arasında bağlanmış 53 №-li, 01.05.2017-ci il tarixli xidmət müqailəsinə əsasən “cəmiyyət” “sakinə” kompleksdə nəzərdə tutulan kommunal və digər xidmətlər göstərir, “sakin” isə bu xidmətlərdən istifadəyə görə “cəmiyyətə” müvafiq haqq ödəməyə zəmanət verir. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Həmin Məcəllənin 37-ci maddəsinə əsasən çoxmənzilli binada mülkiyyətə sahə əldə edilərkən bu binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda pay həmin əldə edənə keçir. Müqavilənin çoxmənzilli binada sahəyə mülkiyyət hüquqlarının keçməsi ilə bərabər binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payın keçməsini məhdudlaşdıran müddəaları əhəmiyyətsizdir. Qanunvercilikdən göründüyü kimi yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan lift ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Belə olan halda, ilkin iddia üzrə iddiaçının mülkiyyətçi kimi çoxmənzilli binanın ümumi əmlakından (liftdən) istifadə edə bilməməsi onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi bu hissədə təmin edilməli, cavabdeh "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən çoxmənzilli bina kompleksində iddiaçının çoxmənzilli binanın ümumi əmlakından, o cümlədən liftlərdən istifadə hüququnu məhdudlaşdıran hərəkətlər (liftdən istifadə kartı iddiaçıya münasibətdə ləğv edilməli) dayandırılmalı, İddiaçı çoxmənzilli binanın ümumi əmlakından istifadə hüququ təmin edilməlidir. İlkin iddianın binanın saxlanması üçün xərclərin qanunvericiliyə uyğun şəkildə müəyyən edilməsi hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Konstitusiyanın 43-cü maddəsinin İİ hissəsinə əsasən, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır (Mənzil Məcəlləsinin 1.1-ci maddəsi). Mənzil Məcəlləsinin 12.2-ci maddəsinə əsasən, yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Həmin Məcəllənin 17.2-ci maddəsinə görə, Azərbaycan Respublikasında mənzil fondunu mülkiyyət formasına görə özəl, dövlət və bələdiyyə mənzil fondu təşkil edir. Yaşayış fondunun saxlanması və ondan istifadə edilməsi mənzil hüququnun tərkib hissəsidir. Mənzil Məcəlləsinin 6-cı maddəsi müəyyən edir ki, çoxmənzilli binaların idarə edilməsi (maddə 6.0.8.); mənzil-tikinti kooperativlərinin, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin yaradılması və fəaliyyəti, onların üzvlərinin hüquq və vəzifələri (maddə 6.0.9.); kommunal xidmətlərin göstərilməsi (maddə 6.0.10.); yaşayış sahəsinə və kommunal xidmətlərə görə xidmət haqlarının müəyyən edilməsi və ödənilməsi (maddə 6.0.11.) və digər münasibətlər mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdir. Mənzil Məcəlləsinin 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Bununla yanaşı nəzərə alınmalıdr ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (Mənzil Məcəlləsinin 137.10-cu maddəsi). Öz növbəsində, həmin Məcəllənin 142.1-ci maddəsi imperativ qaydada göstərir ki, çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanmalıdır. Çoxmənzilli yaşayış sahələrində mənzil mülkiyyətçilərinin binaya aid ümumi yerlərdən və vasitələrdən (binanın fasadı, zirzəmisi, dəhlizi, lifti, damı və s.) birgə istifadə etmək ehtiyacı, həmin yaşayış binasının birgə idarə edilməsi zərurətini yaradır. Mənzil Məcəlləsinin 141.1-ci maddəsinə müvafiq olaraq, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Beləliklə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin əlverişli və təhlükəsiz yaşamalarının təmin edilməsi və binanın ümumi əmlakından birgə istifadə edilməsinin tənzimlənməsini təmin etmək məqsədilə, Mənzil Məcəlləsinin 141.2-ci maddəsində mülkiyyətçilərin binanın idarə edilməsi üsulunu seçmək vəzifəsi nəzərdə tutulmuşdur. Həmin maddədə çoxmənzilli binanın idarə edilməsi üsulu üç formada nəzərdə tutulur: binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi; mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi; idarəedici təşkilat tərəfindən idarə edilməsi. Beləliklə, binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər (Mənzil Məcəlləsinin 141.3-cü maddəsi). Çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti vasitəsilə həyata keçirilir. Mənzil Məcəlləsinin 119.1-ci maddəsində qeyd edilir ki, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq qaydada mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü nəzərdə tutmur. Belə ki, Məcəllənin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir. V.Ələsgərovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2015-ci il 29 dekabr tarixli Qərarında ifadə olunan hüquqi mövqeyə görə, yuxarıda göstərilən vəzifə çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu, xüsusilə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir. Nəzərə almaq lazımdır ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır, cəmiyyətin idarə heyətinin səlahiyyətlərinə aid olan məsələləri həll etmək hüququna malikdir (Mənzil Məcəlləsinin 125.1 və 125.4-cü maddələri). Həmin Məcəllənin 125.2.4-cü maddəsinə müvafiq olaraq isə cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək ümumi yığıncağın müstəsna səlahiyyətidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddianın binanın saxlanması üçün xərclərin qanunvericiliyə uyğun şəkildə müəyyən edilməsi hissəsi əsassız olduğuna görə təmin edilə bilməz. İlkin iddianın mənzilə verilən suyun hesabının quraşdırılmış sayğac vasitəsilə hesablanaraq ödənilməsinin təmin edilməsi "xxxx" MMMC-nin üzərinə qoyulması hissəsi ilə əlaqədar məhkəmə hesab edir ki, iddia bu hissədə də təmin edilməlidir. Belə ki, “Su təchizatı və tullantı suları haqqında” Qanunun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Bundan başqa, “Sudan istifadə Qaydaları”nın 2.1.5-ci bəndinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək su təchizatı və kanalizasiya müəssisəsinin vəzifələrinə aiddir. Həmin Qaydaların 7.2-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). İlkin iddianın iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddı formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İlkin iddia üzrə iddiaçı isə ona cavabdeh MMMC tərəfindən mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddianın “mənəvi zərərin ödənilməsi” hissəsi əsassız olduğuna görə təmin edilməməlidir. Qarşılıqlı iddia tələbləri ilə bağlı məhkəmə qeyd edir ki, həmin tələblər əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, "xxxx" MMMC-nin 192 sahə mülkiyyətçisi iştirak etmiş ümumi yığıncağının 30 iyul 2021-ci il tarixli protokolundan görünür ki, "xxxx" MMMC 3 otaqlı mənzillər üçün - 75 (yetmiş beş) manat; 4 otaqlı mənzillər üçün - 95 (doxsan beş) manat aylıq kommunal ödənişləri müəyyən olunmuşdur. Yuxarıda qeyd olunduğu kimi qüvvədə olan qanunvericiliyə əsasən MMMC-nin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək ümumi yığıncağın müstəsna səlahiyyətlərinə aid edilmişdir. Çoxmənzilli binanın sahə mülkiyyətçisi mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmadığı təqdirdə də ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad olunmur. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia tələbləri qismən təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsi, 34-cü binada liftdən istifadə kartı ilkin iddia üzrə iddiaçıya münasibətdə ləğv edilməsi öhdəliyi ilkin iddia üzrə cavabdeh "xxxx" MMMC-nin üzərinə qoyulmalı, ilkin iddia üzrə iddiaçının mənzilinə verilən suyun hesabının quraşdırılmış sayğac vasitəsilə hesablanaraq ödənilməsinin təmin edilməsi öhdəliyi cavabdeh "xxxx" MMMC-nin üzərinə qoyulmalı, ilkin iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia təmin edilməli, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən mülkiyyətində olan mənzilə görə 2022-ci ilin yanvar ayına "xxxx" MMMC-nin fonduna olan 3006 (üç min altı) manat borcu və növbəti aylarda 95 (doxsan beş) manat kommunal xidmətlər ödənişi və ödənilmiş 50,06 (əlli manat, altı qəpik) manat dövlət rüsumunun əvəzi "xxxx" MMMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbləri qismən təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsi, 34-cü binada liftdən istifadə kartının ilkin iddia üzrə İddiaçı münasibətdə ləğv edilməsi öhdəliyi ilkin iddia üzrə cavabdeh "xxxx" MMMC-nin üzərinə qoyulsun. İlkin iddia üzrə İddiaçı mənzilinə verilən suyun hesabının quraşdırılmış sayğac vasitəsilə hesablanaraq ödənilməsinin təmin edilməsi öhdəliyi cavabdeh "xxxx" MMMC-nin üzərinə qoyulsun. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən mülkiyyətində olan mənzilə görə 2022-ci ilin yanvar ayına "xxxx" MMMC-nin fonduna olan 3006 (üç min altı) manat borcu və növbəti aylarda 95 (doxsan beş) manat kommunal xidmətlər ödənişi və ödənilmiş 50,06 (əlli manat, altı qəpik) manat dövlət rüsumunun əvəzi "xxxx" MMMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar