Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1144/2021 23.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, onun vəkili X2, cavabdeh "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinə qarşı "işəgötürən tərəfindən vurulmuş ziyanın ödənilməsi tələbi"nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinə qarşı "işəgötürən tərəfindən vurulmuş ziyanın ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ASC-nin (xx.xx.2019-cu il tarixədək “xxxx” ASC adlanan) xx.xx.2013-ci il tarixli, 138K saylı əmrinə əsasən, “xxxx” İKB ASC-də 8 saylı filialın müdir müavini vəzifəsinə işə qəbul edilmiş, 7 (yeddi) ildən artıq müddət həmin bankda fəaliyyət göstərmişdir. Bu müddət ərzində cavabdehin yol verdiyi bir sıra qanunsuz hərəkətləri nəticəsində iddiaçının qanunvericiliklə müəyyən olunan əmək hüquqları pozulmuş, nəticədə ona yüksək məbləğdə ziyan dəymişdir. İddiaçı bu Bankın 8 saylı filialında müdir müavini vəzifəsində çalışmaqla yanaşı, xx.xx.2016-cı il tarixli, 1100K saylı əmr ilə xx.xx.2016-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək həm də boş vəzifə olan müdir vəzifəsini müvəqqəti icra etmişdir. Cavabdeh xx.xx.2016-cı il tarixindən xx.xx.2017ci il tarixədək olan dövr ərzində iddiaçıya öz əmək haqqı ilə yanaşı, müdir vəzifəsi üçün müəyyən olunmuş əmək haqqının yarısından az olmamaq şərtilə, əlavə əmək haqqı ödəməli idi. Lakin cavabdeh tərəfindən həmin normanın tələbləri pozulmuş, iddiaçıya əlavə olaraq heç bir məbləğ ödənilməmişdir. Daha sonra iddiaçı xx.xx.2017-ci il tarixli, 61/1T saylı əmr ilə cavabdeh bankda müdir vəzifəsinə təyin olunmuş və həmin tarixdən xx.xx.2018-ci il tarixədək qeyd olunan vəzifədə çalışmışdır. Buna baxmayaraq, əmək haqqına heç bir dəyişiklik edilməmiş, iddiaçının aldığı maaş müdir müavini vəzifəsində işləyəndə, müdir vəzifəsini müvəqqəti icra edəndə və müdir vəzifəsində işləyəndə də eyni maaş, yəni müavin maaşı olmuşdur. İddiaçının maaşı həmişə o biri filial müdirlərinin aldıqları maaşdan az olmuş, digər işçilərə münasibətdə ona qarşı aşkar şəkildə ayrıseçkilik nümayiş olunmuşdur. Halbuki, iddiaçının rəhbərlik etdiyi filial, filiallar arasında ən yaxşı mənfəət verən filial olmuşdur. Yəni iddiaçıya qarşı nümayiş olunan ayrı-seçkiliyin onun işgüzar keyfiyyətləri ilə bağlı olmadığı aşkardır. Filialın balansında xidməti avtonəqliyyat vasitəsi olduğu halda, həmin maşından qanunazidd olaraq iddiaçının istifadə etməyinə uzun müddət qadağa qoyulmuşdur. Belə ki, maşının amortizasiya (köhnəlmə), yanacaq, təmir və s. xərcləri və sürücünün maaşı filialın xərclərinə daxil edilirdi. İddiaçının idarə etdiyi 8 saylı filial istisna olmaqla, bankın bütün filiallarında xidməti avtonəqliyyat vasitəsi mövcud idi və filialın müdirlərinin sərəncamına verilmişdi. İddiaçının təkidli tələblərindən sonra məcburiyyət qarşısında qalaraq gec də olsa, həmin avtonəqliyyat vasitəsini 8 saylı filialın müdiri kimi iddiaçının işə aparılıb-gətirilməyi üçün istifadə edilməsinə icazə verildi. Lakin maşının iddiaçının sərəncamına verilmədiyi dövrlərdə o, uzun müddət ailəsinə məxsus maşından istifadə etməli olmuş və hər ay yalnız işə gedibgəlməyə ortalama 130 (bir yüz otuz) manat yanacaq xərci, eyni zamanda təmir, servis və sair xərclər üçün ortalama aylıq 90 (doxsan) manat sərf etmişdir. Yəni, bankın qanunsuz olaraq iddiaçının avtonəqliyyatdan istifadəsini məhdudlaşdırmağı ucbatından, aylıq təqribən 220 (iki yüz iyirmi) manat nəqliyyat xərci iddiaçının ailə büdcəsindən xərclənmişdir. Bundan əlavə, X8 xx.xx.2017-ci il tarixli qərarına (70 saylı protokoldan çıxarış) əsasən, planın yerinə yetirilməsi və kredit portfelinin keyfiyyət göstəricilərinə görə, 8 saylı filialın rəhbərinə ümumi ayrılmış bonus fondunun, yəni 4000 (dörd min) manatın 50 %-inin ödənilməsi nəzərdə tutulurdu. Buna baxmayaraq, filial müdiri kimi iddiaçıya 2017-ci ilin oktyabr-dekabr ayları üzrə (üç ay) bonus ödənilməmişdir. Qeyd edilən hallar cavabdeh tərəfindən ona qarşı nümayiş olunan ayrı-seçkiliyi bir daha sübut edir. İddiaçı ona qarşı göstərdiyi ayrı- seçkiliyi aradan qaldırmaq üçün filial müdiri kimi fəaliyyət göstərdiyi müddət ərzində digər filialların müdirlərinin əmək haqqı ilə onun əmək haqqı arasındakı fərq, həmçinin filialın balansında olan xidməti avtonəqliyyatdan istifadəsinin məhdudlaşdırıldığı müddət ərzində çəkdiyi nəqliyyat xərcləri cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. xx.xx.2018-ci il tarixdə cavabdehin 54/A saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, onunla bağlanmış əmək müqaviləsinə qanunsuz olaraq xitam verilmişdir. Müqaviləyə xitam verilərkən cavabdeh tərəfindən iddiaçının istifadə edilməmiş məzuniyyət günlərindən istifadə hüquqları da pozulmuşdur. Belə ki, həmin tarixdə iddiaçının müvafiq iş ili üzrə 18 (on səkkiz) gün əlavə məzuniyyət hüququ var idi. Bu halda, Əmək Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq, iddiaçının həmin məzuniyyət günlərindən istifadə etmək və ya istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi tələb etmək hüququ var idi. Lakin cavabdeh iddiaçının məzuniyyət hüququndan istifadə etməyinə imkan verməmiş, nəticədə onun əlavə məzuniyyət günləri itirilmiş, həmçinin istifadə edə bilmədiyi məzuniyyət günlərinə görə ona heç bir haqq ödənilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü bəndinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilməli olduğu halda, iddiaçının işdən çıxdığı gün ona düşən bütün ödənclər tam məbləğdə deyil, yarımçıq şəkildə verilmişdir. Belə ki, bonus məbləğindən saxlanılan 35% məbləğ, ümumiyyətlə, ödənilməmiş, yalnız sonradan hissə-hissə olmaqla ona verilmişdir. Halbuki, həmin vəsait işdən çıxarkən iddiaçıya tam şəkildə verilsəydi, iddiaçı həmin məbləğdən istifadə edərək müəyyən fayda götürə bilərdi. Belə ki, işdən çıxdığı gün cavabdeh tərəfindən iddiaçıya verilməmiş ödənc (keçmiş 12 ay üzrə bonus məbləğinin 35%-i) minimum 7.000 (yeddi min) manata yaxın pul məbləği təşkil edirdi. Əgər həmin məbləğ iddiaçıya vaxtında verilsəydi, o, bu pul vəsaitini bank depozitinə qoymaqla bu 2 (iki) il ərzində bir il üçün ən azından 10 faiz hesablanmaqla (7.000 (yeddi min) manatın 10 faizi bir il üçün 700 manat, iki il üçün isə 1.400 (min dörd yüz) manat edir) 1.400 (min dörd yüz) manat qazanc əldə edə bilərdi. Bu cavabdehin hərəkətləri nəticəsində iddiaçının minimum şəkildə əldən çıxmış faydasıdır. xx.xx.2018-ci il tarixdə rəhbərlik 53/Q saylı əmr ilə iddiaçını 8 saylı filiala təkrarən müdir vəzifəsinə təyin etmiş və iddiaçı xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək müdir vəzifəsində çalışmışdır. Qeyd olunan dövrdə iddiaçıya qarşı nümayiş olunan ayrı-seçkilik davam etdirilərək əmək haqqında heç bir artım olmamış, əmək haqqı yenə də cavabdeh bankın digər filialların müdirlərinin əmək haqqından daha aşağı olmuşdur. xx.xx.2020-ci il tarixli, 128/A saylı əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, iddiaçı ilə Əmək Müqaviləsinə yenidən qanunsuz olaraq xitam verilmişdir. Belə ki, cavabdeh tərəfindən yenidən Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü bəndinin tələbləri pozularaq, ona düşən bütün ödənclər işdən çıxan gün tam şəkildə verilməli olduğu halda, yarımçıq verilmişdir. Bundan əlavə, iddiaçı 2020-ci ilin fevral ayında 2018- 2019-cu iş ili üzrə qalmış 6 (gün) əlavə məzuniyyət günündən istifadə etməklə, məzuniyyətə çıxmışdır. Belə ki, iddiaçı fevral ayı üçün yazdığı məzuniyyət ərizəsində də 6 (altı) gün əlavə məzuniyyət və 6 (altı) əsas məzuniyyət günündən istifadə etmək istədiyini aşkar şəkildə bildirmişdir. Həmçinin, məzuniyyət əmrində də ağ-qara rənglə və dəqiq məzmunda 6 (gün) əlavə məzuniyyət verilməsi barədə yazılmışdır. Buna baxmayaraq, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabda cavabdeh tərəfindən 6 (altı) əsas məzuniyyət günümün pulu ona ödənilməmiş və bildirilmişdir ki, həmin 6 (altı) əsas məzuniyyət günü 6 (altı) əlavə məzuniyyət günü ilə əvəzləşdirilib və ödənilməyəcəkdir. Eyni zamanda, əmək müqaviləsinə xitam verilərkən iddiaçının 2019- 2020-ci iş ili üzrə də istifadə edilməmiş məzuniyyət günlərindən istifadə istəyi nəzərə alınmamış, müqaviləyə qanunsuz olaraq xitam verilmiş və bununla da, Əmək Məcəlləsinin müvafiq maddələri qanuna zidd olaraq kobud şəkildə pozulmuşdur. Belə ki, cavabdeh iddiaçının 2019-2020-ci iş ili üzrə istifadə olunmamış 6 (altı) əlavə məzuniyyət günündən istifadə etməyinə imkan verməmiş, həmin günlərə görə ona məzuniyyət haqqı da ödənilməmişdir. İddiaçı 14 və xx xxxx 2020-ci il tarixlərində, yəni həftənin şənbə və bazar günlərində İdarə Heyətinin qərarı ilə işə cəlb edilmiş, amma şənbə və bazar günləri işə cəlb edilməyi ilə bağlı əlavə vəsaitin (Əmək Məcəlləsinin 164-cü maddəsinin 1-ci maddəsinə əsasən, gündəlik vəzifə maaşının 2 (iki) qat məbləğindən az olmamaqla, ödənilməli olduğu halda) ona ödənilməsi qanunazidd olaraq həyata keçirilməmişdir. Bundan əlavə, İdarə Heyətinin digər bir qərarına əsasən, qarşıya qoyulmuş plan göstəricilərinə və kredit portfelinin keyfiyyət göstəricilərinə uyğun olaraq, filialın rəhbərliyinə aylıq fiks 4.000 (dörd min) manat məbləğində bonus verilməsi nəzərdə tutulurdu. Həmin məbləğ iddiaçı ilə X12 müşaviri arasında bərabər bölünüb ikisinə verilirdi. Lakin xx.xx.2018-ci il tarixdən etibarən, sədrin müşaviri işdən çıxmış və iddiaçı bütün işləri təkbaşına görmüşdür. Bu halda, rəhbərlik üçün ayrılmış həmin 4.000 (dörd min) manat tam şəkildə iddiaçıya verilməli idi. Buna baxmayaraq, sədr müşavirinə çatası olan 2000 (iki min) manat bütün işləri iddiaçının icra etməyinə baxmayaraq, ona verilməmişdir. İddiaçı yuxarıda qeyd etdiyi qanun pozuntuları ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etmişdir. Dövlət Əmək Müfəttişliyi Xidmətinin qərarı ilə X8 sədri İnzibati Xətalar Məcəlləsinin 192.4, 192.5 və 192.6 maddələrini pozduğuna görə, 1500 (bir min beş yüz) manat cərimələnmişdir. Bundan əlavə, Nəsimi Rayon Məhkəməsi tərəfindən işdən çıxarılma əmrinin ləğv edilməsi və işə bərpa olunmağı barədə xx.xx.2020- ci il tarixli qətnamə qəbul etmişdir. Qeyd edilənləri nəzərə alaraq, aşağıdakı hesablamalara əsasən, alınan məbləğlər (vergi daxil,yəni gross) qanunun tələblərinə uyğun olaraq cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir: xx.xx.2016-xx.xx.2017-ci il tarixləri arası dövr üçün müdir müavini ola-ola müdir vəzifəsini müvəqqəti icra etdiyinə görə - 7 028 (yeddi min iyirmi səkkiz) manat; filialın rəhbərliyi üçün ayrılmış fiks 4 000 (dörd min) manat məbləğində bonusun yarısının 2017-ci ilin oktyabr-dekabr ayları üzrə (üç ay) verilmədiyinə görə - plan 100%-dən çox göstərici ilə icra edildiyindən minimum 6 000 (altı min) manat; filialın rəhbərliyi üçün ayrılmış fiks 4 000 (dörd min) manat məbləğində bonusun yarısının mart-may 2018-ci il dövrü üzrə (3 ay) verilmədiyinə görə - 6 000 (altı min) manat; xx.xx.2017-xx.xx.2018-ci il tarixləri arası dövr üçün maaş arasındakı fərqə görə - 6 468 (altı min dörd yüz altımış səkkiz) manat; xx.xx.2018-ci il tarixində işdən çıxarılarkən 18 (on səkkiz) əlavə məzuniyyətə görə - 1 738 (bir min yeddi yüz otuz səkkiz) manat; xx.xx.2018xx.xx.2020-ci il tarixləri arası dövr üçün maaş arasındakı fərqə görə - 10 759 (on min yeddi yüz əlli doqquz) manat; 14 və xx xxxx 2020-ci il tarixlərində (şənbə və bazar günləri) 2 (gün) işə cəlb olunmağına görə- 463 (dörd yüz altımış üç) manat; 2019-2020-ci iş ili üzrə 6 (altı) gün əsas məzuniyyətə görə - 923 (doqquz yüz iyirmi üç) manat; 2019-2020-ci iş ili üzrə 6 (altı) gün əlavə məzuniyyətə görə - 923 (doqquz yüz iyirmi üç) manat; xidməti avtonəqliyyat vasitəsilə bağlı çəkilmiş xərcə görə (dekabr 2016-sentyabr 2019-cu illər arası dövrü əhatə edən 34 aya görə) - 8357 (səkkiz min üç yüz əlli yeddi) manat; işdən çıxdığı gün verilməmiş ödənclərə görə əldən çıxmış fayda üçün - 1.400 (bir min dörd yüz) manat. Göründüyü kimi, ümumilikdə vaxtında iddiaçıya ödənilməyən əmək haqqı, məzuniyyətlər, ödənilməmiş bonuslar üzrə məbləğ və öz hesabına çəkdiyi sair xərclərin ümumi məbləği 50.059 (əlli min əlli doqquz) manat təşkil edir. Dövlət Əmək Müfəttişliyi Xidmətindən mütəxəssis dəvət etməklə, qeyd olunan məbləğləri təsdiqləmək mümkün olar. Göstərilənlərə əsasən Cavabdeh ASC tərəfindən əmək münasibətləri prosesində iddiaçıya vurulmuş 50.059 (əlli min əlli doqquz) manat məbləğində ziyanın cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı, onun vəkili X6 iddianı müdafiə etdilər və iddiada göstərilənləri təsdiq edərək tələblərinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında cavabdeh "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 iddia tələbinə etiraz edərək, təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İşin materiallarında olan işəgötürən "Cavabdeh" ASC-nin sədri Nikolaz Şurqala tərəfindən qəbul edilmiş xx xxx 2018-ci il tarixli, № 130-2/M saylı əmrdən görünür ki, İddiaçı “xxxx” İKB ASC-nin 8 saylı filialının müdirinə xx.xx.2018-ci il tarixindən xx.xx.2018ci il tarixinədək 4 gün müddətinə (xx.xx.2015-ci il-xx.xx.2016-cı il iş ilinə görə 4 gün müddətinə) əsas məzuniyyət verilmiş, onun xx.xx.2018-ci il tarixindən 130-2/İD nömrəli xx.xx.2018-ci il tarixli əmrinə əsasən işdə hesab olunmuş, məzuniyyət müddətində İddiaçı səlahiyyətləri X12 birinci müavinin müşaviri X1 həvalə edilmiş, əmək haqqı arasındakı fərq ödənilmişdir. İşin materiallarında olan işəgötürən "Cavabdeh" ASC-nin sədri Nikolaz Şurqala tərəfindən qəbul edilmiş xx xxxx 2018-ci il tarixli, № 54/A saylı əmrdən görünür ki, İddiaçı “xxxx” İKB ASC-nin 8 saylı filialının müdiri ilə bağlanmış xx.xx.2013-cü il tarixli, 593 saylı əmək müqaviləsinə sonuncu iş günü xx.xx.2018-ci il tarixi olmaqla, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilməsi əmr edilmişdir. İşin materiallarında olan işəgötürən "Cavabdeh" ASC-nin sədri Nikolaz Şurqala tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, № 56-5/M saylı əmrdən görünür ki, İddiaçı Cavabdeh ASC-nin 8 saylı filialının müdirinə xx.xx.2020-ci il tarixindən xx.xx.2020ci il tarixinədək 12 gün müddətinə (xx.xx.2018-ci il-xx.xx.2019-cu il iş ilinə görə 6 gün əlavə məzuniyyət günləri və 6 gün əsas məzuniyyət günləri olmaqla – 12 gün müddətinə) növbəti əmək məzuniyyəti verilmiş, onun xx.xx.2020-ci il tarixindən işdə hesab olunmuş, məzuniyyətin qalan xx.xx.2018-ci il – xx.xx.2019-cu iş ilinə görə 6 günündən məzuniyyət ilinin sonunadək istifadə etməsi tövsiyə edilmiş, İddiaçı imza səlahiyyətləri Cavabdeh ASCnin X12 birinci müavinin müavini C.A.Nağıyevə həvalə edilmiş, əmək haqqı fərqi ödənilmişdir. İşin materiallarında olan işəgötürən "Cavabdeh" ASC-nin sədri Nikolaz Şurqala tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, № 128/A saylı əmrdən görünür ki, İddiaçı Cavabdeh ASC-nin 8 saylı filialının müdiri ilə bağlanmış əmək müqaviləsinə sonuncu iş günü xx.xx.2020-ci il tarixi olmaqla, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilməsi əmr edilmişdir. İşin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4149/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli 128/A saylı əmri və əmrə əsasən ******* saylı əmək kitabçasının 27-ci səhifəsindəki 29-cu qeyd nömrəsi ilə yazılmış «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilsin» qeydinin etibarsız sayılması, İddiaçı əvvəlki işinə bərpa edilməsi, İddiaçı xx.xx.2020-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi işburaxma müddəti üçün əmək haqqı və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddətdə xəstəlik vərəqəsi üzrə ödənilməli olan məbləğin ödənilməsi, Cavabdeh ASC-dən ödənilmiş dövlət rüsumu olan 30 manat pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xx xxxxxx 2021-ci il tarixli arayışına əsasən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ştat cədvəlinə əsasən Bankın “8 saylı” filialının müdiri vəzifəsi üzrə xx.xx.2016-xx.xx.2017-ci il tarixləri ərzində vəzifə əmək haqqı 1940 (min doqquz yüz qırx) manat təşkil etmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin xx xxxxxx 2021-ci il tarixli arayışından görünür ki, İddiaçı xx xxxx 2013-cü il tarixli, 593 saylı əmək müqaviləsinə əsasən “xxxx” İKB ASC-nin 8 saylı filialın müdir müavini vəzifəsinə işə qəbul edilmişdir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən əmək haqqı 1940 manat müəyyən edilmişdir. Tərəflərin qarşılıqlı razılığı və iradə ifadəsi əsasında 593 saylı, xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə edilən xx xxxxxx 2016-cı il tarixli əlavəyə əsasən İddiaçı 8 saylı filialın müdir müavini vəzifəsindən çıxarılaraq 8 saylı filialın müdiri vəzifələrini müvəqqəti icra edən vəzifəsinə keçirilmişdir. 593 saylı xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə edilən xx xxxxxx 2016-cı il tarixli əlavənin 2-ci bəndinə əsasən həmin müqavilənin digər bəndləri dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi xx xxxxxx 2016-cı il tarixli əlavəyə əsasən İddiaçı 8 saylı filialın müdir vəzifələrini müvəqqəti icra edən vəzifəsində razılaşdırılmış aylıq əmək haqqısı 1940 manat nəzərdə tutulmuşdur. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə xx.xx.2016-cı il tarixdə 593 saylı əmək müqaviləsinə əlavə bağlanmış və həmin əlavəyə əsasən iddiaçının vəzifəsi dəyişdirilərək, 8 saylı filialın müdiri vəzifəsinin müvəqqəti icraedicisi təyin edilmişdir. Əmək müqaviləsinin digər bəndləri, o cümlədən əmək haqqı hissəsində dəyişdirilmədən saxlanmışdır. Göründüyü kimi iddiaçıya əmək müqaviləsində nəzərdə tutulmayan başqa vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilmiş və bu, qanunvericiliyə uyğun olaraq, işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə icra edilmişdir. Məhkəmə iddiaçının xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək müdir vəzifəsində işlədiyini, lakin əmək haqqının dəyişdirilmədiyini və bu səbəbdən ona 6468 manat ziyan vurulduğunu, habelə xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müdir vəzifəsində işlədiyini, lakin əmək haqqının dəyişdirilməməsi səbəbindən ona 10759 manat ziyan vurulduğunu bildirməsi əlaqədar aşağıdakıları qeyd edir. Belə ki, iddiaçı ilə xx.xx.2017-ci il tarixdə 593 saylı əmək müqaviləsinə əlavə bağlanmış və əlavəyə əsasən o, Bankın 8 saylı filialının müdiri vəzifəsinə işə təyin edilmişdir. Əlavəyə əsasən tərəflərin qarşılıqlı razılığına uyğun olaraq, əmək haqqı dəyişdirilmədən saxlanmışdır. Əmək Məcəlləsinin 156-cı maddəsinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən az olmayaraq ödənilir. İddiaçı ilə bağlanmış 1288 saylı müqaviləyə əsasən o, xx.xx.2018-ci il tarixdən Bankın 8 saylı filialının müdiri vəzifəsinə işə qəbul edilmişdir və müqavilənin 4.1-ci bəndinə əsasən ona 1940 manat əmək haqqı ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. Göründüyü kimi əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğlər işçiyə ödənilmişdir və bu qanunvericiliyə tam uyğundur. Məhkəmə iddiaçının öz maşınından istifadə etməyinə görə ona 2016-2019-cu illər arasında 8357 manat ziyan vurulduğunu bildirsə də, həmin tələblərinin əsaslı olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən bankın filialı hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, öhdəlikləri üçün bankın özünün məsuliyyət daşıdığı, banka icazə verilmiş bank fəaliyyətinin hamısını və ya bir hissəsini həyata keçirə bilən bankın ayrıca bölməsidir. Hüquqi şəxs olmadığı üçün filial müstəqil balansa malik deyil və bu səbəbdən hər-hansı bir əmlakın filialın “balansında” olması qanunvericiliyə ziddir. Cavabdeh ASC hüquqi şəxsdir və müstəqil balansa malikdir, bütün əmlakı hüquqi şəxs olaraq özünə mənsubdur və öz balansında təsnif edilir. Hüquqi şəxsin əmlakı onun iradəsinə zidd olaraq, hər hansı bir hüquqi və ya fiziki şəxslərin, habelə işçilərinin istifadəsində, sahibliyində ola bilməz. Bundan əlavə, Əmək Məcəlləsinin 54-cü maddəsinə əsasən işəgötürən işçilərə əmək funksiyasının icrası üçün zəruri olan avadanlıqların, materialların, alətlərin, texniki və digər sənədlərin vaxtında verilməsi və onların lazımi keyfiyyətdə olmasını təmin etməlidir. İşçinin iş yeri və yaşayış yeri Bakı şəhəridir. İşçinin “işə gəlib getməsi” işçinin vəzifəsidir və Bakı şəhərində işçinin “işə gəlib getmək” üçün işəgötürən tərəfindən hər-hansı vasitə ilə təmin edilməsi nə qanunvericilikdə, nə də ki işçi ilə bağlanan əmək müqaviləsində nəzərdə tutulmamışdır. Məhkəmə iddiaçının X8 qərarına əsasən 4000 manat bonusun 50%-nin ona ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən xx.xx.2013-cü il tarixdə qəbul edilmiş və iddia edilən dövrdə qüvvədə olan “Banklarda korporativ idarəetmə standartları”nın 12-1.7-ci yarımbəndinə əsasən bankın rəhbərliyinə aid olan şəxslərə hər il üçün (təxirə salınmış mükafatlar istisna olmaqla) mükafatın verilməsi və onun həcmi barədə qərar X5 tərəfindən, digər kateqoriyalara aid bank əməkdaşlarının mükafatlandırılması üzrə qərar isə Müşahidə Şurası tərəfindən təsdiq edilir. İş üzrə müəyyən edilmişdir ki, X9 tərəfindən iddiaçının göstərdiyi qaydada bonusun verilməsi təsdiq edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı 18 gün əlavə məzuniyyət hüququnun kompensasiyası əvəzi 1738 manat, 6 gün əlavə məzuniyyət hüququnun kompensasiyası əvəzi 923 manat pul tələb etsə də, həmin tələblərinin əsaslı olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, işçinin iddiasında qeyd etdiyi əlavə məzuniyyət Azərbaycan Respublikası Əmək Məcəlləsinin 116-cı maddəsinə əsasən hesablanan əmək stajına görə əlavə məzuniyyət günləridir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir. Bundan əlavə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.4-cü maddəsinin tələbinə görə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin müddəaya əsaslanaraq, cavabdehin nümayəndəsi yazılı ərizə ilə müraciət edərək, iddia müddətinin tətbiq olunmasını və buna görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx xxxxxx 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000-ci və xx xxxx 2004-cü il tarixli qərarları). Göründüyü kimi iddiaçı tərəfindən qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş iddia müddəti keçdiyindən (buraxıldığından), həmçinin əsassız olduğundan iddia tələbi təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinə qarşı "işəgötürən tərəfindən vurulmuş ziyanın ödənilməsi tələbi"nə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinə qarşı "işəgötürən tərəfindən vurulmuş ziyanın ödənilməsi tələbi"nə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-1144/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1144/2021
23.02.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver