Məhkəmə qərarları › İş №2(006)-1145/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1145/2021

09.12.2021 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1145/2021 09.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı «mənzilin və ya pulun verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «tərəflər arasında yeni satış müqaviləsinin bağlanması və ya kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, «Pilot» layihəyə uyğun olaraq Cavabdeh MMC Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti ilə Ə.Əliyev küçələrinin kəsişməsində yerləşən və iddiaçının istifadəsində olan cəmi 129,1 kv.m. torpaq sahəsini yüksək mərtəbəli yaşayış binasının inşası ilə əlaqədar olaraq götürmüş, lakin qeyd olunan cəmi 129,1 kv.m. torpaq sahəsinin əvəzi olaraq nə göstərilən ölçüdə İddiaçı müvafiq mənzil verməmiş, nə də ki, həmin torpaq sahəsinə münasibətdə hər hansı bir kompensasiya ödənişi həyata keçirməmişdir. Göründüyü kimi, Cavabdeh MMC-nin iddiaçıya qarşı bu gür davranışı ədalətli deyil və bununla da onun mülkiyyət hüququ pozulmuşdur. Çünki, «Pilot» layihəyə qədər iddiaçının əvvəllər yaşadığı fərdi yaşayış evinin sahəsi xeyli böyük olmaqla həmin fərdi yaşayış evinin cəmi 129,1 kv.m. torpaq sahəsi var idi. Həmin fərdi yaşayış evi göstərilən ölçüdə torpaq sahəsinə malik olmaqla yanaşı təxminən 10-na yaxın meyvə ağacları da orada olmuşdur. Halbuki, yaxın vaxtda iddiaçıya məlum olmuşdur ki, Cavabdeh MMC qeyd olunan fərdi yaşayış evinə münasibətdə ona müvafiq mənzillər versə də, göstərilən fərdi yaşayış evinin tərkibində olan cəmi 129,1 kv.m. torpaq sahəsinin əvəzində ona yeni mənzil vermək və ya orta bazar qiymətinə uyğun olaraq kompensasiya ödənişi etmək qətanətində deyil. Belə ki, sözügedən fərdi yaşayış evinin cəmi 129,1 kv.m. torpaq sahəsinin 2018-2020-ci illər üzrə orta bazar qiyməti (söküntü işlərinə 2018-ci ilin yanvar ayında başlanılmışdır) 14.09.2020ci il tarixli «Əmlak Bazarı İştirakçıları İctimai Birliyi» qiymətləndirmə şirkətinin rəyinə əsasən 180.000 manat təşkil edir. Lakin göstərilən torpaq sahəsinə görə iddiaçıya heç bir məbləğ ödənilməmiş və ya onun əvəzində ona hər hansı bir mənzil verilməmişdir. Fərdi yaşayış evinin cəmi 129,1 kv.m. torpaq sahəsinin ona kompensasiya edilməməsi, yəni göstərilən torpaq sahəsinin əvəzi olaraq iddiaçıya yeni mənzil və ya pul şəklində verilməməsi həmin məbləğin mülkiyyətçisi kimi onu həmin pul məbləğindən məhrum edir. Halbuki hər bir kəs kimi iddiaçının da mülkiyyət hüququ qanunla qorunur və həmin pul məbləğindən məhrum edilməsi onun mülkiyyət hüququna müdaxilə kimi dəyərləndirilməlidir. Məhz bu səbəbdən haqlı olaraq hesab edir ki, Cavabdeh MMC ilə iddiaçı arasında cəmi 129,1 kv.m. mənzilə dair yeni «Satış» müqaviləsi bağlanılmalı və ya ona 180.000 manat kompensasiya ödənilməlidir. Yaşadıqları öncəki fərdi yaşayış evləri mərhum həyat yoldaşı X10 X7 Hərbi Dairəsinin Mənzil-İstismar İdarəsinin 06.12.1991-ci il tarixli, 54/7/1129 saylı qərarına əsasən onun Müdafiə Nazirliyi sistemində uzunmüddətli işləməsi nəzərə alınaraq hissənin yaşayış fondundan 3 otaqlı mənzil ayrılaraq verilmişdir. Daha sonra qeyd olunan 3 otaqlı mənzilin ayrılması mümkün olmadığından bunun əvəzində 4 və 5 saylı mənzillərin olduğu sözügedən fərdi yaşayış evi göstərilən torpaq sahəsi ilə birlikdə onlara verilmişdir. Qeyd olunan qərara əsasən bir daha müəyyən olunur ki, ailələrini (iddiaçı, 2 oğlu, 2 gəlini və 2 nəvəsi daxil olmaqla cəmi 7 nəfər şəxs həmin evdə yaşayırlar) yeganə sığınacaq yeri olan həmin fərdi yaşayış evi mərhum həyat yoldaşı X10 məhz onun vətənin keşiyində durması və Müdafiə Nazirliyində uzunmüddətli işləməsi sayəsində verilmişdir. Belə olan halda sual yaranır: Cavabdeh MMC hazırda həmin torpaq sahəsini mənimsəyərək öz maraqları üçün istifadə etməklə və həmin torpaq sahəsinin əvəzi olaraq iddiaçıya hər hansı kompensasiya ödəməməklə mərhum həyat yoldaşı X9 dövlət orqanında xidmətini belə qiymətləndirirmi. Razılaşmaq lazımdır ki, hər bir məsələdə halallığın olması mütləqdir. Halbuki, Cavabdeh MMC fərdi yaşayış evinin cəmi 129,1 kv.m. olan torpaq sahəsinin kompensasiyasını iddiaçıya ödəməməklə hazırda həmin ərazidə yeni qeyri-yaşayış obyektləri tikərək onların olduqca yüksək qiymətə satışını həyata keçirməkdədir. Budurmu halallıq? Təbii ki, xeyr. Fərdi yaşayış evinin cəmi 129,1 kv.m. olan torpaq sahəyə sahib olmaqları Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 27.07.2000-ci il tarixli 2-916 saylı qətnaməsində də öz təsdiqini bir daha tapmışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən iddiaçının adına verilmiş MH seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, 24.05.2008-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsində istifadədə olan 0,09 ha torpaq sahəsində 45 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 4 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olmuşdur. 25.05.2008-ci il tarixli çıxarışda göstərilən torpaq sahəsinə görə tərəflərdən müxtəlif tarixlərdə Bakı şəhəri, Nərimanov rayonu Nərimanov Bələdiyyəsinə torpaq vergisi də ödənilmişdir, hansı ki, bunu 23.05.2001-ci il tarixli və 15.08.2008-ci il tarixli «Əhalidən vergilərin qəbulu üçün qəbz»lər də açıq-aşkar sübut edir. Mübahisənin məhkəmədən kənar qaydada həlli məqsədilə iddiaçı tərəfindən Cavabdeh MMC-yə 16.09.2020-ci il tarixli «Müraciət («Pretenziya məktubu») göndərilmişdir. Qeyd olunan 16.09.2020-ci il tarixli müraciətlə cavabdehdən aşağıdakılar xahiş edilmişdir: Cavabdeh MMC ilə İddiaçı arasında cəmi 129,1 kv.m. mənzilə dair yeni «Satış» müqaviləsinin bağlanılması və ya İddiaçı 180.000 manat kompensasiyanın ödənilməsi və hazırki müraciətinə 1 həftə müddətində Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanına olmaqla yazılı cavabın verilməsi. Təəssüflər olsun ki, 16.09.2020-ci il tarixli müraciəti 29.09.2020-ci il tarixdə cavabdehdin «Nəsirov» soyadlı nümayəndəsi tərəfindən poçt xəbərnaməsinə imza edilməklə qəbul edilsə də, üstündən təxminən 1 aydan artıq müddət keçməsinə baxmyaraq, iddiaçının müraciətin cavabdeh tərəfindən nə təmin edilmiş, nə də ki ona yazılı cavab verilmişdir. Məhz buna görə çıxılmaz qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən Cavabdeh MMC ilə İddiaçı arasında cəmi 129,1 kv.m. mənzilə dair yeni «Satış» müqaviləsinin bağlanması və ya Cavabdeh MMC-dən İddiaçı 180.000 manat kompensasiya ödənilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC tərəfindən İddiaçı cəmi 129,1 kv.m. mənzilin verilməsi və ya Cavabdeh MMC tərəfindən İddiaçı xeyrinə 180.000 manat kompensasiya ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin məhkəmə iclasındakı izahatında göstərmişdir ki, iddiaçının mülkiyyətində 46,85 kv.m sahə olmasına baxmayaraq, onun fakitiki sahəsi cavabdehin nümayəndəsinin iştirakı ilə ölçülərək 138 kv.m təşkil etmişdir. Lakin cavabdeh onlarla müqavilə bağlayarkən yalnız 46,85 sahə ilə bağlamışlar. Sədrlik edənin sualına cavab olaraq iddiaçının nümayəndəsi bildirmişdir ki, onlara mənzilin əvəzində 3 mənzil verilmiş, verilmiş mənzillərin sahəsi isə ümumilikdə 180 kv.m-ə yaxın sahə təşkil etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək öz izahatında göstənmişdir ki, ilk növbədə tələb qeyri-dəqiqdir. İddiaçıın 46,85 kv.m. ölçüdə mənzili olub, sözügedən həyətyanı sahə ilə bağlı isə iddiaçının mülkiyyətini təsdiq edən heç bir sənəd yoxdur. Sənəd ancaq 46.85 kv.m. üçün var və onun üçün də iddiaçıya 3 mənzil verilmişdir. İddiaçı bu məsələyə etirazını müqavilə bağlanan zaman etməli idi. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən iddia ərizəsinə etiraz məhkəməyə ünvanlanyaraq göstərmişdir ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim etmədiyindən, həmçinin iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilmiş, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında» Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı və Xətai rayonlarının ərazisinin abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələbələrə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşanan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti 25.02.2016-cı il tarixli, 86 nömrəli «Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı və Xəzər rayonlarının sosialiqtisadi inkişafın sürətləndirilməsinə dair əlavə tədbirlər barədə» Qərarı qəbul edilmişdir. Sözügedən Qərarın 1-ci bəndinə əsasən 5 il müddətində mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətində olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlarinin ərazilərində istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə Nərimanov rayon İcra Hakimiyyətinə (RİH) tapşırılmışdır. Sözügedən Qərarın 1-ci bəndinə əsasən 5 il müddətində mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi ıə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi Nnərimanov rayon İcra Hakimiyyətinə tapşırılmışdır. Həmin qərarın 1.1.-ci bəndinə əsasən habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə, tikinti və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqlarının daimi istifadəyə və icarəyə verilməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Həmin Qərarın 1.3-cü bəndinə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökülərək, onların yerində yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması nəzərdə tutulmuşdur. Bakı şəhərinin təsdiq edilmiş Baş Planına uyğun Dövlət Proqramının yerinə yetirilməsi və Nazirlər Kabinetinin Qərarının icrasını təmin etmək məqdəsi ilə Bakı şəhəri Nərimanov RİH Başçısının 08.06.2018-ci il tarixli, 243 nömrəli sərəncamı ilə Heydər Əliyev prospekti ilə Əliyar Əliyev küçəsinin kəsişməsində 2,13 ha torpaq sahəsində sökülmüş qəzalı binaların yerində Cavabdeh MMC-yə yaşayış binalarının tikintisinə icazə verilmişdir. Sərəncama əsasən Cavabdeh Heydər Əliyev prospekti ilə Əliyar Əliyev küçələrinin kəsişməsində qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqlarının daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır. Sərəncamla Cavabdeh MMC-nə yuxarıda göstərilən torpaq sahəsinin qəbulu və onun sanitar vəziyyətinə nəzarət ayrılmış torpaq sahəsinə qanunla nəzərdə tutulmuş qaydada istifadə, ərazinin və obyektin memarlıq-planlaşdırma həllini layihələndirmə ərəfəsində RİH ilə razılaşdırma, tikinti işlərinə başlamazdan öncə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla Fövqəladə Hallar Nazirliyinin Təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsindən xüsusi rəy alınması, Ərazidə layihəaxtarış işləri aparılarkən mühəndis kommunikasiya xətləri aşkar edildikdə Baş Plana işlənilməzdən əvvəl həmin kommunikasiya xətlərinin köçürülməsi RİH və əlaqədar təşkilatlarla razılaşdırmaqla öz vəsaiti hesabına həyata keçirilməsi,Nərimanov rayonunun Heydər Əliyev prospekti ilə Əliyar Əliyev küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının sakinləri qarşılıqlı razılaşma əsasında yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi həvalə edilmişdir. 25.08.2017-ci il tarixli Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin «Azərinşaatlayihə» Dövlət Baş Layihə X3 Texniki şöbəsinin qrup rəhbəri Emil Zeynalov, mühəndisi Akif İbrahimov, Nərimanov rayon İcra Hakimiyyətinin İctimai Siyasi və Humanitar məsələləri üzrə şöbəsinin müdir müavini Toğrul Əliyev və Nərimanov rayonunun 55 saylı MKİS-nin rəisi Mirəhməd Seyidov ilə birlikdə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 16.08.2017-ci il tarixli 34/06516 saylı tapşırığına əsasən Bakı şəhəri Nərimanov rayonunun Heydər Əliyev prospekti ilə Əliyar Əliyev küçələrinin kəsişməsində yerləşən yaşayış binalarına vizual baxış keçirilmişdir və akt tərtib etmişlər. Göstərilən rəyə əsasən evlər uzun müddət təmirsiz istismar olunduğundan, fiziki aşınmalara məruz qalmışdır. Binaların divarlarında suvaq qatının tökülməsi, aşınması mövcuddur. Evlərin dam örtüyünün yararsız olması, atmosfer sularını istiqamətləndirilən suötürücü xətlərinin olmaması, olanlarının isə yararsız vəziyyətdə olması halları müşahidə olunmışdır. Həyətdə sakinlər tərəfindən müxtəlif illərdə yaşayış sahələrini artırmaq məqsədilə əlavə tikililər inşa edilmişdir. Bu da həyətin ümumi istifadə olunan sahəsinin azalmasına səbəb olmuşdur. Evlərdə istismar olunan kommunikasiya xətləri (elektrik, su kanalizasiya) nizamsız şəkildə, inşaat norma və təhlükəsizlik qaydalarına əməl olunmadan çəkinmişdir. Kommunikasiya xətlərinin nizamsız olması və evlərin kostruksiyalarının əksər hissəsinin ağac materialından olması, gələcəkdə baş verə biləcək yanğın və digər arzuolunmaz hadisələrin baş verməsinə səbəb ola bilər. Həyətin daralması yanğın və bu kimi digər hadisələrinin baş verməsinə səbəb ola bilər. Həyətin daralması yanğın və bu kimi digər hadisələrində tədbir görülməsi üçün müdaxiləni məhdudlaşdırır. Evlər fiziki və mənəvi cəhətdən köhnəlmiş, istismar müddəti başa çatmış, tarixə abidə baxımından heç bir əhəmiyyət kəsb etmir və şəhərin görüşünə uyğun gəlir. Həyətdəki evlərin texniki vəziyyəti məhdud işləkdir. Cavabdeh MMC tərəfindən yuxarıda göstərilən istiqamətdə böyük işlər görülmüş, Nazirlər Kabinetinin Qərarının icrası məqsədilə iddiaçıya bu ərazidə inşa ediləcək hündürmərtəbəli çoxmənzilli yaşayış binalarında yeni təmirli mənzilin verilməsi şərtilə, onun istifadəsində olan yaşayış sahəsinin müqavilə bağlayaraq boşaldılmasını təklif etmişdir. İddiaçıya izah edilmişdir ki, onun mülkiyyətində və istifadəsində olan yaşayış sahələrinin yerləşdiyi evin köhnəlməsi, istismar müddətinin başa çatması səbəbindən bu sahələr sökülərək əvəzində bu ərazidə inşa ediləcək hündürmərtəbəli çoxmənzilli yaşayış binalarında yeni sahələr veriləcəkdir. İddiaçı MMC-nin izahı və şərtləri ilə razılaşmışdır. İşin halları və iş materiallarında olan iddiaçıya məxsus çıxarışla təsdiq olunur ki, ünvan 4 nömrəli evin 3-cü mərtəbəsində İddiaçı mülkiyyətində 46,85 kv.m. sahəli mənzili olmuşdur. Lakin buna baxmayaraq qanunvericiliklə tələb olmadığı halda MMC humanistlik göstərmiş və iddiaçının faktiki istifadəsində olan, heç bir hüquqi sənədi olmayan qanunsuz tikililəri və həyətyanı sahəni də nəzərə almaqla, iddiaçının yaşayış sahəsini 134 kv.m. qiymətdəndirmişdir. Nəticədə 01 sentyabr və 04 sentyabr 2018-ci il tarixli müqavilələrə əsasən iddiaçıya və onun oğlu Vüsal Məmmədova sahəsi 62 kv.m. olan, 55,60 kv.m. olan və 60 kv.m. olan 3 ədəd hər biri 2 otaqlı mənzillər verilmişdir. İddiaçı MMC-nin şərtlərini qəbul etmiş, qeyd edilən müqavilələri imzalamışdır. Hazırki vaxta həmin mənzillərdən 2 ədədini satmış, digər 1 mənzildə isə oğlu ilə yaşamaqdadır. İddiaçıya məxsus mənzil söküldükdən, iddiaçı kirayə haqlarını və ona veriləcək mənzilləri təhvil aldıqdan sonra hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi bir daha sübut edir ki, onun iddiaçı tam olaraq əsassızdır. Göründüyü kimi, iddiaçının məqsədi və niyyəti məhkəməyə müraciət etməklə sadəcə olaraq hüquqlarından sui-istifadə edərək cavabdehdən əlavə vəsait və ya mənzil almaqdır. Göstərilənləri nəzərə alaraq İddiaçı iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh MMC-nin nümayəndəsi və vəkili qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və vəkilin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan X7 Hərbi Dairəsinin Mənzil-İstismar İdarəsi tərəfindən N saylı hərbi hissəsinin komandirinə, surəti Abşeron rayon MİS rəisinə ünvanlanmış 06.12.1991-ci il tarixli məktubundan görünür ki, SO xidmət edən V.A.Məmmədova onun MN sistemində uzunmüddətli işləməsini nəzərə alaraq hissənin yaşayış fondundan 3 otaqlı mənzil ayrılması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Nərimanov rayon Məhkəməsinin 2-916/2000 saylı, 27.07.2000-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Abşeron rayon Mənzil İstismar X2 qarşı verdiyi Bakı şəhəri, Yusifzadə küçəsi, 20 saylı evin 4 və 5-ci mənzilin planının dəyişdirilməsi və qanunsuz tikililərin ləğv edilməsi barədə iddiası rədd edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli 24.05.2008-ci il tarixli çıxarışın təsdiq edilmiş kserosurətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən 20 nömrəli, 3 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində 46,85 kv.m ümumi, 34,45 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 4 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətində olmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş forma 1 arayışından görünür ki, İddiaçı adına ünvan 3 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 725 nömrəli reyestr kitabının 68030 nömrəli vərəqində qeydiyyata alınmışdır. Müvafiq icazə sənədləri olmadan inşa edilmiş tikililər haqqında məlumat: mənzilə bitişik 57,0 kv.m. zal, hamam, sanitar qovşağı inşa edilmişdir. 9,6 kv.m.bir otaq tikilmişdir. Həyətyanı sahəsi hasara alınmış və ərizəçinin 129,6 kv.m.həyətyanı sahədə 6,1 kv.m. sanitar qovşağı inşa edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Nümayəndə və X11 tərəfindən yazılmış ərizələrdən görünür ki, onlar yaşadıqları Bakı şəhəri, Ə.Əliyev küçəsində yerləşən 20 saylı evin 4 nömrəli mənzilinin anaları İddiaçı adına özəlləşməsinə etiraz etməmişlər. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 16.04.1993-cü il tarixli 024221 nömrəli orderinə əsasən Bakı şəhəri Yusif-zadə küçəsində yerləşən 20 nömrəli evin 4 nömrəli mənzili İddiaçı 3 nəfər (özü, 2 oğlu) ailə üzvləri ilə birlikdə verilmişdir. İş üzrə Cavabdeh MMC ilə «Mülkiyyətçi» qismində İddiaçı arasında bağlanılmış 15.12.2017-ci il tarixli, 27 saylı müqavilənin surətindən görünür ki, Cavabdeh MMC Əliyar Əliyev küçəsi, 20, mənzil 4 ünvanda yerləşən, yaşayış üçün qəzalı və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binada «Mülkiyyətçiyə» məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada «Mülkiyyətçi»nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 5 otaqlı, 134 kv.m. mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 25% əlavə etməklə tam təmirli 3 otaqlı, 103 kv.m. mənzili «Mülkiyyətçi» İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Mülkiyyətçi bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün Cavabdeh MMC-yə təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. İş üzrə Cavabdeh MMC ilə «Mülkiyyətçi» qismində X11 arasında bağlanılmış 15.12.2017-ci il tarixli, 27A saylı müqavilənin surətindən görünür ki, Cavabdeh MMC Əliyar Əliyev küçəsi, 20, mənzil 4 ünvanda yerləşən, yaşayış üçün qəzalı və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binada «Mülkiyyətçiyə» məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada «Mülkiyyətçi»nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 5 otaqlı, 134 kv.m. mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 25% əlavə etməklə tam təmirli 2 otaqlı, 62 kv.m. mənzili «Mülkiyyətçi» X8 mülkiyəyətinə verməyi öhdəsinə götürmüşdür. Mülkiyyətçi bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün Cavabdeh MMC-yə təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. İş üzrə «Satıcı» qismində "xxxx" MMC ilə «Alıcı» qismində İddiaçı arasında bağlanmış 01.09.2018-ci il tarixli S154 saylı satış müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh MMC Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti ilə Ə.Əliyev küçələrinin kəsişməsində, inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 1-ci blokundan 60A saylı, 60 kv.m. təmirsiz mənzili şirkət ilə İddiaçı arasında bağlanmış 15.12.2017-ci il tarixli 27 saylı ilkin müqaviləyə əsasən alıcı İddiaçı mülkiyyətinə vermişdir. Alıcı İddiaçı yuxarıda göstərilən yaşayış binasının 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən 60A saylı ümumi sahəsi 60 kv.m.-dən ibarət olan 2 otaqlı mənzili almışdır. Alıcı İddiaçı Əliyar Əliyev küçəsi, 20-də yerləşən özünəməxsus 4 saylı mənzilin dövlət reyestrindən çıxarışın (seria MA № 0145312) əslini və kommunal borcların olmaması haqqında arayışın satıcı Cavabdeh MMC-yə təhvil verməsi öhdəsinə götürmüşdür. İş üzrə «Satıcı» qismində "xxxx" MMC ilə «Alıcı» qismində İddiaçı arasında bağlanmış 01.09.2018-ci il tarixli S155 saylı satış müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh MMC Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti ilə Ə.Əliyev küçələrinin kəsişməsində, inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 1-ci blokundan 58 saylı, 55,60 kv.m. təmirsiz mənzili şirkət ilə İddiaçı arasında bağlanmış 15.12.2017-ci il tarixli 27 saylı ilkin müqaviləyə əsasən alıcı İddiaçı mülkiyyətinə vermişdir. Alıcı İddiaçı yuxarıda göstərilən yaşayış binasının 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən 58 saylı ümumi sahəsi 55,60 kv.m.-dən ibarət olan 1 otaqlı mənzili almışdır. Alıcı İddiaçı Əliyar Əliyev küçəsi, 20-də yerləşən özünəməxsus 4 saylı mənzilin dövlət reyestrindən çıxarışın (seria MA № 0145312) əslini və kommunal borcların olmaması haqqında arayışın satıcı Cavabdeh MMC-yə təhvil verməsi öhdəsində götürmüşdür. İş üzrə «Satıcı» qismində "xxxx" MMC ilə «Alıcı» qismində X11 arasında bağlanmış 04.09.2018-ci il tarixli S156 saylı satış müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh MMC Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti ilə Ə.Əliyev küçələrinin kəsişməsində, inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 1-ci blokundan 61 saylı, 62 kv.m. təmirli mənzili şirkət ilə X11 arasında bağlanmış 15.12.2017-ci il tarixli 27A saylı ilkin müqaviləyə əsasən alıcının mülkiyyətinə vermişdir. X5 yuxarıda göstərilən yaşayış binasının 1-ci blokunun 13-cü mərtəbəsində yerləşən 61 saylı ümumi sahəsi 62 kv.m.-dən ibarət olan 2 otaqlı mənzili almışdır. Alıcı X4 Əliyev küçəsi, 20-də yerləşən özünəməxsus 4 saylı mənzilin dövlət reyestrindən çıxarışın (seria MA № 0145312) əslini və kommunal borcların olmaması haqqında arayışın satıcı Cavabdeh MMC-yə təhvil verməsi öhdəsinə götürmüşdür. İş üzrə 16 saylı vəkil bürosunun vəkili X1 əsasən “Əmlak Bazarı İstehlakçıları” İB tərəfindən tərtib edilmiş 14.09.2020-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinə əsasən ünvan 4 ünvanında yerləşən 129,1 kv.m. (1,29 sot) torpaq sahəsinin 2018-2020-ci illər üzrə orta bazar dəyəri 14.09.2020-ci il tarixə bazar dəyəri 180.000 manat təşkil etmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 16.09.2020-ci il tarixli müraciətdən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında cəmi 129,1 kv.m. mənzilə dair yeni «Satış» müqaviləsinin bağlanması və ya İddiaçı 180.000 manat kompensasiya ödənilməsi, hazırki müraciətinə 1 həftə müddətində yazılı cavabın verilməsini xahiş etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 08.06.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsində istifadədə olan 0,09 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 3 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 46,85 kv.m. ümumi, 34,45 kv.m. yaşayş sahəsindən ibarət 2 otaqlı 4 nömrəli mənzilin, cəmi 129 kv.m. torpaq sahəsində inşa edilən tikinti obyektinə dair məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilməsi üçün Komitəyə təqdim edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Nərimanov rayon İcra Hakimiyyəti Başçısının müavini tərəfindən verilmiş 24.05.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı Cavabdeh MMC-yə qarşı tərəflər arasında yeni saziş müqavilələrin bağlanması və s.barədə mülki iş üzrə bildirirlər ki, sorğusu ilə əlaqəli sözügedən ərazidə Cavabdeh tərəfindən 3 yaşayış binasının tikintisi başa çatdırılmış, 4-cü binada işə tikinti işləri davam etdirilir. "xxxx" MMC-nin 05.10.2021-ci il tarixli daşınmaz əmlakın (mənzilin) qiymətləndirilməsi barədə hesabata əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi ünvanında yerləşən binada mənzilin bazar dəyəri 129.000 manat, 1 kv.m. dəyəri 1000 manat təşkil etmişdir. İş üzrə 12.06.2021-ci il tarixli 120621 saylı ödəniş tapşırığının surətindən görünür ki, Cavabdeh MMC tərəfindən «Mütəllimov və Partnyorları» vəkil bürosunun hesabına vəkilin göstərdiyi yardıma görə 500 manat pul köçürülmüşdür. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ünvan 4 nömrəli evin ümumi sahəsi 46,85 kv.m. olan 2 otaqlı 4 saylı mənzili İddiaçı mülkiyyətində olmuşdur. Cavabdeh şirkət tərəfindən iddiaçının faktiki istifadəsində olan, lakin heç bir hüquqi sənədi olmayan özbaşına tikililəri və həyətyanı sahəni də nəzərə almaqla (Forma 1 arayışına əsasən), iddiaçının yaşayış sahəsini 134 kv.m. kimi qiymətləndirərək, 01.09 2018-ci il tarixli və 04.09.2018-ci il tarixli satış müqavilələrinə əsasən iddiaçıya və onun oğlu Vüsal Məmmədova ümumilikdə 175 kv.m. olan 3 ədəd mənzil verilmişdir. İddiaçı cavabdeh şirkətin şərtlərini qəbul edilərək həmin müqavilələri imzalamışdır. Hazırda iddiaçı 129,1 kv.m. sahəsi olan mənzilin verilməsini və ya 180.000 manat kompensasiyanın ödənilməsini cavabdehdən tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində 129,1 kv.m. sahəsi olan mənzil verilməsini tələb etsə də, 129,1 kv.m. sahəsi olan daşınmaz əmlaka dair hər hansı bir hüquqi sənəd məhkəməyə təqdim etməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin arayışında isə həmin ərazinin özbaşına tikili olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının mülkiyyətində olan mənzillə bağlı cavabdeh arasında bağlanan satış müqavilələrinə əsasəndə müəyyən edilmişdir ki, iddiaçı tərəf mülkiyyətində olan mənzili tam formada cavabdehə satmış və satarkən isə Forma 1 arayışına əsasən müəyyən edilmiş özbaşına tikililər barədə heç bir qeyd şərt qoymayaraq bütün halda müqavilə bağlamışdır. İş materiallarından və tərəflərin izahatlarından göründüyü kimi iddiaçıya rəsmi və faktiki sahəsinin ölçüsündən artıq sahə verilmişdir. Halbuki, iddiaçının faktiki sahələrə heç bir hüququ qeydə alınmamışdır. Bu hüquqa mülkiyyət hüququndan əmələ gələn sahiblik, istifadə, sərəncamverici hüquqlarının heç biri müəyyən edilməmişdir. Belə ki, sahibliyin özü də qanuni olmalı, bu sahiblik özbaşına tikilərlə əlaqələndiriləməməlidir. Məhkəmə həmçinin iddia tələbinin ikinci hissəsi olan mənzilin verilməsi mümkün olmadıqda onun əvəzinə 180.000 manat məbləğində kompensasiyanın verilməsi hissəsində qeyd edir ki, iddia tələbi ilkin hissədə təmin edilmədiyindən prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırılma aparılmadan iddia tələbi ikinci hissədə yəni kompensasiyanın verilməsi hissəsində də təmin edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunmadığından, cavabdeh şirkətin hüquqi xidmət xərcinə görə 500 manat məbləğində pulun iddiaçıdan cavabdehin xeyrinə tutulmalıdır. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı Cavabdeh MMC tərəfindən İddiaçı cəmi 129,1 kv.m. mənzilin verilməsi və ya Cavabdeh MMC tərəfindən İddiaçı xeyrinə 180.000 manat kompensasiya ödənilməsi barədə iddia tələbi təmin edilməməli, İddiaçı Cavabdeh xeyrinə hüquqi xidmət xərci 500 (beş yüz) manat məbləğində pul tutulmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat İddiaçı tutulub VÖEN: **********, "xxxx" MMC-nin hesablaşma hesabı: «Unibank» KB-nin 11 saylı Dərnəgül filialı, filialın kodu: 502058, VÖEN: **********, SWİFT kod: UBAZAZ22, H/h: AZ46NABZ********************, Benefisiarın adı: "xxxx" MMC, müştərinin hesab nömrəsi: AZ65UBAZ**********0060AZN001 hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı Cavabdeh MMC tərəfindən İddiaçı cəmi 129,1 kv.m. mənzilin verilməsi və ya Cavabdeh MMC tərəfindən İddiaçı xeyrinə 180.000 manat kompensasiya ödənilməsi barədə iddia tələbi təmin edilməsin. İddiaçı Cavabdeh xeyrinə hüquqi xidmət xərci 500 (beş yüz) manat məbləğində pul tutulsun. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat İddiaçı tutulub VÖEN: **********, "xxxx" MMC-nin hesablaşma hesabı: «Unibank» KB-nin 11 saylı Dərnəgül filialı, filialın kodu: 502058, VÖEN: **********, SWİFT kod: UBAZAZ22, H/h: AZ46NABZ********************, Benefisiarın adı: "xxxx" MMC, müştərinin hesab nömrəsi: AZ65UBAZ**********0060AZN001 hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar