Məhkəmə qərarları › İş №2(006)-1151/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1151/2025

15.04.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1151/2025 15.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı "sığorta ödənişinin köçürülməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı "sığorta ödənişinin köçürülməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2006-cı ildə “Azərtunelmetrotikinti” SCnin 3 saylı Tunel Tikinti İdarəsində 3-cü dərəcəli yeraltı əmək şəraiti üzrə dağ-mədən fəhləsi peşəsinə təyin edilmişdir. Azərbaycan Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" ASC yaradılmışdır. xx.xx.2014-cü il tarixindən "xxxx" QSC-nin 3 saylı Tunel Tikinti dəstəsinə 4-cü dərəcə ilə yeraltı əmək şəraiti üzrə tunel qazma mexanikləşdirmə kompleksinin (TQMK) maşinisti peşəsinə qəbul edilmişdir. xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2 hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. "xxxx" QSC DSMF Yasamal rayonu üzrə sosial təminat şöbəsinə təqdim etmək üçün verdiyi xx.xx.2019-cu il tarixli, A/240 saylı arxiv arayışı qəbul edilsə də, bildirildi ki, arxiv arayışı səhv məlumatlarla tərtib edilmişdir. Əmək kitabçasında buraxılmış səhvə görə (yeraltı əmək şəraiti əvəzinə yerüstü əmək şəraiti qeyd edildiyinə görə) Nəsimi rayon Məhkəməsinə “əmək kitabçasına düzəliş edilməsinə dair” iddia ərizəsi xx.xx.2022-ci il tarixli, 2(006)-2767/2022 saylı qətnaməsi ilə təmin edimişdir. "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, 1176 №-li əmri ilə əmək kitabçasında düzəliş edilmiş, xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cu il tarixədək olan müddət üzrə səhv hesablanmış əmək haqqı hesablamaları arasındakı fərq ödənilmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə X4 pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 12 il 06 ay təşkil etdiyinə görə ərizə və ona əlavə edilmiş sənədləri təqdim etmişdir. xx.xx.2022-ci il tarixdə Güzəştli şərtlərlə pensiya təyinatından imtina edilmişdir. İddiaçı "xxxx" QSC-yə yenidən arxiv arayışının verilməsi üçün müraciət etmişdir. "xxxx" QSC xx.xx.2022-ci il tarixli, A/371 saylı məktubla iddiaçıya Arxiv arayışı da əlavə edilmiş cavab vermişdir. Cavabda bildirilir ki, İddiaçı yeraltı əmək şəraitində çalışdığı peşələr üzrə əmək stajı 12 il 06 ay 04 gün (on iki il altı ay dörd gün) təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 №-li Qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 1.1.2 bəndində öz əksini tapmışdır. Arayış Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF Xüsusi şərtlərlə təyinat idarəsinə təqdim etmək üçün verilmişdi. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubunda iddiaçıya bildirilmişdir ki, “Sizin güzəştli stajınız 12 il 6 aydan az (9 il 25 gün (xx.xx.2006-xx.xx.2008-ci il, xx.xx.2009- xx.xx.2009-cu il, xx.xx.2010-xx.xx.2010-cu il, xx.xx.2012-xx.xx.2013-cü il, xx.xx.2013-xx.xx.2015-ci il, xx.xx.2015-xx.xx.2017-ci il, xx.xx.2017-xx.xx.2017- ci il, xx.xx.2018-xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2018-ci il və xx.xx.2018- xx.xx.2018-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Belə ki, 2006-2018-ci illərdə işlədiyiniz müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabı sığorta hissəsində həmin dövr üzrə 16 ay (2008-ci ilin dekabr ayı üzrə, 2010-cu il yanvar ayı üzrə, 2013-cü ilin iyul ayı üzrə, 2015-ci ilin iyun ayı üzrə, 2017-ci ilin 4 ayı üzrə və 2018-ci ilin 8 ayı üzrə) sığorta ödənişi öz əksini tapmamışdır. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilir (Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla). Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasmın təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. xx.xx.2023-cü il tarixdə "xxxx" QSC-yə yenidən müraciət etməli olmuşdur. Müraciətində dövlət sığorta ödənişlərinin aparılmaması səbəbləri barədə və xx.xx.2016-cı ildən xx.xx.2018-ci ilədək İddiaçı fərdi hesabının sığorta hissəsinə sığorta ödənişinin köçürülməməsi barədə əsaslandırıcı sənədlər də əlavə edilməklə) qısa müddət ərzində ətraflı məlumat verilməsini xahiş etmişdir. Tam cavab və ona əlavə edilmiş sənədlər ona təqdim edilmədiyindən Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Bakı şəhər idarəsinə müraciət etməli olmuşdur. Müraciətinə baxılmış və xx.xx.2023-cü il tarixdə ona məktub göndərilmişdir. Məktubda bildirilir ki, Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Bakı şəhər idarəsinin "xxxx" ASC-yə göndərilmiş sorğuya cavab tam verilməmiş və sənədlər əlavə edilməmişdir. Müraciətinin həlli ilə əlaqədar məhkəməyə müraciət etməyi tövsiyə olunub. 2008-ci il dekabr - 2010-cu il mart ayları aralığında əmək haqqının düzgün hesablanmadığı, 16 saat işlədiyi halda ona əmək haqqı 6 saat üzrə hesablandığını, işlədiyi müddətdə xəstə olduğu vaxtlarda sığorta ödənişlərinin edilməməsi, xəstəlik vərəqələrinin (bülletenlərin) düzgün hesablanmadığını, işlədiyi günlərin tabellərə qeyd edilmədiyi ona indi məlum olmuşdur. Əmək Məcəlləsinin 72-ci, “Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar” maddəsinə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Ona əmək haqqı cədvəllərində işlədiyi günlərə əsassız olaraq naməlum səbəblər göstərilməsi və lazım olan sənədlərin vaxtında ona təqdim edilməməsi səbəbindən Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmir. xx.xx.2024-cü il tarixdə Bakı 16 saylı Mediasiya təşkilatına müraciət etmiş, razılıq əldə edilməmişdir. xx.xx.2024-cü il tarixdə "xxxx" QSC-yə 2018-ci ilin 8 ayı üzrə ona hansı səbəbdən əmək haqqı yazılmaması barədə (əsaslandırıcı sənədlər də əlavə edilməklə) ətraflı məlumat verilməsi barədə yazılı müraciətinə indiyədək cavab verilməmişdir. Göstərilənlərə əsasən ödənilməyən sığorta ödənişlərinin köçürülməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti “iddia müddətinin tətbiq edilməsi barədə” ərizə ilə məhkəməyə müraicət edərək bildirmişdir ki, hazırki məhkəmə mübahisəsi üzrə iddia müddəti tətbiq edilərək məhkəmə tərəfindən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən X- 417/1 nömrəli xx.xx.2018-ci il tarixli əmrə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 17 may 2019-cu il tarixində Əmək müqaviləsinə xitam verilməsi haqqında qeyd vərəqəsində “Əmək kitabçasını təhvil aldım” imza edərək əmək kitabçasını təhvil almışdır. Lakin iddiaçı sığorta ödənişinin köçürülməsi tələbi ilə məhkəməyə illər sonra, yəni 2024-cü ildə müraciət etmişdir. Göstərilənlərdən göründüyü kimi iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş bir il iddia müddəti ötürülmüşdür. Yuxarıda qeyd olunan halları və qanunvericilik normalarını nəzərə alaraq icraatda olan İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin köçürülməsi” tələbinə dair iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında qeyd etmişdir ki, o, artıq 4 ildir bu məsələlər ilə məşğul olur. O, 60 yaşında artıq pensiyaya çıxmalı idi. Onun 12 il, 6 ay, 3 gün əmək stajı vardır. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti DSMF Yasamal rayonu üzrə sosial təminat şöbəsinə təqdim etmək üçün verdiyi xx.xx.2019-cu il tarixli, A/240 arxiv arayışı qəbul edilsə də, bildirildi ki, arxiv arayışı səhv məlumatlarla tərtib edilmişdir. Əmək kitabçasında buraxılmış səhvə görə Nəsimi rayon Məhkəməsinə müraciət etdi və xx.xx.2022-ci il tarixli, 2(006)-2267/2022 saylı qətnamə ilə iddia tələbi təmin olundu. Daha sonra sənədlərində düzəliş edildi və yenidən ƏƏSMN-yə müraciət etdi. Orada ortaya çıxdı ki, neçə aylar ona sığorta ödənişləri edilməmişdir. O, həmin zaman bülletendə olmuş, ödənişli məzuniyyətdə olmuş və işə getməyinə baxmayaraq ona pul köçürülməmişdir. Qarşı tərəfə müraciət edərək bildirdi ki, ona sadəcə sığorta ödənişlərini ödəsin, o da pensiyaya çıxsın, çünki 2018-ci ildən bəri işləmir, özü də xəstə adamdır. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, əlavə suallara cavab olaraq isə ƏƏSMN tərəfindən imtina məktubunun 2022-ci ildə verildiyini, iddia müddətini ötürməkdə üzrlü səbəbinin həmin zaman Bakı İnzibati Məhkəsinə müraciət etdiyini, məhkəməyə müraciət etməmişdən öncə qarşı tərəflə dəfələrlə əlaqə yaratdığını, amma bir nəticə vermədiyini, bundan sonra özünün lazımi sənədləri taparaq yenidən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə müraciət etdiyini, lakin ona “sən həmin müddətdə xəstə olmusan və işə çıxmamısan. Ona görə sənə sığorta ödənişi köçürülməmişdir” bildirildiyini, halbuki həmin müddət işdə olduğunu bildirmişdir. 5.Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında qeyd etmişdir ki, tərəflərindən təqdim edilmiş tabellərdən görünür ki, iddiaçı 8 ay işdə olmamışdır. İddiaçının 8 ay işə çıxmaması ilə bağlı məsul şəxslər tərəfindən tabelə imza atılmışdır. İddiaçının işdə olmaması səbəbindən ona əmək haqqı hesablanmamışdır. Bundan öncəki dövrlərə aid olan sənədləri e.sosial.gov.az-dan çıxararaq məhkəməyə təqdim etmişdilər və həmin müddət ərzində tərəflərindən ödənişlər həyata keçirilmişdir. 2008-ci ilin son 10 gününün əmək haqqı ilin sonu olduğuna görə növbəti ayda öz əksini tapmışdır. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 6.Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 7.Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-2767/2022 saylı qətnaməsinə əsasən iddia tələbinin təmin edilməsi, iddiaçıya məxsus olan əmək kitabçasında kadrlar şöbəsi (səh. 50-51) xx.xx.2008-ci il tarixli, 201/K saylı əmrdə səhvən yazılmış yerüstü əmək şəraiti üzrə 3-cü dərəcə üzrə nasos maşinistini yeraltı əmək şəraiti üzrə 3-cü dərəcə üzrə nasos maşinisti ilə əvəz edilməsi, həmin əvəzetmənin (düzəlişin) icra edilməsinin cavabdeh "xxxx" QSC-yə həvalə edilməsi, 50 manat mediasiya xərcinin cavabdeh "xxxx" QSC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. 8.Mülki işin materiallarında olan Azərbaycan Respublikası "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilən 22 dekabr 2022-ci il tarixli, 1776 nömrəli Əmrdən görünür ki, xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cu il tarixədək olan müddət üzrə səhv hesablanmış əmək haqqı hesablamaları arasındakı fərqi əmrə əlavə edilmiş 1 saylı hesabata müvafiq olaraq hesablanmış 2101.38 manat, vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra 1744.15 manat vəsaitin Tikinti departamentinin keçmiş əməkdaşı İddiaçı ödənilməsi, əmək və əmək haqqı şöbəsinin bu əmrin birinci bəndindən irəli gələn məsələləri həll etməsi, Maliyyə Departamentinin rəisinin 1744.15 manat əmək haqqı ödəmələri fərqini Tikinti departamentinin keçmiş əməkdaşı İddiaçı əmrə əlavə edilən şəxsi hesabına köçürülməsini təmin etməsi, Maliyyə Departamentinin rəisi hesablanan məbləğin tikinti vəsaiti hesabına ödənişi təmin etməsi əmr edilmişdir. 9.Mülki işin materiallarında olan “Azərtunelmetrotikinti” SC-nin 3 nömrəli Tunel Tikinti İdarəsi üzrə əmək müqaviləsinin bağlanması haqqında 16 dekabr 2008-ci il tarixli, 201/K nömrəli Əmrindən görünür ki, İddiaçı 17 dekabr 2008-ci il tarixdən əmək müqaviləsi ilə “Azadlıq stansiyası”na 2 ay müddətinə yerüstü iş üzrə 3 dərəcəli nasos maşinisti qəbul edilməklə 5 nömrəli sahəyə göndərilmişdir. İddiaçıA ərizəsi və 58 nömrəli əmək müqaviləsinə əsasən İddiaçı 16 dekabr 2008-ci il tarixdə bağlanmış 58 nömrəli əmək müqaviləsinə əsasən 17 dekabr 2008-ci il tarixdən işə başlamışdır. 10.Mülki işin materiallarında olan Azərbaycan Respublikası "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilən 13 oktyabr 2022-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.2006-cı il tarixində “Azərtunelmetrotikinti” SC-nin 3 saylı Tunel Tikinti İdarəsinə 3-cü dərəcə ilə yeraltı əmək şəraiti üzrə dağ-mədən fəhləsi peşəsinə qəbul edilmişdir (Əmr №55/K, xx.xx.2006-cı il); xx.xx.2008-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) işdən azad olunmuşdur (Əmr № 171/K, xx.xx.2008ci il). xx.xx.2008-ci il tarixindən 3-cü dərəcə ilə yeraltı əmək şəraiti üzrə nasos maşinisti peşəsinə qəbul edilmişdir (Əmr № 201/K, xx.xx.2008-ci il); xx.xx.2010-cu il tarixindən 3-cü dərəcə ilə yeraltı əmək şəraiti üzrə şit maşinisti peşəsinə keçirilmişdir (Əmr № 39/K, xx.xx.2010-cu il); xx.xx.2012-ci il tarixindən 4-cü dərəcə ilə yeraltı əmək şəraiti üzrə tunel qazma mexanikləşdirmə kompleksinin (TQMK) maşinisti peşəsinə keçirilmişdir (Əmr № 29/K, xx.xx.2012-ci il); xx.xx.2014-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “a” bəndinə əsasən (öz təşəbbüsü ilə) işdən azad olunmuşdur (Əmr № 202- f-K, xx.xx.2014-cü il). xx.xx.2014-cü il tarixindən "xxxx" QSC-nin 3 saylı Tunel Tikinti dəstəsinə 4-cü dərəcə ilə yeraltı əmək şəraiti üzrə tunel qazma mexanikləşdirmə kompleksinin (TQMK) maşinisti peşəsinə qəbul edilmişdir (Əmr № K- 486, xx.xx.2014-cü xx.xx.2017-ci il tarixindən 2 saylı Tunel Tikinti dəstəsinə 4-cü dərəcə ilə yeraltı əmək şəraiti üzrə tunel qazma mexanikləşdirmə kompleksinin (TQMK) maşinisti peşəsinə keçirilmişdir (Əmr № Ş-5133/28, xx.xx.2017-ci il); xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “a” bəndinə əsasən (öz təşəbbüsü ilə) işdən azad olunmuşdur (Əmr №X-417/1, xx.xx.2018-ci il). İddiaçı yeraltı əmək şəraitində çalışdığı peşələr üzrə əmək stajı 12 il 06 ay 04 gün (on iki il altı ay dörd gün) təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 №-li Qərarına əsasən «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nın 1.Dağ-mədən işləri maddəsinin 1.1.2 Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər a) fəhlələr bəndinə aiddir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. Arayış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ıda Dövlət Sosial Müdafiə Fondu Xüsusi şərtlərlə təyinat İdarəsinə təqdim etmək üçün verilir. 11.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanan 17 noyabr 2022-ci il tarixli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında cavab məktubundan görünür ki, Mərkəzi Filiala təqdim etdiyiniz xx.xx.1978-ci il tarixli MT-İ 026183 nömrəli əmək kitabçanız və "xxxx" QSC-nin sizə dair 13 oktyabr 2022-ci il tarixli A/317 nömrəli arayışında xx.xx.2010xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində 3 saylı Tunel Tikinti İdarəsində şit maşinsiti vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. İşlədiyiniz vəzifə sözügedən arayışınızda istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Dağ-mədən işləri bölməsinin (1) tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər bəndində (1.1.2) nəzərdə tutulmamışdır. Bu səbəbdən də sizin güzəştli iş stajınız 12 il 6 aydan az (9 il 25 gün (xx.xx.2006-xx.xx.2008-ci il, xx.xx.2009xx.xx.2009-cu il, xx.xx.2010-xx.xx.2010-cu il, xx.xx.2012-xx.xx.2013-cü il, xx.xx.2013xx.xx.2015-ci il, xx.xx.2015-xx.xx.2017-ci il, xx.xx.2017-xx.xx.2017-ci il, xx.xx.2018xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2018-ci il və xx.xx.2018-xx.xx.2018-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Belə ki, 2006-2018-ci illərdə işlədiyiniz müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabınızın sığorta hissəsində həmin dövr üzrə 16 ay (2008-ci ilin dekabr ayı üzrə, 2010-cu yanvar ayı üzrə, 2013-cü ilin iyul ayı üzrə, 2015-ci ilin iyun ayı üzrə, 2017-ci ilin 4 ayı üzrə və 2018-ci ilin 8 ayı üzrə) sığorta ödənişi öz əksini tapmamışdır. Qanunvericilikdə yalnız məcburi/dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla). Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. 12.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanan 20 noyabr 2023-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə 4 saylı Bakı DOST Mərkəzinə verdiyi izahatından müraciətin əsas tələbinin 2008-ci ilin dekabr ayından 2010-cu ilin mart ayınadək olan dövr üçün əmək haqqının "xxxx" QSC tərəfindən yenidən hesablanaraq ödənilməsindən ibarət olduğunu bildirərək müraciətdə qeyd etdiyi məsələlər ilə əlaqədar hər hansı təsdiqedici sənəd və əmək haqqı bank hesabından çıxarış təqdim etməmişdir. Nəzərə çatdırılır ki, tərəflərindən "xxxx" QSC-nin ünvanına xx.xx.2023-cü il tarixli 3-17-5/2- 41114/2023 nömrəli məktub (SS872480263AZ) göndərilmiş və ona aid olan sənədlərin təqdim edilməsi tələb olunmuşdur. Bununla əlaqədar "xxxx" QSC tərəfindən X3 Xidmətinin Bakı şəhər idarəsinə daxil olmuş xx.xx.2023-cü il tarixli məktuba və digər sənədlərə baxılmaqla yalnız 2008-ci il və 2010-cu il tarixində işlədiyi təqvim ayları üçün əmək haqqının hesablanması zamanı gecə vaxtı yerinə yetirilmiş iş üçün əmək haqqına əlavənin hesablanması müəyyən edilmiş, lakin qeyd olunan əlavələrin ona ödənilib-ödənilməməsini təsdiq edən sənədlərin və iş vaxtından artıq vaxt ərzində görülən işlərin müəyyənləşdirilməsi məqsədilə iş vaxtının uçotu tabellərinin "xxxx" QSC tərəfindən təqdim edilməməsi səbəbindən müraciətin həmin hissəsinin araşdırılması mümkün olmamışdır. Müraciət ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” alt sisteminə baxış keçirilərkən onunla "xxxx" QSC arasında xx.xx.2014-cü il tarixli əmək müqaviləsinin bağlanmasına dair bildirişin xx.xx.2018-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən qüvvədən salındığı məlum olmuşdur. 13.Mülki işin materiallarında olan Bakı 16 saylı Mediasiya Təşkilatı tərəfindən verilən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-01140 nömrəli Arayışdan görünür ki, tərəflər mediasiya prosesində iştirak etmiş, lakin "xxxx" QSC-nin nümayəndəsi mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. 14.Mülki işin materiallarında olan İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında 17 may 2019-cu il tarixli qeyd vərəqəsindən görünür ki, əmək kitabçasının təhvil alınmasına dair imza edilmişdir. 15.Mülki işin materiallarında olan Azərbaycan Respublikası "xxxx" QSC tərəfindən verilən 18 dekabr 2018-ci il tarixli, X-417/1 nömrəli Əmrdən görünür ki, İddiaçı Tikinti Departamentinin 2 saylı Tunel və Ümumi Tikinti İşləri üzrə Dəstəsinin 4-cü dərəcəli TQMK maşinisti ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xx.xx.2018-ci il tarixdən xitam verilmişdir. 16.Mülki işin materiallarında Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)- 5844/2024 saylı qərardadına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. 17.Mülki işin materiallarında olan “Azərtunelmetrotikinti” SC 3 nömrəli Tunel Tikinti İdarəsi üzrə xx.xx.2013-cü il tarixli, 202/K nömrəli əmək məzuniyyətinin uzadılması haqqında Əmrdən görünür ki, İddiaçı 3 nömrəli Tunel Tikinti İdarəsinin TQMK maşinisti əmək məzuniyyəti 04 avqust 2013-cü il tarixdən 09 avqust 2013-cü il daxil olmaqla 6 t.g. uzadılmışdır. Əsas: İddiaçı xəstəlik vərəqələri SN 0004 №334626. 18.Mülki işin materiallarında olan “Azərtunelmetrotikinti” SC 3 nömrəli Tunel Tikinti İdarəsi üzrə xx.xx.2013-cü il tarixli, 132/K nömrəli əmək məzuniyyətinin verilməsi haqqında Əmrdən görünür ki, İddiaçı 3 nömrəli Tunel Tikinti İdarəsinin dağ mədən fəhləsi 17 dekabr 2012-ci il – 17 dekabr 2013-cü il tarixdən olan iş illəri üçün 13 iyun 2013-cü il tarixdən 11 iyul 2013-cü il tarixədək 27 t.g (21 t.g. əsas məzuniyyət, 6 t.g. əmək şəraitinə görə) əmək məzuniyyəti verilmişdir. 19.Mülki işin materiallarında olan Azərbaycan Respublikası "xxxx" QSC tərəfindən verilən 01 iyun 2015-ci il tarixli “ödənişsiz məzuniyyətim verilməsi haqqında” əmrdən görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixindən 6 ay müddətinə ödənişsiz məzuniyyət verilmişdir. 20.Mülki işin materiallarında olan Azərbaycan Respublikası "xxxx" QSC tərəfindən verilən 01 noyabr 2017-ci il tarixli, Ş-9433 nömrəli “ödənişsiz məzuniyyətin verilməsi haqqında” əmrdən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən 30 təqvim günü ödənişsiz məzuniyyət verilmişdir. 21.Mülki işin materiallarına əlavə edilmiş İddiaçı məxsus şəxsi vərəqə və hesabata baxış sənədlərinin surətləri.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 22.Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilk dəfə xx.xx.2006-cı il tarixdə “Azərtunelmetrotikinti” SC-nin 3 saylı Tunel Tikinti İdarəsinə 3-cü dərəcə ilə yeraltı əmək şəraiti üzrə dağ-mədən fəhləsi peşəsinə qəbul edilmiş, daha sonra “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə "xxxx" QSC yaradılmışdır. xx.xx.2018-ci il tarixli, X-417/1 nömrəli Əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “a” bəndinə əsasən iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra iddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin sonuncu 17 noyabr 2022-ci il tarixli, **********1 nömrəli cavab məktubu ilə iddiaçının müraciətinə imtina cavabı verilmişdir. Bundan sonra iddiaçı sonda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 23.Hazırda iddiaçı 2018-ci il üzrə 8 ay ərzində işə çıxmasına baxmayaraq ona əmək haqqı hesablanmadığını və nəticədə sığorta ödənişlərinin ödənilmədiyini iddia edərək, cavabdeh tərəfindən ödənilməyən sığorta ödənişlərinin köçürülməsini tələb edir. 24.Cavabdeh isə məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü, bundan əlavə iddia tələbinin əsas olmasını, belə ki, iddiaçının 8 ay ərzində işləməməsini, bunun tabellərlə təsdiq edildiyini və işləmədiyinə görə iddiaçıya əmək haqqının hesablanmadığını bildirərək iddia tələbinin rədd edilməsini tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 25.Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir; 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür; 296.6-ci maddəsinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. 26.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 371.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır; 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 27.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində “fərdi əmək mübahisəsinə baxan orqan” dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur. Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərara istinadən onu da qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Həmçinin fərdi əmək mübahisəsinə məhkəməyə qədər baxan orqana müraciət edildikdə bu cür ərizənin verilməsi işçinin şəxsi təşəbbüsü olmalıdır. Mübahisəyə baxan orqan iddia müddətinin ötürüldüyünü müəyyən etdikdə, müvafiq sübutların təqdim olunmasını işçiyə təklif edə bilər. 28.Hazırki iş üzrə məhkəmə tərəfləri dinləyib, iş mаtеriаllаrını iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, iddia tələbi məhz iddiaçı tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət etmək üçün iddia müddətini ötürdüyü üçün əsassız hesab edilməklə rədd edilməlidir. 29.Belə ki, işin araşdırılan hallarından göründüyü kimi iddiaçı cavabdeh təşkilatda 2006-cı ildən etibarən əmək vəzifələrini icra etmiş, 2018-ci il tarixdə öz ərizəsinə əsasən xx.xx.2018-ci il tarixli, X-417/1 nömrəli Əmrlə onun əmək müqaviləsinə xitam verilmişdir. Daha sonra iddiaçı onun əmək stajının 12 il 06 ay 04 gün olmasını əsas götürərək ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etsə də, sonuncu tərəfindən 17 noyabr 2022-ci il tarixdə imtina cavabı verilmiş və cavab məktubunda qeyd edilmişdir ki, iddiaçının 2006-2018 illər aralığında işlədiyi müddət ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 8 ayı da daxil olmaqla 16 ay sığorta ödənişi öz əksini tapmamışdır. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edildiyi üçün iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Nəticədə, iddiaçıya məlum olmuşdur ki, cavabdeh tərəfindən ona 2018-ci ilin 8 ayı üzrə sığorta ödənişləri ödənilməmişdir. 30.Bundan sonra iddiaçı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məsələ ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl xx.xx.2024-cü il tarixdə mediasiya təşkilatına müraciət etmiş və Bakı 16 saylı Mediasiya təşkilatının “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” xx.xx.2024-cü il tarixli arayışı əldə etdikdən sonra xx.xx.2024-cü il tarixdə hazırki iddia ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. 31.Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən və bu sahəni tənzimləyən digər müddəalarına istinadən ilk növbədə qeyd edir ki, iddia müddətinin tətbiqi anlayışı mülki və əmək mübahisələrində fərqli formada tənzimlənir. Belə ki, mülki qanunvericiliyə əsasən iddia müddətinin tətbiqinin mümkünlüyü iddia əsaslı olduğu halda yaranır, iddia əsassız olduqda isə bu məsələyə hər hansı hüquqi zərurət qalmır. Əmək qanunvericiliyində isə bu proses fərqli qaydada tənzimlənir. Belə ki, əmək qanunvericiliyinə əsasən cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildikdə ilk növbədə iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinə hüquqi qiymət verilməli və yalnız iddia müddətinin ötürülməsi öz təsdiqini tapmadığı halda iddiaya mahiyyəti üzrə baxılmalı və hüquqi qiymət verilməlidir. Bu hal Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndində aydın formada təsbit edilmişdir. Həmin maddədə qeyd edilən “fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər” ifadəsi iddia müddətinin ötürüldüyü və iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildiyi halda mübahisəyə mahiyyəti üzrə baxılmasının qeyri-mümkün olduğunu özündə ehtiva edir. Hüquqi nəticə etibarı ilə iddia müddəti tətbiq edilməli olan mübahisəyə mahiyyəti üzrə baxılmalı deyil. 32.Bu baxımdan, məhkəmə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini və əmək qanunvericiliyinin bu sahəni tənzimləyən müddəalarını nəzərə alaraq, qeyd edilən iddia tələbinə ilk növbədə iddia müddətinin tətbiq edilməli olubolmaması aspektindən qiymət verilməsini zəruri hesab edir. 33.Bu konteksdə məhkəmə qeyd edir ki, iddia müddəti institutu hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. 34.Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə xx.xx.2009-cu il tarixli qərarı). 35.Atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx.xx.2000-ci il tarixli qərar). 36.Bu baxımdan məhkəmə qeyd edir ki, iddia müddətinin başlanğıcının müəyyən edilməsi üçün başlıca normanı Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsi təşkil edir. Həmin normaya əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar yaranmış əmək mübahisələrinin həlli üçün məhkəməyə müraciət etmə müddəti işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən hesablanır. Bu tələb həmçinin Mülki Məcəllənin 377.1-ci maddəsində də nəzərdə tutulmuşdur. 37.Hazırki iş üzrə də güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 17 noyabr 2022-ci il tarixli imtina məktubu əsasında iddiaçıya artıq məlum olmuşdur ki, ona cavabdeh tərəfindən 8 ay ərzində sığorta ödənişləri ödənilməmişdir. Lakin, iddiaçının həmin tarixdə artıq qanunvericiliyin tələblərinə əsasən hüququnun pozulduğunu bildiyi andan hərəkət etməli olmasına baxmayaraq iddiaçı üzərindən 2 ilə yaxın müddət keçdikdən sonra 2024-cü ildə mediasiya təşkilatına müraciət etmiş, mediasiya təşkilatı tərəfindən də müvafiq arayışı aldıqdan sonra isə məhkəməyə müraciət etmişdir. 38.Bununla belə, iddiaçı xx.xx.2022-ci il tarixdə ona sığorta ödənişinin ödənilmədiyi barədə tam məlumatlı olmuşdur. Bu səbəbdən hazırki tələbin məhkəmə qaydasında mübahisələndirilməsi ilə bağlı müddət axımının başlanması həmin hadisənin ertəsi günündən hesablanmalıdır. Bununla da bu qəbildən olan iddialar üçün nəzərdə tutulmuş 1 illik iddia müddəti ötürülmüşdür. İddiaçı tərəfindən müddətin ötürülməsinin üzürlü hesab edilməsinə və ötürülmüş müddətin bərpasına dair hər hansı məzmunda ərizə də verilməmişdir. Cavabdeh isə əksinə məhkəməyə iddia müddətinin tədbiq edilməsi barədə ərizə təqdim edərək, iddianın bu əsasla rədd edilməsini tələb etmişdir. 39.Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı "sığorta ödənişinin köçürülməsi" tələbinə dair iddiası iddia müddəti ötürüldüyü üçün əsassız hesab edilməklə rədd edilməlidir. 40.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 41.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı "sığorta ödənişinin köçürülməsi" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar