Məhkəmə qərarları › İş №2(006)-1154/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1154/2024

02.04.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1154/2024 02.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Məmmədova (Quliyeva) Xəyalə Firdovsi qızına qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 azyaşlı uşaqları X13 ilə birlikdə İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində yerləşən 37A saylı evin 136 saylı mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində yerləşən 37a saylı evin 136 saylı mənzili DƏDRX tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ********** nömrəli reyestrdən çıxarışa əsasən İddiaçı tam mülkiyyətindədir. DİN-nin verdiyi yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli arayışdan məlum olur ki, mənzildə yalnız İddiaçı və baldızı X7 qeydiyyatdadır. Cavabdeh1 iddiaçının qaynıdır və Cavabdeh3 qaynının arvadıdır, Cavabdeh2 qaynının qızıdır. Cavabdehlərlə birlikdə Cavabdeh1 azyaşlı oğlu Səxavət Quliyev də mənzildə yaşayır. Cavabdeh1 Füzuli rayonunda qeydiyyatdadır, faktiki olaraq Sulutəpə qəsəbəsində özünə məxsus evdə yaşayıb. Mənzil iddiaçının qaynanası tərəfindən ona bağışlanmışdır. İddiaçının qaynanası xx.xx.2023-cü il tarixdə rəhmətə getmişdir. Cavabdeh qaynanasının xəstəliyi vaxtı mənzilə gəlib, hüzrdən sonra isə aldadıb mənzildən çıxmayıb. İddiaçı mənzilə gələn qaz, su, işıq, telefon xətlərini dayandırıb, yenə də mənzildən çıxmayıblar. Hazırda Cavabdeh1 ailəsi ilə birlikdə mənzildən könüllü şəkildə çıxmaq istəmirlər. İddiaçının özünü faktiki olaraq mənzilə buraxmır, mənzilin açarını dəyişib, mənzilin ona məxsus olduğunu bildirir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Odur ki, məhkəmədən iddianın iddianın təmin edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Firdovis qızı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulan qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bundan əvvəl keçirilmiş məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən yaşayış binasının 136 saylı mənzili onun anası X5 adına olmuşdur. Anası vəfatından əvvəl mənzili İddiaçı bağışlamışdır. Onun özünün isə Sulutəpə qəsəbəsində yerləşən fərdi yaşayış evi vardır. Ümumiyyətlə onlar Füzuli rayonunda məcburi köçkün kimi gələrək Bakı şəhərində məskunlaşmışlar. Qardaşı vəzifəli şəxs olmuş və onun bir neçə mənzili olmuşdur. Hazırda yaşadıqları mənzilə anasının dəvəti ilə gələrək yaşamışdır. Bu mənzildə yaşamaqlarına əsas anasının dəvəti olmuşdur. Hesab edir ki, onun mərhum qardaşından qalmış digər əmlaklar vərəsələr arasında bölüşdürülmədiyindən onun hazırda qaldığı evdən çıxarılması tələbi əsassızdır.Hazırda Sulutəpə qəsəbəsində fərdi yaşayış evi olsa da, şəhərin mərkəzində yaşamaq ona və ailəsinə daha uyğundur. Ona görə mübahisəli mənzili tərk etmək istəmirlər. Bundan əvvəl keçirilmiş məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 atası Cavabdeh1 izahatına uyğun izahat verərək iddianı qəbul etməyərək iddianın rədd olunmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, daha əvvəl Sulutəpə qəsəbəsində yerləşən evlərində yaşamışlar. Hazırda həmin evi başqa şəxslərə kirayə vermişlər və indiki mübahisəli evdə yaşamaq onlara daha rahatdır. Bundan əvvəl keçirilmiş məhkəmə iclaslarında iştirak edən Məmmədova (Quliyeva) Xəyalə Firdovsi qızı iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, mərhum qaynanası özü onları bu mənzildə yaşamağa dəvət etmişdir. Buna qədər isə Sulutəpə qəsəbəsində yerləşən evlərində yaşamışlar.Qaynanası rəhmətə getməmişdən təxminən bir neçə ay əvvəl gəlib bu mənzildə yaşamağa başlamışlar.Hazırda hesab edirlər ki, onları bu mənzildə yaşamağa qaynanası dəvət etdiyi üçün orada yaşamağa hüquqları var. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, mülki iş üzrə materialları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsindəki 37a saylı evin 136 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası DİN-nin ******* saylı xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsindəki 37A saylı evin 136 saylı mənzilində İddiaçı və X7 qeydiyyatdadırlar. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin 210806 saylı xx.xx.2004-cü il tarixli Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsindəki 37 a saylı evin 136 saylı mənzilin mülkiyyətçisi X8r. xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, X14 (X16 etibarnamə üzrə təmsilçisi) mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsindəki 37 a saylı evin 136 saylı mənzilini İddiaçı bağışlamışdır. "Elektron notariat" X2 vasitəsilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatlardan çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsindəki 37 a saylı evin 136 saylı mənzilində X15, İddiaçı və X7 qeydiyyatdadır. X3 12 saylı Notariat ofisinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, X9 məxsus olan və onun qeydiyyatda olduğu Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsindəki 37 a saylı evin 136 saylı mənzilin bağışlanılmasına etiraz etmir və razıdır. AZ-İİ seriyalı 168107 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 bağırsaq yolunun dəqiqləşdirilməmiş hissəsi bədxassəli yenitörəməsindən xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. V-JQ seriyalı 299896 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 beyin infarktından xx.xx.1993-cü il tarixdə vəfat etmişdir. A3 saylı 739026 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.1961-ci ildə anadan olmuş atası X10 və anası X8r. «Elektron notariat» X1 «X4» AQİS-dən çıxarışından görünür ki, X16 ilə X11 arasındakı nikah xx.xx.1991-ci il tarixdə bağlanmış, nikah bağlandıqdan sonra qadına "Quliyeva" soyadı verilmişdir. «Elektron notariat» Avtomatlaşdırılmışİnformasiya Sistemindən çıxarışından görünür ki, X14 xx.xx.2022-ci il tarixdə səlahiyyətlərinin təmsili məqsədilə oğlu X12 etibarnamə vermişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 165.1-ci maddəsinə əsasən, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 228.1-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. 9.1-ci maddəsinə görə, mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. 30.1-30.2, 30.4-cü maddələrinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəalarına görə, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Məhkəmənin qiymətləndirməsi: Göründüyü kimi hazırda iddiaçı cavabdehlərin ona məxsus mənzildə yaşamasının mülkiyyət hüquqlarını pozması səbəbindən cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildən çıxarılmasını, cavabdeh tərəf isə özlərinə məxsus başqa yaşayış sahəsi olsa da, hazırki mübahisəli mənzilə əvvəlki mülkiyyətçinin dəvəti ilə gələrək yaşamalarını bildirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan mənzil iddiaçının mülkiyyətində olmaqla, cavabdehlərin həmin mənzildən istifadə hüququnun olmaması hazırki işin mübahisəsiz halını təşkil edir. Belə ki, cavabdehlərin əvvəlki mülkiyyətçinin dəvəti ilə ora gələrək mənzildə yaşamağa başlaması cavabdehlərin həmin mənzildən istifadə hüququnun yaranması üçün əsas hesab olunmur. Belə ki, cavabdehlərin həmin dövrdə də, hazırda da özlərinə məxsus yaşayış sahələri vardır, həmin yaşayış sahəsindən öz mülahizələrinə görə istifadə etmirlər, habelə qanunvericiliyin tələbinə görə, cavabdehlər iddiaçının ailə üzvü deyildirlər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsində «digər qohumlar» dedikdə qanun yaşayış sahəsi mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan bacı, qardaş, baba, nənə, nəvə, tərbiyəçi, ögey oğul və qızlarını nəzərdə tutmuşdur. Göründüyü kimi, cavabdehlər iddiaçının qaynı və onun ailə üzvləri olmaqla, iddiaçının özünün ailə üzvləri sırasına aid olmamış, eləcə də yuxarıda sadalanan şəxslərin kateqoriyasına da aid deyil. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinə əsasən hazırki mübahisəli mənzilin əvvəlki mülkiyyətçisi X14 (X16 etibarnamə üzrə təmsilçisi) mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsindəki 37A saylı evin 136 saylı mənzilini İddiaçı bağışlamışdır. Hazırda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli çıxarışına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsindəki 37A saylı evin 136 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Mübahisəli mənzil dövlət qeydiyyatında iddiaçının adına qeydiyyata alınmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Məmmədova (Quliyeva) Xəyalə Firdovsi qızı iddiaçının mənzilində yaşayaraq könüllü şəkildə mənzili tərk etmək istəmirlər. Bu hal isə iddiaçının öz mülkiyyətində olan mənzilindən sərbəst şəkildə istifadə etməsinə maneəçilik törədərək, onun mənzilə dair sahiblik, istifadə və sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı mülkiyyət hüquqlarını məhdudlaşdıran hallar aradan qaldırılmalı, Cavabdeh1, Cavabdeh2 və Məmmədova (Quliyeva) Xəyalə Firdovsi qızı və onların azyaşlı ailə üzvləri olan X13 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsindəki 37A saylı evin 136 saylı mənzildən çıxarılmalıdırlar. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Məmmədova (Quliyeva) Xəyalə Firdovsi qızı və onların azyaşlı ailə üzvləri olan X13 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsindəki 37A saylı evin 136 saylı mənzilindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar