Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1156/2024 18.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı AMEA-nın X1 adına Fiziologiya İnstitutunun nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı AMEA-nın X1 adına Fiziologiya İnstitutunun Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı AMEA-nın X1 adına Fiziologiya İnstitutu Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin müqavilə öhdəliklərinə əməl etməməsi nəticəsində 22.731,52 (iyirmi iki min yeddi yüz otuz bir manat əlli iki qəpik) manat məbləğində pulun qaytarılması və ya tələb olunan avadanlığın (mikroskop) alınaraq iddiaçı AMEAnın X1 adına Fiziologiya İnstitutuna təhvil verilməsi barədə qərar verilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı AMEA-nın X1 adına Fiziologiya İnstitutu 08 dekabr 2022-ci il tarixli, 09 saylı müqaviləyə əsasən tenderdə udulmuş tibbi avadanlığın (mikroskop) alınması üçün 22.731,52 manat məbləğində pul vəsaitini bank hesabı vasitəsilə Cavabdeh MMC-nin bank hesabına köçürmüşdür. Lakin iddiaçı tərəfindən dəfələrlə rəsmi və qeyrirəsmi xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC müqavilə üzrə öhdəliyini yerinə yetirmir, müxtəlif bəhanələrlə vaxtı uzadır. İddiaçı mübahisə ilə bağlı mediasiyaya müraciət etmiş və ona müvafiq arayış təqdim edilmişdir. İddiaçı AMEA-nın X1 adına Fiziologiya İnstitutu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, aralarında bağlanmış 08 dekabr 2022-ci il tarixli, 09 saylı müqavilə öhdəliyini yerinə yetirmədiyinə görə cavabdehdən 22.731,52 (iyirmi iki min yeddi yüz otuz bir manat əlli iki qəpik) manat məbləğində pulun geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı AMEA-nın X1 adına Fiziologiya İnstitutunun nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edib bildirdi ki, cavabdeh uzun müddətdir ki, öz müqavilə öhdəliyini yerinə yetirmir və dəfələrlə müraciət edilsə də, hər dəfə yalan vədlərlə onları yubadır. Buna görə də iddiaçı məcbur qalaraq elmi tədqiqat işlərində istifadə edilməsi üçün mikroskopları artıq başqa yerdən əldə etmişdir və onların cavabdehin müqaviləni icra etməsinə maraqları qalmamışdır. Cavabdeh müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozduğuna görə iddiaçı ona əvvəlcədən köçürdüyü pulun geri qaytarılmasını istəyir. Qeyd etdiklərinə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: AMEA-nın X1 adına Fiziologiya İnstitutunun nizamnaməsindən (2-ci redaksiyada) görünür ki, İnstitut Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xx.xx.2017-ci ildə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin X1 adına Fiziologiya İnstitutuna ünvanlanmış cavab məktubundan görünür ki, institut tərəfindən təqdim olunmuş 29232.14 (iyirmi doqquz min iki yüz otuz iki manat on dörd qəpik) manat məbləğində istehlakyönlü müxtəlif xidmətlərin satın alınması məqsədilə Cavabdeh MMC ilə müqavilənin bağlanmasına əsas verən kotirovka sorğusu metodu ilə keçirilmiş müsabiqənin nəticəsi barədə yekun protokol Dövlət Xidmətində 30 noyabr 2022-ci il tarixində 5p/8413 nömrəsi ilə qeydə alınmışdır. ETN Abdulla Qarayev adına Fiziologiya İnstitutu (Sifarişçi) ilə Cavabdeh MMC (İcraçı) arasında bağlanmış 08 dekabr 2022-ci il tarixli 09 saylı mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsindən görünür ki, Sifarişçi istehlakyönlü müxtəlif xidmətlərin (Tibbi avadanlıq) satınalınması üçün İcraçının 29.232,14 manat məbləğində qiymət təklifini qəbul etmişdir. İcraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Sifarişçiyə satın alınan istehlakyönlü müxtəlif xidmətlərin (Tibbi avadanlıq) təhvil verilməsini, Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların (işlərin və ya xidmətlərin) İcraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. ETN Abdulla Qarayev adına Fiziologiya İnstitutu (Sifarişçi) ilə Cavabdeh MMC (İcraçı) arasında bağlanmış 08 dekabr 2022-ci il tarixli 09 saylı müqaviləyə 01 saylı Əlavə Razılaşmadan görünür ki, qiyməti 5509 manat olan 1 ədəd Tibbi avadanlıq (Analizator) ƏDV daxil 6500.62 manata, qiyməti 19264 manat olan 1 ədəd Tibbi avadanlıq (Mikroskop) ƏDV daxil 22731.52 manata təklif edilmişdir. Ödəniş tapşırıqlarından görünür ki, A.İ.Qarayev ad.Fiziologiya İnst. tərəfindən Cavabdeh MMC-nin hesabına: - “xx.xx.2022 e.q 043785 seriya EBCM tibbi reaktiv” təyinatı üzrə 24773 (iyirmi dörd min yeddi yüz yetmiş üç) manat pul köçürülmüşdür; - “xx.xx.2022 e.q 043785 seriya EBCM tibbi avadanlıq ƏDV” təyinatı üzrə 4459.14 (dörd min dörd yüz əlli doqquz manat on dörd qəpik) manat pul köçürülmüşdür. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli elektron qaiməsindən görünür ki, 08 dekabr 2022-ci il tarixli satınalma müqaviləsinə əsasən 22.731,52 manat dəyərində olan 1 ədəd analizator və 6.500,62 manat dəyərində olan 1 ədəd mikroskop AMEA-nın X1 adına Fiziologiya İnstitutuna satılmışdır. Cavabdeh MMC tərəfindən AMEA-nın X1 adına Fiziologiya İnstitutuna ünvanlanmış xx.xx.2023-cü il tarixli, 30/01 nömrəli məktubdan görünür ki, aralarında bağlanmış müqavilə üzrə öhdəliklərin icrasına xx.xx.2023-cü il tarixinə qədər möhlət verilməsini xahiş etmiş, avadanlığın təmin ediləcəyinə dair zəmanət vermişlər. Bakı 3 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞB/3/2023-01268 nömrəli arayışından görünür ki, Cavabdeh MMC ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı AMEA-nın X1 adına Fiziologiya İnstitutu ilə Cavabdeh MMC arasında bağlanmış 08 dekabr 2022-ci il tarixli müqaviləyə əsasən, cavabdeh iddiaçını tibbi avadanlıq ilə təmin etməyi, iddiaçı isə 22.731,52 manat məbləğində pulu cavabdehə ödəməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan nizamnamə əsasında müəyyən edilir ki, iddiaçı qeyri-kommersiya təşkilatıdır və cavabdehdən aldığı malları istehlak yönümlü, yəni elmi tədqiqatlar aparılması üçün istifadə etmək niyyətində olmuşdur. İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək razılaşdırılmış məbləği qabaqcadan cavabdehin bank hesabına köçürsə də, cavabdeh müqavilə predmeti olan tibbi avadanlığı iddiaçıya təhvil verməmiş, bununla da müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. İddiaçı tərəfindən pretenziya qaydasında rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh yenə də öz öhdəliyini yerinə yetirməmiş, xx.xx.2023-cü il tarixədək müqavilənin icrasına möhlət verilməsini xahiş etmiş, lakin həmin tarixdən 5 aydan çox vaxt keçsə də, cavabdeh müqaviləni icra etməmişdir. İddiaçı hətta mübahisəni mediasiya vasitəsilə həll etməyə çalışsa da, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, buna görə də mübahisənin məhkəmədən kənar həlli mümkün olmamışdır. Hazırda iddiaçı cavabdehin öz öhdəliyini icra etməməsi səbəbindən müqaviləyə olan marağını itirdiyini, belə ki, həmin müqavilənin predmetini təşkil edən tibbi avadanlığı başqa yerdən əldə etdiyini bildirərək, müqavilə üzrə cavabdehə ödədiyi pulun geri qaytarılmasını məhkəmədən xahiş edir. İddia tələbi ilə əlaqədar məhkəmə qeyd edir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranması, iddiaçının müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsi, cavabdehin isə öhdəliyini pozması, bunun nəticəsində iddiaçının müqavilənin cavabdeh tərəfindən icra edilməsinə marağının əhəmiyyətli dərəcədə itirməsi iş üzrə müəyyən edilmiş mübahisəsiz hallardır. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliyini ağlabatan müddətdə icra etmədiyindən, iddiaçı müqavilənin icrasına olan marağını itirməkdə və buna görə də cavabdehə qabaqcadan ödədiyi pulu geri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 324.1-324.2, 324.4-cü maddələrinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 385.1, 386.1, 387.2-ci maddələrinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. 389.1-389.3-cü maddələrinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 397.1 və 398.1-ci maddələrinə əsasən, müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 441.1-441.2-ci maddələrinə müvafiq olaraq, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.8-ci maddəsinə görə, kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 448.1-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 22.731,52 (iyirmi iki min yeddi yüz otuz bir manat əlli iki qəpik) manat məbləğində pul alınaraq iddiaçı AMEA-nın X1 adına Fiziologiya İnstitutuna verilməlidir. Mülki Prosessual Məcəllənin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 22.731,52 (iyirmi iki min yeddi yüz otuz bir manat əlli iki qəpik) manat məbləğində pul alınaraq iddiaçı AMEA-nın X1 adına Fiziologiya İnstitutuna verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-1156/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1156/2024
18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver