Məhkəmə qərarları › İş №2(006)-1164/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1164/2024

18.03.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1164/2024 18.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı «mənzilin təhvil verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «mənzilin təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin üzərinə həmin mənzilin ona təhvil verilməsi vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla "xxxx" MMC arasında 29 aprel 2021-ci il tarixli mənzil tikintisi haqqında razılaşma müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Tikinti şirkəti ünvan 1 ünvanda yerləşən yaşayış və qeyri-yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 112,0 m2 (72,0 m2 və 50,0 m2) mənzilləri onun mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən mənzili təmin edəcəyi günədək birdəfəlik 12.000 (on iki min) və müvəqqəti yaşayışını təmin etmə məqsədi ilə aylıq 700 (yeddi yüz) manat məbləğində ödənişlə təmin edəcəkdir. Lakin tikinti şirkəti müqavilə üzrə öhdəliyini yerinə yetirmək istəmir, ona ödəyəcəyi ayda 700 manat ödəniş ödəmir, eləcə də müqavilədə qeyd olunan ərazidən ona mənzil verməkdən imtina edir. Sözügedən tikinti şirkəti ona öz evini deyil də, başqa bir yerdə ev verəcəyini bildirir. Lakin razılaşma müqaviləsində onun söküləcək evinin yerindən verəcəyi yazılıb. Belə ki, iddia ərizəsinə əlavə etdiyi müqavilədən də göründüyü kimi, "xxxx" şirkətinə ayda ödəyəcəyi pulu, nə də evi vermək istəmir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və verilmiş suallara cavab olaraq bildirdi ki, iddia tələbinin xahiş etdi hissəsində “həmin mənzilin təhvil verilməsi” dedikdə “sökülmüş mənzilinin yerində tikilən binadan mənzilin təhvil verilməsini” nəzərdə tutmuşdur. Habelə iddia ərizəsinin məzmununda kirayə haqqı ilə bağlı qeyd edilənlərə münasibət bildirərək kirayə haqqı ilə bağlı problemlərinin olmamasını, şirkət tərəfindən hər ay kirayə haqqlarının ödənildiyini bildirərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddia ərizəsində göstərilənlərlə razı deyillər. Belə ki, iddiaçı ilə MMC arasında olan 29 aprel 2021-ci il tarixli razılaşma müqaviləsi üzrə MMC tərəfindən bütün öhdəliklər həyata keçirilmişdir. Lakin buna baxmayaraq iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən yayınır. Həmin müqavilənin 1.1.2-ci bəndinə əsasən Tikinti Şirkəti həmin ərazidə yeni çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 72,0 m2 və 50 m2 mənzilləri əmlak mülkiyyətçisinin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Hazırda həmin ərazidə, yəni ünvan 5 mənzil 12c (3-cü giriş 4-cü mərtəbə 72,0 m2 olan) və ünvan 6 mənzil 12 (4-cü giriş 3-cü mərtəbə 50,0 m2 olan) mənzilləri təklif etsələr də, iddiaçı mənzilləri təhvil almır. Həmçinin, sözügedən ərazidə inşa etdikləri və iddiaçıya təklif olunan yeni, çoxmənzilli, çoxmərtəbəli yaşayış binasındakı mənzillər bazar qiymətinə uyğun olaraq eynidir. Məhkəmənin nəzərinə çatdırır ki, müqavilədə sakinin evinin yerində olan yerdən ev veriləcəkdir deyə bir müddəa yoxdur. İddiaçının iddiasının əsassız olmasını nəzərə alaraq müvafiq qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, qeyd olunan mənzillərə yerində baxış keçirib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRXnin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 09 aprel 2018-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 40 saylı evin 8 saylı mənzili xüsusi mülkiyyət kimi tam pay üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 2839 nömrəli reyestr kitabının 264776 saylı vərəqində qeydiyyata alınmışdır. - 29 aprel 2021-ci il tarixli razılaşma müqaviləsindən görünür ki, xx.xx.2019-cu il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 40 saylı evin 8 saylı mənzilini sökülməsi üçün Cavabdeh MMC-yə təhvil verməyi, tikinti şirkəti isə həmin ərazidə inşa ediləcək çoxmənzilli, çoxmərtəbəli yaşayış binasında 112,0 m2 (72,0 m2 və 50,0 m2) mənzilləri İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Razılaşmada digər şərtlər (12.000 manat həcmində birdəfəlik kompensasiyanın verilməsi, müvəqqəti yaşayışın təmin edilməsi üçün aylıq 700 manat məbləğində kirayə haqqının ödənilməsi və s.) təsbit olunmuşdur. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 22 noyabr 2022-ci il tarixli ünvan reyestrindən arayışdan görünür ki, Cavabdeh MMC tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binalarına AZ1007 ünvan 3 ünvanı verilmişdir. Arayışda həmçinin baza xəritəsindən 1:2000 miqyasda çıxarış göstərilmişdir. Həmin çıxarışda binaların yerləşmə mövqeləri, girişlərin hansı istiqamətdə yerləşməsi, binaların ön (fasad), yan və arxa hissələrinin hansı küçələrə doğru olması, ərazidə yerləşən küçələr və onların kəsişmələri müfəssəl şəkildə göstərilmişdir. İddiaçı evinin yerində olan yerdən ev verilməsini tələb edir, cavabdeh isə aralarında bağlanmış müqavilədə sakinin evinin yerində olan yerdən ev verilməsinin nəzərdə tutulmayaraq sözügedən ərazidə inşa etdikləri çoxmənzilli, çoxmərtəbəli yaşayış binasındakı mənzilləri iddiaçıya təklif edir. Mübahisəyə hərtərəfli, tam, obyektiv hüquqi qiymət verilməsi üçün cavabdehin iddiaçıya təklif etdiyi mənzillərə yerində baxış keçirilmiş və məhkəmə tərəfindən müəyyən edilmişdir ki, həmin mənzillər ünvan 5 mənzil 12c (3-cü giriş 4-cü mərtəbə 72,0 m2 olan) və ünvan 6 mənzil 12 (4-cü giriş 3-cü mərtəbə 50,0 m2 olan) olmaqla, eyni ərazidə inşa edilmiş binalarda yerləşir. Həmin binalar qarşı-qarşıya olmaqla inşa edilmiş və binaya giriş müvafiq olaraq yuxarıda qeyd edilən küçələrdəndir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı eyni ərazi dedikdə (razılaşmada qeyd olunan) mülkiyyətində olmuş mənzilin yerləşdiyi, sökülmüş binanın yerləşdiyi koordinatı və yaxud Bakı şəhəri Azadlıq prospekti ünvanını, cavabdeh tərəf eyni ərazi dedikdə ümumi tikinti sahəsini və binaların yerləşdiyi ərazini nəzərdə tutur. Tikintiyə icazə verilərkən Bakı şəhərinin baş planı əsas götürülməklə, tikinti ilə əlaqədar məsələləri tənzimləyən orqanlar tərəfindən binaların layihələri təsdiq edilmiş, binalara müvafiq ünvanlar verilmiş, binalara köhnə ünvan deyil, binaların icazə verilmiş tikinti yerlərinə uyğun olaraq digər ünvanlar verilmişdir. Mahiyyət etibarı ilə tikinti sahəsi eyni ərazini əhatə etsə də, binalar dəqiq olaraq köhnə mənzilin yerləşdiyi binanın yerində deyil, müvafiq orqanların icazə verdiyi şəkildə, köhnə mənzilin yerləşdiyi binanın olduğu yerə çox yaxın yerdə inşa edilmişdir. Yeni çoxmənzilli, çoxmərtəbəli binanın, yaxud binaların bu şəkildə inşa edilməsində cavabdeh tərəfin təqsirli hərəkət və yaxud hərəkətsizliyi yoxdur. İşin faktiki hallarından göründüyü kimi, iddiaçıya təklif edilən mənzillər tikilib başa çatmışdır, lakin iddiaçıya rəsmi məktubla müraciət edilərək, təhvil götürməsi üçün dəvət edilməmiş və mənzillər iddiaçıya təqdim edilməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı razılaşmada qeyd olunan eyni ərazi sözünü razılaşmada nəzərdə tutulan kontekstdə (məzmunda) deyil, fərqli şəkildə öz mülahizəsinə uyğun təfsir edir. Bu isə, şəhərin baş planı, tikinti işləri aparılmasına razılıqların verilməsi, ünvanların təyin olunması və bu kimi başqa məsələləri tənzimləyən normativ hüquqi aktların tələblərinə uyğun deyil. Həmçinin də tərəflərin arasında bağlanmış müqavilədə konkret olaraq sakinin məhz sökülmüş evinin yerində inşa edilən yerdən ev verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış 29 aprel 2021-ci il tarixli razılaşma müqaviləsinə uyğun olaraq ünvan 5 ünvanda, yaşayış binasının 3-cü girişində, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 72 m2 ibarət olan 12C saylı mənzil və ünvan 6 ünvanda yerləşən yaşayış binasının 4-cü girişində 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 50 m2 ibarət olan 12 saylı mənzil Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflər arasında bağlanmış 29 aprel 2021-ci il tarixli razılaşma müqaviləsinə uyğun olaraq ünvan 5 ünvanda, yaşayış binasının 3-cü girişində, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 72 m2 ibarət olan 12C saylı mənzil və ünvan 6 ünvanda yerləşən yaşayış binasının 4-cü girişində 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 50 m2 ibarət olan 12 saylı mənzil Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar