Məhkəmə qərarları › İş №2(006)-1172/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1172/2024

08.04.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1172/2024 08.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı (Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı (Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «əməyin ödənilməsi, əmək fəaliyyəti ilə bağlı maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən onun xeyrinə maddi ziyanın əvəzi kimi 55.000 manat, mənəvi ziyanın əvəzi kimi 40.000 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, əmək müqaviləsi bağlamaqla "xxxx" MMC ilə əmək münasibətlərində olmuşdur. Ali təhsillidir. Əmək müqaviləsi bağladığı müəssisələrin işçisi kimi 2004-cü ildən indiyə qədər, daha doğrusu qanunsuz olaraq Səngəçal Terminalından uzaqlaşdırıldığı xx.xx.2023-cü il tarixədək (müqavilənin müddəti bitməmiş) hazırkı iş üzrə cavabdeh BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Səngəçal Terminalında X8 - Forklift Operator vəzifəsində çalışmış, təxminən 20 illik müddət ərzində böyük təcrübə toplayaraq yüksək peşəkarlığa nail olmuşdur. Əmək münasibətlərində olduğu müəssisələr də bunu təsdiq edir. Belə ki, peşəkarlığı və qüsursuz fəaliyyəti işəgötürənlər BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Səngəçal Terminalının rəhbərliyi tərəfindən daim yüksək qiymətləndirilmiş, müxtəlif vaxtlarda və formalarda mükafatlandırılmış, tərifnamələr və təşəkkürnamələrlə təltif edilmiş, yüksək peşəkarlığın göstəricisi olaraq ona sertifikatlar təqdim edilmişdir. Qəti əminliklə bildirir ki, əmək hüquqları cavabdeh tərəfindən əsassız, qanunsuz mülahizə və hərəkətlərlə pozulmuşdur, yəni bu pozuntulara - Terminaldan iradəsinə zidd olaraq kənarlaşdırılmasına, əmək haqqının azalmasına, iş yerinə buraxılmamasına, gözdən salınmasına, işgüzar nüfuzuna zərər yetirilməsinə və nəhayət əmək müqaviləsinin ləğvinə səbəb əmək münasibətlərində olduğu müəssisənin sifarişçi müəssisəsi olan hazırki iş üzrə cavabdeh BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin ona qarşı qərəzli münasibəti olmuşdur. Bu münasibətin faktiki nəticəsi olaraq əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin b) bəndinə əsasən 04 oktyabr 2023-cü il tarixdə "xxxx" MMC tərəfindən ləğv edilmişdir. Əmək müqaviləsinin ləğvinin formal rəsmiləşmə səbəbi müqavilə müddətinin qurtarması olsa da, işəgötürənlə münasibətlərinin kəsilməsinin faktiki səbəbi hazırkı iş üzrə cavabdehin işəgötürənə təzyiqi, o cümlədən ona qarşı əsassız və qərəzli mövqeyi olmuşdur. Müqavilənin müddətinin uzadılmaması da eyni səbəbdən qaynaqlanmışdır. Zəruri olaraq qeyd edir ki, cavabdeh tərəfindən belə bir əsassız və qeyri-adekvat münasibət yalnız ona qarşı deyil. Terminalda onunla eyni vəzifədə çalışmış X5 və X6 qarşı da sərgilənmişdir. X7 "xxxx" MMC-nin işçisi olmuş və eyni əsasla əmək müqaviləsi ləğv edilmişdir. X10 isə "xxxx" MMC ilə müqavilə münasibətlərində olmuş, o da eyni səbəbdən Səngəçal Terminalından kənarlaşdırılmışdır. Hesab edir ki, adları qeyd edilən həmin şəxslər məhkəməyə çağırılmaqla işin faktiki halları ilə bağlı olan xüsusatları təsdiq edə bilərlər. Əmək müqavilələrinin qanunsuz ləğvi ilə bağlı onu da bildirir ki, verilmiş əmrləri əsassız və qanunsuz hesab edib əmək hüquqlarının ciddi şəkildə pozulmasını əsas götürərək onlar – yəni özü və Anar Rzaquliyev "xxxx" MMC-yə qarşı əmək müqavilələrinin ləğv edilməsi barədə əmrlərin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, maddi və mənəvi ziyana görə pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinə müraciət etmişlər. İddia ərizəsi icraata götürülmüşdür. Bir daha bildirir ki, onunla bağlanmış əmək müqaviləsinin ləğvi, sifarişçi müəssisə olan BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin yanlış, qərəzli hərəkətləri ilə və təzyiqi nəticəsində baş vermişdir. Belə bir qərəzli münasibətin motivi kimi isə onun işlədiyi Səngəçal Terminalında baş vermiş və onunla heç bir əlaqəsi olmayan, ona heç bir aidiyyatı olmayan bir oğurluq hadisəsi çıxış etmişdir. Əks təqdirdə nədən bu qədər təcrübə və peşəkarlığa malik olan, heç vaxt əmək intizamı qaydalarını pozmayan, dəfələrlə mükafatlandırılan işçi kimi Səngəçal Terminalındakı işindən kənarlaşdırılsın, daha sonra isə əmək müqaviləsi ləğv edilsin? Əmək müqaviləsi bağlamaqla "xxxx" MMC ilə əmək münasibətlərində olsa da, əsas iş yeri BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nəzarətində olan Səngəçal Terminalı olmuşdur. 2023-cü ilin sentyabr ayının 5-də o, (o cümlədən yuxarıda adlarını qeyd etdiyi digərləri) belə bir problem ilə üzləşmişdir: İş günləri olduğu halda, 2023-cü ilin sentyabr ayının 5-i tarixdə ona işlədiyi "xxxx" MMC-dən zəng edilmiş və bu obyektə (Səngəçal Terminalına) işə çıxmaması bildirilmişdir. İşində, fəaliyyətində heç bir gerilik, pozuntu, qüsur olmadığı halda, işləri həmişəki kimi öz normal axarı ilə getdiyi bir vaxtda bunun nə demək olduğunu, ümumiyyətlə nə baş verdiyini, nəyə görə belə deyildiyini anlamamışdır. Axı o, hər hansı bir fərqli, qeyri-adekvat davranış göstərməmiş, əmək funksiyaları ilə bağlı qeyri-normativ hərəkətlər etməmiş, kiminləsə mübahisəsi olmamış, yəni həmişəki kimi nümunəvi əmək fəaliyyətində olmuşdur, niyə birdən-birə layiq olmadığı münasibətlə qarşılaşmalıdır!? Buna görə də, o, «nəyə görə işə çıxmamalıyam» deyə bunun səbəbini soruşmuş, heç nə bilmədiyi üçün müəssisədən hu məsələylə bağlı məlumat verilməsini istəmiş, həm də dəfələrlə, lakin, ona heç bir məlumat verilməmişdir. Bu anlaşılmaz duruma tez bir zamanda aydınlıq gətirilməsi məqsədilə işlədiyi BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Səngəçal Terminalının rəhbərliyindən nə isə öyrənməyə çalışmışdır. Onlar da şifahi cavablarında bu qərarı özlərinin vermədiyini, qərarın başqa bir qurumdan gəldiyini demişlər. Səbəbi ilə əlaqədar ona şifahi olaraq bildirmişlər ki, 2 ay öncə (iyul ayında) Terminalın «Camp» deyilən ərazisində oğurluq hadisəsi baş vermişdir, buna görə də BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi onun əmək müqaviləsində olduğu müəssisəyə məktubla müraciət edərək baş vermiş oğurluq hadisəsi səbəbilə onun (və digər işçinin) Sangachal Terminalına buraxılmamasını istəmişdir. Beləliklə, məlum olmuşdur ki, BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin ona qarşı olan əsassız, qərəzli və ədalətsiz mövqeyinin kökündə iyul ayında (2023-cü il) «Camp» deyilən ərazidə baş vermiş oğurluq hadisəsi olmuşdur. Ona işə çıxmamaqla bağlı göstəriş verilən zaman irəli sürüləcək səbəbin bu dərəcədə əsassız və qərəzli olacağı ağlından belə keçməmişdir. Şübhəsiz ki, bu təsadüfi deyil, köklü səbəbləri var. Belə ki, o, hər zaman əlinin zəhməti, alnının təri ilə pul qazanmışdır, həmişə də belə olmuşdur. Qeyri-qanuni hərəkətlər, yanaşmalar və bu yolla qazanc əldə etmək onun əxlaqına, tərbiyəsinə zidd olan bir haldır. Bu bir xarakter məsələsidir və müəssisələrin səlahiyyətli şəxslərinə onun xarakteri yaxşı bəllidir. İşlədiyi 20 il müddətində əmək vəzifələrinə və əmək funksiyalarına vicdanlı münasibətindən, istər iş yoldaşlarında, istərsə də müəssisənin rəsmi şəxsləri ilə işgüzar, nümunəvi davranışından dolayı bu versiya, yəni onu hansısa kriminal hadisə ilə əlaqələndirmək kimi absurd bir mövqe ağlına gəlməmişdir. Hadisənin baş verdiyi yerə, şəraitə gəldikdə və ümumiyyətlə təfərrüatına vardıqda onu qeyd etmək istəyir ki, hadisə baş verən zaman zavodda olmuş, lakin zavodun başqa sahəsində işləmişdir. Yəni həmin vaxt oğurluq olan ərazidə olmamışdır. Bunun çox sadə bir təsdiqi var: oğurluq baş verən əraziyə giriş-çıxış yalnız iş vərəqəsi ilə mümkündür. Bütün giriş-çıxışlar qeydə alındığı üçün sözügedən əraziyə kimlərin girib çıxmasını asanlıqla müəyyən etmək olar. Bununla yanaşı bir daha bildirir ki, o, hadisənin baş verdiyi gün ümumiyyətlə işdə olmamışdır. Əgər obyektiv araşdırılma aparılsaydı qeyd edilən hallar öz təsdiqini tam şəkildə tapmış olacaqdı, bununla da onun da hüquqları pozulmazdı, işsiz qalmaz və bu minvalla həyatı taleyin ümidinə buraxılmazdı. Göründüyü kimi, işdən kənarlaşdırılmasının qərəzli olaraq və hüquqi müstəvidə tam, hərtərəfli və obyektiv araşdırılmamış kriminal hadisəyə görə baş verməsi bütün çılpaqlığı ilə ortadadır. Qeyd etmək lazımdır ki, baş vermiş oğurluq hadisəsi ilə əlaqədar yalnız BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində natamam bir araşdırma aparılmış və araşdırma gedən zaman ona da bir dəfə izahat yazdırmışlar. Sonra hər hansı başqa bir qurum və ya rəhbər tərəfindən ondan izahat alınmamış və ətraflı sorğu-sual aparılmamışdır. BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi apardığı yoxlamanın nəticələri barədə ona heç bir məlumat verməmiş və heç bir əsas olmadan, hüquqlarına hörmət və riayət edilmədən sanki yoxlamanın nəticəsi olaraq bir qərara gəlmiş kimi ona operatoru olduğu Səngəçal Terminalında işini davam etdirməyə imkan verməmişlər və o, Terminaldakı əmək vəzifələrinin icrasından qanunsuz olaraq kənarlaşdırılmışdır. O, bu barədə əmək münasibətlərində olduğu "xxxx" MMC-nin rəhbərliyindən və BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən dəfələrlə hansı səbəblərdən və əsaslardan əmək vəzifələrini yerinə yetirdiyi BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin operator olduğu Səngəçal Terminalına buraxılmamasının səbəblərini soruşmuşdur. Ona bildirilmişdir ki, bunun səbəbini yalnız vəkil və ya məhkəmə sorğusu əsasında verə bilərlər. Hesab edir ki, əgər BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi – onun hansı səbəblərdən və əsaslardan əmək vəzifələrini yerinə yetirdikləri BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin operator olduğu Səngəçal Terminalına buraxmırsa və bu onun əmək hüquqlarının pozulması ilə nəticələnirsə ona bu barədə yazılı cavab verilməli idi. O, BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə və "xxxx" MMC-nin rəhbərliyinə yazılı müraciət etsə də, bu barədə "xxxx" MMC-dən ümumiyyətlə cavab gəlməmiş, BP-dən isə cavab gəlmişdir ki, «bu işə baxılır». Bu cavabdan başqa əsaslı bir cavab gəlməmiş, ona rəsmi cavab verən olmamışdır. Sonra "xxxx" MMC ona xəbərdarlıq vərəqəsi verərək müqavilənin müddətinin cari ilin sentyabr ayının 25-də bitəcəyini və müqavilənin müddətini BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliynin istəyinə uyğun, daha konkret ifadə etdikdə, onları istəmədiyi üçün uzada bilməyəcəklərini bildirmişdir. Buna görə də, yəni daha aydın və konkret məlumat əldə elmək məqsədilə xx.xx.2023-cü il tarixdə müqavilə münasibətlərində olduğu müəssisəyə vəkil sorğusu göndərilərək işçilərin Səngəçal Terminalına buraxılmamaları ilə bağlı BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin "xxxx" MMC-yə göndərdiyi müraciətin (məktubun) təsdiq olunmuş surəti istənilmişdir. Sorğuya "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli məktubla cavab verilərək bildirilmişdir: BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin hüquqlarını müdafiə etdiyiniz X4 və İddiaçı oğurluq hadisəsi ilə əlaqədar "xxxx" MMC-yə yazılı müraciəti olmayıb. Verilmiş cavabla razılaşmayaraq bildirir ki, əgər belə bir hadisə baş verməyibsə və bu barədə müqavilə münasibətində olduğu müəssisəyə müraciət göndərilməyibsə nəyə görə ondan izahat alınmış, bu mövzuda rəsmi şəxslərlə aralarında aparılan WhatsApp yazışmaları nə deməkdir və ən nəhayət nəyə görə sentyabrın 5-dən etibarən, yəni müqavilə müddətinin başa çatmasına 20 gün qalmış işdən kənarlaşdırılmış və Səngəçal Terminalına buraxılmamışdır? Halbuki, o, Səngəçal Terminalında uzun müddət (20 il) işləmiş və həmişə bütün təhlükəsizlik qaydalarına əməl etmişdir. Bunun əksini təsdiq edəcək bir sübut varsa məhkəməyə təqdim edə bilərlər. Halhazırda düşdüyü haqsız vəziyyət ona bir Azərbaycan vətəndaşı kimi çox pis təsir edir. Uzunmüddətli və qüsursuz fəaliyyəti dövründə müqavilə münasibətlərində olduğu müəssisələrdə və o cümlədən Səngəçal Terminalında əmək vəzifələrini layiqincə verinə yetirmişdir, Sertifikat və Diplomlarla mükafatlandırılmışdır. Baş vermiş hadisə ilə heç bir əlaqəsi olmadığı halda, hazırkı iş üzrə cavabdeh BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin göstərişi əsasında işlədiyi Səngəçal Terminalından qanunsuz olaraq çıxarılmışdır, işlədiyi obyektə buraxılmamış, aldığı əmək haqqı azalıb, işlədiyi "xxxx" MMC ilə bağlanmış əmək müqaviləsi uzadılmadan ləğv edilmişdir. Bununla da, BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi onun əmək hüquqlarını pozmuş və ona maddi və mənəvi ziyan vurmuşdur. Hesab edir ki, ona dəyən maddi və mənəvi ziyan məhkəmə qaydasında BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən tutulmaqla ona ödənilməlidir. Əmək münasibətlərində olduğu müəssisə ilə bağladığı örnək müqaviləsinə əsasən onun iş yeri BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı X1muşdur. BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin təzyiqi nəticəsində "xxxx" MMC heç bir qanuni əsas və onun razılığı olmadan əmək müqaviləsinin şərtlərini birtərəfli qaydada dəyişdirmiş və sonradan onunla əmək müqaviləsini ləğv etmişdir. Hesab edir ki, 05 sentyabr 2023-cü il tarixdən "xxxx" ilə əlaqədar BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin tələbləri pozulmuşdur. Əlavə olaraq onu da qeyd etməyi zəruri hesab edir ki, onda olan məlumata görə onlar Səngəçal Terminalından işdən kənarlaşdırıldıqdan sonra Terminalın başqa bir iş sahəsində yenə də oğurluq hadisəsi olmuşdur. Cavabdeh müəssisələr Azərbaycan Respublikası Əmək Məcəlləsinin iddia ərizəsində sadalanan tələblərini pozmaqla onunla bağlanmış əmək müqaviləsinə qanunsuz olaraq xitam vermiş və bununla əlaqədar olaraq ona maddi ziyan vurmuşdur. Qanunsuz olaraq işdən çıxarılmaları ilə əlaqədar əmək haqqı almamış və ailəsi maddi çətinliklərlə üzləşmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, cavabdeh BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin ona qarşı olan əsassız və qərəzli münasibəti nəticəsində ona və ailələrinə böyük maddi ziyan vurulmuşdur, heç bir əlaqəsi olmadığı halda, baş vermiş oğurluq hadisəsinə görə BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin göstərişi əsasında işlədiyi Səngəçal Terminalından qanunsuz olaraq çıxarılmış, işlədiyi obyektə buraxılmamış, iş yerini itirmiş, aldığı əmək haqqı azalmışdır. İşlədiyi "xxxx" MMC ilə bağlanmış əmək müqaviləsi uzadılmadan ləğv edilmişdir, hal-hazırda da işsizdir. Bununla da BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən ona maddi ziyan vurulmuşdur. Hesab edir ki, ona dəyən maddi ziyan məhkəmə qaydasında BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən tutulmaqla ona ödənilməlidir. Göstərilənləri əsas tutaraq hesab edir ki, cavabdeh BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən dəymiş maddi ziyanın əvəzi kimi 55.000 manat pul tutulmaqla ona ödənilməlidir. Hesab edir ki, dəymiş ziyanla əlaqədar mənəvi ziyanın əvəzi kimi, cavabdeh BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən onun xeyrinə dəymiş mənəvi ziyanın əvəzi kimi – 40.000 manat pul tutulmaqla ona ödənilməlidir. Belə ki, cavabdeh BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin ona qarşı olan əsassız, qərəzli münasibəti nəticəsində ona və ailəsinə böyük mənəvi ziyan vurulmuşdur, işgüzar nüfuzuna xələl yetirilmiş, gözdən salınmış, xəstələnmiş və müalicə olunmuşdur. Heç bir əlaqəsi olmadığı halda, BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin göstərişi əsasında işlədiyi Səngəçal Terminalından əxlaqına, mənəviyyatına, keçdiyi həyat yoluna tamamilə zidd olan oğurluq kimi faktiki səbəblə işdən çıxarılmışdır. Oğurluq hadisəsini nə qədər gizlətsələr də, kollektivdə hər kəs məsələni məhz belə bilir (absurd bir ittiham saymalarına rəğmən), bu da onun nüfuzuna böyük zərbədir, mənəvi iztirablar və sarsıntı içindədir. Azərbaycan Respublikasının qanunvericiliyi əsasında dövlət qeydiyyatından keçmiş və neftçilərin hüquqlarını müdafiə edən təşkilat kimi Neftçilərin Hüquqlarını Müdafiə X9 də onun tərəfindən mülki işə üçüncü şəxs qismində qəbul edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı qəbul etmədi və iddiaya etiraz təqdim edərək bildirdi ki, İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən maddi ziyanın əvəzi kimi 55.000 manat, mənəvi ziyanın əvəzi kimi isə 40.000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçıya maddi və mənəvi zərər vura biləcək heç bir hüquqa zidd əməl törətmədiyindən, iddia ərizəsini tamamilə əsassız hesab edir. İlk öncə məhkəməyə bildirmək istəyir ki, iddiaçı ilə cavabdeh arasında nə mülki hüquqi müqaviləyə, nə də ki, əmək müqaviləsinə əsaslanan hər hansı bir hüquq münasibətləri olmamışdır. Tərəflər arasında müqavilə münasibətləri mövcud olmadığından, bir tərəfin digər tərəf qarşısında maddi və mənəvi zərərə görə məsuliyyəti yalnız mülki hüquq pozuntusunun (deliktin) mövcud olduğu halda mümkündür. Mülki hüquq pozuntusuna görə məsuliyyətinin yaranmasının şərtləri Mülki Məcəllənin 1096.1-ci maddəsində öz əksini tapmışdır. Belə ki, adıçəkilən maddədə qeyd olunur ki: «Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).» Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarına əsasən, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 1) törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; 2) əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; 3) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; və 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 1096.1-ci maddəsinə sadalanan bu dörd şərtlərdən heç biri hazırkı işdə mövcud deyil və iddiaçı da bunların mövcudluğunu sübut etməmişdir. Maddi məsuliyyətin yaranmasının birinci şərti (törədilmiş əməlin hüquqa zidd olması) ilə bağlı qeyd edirik ki, cavabdeh iddiaçıya münasibətdə hüquqi zidd əməl törətməmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, guya cavabdeh Əmək Məcəlləsinin 62ci maddəsini pozaraq onu işdən kənarlaşdırıb və yaxud da cavabdeh guya iddiaçının işəgötürəninə təzyiq edərək onun əmək müqaviləsini xitam etdiribdir. Bununla bağlı qeyd etmək istəyirik ki, Əmək Məcəlləsinin 62-ci maddəsi daxil olmaqla, Əmək Məcəlləsinin heç bir müddəası hazırkı işə şamil edilmir və şamil edilə də bilməz. Buna səbəb odur ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətləri mövcud olmamışdır. Əmək Məcəlləsinin 62-ci maddəsi işəgötürənin işçini işdən kənarlaşmaq hüququnu tənzimləyir. Cavabdeh isə iddiaçının işəgötürəni olmamışdır. Cavabdehin guya iddiaçının işəgötürəninə təzyiq edərək onun əmək müqaviləsini xitam etdirməsi iddiası da tamamilə əsassızdır. Belə bir hal baş verməmişdir. Məlumat üçün burada qeyd etmək istəyir ki, iddiaçı onun işəgötürəni olan "xxxx" MMC-yə qarşı Səbail rayon məhkəməsində «əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi» barədə iddia qaldırmış və cavabdehin də üçüncü şəxs kimi cəlb edilməsi üçün vəsatət vermişdir. Səbail rayon məhkəməsi BP-ni həmin işə üçüncü şəxs qismində ilkin olaraq cəlb etsə də, sonradan məhkəmə BP-nin işə heç bir aidiyyatı olmaması səbəbindən BP-nin üçüncü şəxs qismində iştirakına xitam vermişdir. Məlumat üçün qeyd edirik ki, Səbail rayon məhkəməsinin e-2(009)-220/2024 nömrəli 27 fevral 2024-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilməmişdir. Beləliklə, maddi məsuliyyətin yaranmasının birinci şərti mövcud deyil. Maddi məsuliyyətinin yaranmasının ikinci şərti (əməlin təqsirli olaraq törədilməsi) ilə bağlı qeyd edir ki, hazırkı işdə hüquqa zidd əməl olmadığından, ikinci şərtin mövcudluğu avtomatik olar istisna edilir. Belə ki, təqsir şəxsin hüquqa zidd əmələ olan münasibətidir, hüquqa zidd əməl yoxdursa təqsir də yoxdur. Maddi məsuliyyətinin yaranmasının üçüncü şərti (başqa şəxsə zərərin vurulması) ilə bağlı qeyd edir ki, iddiaçı ona hər hansı bir maddi və ya mənəvi zərərin vurulduğunu sübut etməmişdir. Maddi məsuliyyətinin yaranmasının dördüncü şərti (zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması) ilə bağlı qeyd edir ki, hazırkı işdə nə zərər, nə də hüquqa zidd əməl olmadığından, bu şərtin mövcudluğu avtomatik olaraq istisna edilir. Bu səbəbdən, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB-nin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən şahid X11 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Zaurla bir yerdə işləmişdir və Zauru illərdir tanıyır. Zaurun işdə heç bir nöqsanı olmamışdır. Bu hadisə baş verən zaman Zaur heç işdə olmamışdır. Zaurun bu hadisədən xəbəri yoxdur. Həmin yer strateji obyekt olduğu üçün onlar kimi şəxslər oradan oğurluq edə bilməzlər, bu qeyri-mümkündür. Onu ixtisar etməklə işdən azad ediblər. Amma işin əsli orada guya oğurluq hadisəsi baş vermişdir və bu bəhanə ilə onların hamısını işdən azad etmişlər. X3 əvvəlki məhkəmə iclasında ifadə verərək bildirdi ki, Sanqaçal terminalında oğurluq hadisəsi baş vermişdir. Bu hadisənin baş verməsinə görə avtokarı idarə edən A.İsmayılov işdən uzaqlaşdırılmışdır. Hadisədən iki ay sonra o, Anar və Zaur da səbəbsiz yerə işdən uzaqlaşdırılmışlar. Buna görə şirkətə öz etirazlarını bildirsələr də, onlara məhəl qoyan olmamışdır. Zaur hadisə baş verən zaman ev növbəsində olmuş, yəni işdə olmamışdır, Zaurun bu hadisə ilə əlaqəsi olmamışdır. X2 əvvəlki məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, növbədə olanda Zaur evdə olur. On dörd gün özü işləyir, 14 gün isə Zaur işləyir. Həmin vaxt Zaur ev növbəsində olmuşdur. O, növbədə olduğu zaman kadrların əməkdaşı ona zəng edib bildirmişdir ki, avtokarı dayandırsın və işə çıxmasın. O, sonuncudan bunun səbəbini soruşduqda, ona bildirmişdir ki, bunun səbəbini bilmir və özünə də belə bildirmişlər. Bundan sonra o, Zauru yığmış və bildirmişdir ki, ona belə deyirlər. Zaur da ona demişdir ki, özünə də işə gəlməməsini bildirmişlər. Dəfələrlə zəng etmiş və bu hadisənin səbəbini soruşmuşdur. Ona bildirmişlər ki, bu oğurluq hadisəsinə görə onları işdən azad etmişlər. Həmin avtokarı idarə edən şəxsi işdən azad ediblər, bununla yanaşı həmin avtokarı idarə edən bütün sürücüləri işdən azad ediblər. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, işəgötürən "xxxx" MMC ilə işçi İddiaçı arasında xx.xx.2023-cü il tarixli SDL-AGR-030/13/23 saylı əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi müvafiq sistemə daxil edilmişdir. İddiaçı "xxxx" MMC-yə X8 peşəsinə qəbul edilmişdir. İşəgötürənin 04 oktyabr 2023-cü il tarixli SNO-TO-025/23 saylı əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «b» bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edənə qədər, cavabdeh BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə mediasiyanın tətbiqi barədə təklif göndərmişdir. Bakı 10 saylı Mediasiya Təşkilatının 07 noyabr 2023-cü il tarixli MŞB/10-00653 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, yuxarıda qeyd olunan tələblər barədə mübahisə üzrə tərəflər xx.xx.2023-cü il tarixdə saat 13:20-da keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasına dəvət edilmişlər. İddiaçı mediasiya sessiyasında iştirak etsə də, cavabdehin nümayəndəsi mediasiya sessiyasına gəlməmişdir. Bu səbəbdən, qeyd olunan arayış verilmişdir. İddiaçı tərəf 50 manat mediasiya xərcini, həmçinin 10 manat poçt və kargüzarlıq xərcini ödəmişdir. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən maddi ziyanın əvəzi kimi 55.000 manat, mənəvi ziyanın əvəzi kimi isə 40.000 manat pulun tutulması barədə tələbinin əsası kimi onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən 04 oktyabr 2023-cü il tarixdə "xxxx" MMC tərəfindən ləğv edilməsi, əmək müqaviləsinin ləğvinin formal rəsmiləşmə səbəbi müqavilə müddətinin qurtarması olsa da, işəgötürənlə münasibətlərinin kəsilməsinin faktiki səbəbi hazırkı iş üzrə cavabdehin, sifarişçi müəssisə olan BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin yanlış, qərəzli hərəkətləri ilə və təzyiqi nəticəsində baş verməsi, o cümlədən ona qarşı əsassız və qərəzli mövqeyi olması, bu hərəkətlər nəticəsində də ona maddi və mənəvi ziyan vurulması təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işin faktiki hallarından göründüyü kimi, hazırki iş üzrə cavabdeh BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi işəgötürən statusunda iddiaçı ilə arasında əmək müqaviləsi bağlanmamış, tərəflər bir-birinin qarşısında qarşılıqlı şəkildə öhdəlik götürməmişlər. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı ilə əmək müqaviləsi işəgötürən "xxxx" MMC arasında bağlanmış, əmək müqaviləsinin müddəti bitəndən sonra onunla bağlanmış müqaviləyə işəgötürən "xxxx" MMC tərəfindən xitam vermişdir. İşin bu halı iş materiallarına əlavə olunmuş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli e-2(009)-220/2024 saylı qətnamənin məzmunu ilə təsdiq edilir. Göründüyü kimi, iddiaçı əmək münasibətlərində olduğu "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş və onun işdən azad edilməsinin qanunsuzluğu ilə bağlı tələbə də hüquqi qiymət verilmişdir. Hazırki iş üzrə isə iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə cavabdehin bu və ya digər şəkildə təsir etməsini göstərsə də, buna dair hər hansı tutarlı və mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Təqdim edilmiş şahid ifadələri ilə iddianın əsaslı olmasını təsdiq etmir. Belə ki, ifadələrin məzmununda göstərilənlər Bakı şəhəri Səbail Rayon Məhkəməsinə verilən iddianın mahiyyəti ilə demək olar ki, eynilik təşkil etmişdir ki, bu hallara da artıq hüquqi qiymət verilmişdir. Başqa sözlə, şahid ifadələri iddiaçı əmək müqaviləsinə xitam verilməsinə cavabdehin bu və ya digər şəkildə təsir etməsinin təsdiqi kimi qiymətləndirilə bilməz. Məhkəmə bu qənaətə gələrkən şahidlərin də eyni iddia ilə məhkəməyə müraciət etmələrini, beləliklə iddiaçının maraq və mənafeyinə uyğun ifadə vermələrini də nəzərə almışdır. Həmçinin məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələblərlə bağlı cavabdeh BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı iddia irəli sürmək hüququ da olmamışdır. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi, iddiaçının cavabdeh BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə əmək müqaviləsi bağlamadığı, cavabdehin iddiaçı qarşısında hər hansı müqavilə öhdəlikləri götürmədiyi, iddiaçını işdən azad etmədiyi, bunun üçün bu və ya digər şəkildə təsir göstərmədiyi, iddiaçıya qarşı hər hansı delikt törətmədiyi həmçinin iddiaçının subyektiv hüquqa malik olmamaqla irəli sürdüyü iddia tələbləri əsassız olduğundan iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı (Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş mediasiya, poçt və kargüzarlıq xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar