Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1184/2024 30.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «əqdin etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «əqdin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin "Nəqliyyat filialı" tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli BPM**********81 saylı "Tam kart müqaviləsi"-nin və xx.xx.2022-ci il tarixli "Bank kartına kredit limitinin təyin olunmasına dair razılaşma"-nın etibarsız hesab edilməsi, eləcə də iddia tələbinə görə ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, dekabr ayında pul köçürülməsi ilə bağlı hesab açmaq üçün Azərbaycan Beynəlxalq Bankının "Nəqliyyat filialı"-na müraciət etmişdir. Orada onu qəbul edən əməkdaş dinlədikdən sonra ona təklif etdi ki, Azərbaycan Beynəlxalq Bankına məxsus "TAM kart" plastik kartını əldə etsin. Bildirdi ki, bu kartla həm ona pul köçürülə, həm də o, kiməsə pul köçürə bilər. Bundan başqa bildirdi ki, mağazadan nəsə alarkən bu kartla alış-veriş etsə, bonuslar və kəşbek əldə edəcək. Xülasə o, kartın üstünlüklərini sadalayaraq, kartı əldə edəcəyi təqdirdə mənfəət götürəcəyini bildirdi. O, onun sözlərinə inanaraq razılaşır və o, ona heç bir sənədə imza etdirmədən "TAM kart" adlı plastik kart təqdim edir. Bundan sonra həmin kart onda olsa da, lakin ondan istifadə etməmişdir. 2023-cü ilin təxminən iyul ayında Azərbaycan Beynəlxalq Bankından ona bildirdilər ki, guya onun "Nəqliyyat" filialından əldə etdiyi "TAM" kartın kredit xəttinə görə 2883 manat kredit borcu vardır. O, bu xəbəri eşidəndə çox təəccüblənir. Çünki o, həmin kart üzrə heç bir kredit götürməmişdir və bu barədə həmin bankla onun arasında heç bir müqavilə və razılaşma olmamışdır. O, yalnız bankın əməkdaşının sözlərinə inanaraq kartı yalnız ona pul köçürülməsi və ya onun kiməsə pul köçürməsi məqsədilə əldə etmişdir. Bankdan kredit götürmək barədə isə heç bir istəyi olmamışdır. O, bununla bağlı ABB-nin "Nəqliyyat" filialı ilə əlaqə saxlayır. Orada ona xx.xx.2022-ci il tarixli "TAM kart" müqaviləsi göstərərək bildirdilər ki, guya o, həmin müqaviləyə imza etməklə, içərisində mənə ayrılmış kredit pul məbləği olan "TAM kart" əldə etmişdir. O, həmin müqavilədəki, imzaya baxanda görür ki, müqavilədə adının qarşısında çəkilmiş imza ona məxsus olmamaqla, kənar şəxs tərəfindən imza edilmişdir. Bankda o da ona bildirildi ki, guya o, bank tərəfindən həmin karta vurulmuş krediti işlətmişdir. Halbuki, o, həmin kartdan heç bir kredit istifadə etməmişdir. Bank əməkdaşlari tərəfindən yaranmış bu anlaşılmazlıqla bağlı araşdırma aparılaraq məhkəməyə müraciət etməyi məsləhət görülərək, adına tərtib edilmiş saxta "Tam kart müqaviləsi"-nin və "Bank kartına kredit limitinin təyin olunmasına dair razılaşma”-nın surətləri də ona təqdim edilmişdir. Hesab edir ki, 2022-ci ilin dekabr ayında Azərbaycan Beynəlxalq Bankının "Nəqliyyat" filialı tərəfindən ona "TAM kart" plastik kartı verilərkən saxtakarlığa yol verilmiş, saxta "Tam kart" müqaviləsi tərtib edilərək müqavilədə adının qarşısından kimsə imza etmişdir. Daha sonra isə ondan gizli olaraq adına saxta yolla kredit xətti açılaraq, sonradan həmin kredit hansı yollasa mənimsənilmişdir. Hazırda cavabdeh həmin saxta müqavilə və razılaşmaya əsasən onun pensiya kartından qanunsuz olaraq bütün pensiyasını tutur. Göstərilənləri nəzərə alaraq, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin artırılması barədə ərizə verərək, cavabdeh tərəfindən onun pensiya kartından tutulmuş 678 manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş, xx.xx.2022-ci il tarixli BPM**********81 saylı "Tam kart müqaviləsi" və xx.xx.2022-ci il tarixli "Bank kartına kredit limitinin təyin olunmasına dair razılaşma"da onun adının qarşısında çəkilmiş imzanın ona məxsus olmadığını bildirərək həmin müqavilələrin etibarsız hesab edilməsi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddia ərizəsini əsassız hesab edir. Belə ki, bu növ müqavilələr bağlanarkən, müqavilə tərəfi müqavilənin standart şərtlər toplusu ilə tanışa ola bilər. Həmin şərtlər toplusunda müqavilələr üzrə tərəflərin hüquq və vəzifələri və digər şərtlər qeyd edilir. Bank və iddiaçı arasında bağlanmış müqavilə də öz növbəsində standart şərtli müqavilə hesab edilir. Müqavilə tərəfi həmin şərtlərlə tanış olduqdan sonra bank kartını əldə etmək üçün qeyd olunan müqavilələri imzalamalı, yalnız bundan sonra Bank kartı müştəriyə təqdim olunur. İddiaçı və bank arasında bağlanmış tam kart müqaviləsi İddiaçı özü tərəfindən imzalanmışdır. Bu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/288 saylı və xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-4/694 saylı ekspert rəylərində də öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, "xxxx" ASC ilə İddiaçı arasında imzalanmış 13 dekabr 2022-ci il tarixli, BPM**********81 saylı Tam kart müqaviləsinə görə: * bu müqavilə "xxxx" ASC (ABB) ilə İddiaçı (müştəri və ya borc alan) arasında sonuncunun adına ABB tərəfindən ikitərəfli ödəniş kartının (ön tərəfi kredit kartı, arxa tərəfi debet və ya əmək haqqı kartı, bundan sonra «Tam kart» adlanacaq) buraxılmasına, müştərinin adına bank hesablarının (kredit kartına bağlı olan kart hesabı, debet və ya əmək haqqı kartına bağlı olan kart hesabı), kredit xəttinin (bundan sonra «kredit» adlanacaq) açılmasına, müştəri tərəfindən Tam kart vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən Tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarının ödənilməsinə, ABB tərəfindən ayrılmış kreditdən 10-cu bənddə göstərilmiş təyinat üzrə istifadə edilməsinə, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditin qaytarılmasına və ona hesablanmış faizlərin ABB-yə ödənilməsinə dair xüsusi şərtləri tənzimləyir. * tam kartın müddəti 60 ay; tam kart hesabının valyutası AZN; tam kart üzrə kredit limitinin məbləği 15000 AZN təşkil edir. * kredit xəttinin məbləği 3050 AZN; kredit xəttinin müddəti 36 ay; kredit xətti üzrə illik faiz dərəcəsi 24%; kredit xətti üzrə faktiki illik faiz dərəcəsi 24,76% təşkil edir. * müştəri bu müqaviləni imzalamaqla təsdiq edir ki, Tam kart məhsuluna aşağıdakı məsələlər üzrə ABB-nin rəsmi internet səhifəsində (https://abb-bank.az/muqavile) yerləşdirilmiş və bu müqavilənin imzalanması tarixinə qüvvədə olan sonuncu tarixli Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlərdə müəyyən edilmiş müvafiq müddəalarla tanışdır və ona sadalanan məsələlər barədə ABB tərəfindən məlumat verilmişdir: - tam kartdan istifadə qaydası və şərtləri (həm kredit, həm debet və ya əmək haqqı funksiyaları üzrə), o cümlədən Taksit və Cashback əməliyyatları, xidmət haqqı və tariflər, Tam kartın qüvvədə olma müddəti, müştərinin sərəncamı olmadan (akseptsiz qaydada) hesablardan vəsaitin silinməsi şərtləri, Tam kartla aparılan əməliyyatlar üzrə limitlər, faiz dərəcələrinin müəyyən olunması və ya dəyişdirilməsi/ləğvi, habelə texniki overdraftların kredit xətti kimi nəzərə alınması/rəsmiləşdirilməsi; - tam kart üzrə kreditin verilməsi, rəsmiləşdirilməsi və kredit xətti üzrə məbləğin dəyişdirilməsi qaydası və s. * borc alan bu müqaviləni imzalamaqla Tam kart məhsuluna dair bu müqavilənin 13.3-cü bəndində göstərilən məsələlərdən əlavə olaraq Standart Şərtlərin digər şərtləri ilə tanış olduğunu və onun müvafiq şərtlərini qəbul etdiyini, habelə ona məxsus məlumatların Standart Şərtlərdə əks olunmuş mənbələrdən əldə edilməsinə və ötürülməsinə razılıq verdiyini, o cümlədən, bu razlığın Standart Şərtlərdə əks olunmuş mətni, əldə olunan məlumatların dairəsi, istifadə məqsədi, müddəti və geri götürülmə şərtləri ilə tanış olduğunu təsdiq edir. Standart Şərtlər bu müqavilənin ayrılmaz tərkib hissəsidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/288 saylı məhkəmə-xəttşünaslıq ekspertizasından görünür ki, mülki işin 50-ci vərəqində "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı adlarından olan xx.xx.2022-ci il tarixli BPM**********81 saylı "Tam kart müqaviləsi"ndə “Müştəri və ya Borcalan İddiaçı” qrafasındakı imza və 62-ci vərəqində olan xx.xx.2022-ci il tarixli “Bank kartına kredit limitinin təyin olunmasına dair razılaşma”da möhürdən aşağıda yerləşən “İmza:” qrafasındakı imzanın İddiaçı tərəfindən icra olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-4/694 saylı məhkəmə-xəttşünaslıq ekspertizasından görünür ki, xx.xx.2022-ci il tarixli BPM**********81 saylı "Tam kart müqaviləsi"-ndə “Müştəri və ya Borcalan İddiaçı” qrafasındakı imza və 62-ci vərəqində olan xx.xx.2022-ci il tarixli “Bank kartına kredit limitinin təyin olunmasına dair razılaşma”da möhürdən aşağıda yerləşən “İmza:” qrafasındakı imzanın İddiaçı tərəfindən icra olduğu müəyyən edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. İddiaçı tərəfindən irəli sürülmüş tələbə keçid etməmişdən öncə qeyd edilməlidir ki, hazırki işin mübahisələndirilməyən (həqiqi) halı ondan ibarətdir ki, tərəflər arasında 13 dekabr 2022-ci il tarixli, BPM**********81 saylı Tam Kart müqaviləsinin bağlanması yolu ilə müqavilə münasibətləri əmələ gəlmişdir. Bağlanmış olan müqaviləyə görə hər bir tərəf öz üzərinə şərtləşdirilmiş öhdəlikləri icra etməyi götürmüş və öhdəliklərin icra edilməməsi halında baş verəcək nəticələrlə razılığını müqaviləni imzalamaqla qarşı tərəfə bəyan etmişdir. Tərəflər arasında bağlanmış olan müqavilənin xüsusiyyəti ondan ibarət olmuşdur ki, bank müddəti, məbləği və faiz dərəcəsi müqavilə ilə müəyyən olunmuş kredit məbləğini müştəriyə verməyi, müştəri isə bunun müqabilinə aldığı krediti müqaviləyə uyğun şərtlərlə banka ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə tam kartın qüvvədə olması və digər şərtlərlə yanaşı, kredit xəttinin də müddəti müəyyən edilmiş və 13-cü bəndə əsasən müştərinin müqaviləni imzalaması ilə müqavilənin ayrılmaz tərkib hissəsi olan və imzalandığı zaman qüvvədə olan Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlər toplusu ilə tanış olduğunu da təsdiq etmişdir. Əqdin etibarsızlığı məsələsinə toxunmamışdan öncə əqdin anlayışına münasibətdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə əqd dedikdə, mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi başa düşülür. Öz təbiətinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. İddia ərizəsində də mübahisələndirilən və qanunvericiliklə tənzimlənən əqdin etibarsız hesab edilməsi üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü fəslində müəyyən edilmişdir. Həmin fəslə aid 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Beləliklə də, mülki qanunvericilikdə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən birinin qüsurlu olması vacibdir: Subyekt tərkibinə görə; Məzmununa görə; Formasına görə; İradə və iradə ifadəsinə görə. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Məhkəmə qeyd edir ki, hər hansı bir əqdin etibarlılıq məsələsi müəyyənləşdirilərkən yuxarıda qeyd edildiyi kimi, əqdin məzmununun, formasının və sair ünsürlərindən birinin qüsurlu olması vacibdir. Hazırda irəli sürülmüş olan iddia tələbi də əqdin etibarsızlığı ilə bağlı olsa da, tərəflər arasında bağlanmış olan əqdin etibarsız hesab edilməsi üçün onun hər hansı bir ünsürünün qüsurlu olması müəyyən edilmədiyindən, məhkəmənin qənaətinə görə bağlanmış olan əqd etibarsız hesab edilə və bununla da iddia təmin edilə bilməz. İddiaçı, müqavilənin onun özü tərəfindən imzalanmadığını bildirsə də, iş üzrə aparılmış ekspertizaların nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/288 saylı və xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-4/694 saylı ekspert rəylərinə əsasən müqavilədəki imzaların iddiaçıya məxsus olduğu aşkar edilmişdir. Bununla da yuxarıda sadalanmış olan işin halları tərəflər arasında bağlanmış olan əqdin etibarsız hesab edilməsi üçün əsas hesab edilmədiyindən və iddiaçı istinad etdiyi halları sübuta yetirmədiyindən, bunun tam əksinə tərəflər arasında bağlanmış olan əqdin hər baxımdan əqdlərin etibarlılıq şərtlərinə uyğun hesab edildiyindən, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «əqdin etibarsız hesab edilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «əqdin etibarsız hesab edilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 276 (iki yüz yetmiş altı) manat İddiaçı tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-1184/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1184/2024
30.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver