Məhkəmə qərarları › İş №2(006)-1206/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1206/2021

17.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1206/2021 17.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi ilə İddiaçı və Cavabdeh ASC-nin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X4 işə cəlb etməklə Cavabdeh ASC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X4 cəlb etməklə Cavabdeh ASC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 2004-cü ilin iyun ayında bu iddia tələbi ilə ərizə əvvəlcə Nizami Rayon Məhkəməsinin icraatında, sonra isə Səbail Rayon Məhkəməsinin icraatında olmuşdur. Hakim A.K.Namazovun icraatında olmuş pul tələbi ilə bağlı iddia ərizəsində cavabdeh X9 (indiki Kapital Bank) qoyulmuşdur. Lakin sonradan bir sıra araşdırmalar nəticəsində məlum olmuşdur ki, iddia ərizəsində göstərilən məbləği həmin bankın Nizami Rayon Şöbəsində baş mühasib işləyən X10 vəzifəsindən sui-istifadə edərək geri göndərməmiş, saxtakarlıq yolu ilə mənimsəmişdir. Lakin məsul şəxs X1 və pulun məsuliyyətini məhz bank daşıdığından iddia tələbi X7 Bankın sələfi "Kapital bank” ASC-ə ünvanlanmışdır. Bu bank iddiaçıya çatası pulun qaytarılmasında məsuldur. İddiaçının təsisçisi və direktoru olduğu "VAQUAR” kiçik müəssisəsinin ünvanına Qazaxıstan Respublikası, Kokçetav vilayəti, Uritsk rayonu, Leninqrad sovxozu tərəfindən Uritsk Aqroprombankı vasitəsi ilə oktyabr-sentyabr 1990-cı ildə göndərilmiş ******* SSRİ rublunun indiki Kapital Banka daxil olması barədə xəbər verilmiş və göndərilmiş məbləğ "VAQUAR” kiçik müəssisəsinin ******* H/H sayı olan X11 rayon şöbəsinə göndərilmişdir. İddiaçı, "Kapital bank” ASC-nin (o zamankı BUSB) Nizami rayon şöbəsinin müdiri Cəlal İmanovun qəbulunda olmuş, o, iddiaçıya bildirmişdir ki, ara qarışıqdır, pulu iddiaçının hesabına köçürə biməyəcək, geri qaytaracaqlar. Lakin sonradan uzun müddət vaxt keçməsinə baxmayaraq pul qaytarılmamışdır. İddiaçı ərizə ilə banka müraciət etmiş, iddiaçıya Cəlal İmanovun imzası ilə pulun qaytarılacağı barədə məktubla cavab verilmişdir. İddiaçının araşdırması nəticəsində məlum olmuşdur ki, ''VAQUAR” kiçik müəssisəsinin ünvanına göndərilən ******* SSRİ rublunu saxtakarlıq yolu ilə X10 mənimsəmişdir. İddiaçı pulun yenə də geri qaytarılmamasını bildikdən sonra bu barədə ərizə ilə bankın o zamankı müdiri Cəlal İmanova müraciət etmişdir. O, 02 dekabr 1992-ci il tarixli məktubu ilə bir daha pulun geri qaytarılacağını bildirmişdir. Xeyli müddət keçsə də pul geri qaytarılmamış və Nizami Rayon Məhkəməsinə müraciət etmişdir, az sonra iş iddiaçının etirazı əsasında Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Sonara isə Qazaxıstan Respublikasına sorğu göndərmə ilə əlaqədar işə baxılması dayandırılmışdır. Uzun müddət vaxt keçsə də sorğuya cavab alınmamışdır. İddiaçının işə baxılmasının bərpa olunması barədə ərizəsi təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi şikayətini təmin etməmişdir. Beləliklə, X2 Universal Sənaye Bankında baş mühasib işlədiyi zaman vəzifəsindən sui istifadə edərək iddiaçıya məxsus əmlakı mənimsəməklə iddiaçıya xüsusi külli miqdarda ziyan vurmuş, gəlirdən mərhum etmiş, maddi, mənəvi və psixoloji ziyan vurmuş, fiziki əzaba məruz qoymuşdur. 1990-cı ildə Rusiya bank arxivindən götürülmüş arayışa əsasən 100 SSRİ rublu 64,69 ABŞ dollar təşkil etmişdir. Pul iddiaçının hesabına köçürülən zaman ******* SSRİ rublu ******* ABŞ dollar təşkil etmişdir. Hazırda bu məbləğ ******* manat təşkil edir. Bu real vurulmuş zərərdir. Eyni zamanda əldən çıxmış gəlir bank uçot dərəcəsi faizlə illik 10 faiz olmaqla 66903399 manat maddi, mənəvi və psixoloji ziyana görə 100000 manat, cəmi 10507194 manat məbləğində pul iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən, 10507194 manat məbləğində pulun "Kapital bank'' ASC-dən (keçmiş X7 Bankı) alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Cavabdeh iddiaya etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddia əsassızdır, ona görə ki, iddia ərizəsinə işin araşdırılması üçün sübut qismində heç bir sənəd əlavə edilməmişdir. bu halda işin araşdırılması mümkün deyildir. Bundan əlavə, iddiaçının ərizəsində qeyd olunan “Vaquar” kiçik müəssisəsinin təsisçisi və direktoru olduğu da qeyrimüəyyəndir və iddia ərizəsinə bunu təsdiq edəcək hər hansı sənəd əlavə olunmamışdır. Bu səbəbdən, hesab edir ki, iddiaçının hazırki iddiaya subyektiv hüququ şübhə doğurur. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatını iddia ərizəsinə uyğun verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhlkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək bildirdi ki, iddiaçı hal-hazırda iddiada qeyd etdiyi məbləğin həqiqətən Kapital Banka gəldiyini və həmin vəsaitin ona verilmədiyini sübuta yetirə bilmədiyindən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxs iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Odur ki, məhkəmə mülki işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını müvafiq hesab edir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 may 2019-cu il tarixli 2(103)-6770/2019 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı cavabdeh X5 qarşı pul tələbinə dair iddiası Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 1024/2019 saylı 18 mart 2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplənnə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradıiması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə mülki hüquqların və zəzifələrin əmələ gəlməsi əsaslarıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Müki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011 -ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla'müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01,2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının Müki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Göründüyü kimi sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, orlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən isə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin işçisi olmuş X10 tərəfindən vəzifəsindən sui-istifadə etməklə onun təsisçisi və direktoru olduğu "Vaquar” kiçik müəssisəsinin ünvanın Qazaxıstan Respublikasından göndərilmiş ******* SSRİ rublu məbləğində pulun mənimsənilməsini iddia etsə də, tələbin təsdiqi üçün heç bir mötəbər sübutları məhkəmə iclasında təqdim edə bilməmişdir. Bunun əskini sübut edən isə həmçinin bankın məhkəməyə sorğusuna cavabında iddiaçıya məxsus ******* saylı hesabın mövcud olmadığı qeyd edilmişdir. Odur ki, iddiaçının irəli sürmüş olduğu həmin hal araşdırılmış sübutlarla da təsdiq olunmamışdır və sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə həmçinin iddiaçının müstəqil tələb irəli sürməyən üçüncü şəxs barəsində xüsusi qərardadın çıxarılması hissəsində qeyd edir ki, iddia tələbi sübuta yetirilmədiydən, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin əməllərinin nədən ibarət olması da öz təsdiqini tapmadığından iddiaçının qeyd olunan vəsatəti təmin oluna bilməz. Beləliklə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddia təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iş üzrə məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X4 cəlb etməklə Cavabdeh ASC-yə qarşı «pul» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar