Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-121/2020 30.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X4, cavabdehin vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və azyşalı övladları X9 və X3 uzun müddət yaşadıqları və qeyddiyyatda olduqları ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx xxxxxx 2004-cü il tarixdə ailə həyatı qurmuşdur. Həmin nikahdan xx xxxxxxxx 2006-cı il tarixdə X9 və xx.xx.2010-cu ildə X5 adında oğlu dünyaya gəlmişdir. Bir müddət ailə həyatları normal getsə də, sonradan münasibətləri pozulmuşdur. Bu səbəbdən də cavabdeh nikahın pozulması üçün məhkəməyə müraciət etmişdir. Onlar 2011-ci ildə ipoteka krediti ilə ünvan 2 ünvanında ev almışlar. Həmin evi cavabdehin adına alsalar da evin alındığı 7 il ərzində onun bütün aylıq ödənişləri onun tərəfindən əmək haqqı kartı vasitəsi ilə ödənilmişdir. Həmin evi aldıqları müddətdən o və iki övladı həmin evdə qeydiyyata düşmüşlər və qanunsuz şəkildə çıxarıldıqları günə kimi həmin evdə yaşamışlar. Uzun illər birgə yaşamaları normal keçsə də 2017-ci ilin fevral ayından etibarən onun mütəmadi olaraq xaricə (X14 Cümhuriyyətinə) gedib-gəlməyi ilə əlaqədar olaraq ona və övladlarına qarşı laqeyd davranması ailə münasibətlərinin soyumasına gətirib çıxarmışdır. Cavabdeh ilk dəfə 2017-ci ilin fevral ayında X14 Cümhuriyyətinə təhsil almaq adı ilə hər iki övladını onun yanında qoyaraq getmiş və həmin ilin iyun ayında geri qayıtdığı üçün münasibətləri soyuq olsa da birgə yaşayışlarını davam etdirmişlər. Lakin sentyabr ayında hər iki övladını yenidən onun yanında qoyaraq X1yıdıb getmişdir ki, bu son səfəri vaxtında noyabr ayında telefon danışıqlarında ona ailə münasibətlərinə son qoymaq istədiyini və ayrılmaq qərarına gəldiyini bildirmişdir, o, ondan bunun səbəbini soruşduqda isə heç bir səbəb göstərməmişdir. O, onunla dəfələrlə əlaqə saxlayaraq övladlarının ortalıqda qalmaması, onların psixologiyasının korlanmaması və gələcəklərini nəzərə almağını xahiş edərək onun ayrılma fikrinindən yayındırmağa çalışsa da bütün bunlar heç bir nəticə verməmişdir. Nəhayət Cavabdeh Nazim qızı xx xxxx 2018-ci il tarixdə onun və iki övladının bütün əşyalarını onların şəhər kənarında olmalarından istifadə edərək, xəbərləri və icazələri olmadığı halda evdən çıxardaraq onun ata evinə göndərmiş, evin birgə istifadələrində olan kilidi dəyişdirərək onun və övladlarının birgə mülkiyyətləri olan, qeydiyyatda olduqları və yaşama hüquqları olan evdə yaşayışları qanunsuz olaraq məhdudlaşdırılmışdır. Dəfələrlə qeydiyyatda olduqları və 7 il ərzində yaşadıqları mənzilə girmək istəsə də cavabdeh buna mane olmuş və polis çağırmışdır. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Xüsusi ilə qeyd edir ki, bu hadisədən sonra o, iki övladı ilə birlikdə evsiz qalmışlar və gündə bir qohum evinə sığınırlar, bu da onun və uşaqlarının həyat tərzinə, normal yaşayışına həmçinin psixoloji vəziyyətlərinə çox mənfi təsir edir. Belə olan təqdirdə bu şəraitdə yaşamaları qeyri-mümkündür. Ona görə də onun və övladlarının yaşamaq hüquqları olan mənzilə köçürülmələri övladlarının normal yaşayışının təmini üçün olduqca zəruridir. ünvan 3 ünvanında yerləşən mənzil uzun müddət ərzində (7 il) daimi yaşayış yerləri olmuşdur. Həmin evdən məcburi çıxmaları yaşayış hüququnu itirməyinə səbəb ola bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq onun və azyşalı övladları X9 və X3 uzun müddət yaşadıqları və qeyddiyyatda olduqları ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi tələbi ilə məhkəməyə müraciət edərək onun ünvan 1 ünvanına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X8 yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X7 iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı ona qarşı “birgə nikah dövründə əldə edilmiş fərdi yaşayış evinə uşaqları ilə birlikdə köçürülmə” tələbi irəli sürərkən Mülki Məcəllənin 228.1 və 228.5-ci maddələrinə istinad etmişdir. Mübahisə predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi, ev 35, mənzil 33 ilə bağlı tərəflər arasında mülki hüquq münasibətləri 2011-ci il tarixdə yaranmışdır. Maddi hüquq normalarının tətbiqi zamanı nəzərə alınmalıdır ki, hazırkı vəziyyətdə yaşayış sahəsinin mülkiyyətçisi ilə digər şəxslər arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən xx xxxxxxx 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Ona görə də, tərəflər arasındakı mübahisəli hüquq münasibətləri xx xxxxxxx 2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsinin normalarına uyğun olaraq həll edilməlidir. Onlar hazırda başqa-başqa şəxslərdir, onların heç bir qohumluq əlaqələri və ailə münasibətləri ilə bağlılıqları qalmamışdır. İddiaçı Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən onun ailə üzvü və ya digər qohumu hesab edilmir. Başqa sözlə, o, hazırkı vəziyyətdə sözü gedən mübahisəli mənzildən Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə əsasən istifadə hüququ olmayan şəxsdir. Hazırda iddiaçının mənzildən istifadə hüququnun saxlanılması və onun kənar şəxsə məxsus mənzilə istifadə hüququna xitam verilməməsi mülkiyyətçinin Konstitusiyada təsbit edilmiş mənzil toxunulmazlığı hüququnu əhəmiyyətli dərəcədə pozur. Bir şəxsin mənafelərinin qorunması başqa şəxsin hüquqlarının pozulması hesabına həyata keçirilə bilməz. Hesab edir ki, iddiaçı mənzilə köçürülmə tələbi irəli sürməklə yuxarıda qeyd olunan hüquq münasibətlərini tənzimləyən qanunvericiliyin tələblərinə zidd nəticəyə gəlmişdir. Bundan başqa İddiaçı notarial qaydada təsdiq olunmuş xx.xx.2011-ci il tarixli ərizəsində göstərmişdir ki, ünvan 4 ünvanında yerləşən və alqı-satqı (qarışıq) müqaviləsinə əsasən gələcəkdə həyat yoldaşı Cavabdeh məxsus olacaq mənzilin əldə edilməsindən sonra ipotekaya qoyulmasına etiraz etmir. İpotekaya qovulmuş əmlaka ödəniş yönəldiyi halda öhdəsinə götürür ki, onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcək. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarından göründüyü kimi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 35 saylı evin 33 saylı mənzilin 1/2 hissəsinə İddiaçı, mənzilin 1/2 hissəsinə Cavabdeh pay hüququnun tanınması qət edilmişdir. Həmin qətnamədən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apelyasiya Məhkəməsi MK-nın xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edilmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı ilə birgə nikah dövründə bağlanmış 073İK/11 saylı xx xxxxxx 2011-ci il tarixli kredit müqaviləsi üzrə “xxxx” KB ASC-yə qalan 21917,89 manat məbləğində ümumi borcun tərəflər arasında 1/2 hissədə bölünməsi və hər ayın 5-dək İddiaçı 102,65 manat pul vəsaitinin tutularaq Cavabdeh verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın xx.xx.2020-ci il tarixli qərarından isə görünür ki, Cavabdeh Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Göründüyü kimi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 35 saylı evin 33 saylı mənzilinin tərəflərin arasında bərabər paylarla bölünməsi hissəsində yuxarı instansiya məhkəməsi tərəfindən dəyişdirilməmişdir. Hazırda İddiaçı məhkəməyə müraciət edərək onun Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, ev 35, 33 saylı mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Belə ki, Mülki Məcəllənin (bundan sonra – MM) 157.1-ci, 157.2-ci və 157.4-cü maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Yuxarıda qeyd edilən normalarda mülkiyyət hüququnun müdafiəsinin əşya hüquqi vasitələri təsbit edilmişdir. Bu vasitələr onunla xarakterizə olunur ki, onlar mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia. MM-nin 157.2-ci maddəsində mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Baxılan mülki işdə İddiaçı mübahisəli mənzilin ½ hissəsinin mülkiyyətçisi olması işin mübahisələndirilməyən halıdır. Bu fakt hazırki mülki iş üçün preyudisial əhəmiyyətə malik olan yuxarı instansiya məhkəmələrinin aktları ilə öz təsdiqini tapmaqdadır və bu məsələnin yenidən müəyyən edilməsi hazırki icraat qaydasında işə baxan məhkəmənin araşdırmasının predmeti ola bilməz. Həmçinin işin mübahisələndirilməyən hallarına iddiaçının mənzil üzərində faktiki sahiblikdən məhrum olması halı da aiddir. Belə ki, cavabdeh məhkəməyə təqdim etdiyi etirazda iddiaçının Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə əsasən istifadə hüququ olmadığı üçün hazırki iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 35 saylı evin 33 saylı mənzilinə köçürülməsinə dair iddia ilə məhkəməyə müraciət etmək üzrə subyektiv hüquqa malik olsa da, iddia qismən təmin edilməli və o, yalnız mübahisəli mənzilin mülkiyyətində olan ½ hissəsinə köçürülməlidir. Belə ki, məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Nəticə hissəsi: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 35 saylı evin 33 saylı mənzilinin özünə məxsus ½ hissəsinə köçürülsün. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-121/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-121/2020
30.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver