Məhkəmə qərarları › İş №2(006)-121/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-121/2022

05.03.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-121/2022 05.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı Ələsgər oğlunun, Cavabdeh1 nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Ələsgər oğlunun cavabdehlər Cavabdeh1 Müzəffər qızına və Nəsimi rayon MKTB-nin 31 saylı MKİS-ə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ələsgər oğlu cavabdehlər Cavabdeh1 Müzəffər qızına və Nəsimi rayon MKTB-nin 31 saylı MKİS-ə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Müzəffər qızı və cavabdeh Nəsimi rayon MKTB-nin 31 saylı MKİS tərəfindən mülkiyyətinə vurulmuş zərərin müəyyən edilərək ödənilməsi və ya mülkiyyətin əvvəlki halına bərpa edilməsi və uzun illər ərzində cavabdehlərin hərəkəti və hərəkətsizliyi nəticəsində mülkiyyətinin yararsız hala salınması nəticəsində yaranmış narahatçılığına görə 10.000 manat mənəvi zərərin cavabdehlərdən tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ələsgər oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri ünvan 1 ünvanda yaşayır. Artıq 12 ildir ki, ünvan 2i rayonu 5-ci mikrorayon ev 24, 12 saylı mənzilin mülkiyyətçisi Cavabdeh1 Müzəffər qızının hərəkətlərindən və Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 31 saylı Mənzil Kommunal İstismar Sahəsinin hərəkətsizliyindən əziyyət çəkir. Belə ki, bu illər ərzində Nəsimi rayonu 5-ci mikrorayon ev 24, 12 saylı mənzilin mülkiyyətçisi Cavabdeh1 Müzəffər qızı tərəfindən həmin mənzilin sanitar qovşağının nasazlığı ucbatından mülkiyyətçisi olduğu ünvan 2i rayonu 5-ci mikrorayon ev 24, 12 saylı mənzilə mütəmadi (daimi) olaraq su axması nəticəsində mənzil demək olar ki, yararsız (qəzalı) vəziyyətə düşmüşdür. Onun tərəfindən bu illər ərzində dəfələrlə mənzil mülkiyyətçisinə şifahi, MKİS-ə isə rəsmi müraciəti nəticə verməmişdir. Yəni nə mülkiyyətçi, nə də MKİS tərəfindən heç bir tədbir görülməmiş, əksinə qanunsuz zərərvurmalar davam etdirilmişdir. Bu da cavabdehlərin məsuliyyətsizliyi və cəzasızlığı ilə əlaqədardır. Onun tərəfindən belə hallarla əlaqədar 09.08.2008-ci il tarixdə, 24.01.2013-cü il tarixdə, 01.06.2015-ci il tarixdə və sonuncu dəfə 26.08.2020-ci il tarixdə Nəsimi rayon MKTB-nin 31 saylı MKİS-ə göndərdiyi rəsmi şikayətlərə (mülkiyyətçinin qanunsuz hərəkətlərindən) MKİS tərəfindən yalnız həmin hər bir halı aktla rəsmiləşdirməkdən ibarət olmuşdur. Nə mülkiyyətçiyə qarşı heç bir tədbir görülməmiş, nə də MKİS tərəfindən nasazlıq aradan qaldırılmamışdır. Bunun nəticəsində onun mülkiyyətinə külli miqdarda zərər dəymiş və mənzil faktiki olaraq yararsız vəziyyətə düşmüşdür. İddiaçı Ələsgər oğlu məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddianı qismən qəbul edərək, 23.07.2021-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmiş 1.074 manat məbləğində pulun ödənilməsinə hazır olduqlarını bildirdi və məhkəmədən iddianın qalan hissədə rədd edilməsini xahiş etdi. Cavabdeh Nəsimi rayon MKTB-nin 31 saylı MKİS-ə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Nəsimi rayon MKTB-nin 31 saylı MKİS-in nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və cavabdeh M.Muradovun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ünvan 2i rayonu 5ci mikrorayon A.Məhərrəmov küçəsi 24 saylı evin 9 saylı mənzili İddiaçı Ələsgər oğlunun mülkiyyətində, ünvan 2i rayonu 5-ci mikrorayon A.Məhərrəmov küçəsi 24 saylı evin 12 saylı mənzili isə Cavabdeh1 Müzəffər qızının mülkiyyətindədir. 31 saylı MKİS-in işçiləri tərəfindən tərtib olunmuş 09 iyul 2008-ci il tarixli aktdan göründüyü kimi, öncəki mülkiyyətçi A.M.Ağayev tərəfindən 12 saylı mənzildə vanna otağının yeri dəyişdirilərək, dəhlizdə trap quraşdırılmışdır. Qanunsuz quraşdırılmış trapın hidro-izolyasiyası olmadığı üçün çirkab su qonşu (9 saylı) mənzilin divarına axmışdır. Nəticədə İddiaçı Ələsgər oğlunun mənzilində divarlar bərbad hala düşmüşdür. A.M.Ağayevin mənzilində yaşayan kirayəşinlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq mənzildə heç bir təmir işləri aparmamışlar və təmir işlərinin aparılmasından imtina edirlər. 31 saylı MKİS-in işçiləri tərəfindən tərtib olunmuş 24 yanvar 2013-cü il tarixli aktdan göründüyü kimi, ünvan 2i rayonu 5-ci mikrorayon A.Məhərrəmov küçəsi 24 saylı evin 12 saylı mənzilindən həmin evin 9 saylı mənzilinə su axmış (su axmanın səbəbi aktda qeyd olunub), nəticədə 9 saylı mənzilin mətbəxinin elektrik xətti sıradan çıxmış, işıq yanmamışdır. Cavabdeh1 Müzəffər qızı tərəfindən mənzilinin vanna otağı təmir edilərək axıntının qarşısı alınmış və 9 saylı mənzilin elektrik naqilləri bərpa olunaraq işıq yandırılmışdır. Lakin 9 saylı mənzildə su axıntısı izləri qalmışdır. 31 saylı MKİS-in işçiləri tərəfindən tərtib olunmuş 01 iyun 2015-ci il tarixli aktdan göründüyü kimi, ünvan 2i rayonu 5-ci mikrorayon A.Məhərrəmov küçəsi 24 saylı evin 12 saylı mənzilinin mülkiyyətçisi Cavabdeh1 Müzəffər qızı hal-hazırda özü mənzilində yaşamır, mənzil kirayə verilmişdir. 24.05.2015-ci il tarixdə 12 saylı mənzilin mətbəxində su xortumu (şlanqı) partlamış, 9 saylı mənzilin mətbəx və qonaq otağına su axmış, nəticədə mənzilin elektrik xəttinə və təmirinə müəyyən miqdarda ziyan vurmuşdur. MKİS tərəfindən 12 saylı mənzilin sahibinə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq heç bir tədbir görməmişdir. 31 saylı MKİS-in işçiləri tərəfindən tərtib olunmuş 26 avqust 2020-ci il tarixli aktdan göründüyü kimi, ünvan 2i rayonu 5-ci mikrorayon A.Məhərrəmov küçəsi 24 saylı evin 4-cü mərtəbəsində yerləşən 12 saylı mənzilinin mülkiyyətçisi vətəndaş Cavabdeh1 Müzəffər qızına məxsusdur, mənzildə kirayəşinlər yaşayır. Sanitar qovşağın nasazlığı və şaxtanı qeyri-qanuni betonla bağlanması nəticəsində 9 saylı mənzilinin hamam otağına və mətbəxə su axıdılaraq ziyan vurulmuşdur. 31 saylı MKİS-ə və İddiaçı Ələsgər oğluna MKTB tərəfindən ünvanlanmış 26 oktyabr 2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı Ələsgər oğlunun yaşadığı mənzilə 12 saylı mənzildən su axıdılması ilə bağlı Nəsimi rayon İcra Hakimiyyətinə ünvanlanmış ərizəyə ünvan 4zilin şaxtasında olan beton bağlamanın sökülməsi barədə ona xəbərdarlıq edilmiş və bu barədə iddiaçıya məlumat verilmişdir. Qonşu mənzildən su axıdılması ilə bağlı məhkəməyə təqdim etmək üçün akt tərtib edilərək iddiaçıya təhvil verilmişdir. Qonşu mənzildən su axıdılması ilə bağlı məhkəməyə təqdim etmək üçün akt tərtib edilərək ona verilmişdir. Ünvan MKİS tərəfindən nəzarətə götürülmüşdür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23.07.2021-ci il tarixli 10/1216 saylı rəyindən görünür ki, İddiaçı yaşadığı ünvan 2i rayonu 5-ci mikrorayon A.Məhərrəmov küçəsi 24 saylı evin 9 saylı mənzilinin yaşayış otağı, mətbəx, dəhliz və sanitar qovşağı tikililərinin tavan və divarlarında qüsurların olduğu və yaranmış qüsurların su sızma nəticəsində əmələ gəldiyi müəyyən edilmişdir. ünvan 2i rayonu 5-ci mikrorayon A.Məhərrəmov küçəsi 24 saylı evin 9 saylı mənzilinə su sızmanın davam etdiyini yoxlamaq üçün 12 saylı mənzilin sanitar qovşağına su axıdılmışdır. Lakin 9 saylı mənzilin tavan və divarlarında hər hansı bir su sızma müşahidə olunmamışdır. Tədqiq olunan 12 saylı mənzilin sanitar qovşağı tikilisində təmir işlərinin aparıldığı və su kanalizasiya xətlərinin gizli şəkildə olduğu müəyyən edilmişdir. ünvan 2i rayonu 5-ci mikrorayon A.Məhərrəmov küçəsi 24 saylı evin 9 saylı mənzilinə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1.074 manat məbləğində müəyyən olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Yuxarıda qeyd olunan ekspert rəyi ilə bağlı iddiaçı tərəf etiraz təqdim etmiş, ekspert rəyi ilə nə üçün razı olmadığını ətraflı şəkildə əsaslandırmışdır. Məhkəmə iddiaçının etirazında qeyd etdiyi suallara cavab verilməli olması qənaətinə gələrək, müvafiq qərardad qəbul etmiş, ekspert qarşısında müvafiq sual qoyulmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18.01.2022-ci il tarixli 10/5770 saylı rəyindən görünür ki, İddiaçı Ələsgər oğlunun yaşadığı ünvan 2i rayonu 5-ci mikrorayon A.Məhərrəmov küçəsi 24 saylı evin 9 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən ünvan 2i rayonu 5-ci mikrorayon A.Məhərrəmov küçəsi 24 saylı evin 12 saylı mənzilindən axan su nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 1.195 manat məbləğində müəyyən olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin faktiki hallarından göründüyü kimi, ünvan 2i rayonu 5-ci mikrorayon A.Məhərrəmov küçəsi 24 saylı evin 9 saylı mənzilinə 1.195 manat məbləğində ziyan dəymişdir. Ziyan məhz 12 saylı mənzildən suyun sızması nəticəsində vurulmuşdur. Beləliklə, maddi zərərin ödənilməsi tələbinə dair hissədə iddia qismən təmin edilməli, qeyd olunan maddi ziyan qanunvericiliyə əsasən Cavabdeh1 Müzəffər qızından tutularaq iddiaçıya ödənilməlidir. Vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə münasibətdə məhkəmə qeyd edir ki, həmin hissədə də iddia qismən təmin edilməli, vurulmuş mənəvi zərərə görə 200 manat Cavabdeh1 Müzəffər qızından iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Cavabdeh1 Müzəffər qızının mənzilindən su sızması nəticəsində iddiaçının mülkiyyətində olan mənzildə qüsurların əmələ gəlməsinin uzun müddət davam etməklə, iddiaçının şüurunda müəyyən mənfi reaksiyaya səbəb olması aşkardır. Məhkəmə vurulmuş mənəvi zərər həddini müəyyən edərkən, mənzilə vurulmuş maddi zərərin həddini nəzərə alır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş maddi zərərə görə 1.195 manat, mənəvi ziyana görə 200 manat və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 Müzəffər qızından tutularaq İddiaçı Ələsgər oğluna ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat və 100 manat olmaqla, cəmi 150 manat Cavabdeh1 Müzəffər qızından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Çünki, iddiaçı tərəf ona yuxarıda qeyd olunan zərər həddindən daha artıq real maddi zərər vurulmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin, 31 saylı MKİS tərəfindən iddiaçının hüquqlarını pozan hər hansı hərəkət və ya hərəkətsizliyə yol verilməmiş, həmin MKİS tərəfindən iddiaçıya hər zansı ziyan vurulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş maddi zərərə görə 1.195 manat, mənəvi ziyana görə 200 manat və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 Müzəffər qızından tutularaq İddiaçı Ələsgər oğluna ödənilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat və 100 manat olmaqla, cəmi 150 manat Cavabdeh1 Müzəffər qızından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində ünvan 2i rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar