Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1237/2021 11.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, iddiaçının nümayəndəi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququ olmayan şəxs hesab edilməsi və qeydiyyatının ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququ olmayan şəxs hesab edilməsi və qeydiyyatının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus ünvan 1, mənzil 53/54-ə istifadə hüququ olmayan şəxs hesab edilməsi; Cavabdeh ünvan 1, mənzil 53/54-ə istifadə hüququ olmadığı üçün bu halın onun yaşayış yeri üzrə qeydiyyatının ləğv edilməsinə əsas olması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1, mənzil 53/54 ona məxsusdur. X1 Cavabdeh ilə xx xxx 2015-cı il tarixdə rəsmi nikaha girmişdir. Rəsmi nikaha daxil olduqdan sonra Cavabdeh, gəlini və ailəsinin üzvü olaraq onun xüsusi mülkiyyətində olan ünvan 1, mənzil 53/54 ünvanında yerləşən evə qeydiyyata düşməsinə icazə vermişdir. Ailə münasibətlərinin pozulması səbəbindən cavabdeh və oğlum boşanmaq üçün məhkəməyə müraciət etmiş və Nəsimi rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə nikaha xitam verilmişdir. Cavabdeh onun ailə üzvü olmadığına və atasının evində yaşadığına görə onun hal-hazırda qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən 53/54 mənzilə olan qeydiyyatı silinməlidir. Lakin cavabdehin başqa yerdə yaşamasına baxmayaraq, bu günə kimi ona məxsus mənzildən qeydiyyatdan çıxmayıb. Cavabdehin mənzilindəki qeydiyyatı formal xarakter daşıyır və mənzilində qeydiyyatda olması ona əlavə problemlər yaradır. Cavabdehin ona məxsus həmin mənzildən qeydiyyatdan çıxarılması üçün müvafiq orqana müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Həmin orqan tərəfindən ona bildirilmişdir ki, mənzilindən cavabdehin qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət etməlidir. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla əlaqədar hesab edir ki, cavabdehin ona məxsus mənzilə istifadə hüququ yaranmamışdır. Cavabdeh mülkiyyətində olan mənzilə 2015-ci ildə köçdüyü üçün, hazırki mübahisəyə qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət verilməlidir. Cavabdeh mükiyyətində olan mənzilə gəlin kimi köçsə də, o həmin mənzilə istifadə hüququ əldə etməmişdir. Qanunun yuxarıda göstərilən tələbinə görə cavabdeh o halda mülkiyyətində olan mənzilə istifadə hüququ əldə etmiş olardı, o onun ailə üzvü sırasına daxil olsun. Lakin cavabdeh onun gəlini olsa da, o onun ailə üzvü hesab edilmir. Ailə qanunvericiliyinin tələblərinə əsasən onun oğlunun keçmiş həyat yoldaşı ondan özünün saxlanması üçün aliment tələb etmək hüququna malik olmadığı üçün, o onun ailə üzvü hesab edilmir. Bu səbəbdən cavabdehin mülkiyyətində olan mənzilə istifadə hüquqları yaranmadığı üçün onun mülkiyyətində olan mənzilə istifadə hüquqlarının olmaması müəyyən edilməlidir. Eyni zamanda hesab edir ki, cavabdehin mülkiyyətində olan qeydiyyatı da hər hansı hüquqi nəticəyə səbəb ola bilməz. Belə ki, qeydiyyat yalnız vətəndaşın uçotunun aparılması məqsədilə həyata keçirilir və yalnız qanunda nəzərdə tutulan hallarda hüquqi nəticəyə səbəb ola bilər. Lakin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun tələblərində mənzil üzrə qeydiyyatda olan şəxsin mənzilə istifadə hüququnun yaranması nəzərdə tutulmadığından, cavabdehin qeydiyyatı mənzilə istifadə hüququ yarada bilməz. Cavabdeh onun ərizəsi əsasında qeydiyyata alındığı üçün, lakin mülkiyyətçinin ərizəsi ilə qeydiyyatda olan şəxsin qeydiyyatdan çıxarılması nəzərdə tutlmadığı üçün, çıxarılacaq qətnamə cavabdehin yaşayış yeri üzrə qeydiyyatının ləğv edilməsi üçün əsas hesab edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq Cavabdeh ona məxsus ünvan 1, mənzil 53/54-ə istifadə hüququ olmayan şəxs hesab edilməsi; Cavabdeh ünvan 1, mənzil 53/54-ə istifadə hüququ olmadığı üçün bu halın onun yaşayış yeri üzrə qeydiyyatının ləğv edilməsinə əsas olması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəi və vəkili X5 yuxarıda qeyd edilən məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırkı iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə uyğun olaraq xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx xxxxx 2015-ci il tarixli qərarında göstərmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İş materiallarından göründüyü kimi cavabdeh iddiaçının oğlunun keçmiş arvadıdır. O, Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi 65 saylı evin 53/54 saylı mənzilində qeydiyyatda olsa da faktiki olaraq orada yaşamır. Daimi yaşayış yeri Ukrayna Respublikasıdır. Beləliklə cavabdehin yaşayış sahəsindən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, onun həmin mənzildə yaşamasına əsas verən, iddiaçı ilə yaxın qohumluq (müvafiq yazılı razılaşma olmadan iddiaçıya məxsus evdə yaşama hüququ yaradan) münasibətləri olmadığından, pasport qeydiyyatı isə yaşayış sahəsindən istifadə hüququ yaratmadığından, məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddiaçıya məxsus olan mənzildən istifadə hüququ yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsaslarından biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun həmin maddəsinin məzmununa görə şəxs yaşayış yeri üzrə qeydiyyatdan həmin Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanları tərəfindən çıxarılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair (məcburetmə haqqında iddia) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, cavabdehin mübahisəli mənzildə faktiki yaşamadığından, onun həmin yaşayış sahəsinə istifadə hüququ olmaması müəyyən edildiyindən, mənzilin mülkiyyətçisi olan iddiaçıya izah edilməlidir ki, o, cavabdehin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə müvafiq Polis İdarəsinə müraciət etmək, həmin dövlət orqanının vəzifəli şəxsinin qərar və ya hərəkətlərindən (hərəkətsizliyindən) narazı qaldığı təqdirdə isə tələbinə uyğun iddia ilə inzibati icraat qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir. Çünki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin məzmununa əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması, onun həmin yaşayış sahəsinə istifadə hüququnun olmadığı təqdirdə, inzibati orqanın funksiyalarını icra edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Bu Məcəllənin 262.3-cü maddəsinin tələblərinə görə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququ olmayan şəxs hesab edilməsi və qeydiyyatının ləğv edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməli, iddiaçıya, müvafiq icra hakimiyyəti orqanına, həmin orqanın hərəkət (hərəkətsizliyindən) narazı qaldığı təqdirdə isə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququna malik olduğu izah edilməlidir. Həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 114.1.4, 261.0.1, 262, 263, 264, 267, 268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququ olmayan şəxs hesab edilməsi və qeydiyyatının ləğv edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, müvafiq tələblə əlaqədar Bakı şəhəri Nəsimi rayon X2 və Şəxsiyyət vəsiqəsi şöbəsinə müraciət etmək hüququna malikdir. İddiaçıya həmçinin izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1237/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1237/2021
11.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver