Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1241/2020 25.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçınümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «mənzilin cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «mənzilin cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında "Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və yerində yeni mənzillə təmin edilməsinə dair" xx.xx.2017-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən "AR NK-nin xx.xx.2016-cı il tarixli 086 saylı qərarı ilə Nəsimi rayonunun sosial-iqtisadi inkişafın sürətləndirilməsinə dair əlavə tədbirlər siyahısında Nəsimi rayonu ərazisində yerləşən qəzalı binanın sökülərək yenidən qurulması sahəsində görüləcək quruculuq işlərinin təşkili sahəsində Nəsimi Rayon İcra Hakimiyyətinin bu işlərə Sifarişçi kimi rəhbərlik edilməsi məqsədi ilə cəlb etdiyi cavabdeh tikinti şirkəti ilə podrat münasibətləri müəyyən edilmişdir və həmin müqavilədən irəli gələn öhdəliklərə əsasən Nəsimi rayonu, Azadlıq prospekti, İzzət Həmidov, Süleyman Rüstəm və Eldar Tağızadə küçələrinin əhatə etdiyi ərazidə İzzət Həmidov küçəsi, ev 16 mənzil yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan bir mərtəbəli 2 otaqlı mənzilin olduğu yaşayış binasının söküntüsü və bu sahədə söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətində olan mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş 29,3 kv.metr olduğu halda faktiki ümumi sahəsi 28,39 kv.metr (sənədləşdirilməmiş 13,8 kv.metr zirzəmi istifadəsində olduğu da nəzərə alınaraq) həddində və ondan 15 faiz sahə əlavə edilməklə uyğun şəraitli bir otaqlı mənzilin inşasını və orta səviyyədə təmirini təmin edəcək, "Sifarişçi" isə inşa edilmiş bu mənzili "Mülkiyyətçi"nin mülkiyyətinə verməyi öhdəsinə götürür. Bu zaman "Mülkiyyətçi"nin ailə üzvünün səhhəti nəzərə alınaraq ona mənzil aşağı mərtəbədə təqdim ediləcək." Həmçinin həmin müqavilənin 2.1-ci bəndi ilə "Mülkiyyətçi"nin hüquq və vəzifələri müəyyən edilmiş və həmin bəndin 2.1.5-ci yarımbəndində "Mülkiyyətçi"nin "Podratçı"dan hazırki müqavilədə göstərilən müddətdə və razılaşdırılmış şərtlərə uyğun şəkildə mənzili tələb etmək hüququ qeyd edilmişdir. Lakin, cavabdeh iddiaçıya müqavilə şərtlərinə uyğun mənzil təklif etməmişdir. Belə ki, müqavilənin 1.1-ci bəndinə əsasən mülkiyyətçilər ailə üzvlərinin yaşlarını və səhhətini, həmçinin onların əvvəlki yaşam tərzini nəzərə alaraq sökülən mənzilin yerinə inşa edilmiş binanın aşağı mərtəbələrindən mənzilin verilməsini öhdəsinə götürməsinə baxmayaraq, ilkin olaraq, 11-ci mərtəbədən, sonra uzun çəkən danışıqlardan sonra 7-ci mərtəbədən təklif edilmişdir. Bununla yanaşı, müqavilə şərtlərinə görə yeni inşa edilmiş binadan mülkiyyətçiyə ayrılacaq mənzilin sahəsi 48,5 kv.metr olaraq müəyyən edilmişdir. Belə ki, müqavilənin 1.1-ci bəndində qeyd edilmişdir ki, "bu binada "Mülkiyyətçi"nin söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətində olan mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş 29,3 kv.metr olduğu halda faktiki ümumi sahəsi 28,39 kv.metr (sənədləşdirilməmiş 13,8 kv.metr zirzəmi istifadəsində olduğu da nəzərə alınaraq) həddində və ondan 15 faiz sahə əlavə edilməklə uyğun şəraitli bir otaqlı mənzilin inşasını və orta səviyyədə təmirini təmin edəcək". Yəni 28,39 kv.metr + 13,8 kv.metr + 15 faiz = 42,19 + 6,33 = 48,52 kv.metr. Lakin iddiaçıya ayrılan mənzilin sahəsi 42,38 kv.metr təşkil edir və beləliklə 6,14 kv.metr müqavilə şərtlərindən əksik müəyyən edilmişdir. Qeyd olunan məsələlərin həll edilməsi üçün iddiaçı tərəfindən müəyyən təkliflərlə cavabdehə xx.xx.2019-cu il tarixdə yazılı şəkildə müraciət edilmiş, lakin, rəsmi qaydada ünvanlanmış müraciətə cavabdeh cavab verməmiş və mübahisənin həllində heç bir təşəbbüs göstərməmişdir. Göstərilənlərə əsasən, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilədən irəli gələn tələblərə uyğun mənzilin, yəni 1-3-cü mərtəbələrdən sahəsi 48,5 kv.metr olan, yaşayış üçün yararlı hissəsinin 20 kv.metrdən çox olan mənzilin cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Sonra iddiaçı iddianı dəqiqləşdirərək iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilədən irəli gələn tələblərə uyğun mənzilin, yəni 1-3-cü mərtəbələrdən sahəsi 48,5 kv.metr olan, yaşayış üçün yararlı hissəsinin 20 kv.metrdən çox olan mənzilin cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi, həmçinin iddiaçıya vurulmuş 1592 manat məbləğində maddi və 1000 manat məbləğində mənəvi ziyanın cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Daha sonra iddiaçı iddianı dəyişdirərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilədən irəli gələn tələblərə uyğun olaraq mənzil təhbil verilmədiyindən, əksik verilən 6,14 kv.metr sahə qarşılığında 9210 manat məbləğində kompensasiyanın, iddiaçıya vurulmuş 1592 manat məbləğində maddi və 5000 manat məbləğində mənəvi ziyanın cavabdehdən iddiaçının xeyrinə tutulması, həmçinin iddiaçının xəstəxana üçün çəkdiyi bütün xərclərin cavabdehə aid edilməsinə dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X3 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddia əassızdir və onlar tərəfindən əlavə km v sahə verilmişdir. Digər tələbləri barədə isə kombi sistemi ilə bağlı bizlə iddiaçı arasında hər hansı bir öhdəlik mövcud olmamışdır. Göstərilənlərə əsasən, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Nəsimi Rayon İcra Hakimiyyəti, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli "Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və yerində yeni mənzillə təmin edilməsinə dair" müqavilədən görünür ki, AR NK-nin xx.xx.2016-cı il tarixli 086 saylı qərarı ilə Nəsimi rayonunun sosial-iqtisadi inkişafın sürətləndirilməsinə dair əlavə tədbirlər siyahısında Nəsimi rayonu ərazisində yerləşən qəzalı binanın sökülərək yenidən qurulması sahəsində görüləcək quruculuq işlərinin təşkili sahəsində Nəsimi Rayon İcra Hakimiyyətinin bu işlərə Sifarişçi kimi rəhbərlik edilməsi məqsədi ilə cəlb etdiyi cavabdeh tikinti şirkəti ilə podrat münasibətləri müəyyən edilmişdir və həmin müqavilədən irəli gələn öhdəliklərə əsasən Nəsimi rayonu, Azadlıq prospekti, İzzət Həmidov, Süleyman Rüstəm və Eldar Tağızadə küçələrinin əhatə etdiyi ərazidə İzzət Həmidov küçəsi, ev 16 mənzil yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan bir mərtəbəli 2 otaqlı mənzilin olduğu yaşayış binasının söküntüsü və bu sahədə söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətində olan mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş 29,3 kv.metr olduğu halda faktiki ümumi sahəsi 28,39 kv.metr (sənədləşdirilməmiş 13,8 kv.metr zirzəmi istifadəsində olduğu da nəzərə alınaraq) həddində və ondan 15 faiz sahə əlavə edilməklə uyğun şəraitli bir otaqlı mənzilin inşasını və orta səviyyədə təmirini təmin edəcək, "Sifarişçi" isə inşa edilmiş bu mənzili "Mülkiyyətçi"nin mülkiyyətinə verməyi öhdəsinə götürür. Bu zaman "Mülkiyyətçi"nin ailə üzvünün səhhəti nəzərə alınaraq ona mənzil aşağı mərtəbədə təqdim ediləcək. İş materiallarında olan 0024939, 0024935, ******* və ******* saylı qaimə fakturalardan görünür ki, iddiaçı tərəfindən mənzilin təmiri üçün 764 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli РНк-011256 saylı satış faturasından görünür ki, iddiaçı tərəfindən kombi sisteminin quraşdırılması üçün 765 manat pul ödənilmişdir. İşdə olan “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin “Daşınmaz əmlakın (mənzilin) qiymətləndirilməsi barədə” Hesabatına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, E.Tağızadə, S.Rüstəm və İ.Həmidov küçələrinin kəsişməsində inşa edilən hündür mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 146 saylı mənzilin ümumi sahəsinin 42,47 kv.metr, mənzilin qiymətinin 93434 manat, mənzilin bir kv.metr dəyərinin 2200 manat olması müəyyən edilmişdir. Qiymətləndirmə tədqiqatının dəyəri 500 manat təşkil etmişdir. Beləliklə, iş materiallarından aydın olur ki, Nəsimi Rayon İcra Hakimiyyəti, iddiaçı və cavabdeh arasında xx.xx.2017-ci il tarixli "Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və yerində yeni mənzillə təmin edilməsinə dair" müqavilə bağlanmış və müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, İzzət Həmidov, Süleyman Rüstəm və Eldar Tağızadə küçələrinin kəsişdiyi ərazidə söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətində olan mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş 29,3 kv.metr olduğu halda faktiki ümumi sahəsi 28,39 kv.metr (sənədləşdirilməmiş 13,8 kv.metr zirzəmi istifadəsində olduğu da nəzərə alınaraq) həddində və ondan 15 faiz sahə əlavə edilməklə uyğun şəraitli bir otaqlı mənzilin inşasını və orta səviyyədə təmiri təmir etməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən inşa edilmiş hündür mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 146 saylı mənzil iddiaçıya verilmişdir. Cavabdeh tərəfindən iddiaçıya verilmiş mənzilin ümumi sahəsi 42,47 kv.metr təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. İşin hallarından göründüyü kimi xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçıya ümumi sahəsi 48,52 kv.metr (28,39 kv.metr + 13,8 kv.metr + 15 faiz = 42,19 + 6,33 = 48,52 kv.metr) mənzil verilməli olduğu halda, sahəsi 42,47 kv.metr olan mənzil verilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya verilmiş mənzilin sahəsi müqavilə üzrə iddiaçıya verilməli olan mənzilin sahəsindən 6,05 kv.metr (48,52 kv.metr - 42,47 kv.metr = 6,05 kv.metr) əksik verilmişdir ki, onun dəyəri də 13310 manat (6,05 kv.metr x 2200 manat (mənzilin 1 kv.metr dəyəri) = 13310 manat) təşkil edir. Lakin iddiaçı tələbində əksik verilmiş sahə qarşılığında 9210 manat tələb edir ki, bu halda məhkəmə hesab edir ki, həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddi zərər ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iddiaçının cavabdeh tərəfindən maddi zərərin vurulmasına dair iddia tələbinin dəlili ilə razılaşmır. Zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçı, mənzildə apardığı təmir işlərinin məhz cavabdeh tərəfindən edilməli olmasını təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda həmin təmir işlərinin cavabdeh tərəfindən aparılmalı olması da tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmamışdır. Həmçinin iddiaçı tərəfindən iddia edilən maddi zərərə aid olan kombi sisteminin quraşdırılması ilə bağlı hissədə çəkilən xərclərlə bağlı cavabdehlə iddiaçı arasında heç bir müqavilə öhdəliyi nəzərdə tutulmamış, usta xərcləri ilə bağlı qaimələr isə rəsmi qaydada heç bir imza və ya möhür ilə izmalanıb rəsmiləşdirilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia 1592 manat maddi ziyan hissəsində təmin edilə bilməz. Eyni zamanda, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx xxxxxx 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və X4 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə iddiaya tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ona vurulmuş mənəvi zərərin məhz cavabdehin hərəkətləri nəticəsində vurulmasını əsaslandıra bilməmişdir. Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 9210 manat məbləğində kompensasiya tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İş üzrə aparılmış qiymətləndirmə tədqiqatlarının dəyəri - ümumilikdə 500 (beş yüz) manat cavabdehdən tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC, VÖEN **********, AZ65UBAZ**********0060AZN001, "UNİBANK" KB-nin 11 saylı Dərnəgül filialı, KOD502058 VÖEN **********, Müxbir hesab AZ46NABZ******************** SWİFT NABZAZ2Chesabınaköçürülməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən 9210 (doqquz min iki yüz on) manat məbləğində kompensasiya tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış qiymətləndirmə tədqiqatlarının dəyəri - ümumilikdə 500 (beş yüz) manat Cavabdeh MMC-dən tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC, VÖEN **********, AZ65UBAZ**********0060AZN001, "UNİBANK" KB-nin 11 saylı Dərnəgül filialı, KOD502058 VÖEN **********, Müxbir hesab AZ46NABZ******************** SWİFT NABZAZ2Chesabınaköçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayətiverilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-1241/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1241/2020
25.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver