Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1241/2021 18.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə 40000 manat, mənəvi zərərin əvəzi kimi isə 50000 manat nəbləğində pulun Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini, onun qanunsuz həbsində günahkar olan orqanların ondan yazılı surətdə üzr istəməsinin təmin edilməsini, 20 ay müddətində qanunsuz həbsdə olmağı ilə əlaqədar müddəti onun əmək stajına daxil edilməsini, ona qarşı cinayət etmiş X5, X7, X3, X6, X2 AR MPM-nin 265.4-cü maddəsində nəzərdə tutulmuş qaydada xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, BMCMİ-si tərəfindən xx.xx.2018-ci il tarixdə yaşadığı Ağdaş rayon, Babək küçəsi 10 ünvanda yerləşən mənzilindən qanunsuz olaraq tutularaq həbs edilmişdir. Barəsində 10 ay müddətində istintaq, 10 ay da məhkəmə araşdırılması aparılmış, nəticədə Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən barəsində bəraət hökmü çıxarılmışdır. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, həbsdə olduğu 20 ay müddətində ona külli miqdarda maddi zərər dəymiş və mənəvi əzablara düçar olmaqla mənəvi ziyan çəkmişdir. O, ticarətlə məşğul olmaq üçün yaşadığı Ağdaş rayon, Babək küçəsi 10 ünvanda yerləşən mənzili “xxxx” ASC-yə girova qoymaqla kredit götürmüşdür. Onun haqsız və qanunsuz yerə həbs edilməsi həmin kreditin ödənilməsini mümkünsüz etmişdir. Nəticədə bank tərəfindən həbsdə olduğu müddətdə məhkəmədə ona qarşı iddia qaldıraraq kredit borcunun ödənilməsi üçün yaşadığı mənzilin hərrac vasitəsilə satılaraq borcun ödənilməsini iddia edir. Hazırda banka olan borc 14757 ABŞ dolları təşkil edir ki, bunun da böyük hissəsi həbsdə olaraq hər ay ödəyə bilmədiyi məbləğlər olmuşdur. Bundan əlavə məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, o, ailədə tək işləyən və gəlir gətirən şəxs olmuşdur. Həyat yoldaşı evdar qadın olmuş və 1 azyaşlı övladı onun himayəsində olmuşdur. O, hər ay məcburi ödəmələrdən (banka olan kredit borcu) əlavə ailənin maddi və təsərrüfat xərcləri üçün hər ay minimum 500 manat məbləğində vəsait sərf etmişdir. Bura həm kommunal ödənişlər, həm də ailənin digər zəruri etiyacları daxildir. Nəzərə alınsa ki, 20 ay müddətində həbsdə olmuşdur, ailəsi və o bu gəlirlərdən məhrum olmuşdur ki, bu da minimum 10000 manat məbləğində maddi ziyan kimi qiymətləndirilməlidir. Bundan əlavə həbs olunduğu xx.xx.2018-ci il tarixdən 10 ay müddətində Bakı şəhərində istintaqı aparılan cinayət işində iştirak etmək üçün Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Ramil Məmmədzadə tərəfindən dəfələrlə tərəfindən xərcləri ödənilməklə Bakı şəhərinə gəlinmiş, o cümlədən Şəki Ağır Cinayətlər məhkəməsində barəsində aparılan 20 baxışdan artıq məhkəmə araşdırmalarında iştirak etmişdir. Bu 20 aylıq müddət üçün tərəfindən vəkil xərcləri olaraq 2000 manatdan artıq pul vəsaiti xərclənilmişdir ki, bu da ona vurulmuş maddi ziyanın tərkibinə daxil olmuşdur. Bundan əlavə o, həbsdə olduğu müddət ərzində səhhətində ciddi narahatçılıqlar və xəstəliklər yaranmış və bununla əlaqədar istintaq təcridxanasının tibb məntəqəsində qalmışdır. Həmin dövrlərdə həbsxanaya dərman pereparatlarının ötürülməsinin mümkünsüzlüyü və tibb məntəqəsində isə müəlicəsi üçün əlverişli şərait olmadığından keyfiyyətli tibbi yardım almaq hüququndan məhrum olmuşdur və bu gün də səhhəti ilə bağlı müalicələrini ambulator qaydada (ev şəraitində) davam etdirir. Bu onun səhhətinə vurulmuş ziyan kimi qiymətləndirilməlidir və bunun da maddi həcmini minimum 3000 manat olmaqla dəyərləndirir və ona vurulmuş maddi ziyana daxil edilməsini tələb edir. Eyni zamanda həbsdə olduğu müddət ərzində o ciddi mənəvi-psixoloji iztirablara da məruz qaalmışdır. Ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 50000 manat məbləğində kompensasiya ödənilməsini qanuni və ədalətli hesab edir. Çünki, həbsdə olduğu 20 ay müddət ərzində ailəsinin və azyaşlı övladının qayğısız və tək tənha qorxu içində yaşamaları, yaşadıqları evin bank tərəfindən iddia qaldırılaraq boşaldılması tələbi, ailəsinin ağır maddi durumda qalması kimi hallar onun ağır mənəvi psixoloji vəziyyətlərə düşməsinə səbəb olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(091)-7/2020 saylı hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi də nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən və əməlində cinayət tərkibi olmadığından ona bəraət verilmiş və barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək dərhal məhkəmə iclas zalından azad edilmişdir. Eyni zamanda yuxarıda qeyd olunan hökmdən görünür ki, İddiaçı 19 (on doqquz) ay 20 (iyirmi) gün (xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək) müddətində həbsdə saxlanılmışdır. Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin Vergi ödəyicisinin dövriyyəsi haqqında xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı 9 saylı Ərazi Vergilər İdarəsində xx.xx.2013-cu ildə ********** nömrəli VÖEN-lə ixtisaslaşdırılmış mağazalarda digər ərzaq məhsullarının pərakəndə satışı fəaliyyət növü üzrə qeydiyyata alınmış və xx.xx.2013-cu il tarixdən xx.xx.2015-ci il tarixədək təqdim etdiyi sadələşdirilmiş vergi bəyannamələrinə əsasən 14200,00 (on dörd min iki yüz manat) manat dövriyyə göstərmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(091)-7/2020 saylı hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi də nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən və əməlində cinayət tərkibi olmadığından ona bəraət verilmiş və barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək dərhal məhkəmə iclas zalından azad edilmişdir. İddiaçı 19 (on doqquz) ay 20 (iyirmi) gün (xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək) müddətində həbsdə saxlanılmışdır. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə 40000 manat, mənəvi zərərin əvəzi kimi isə 50000 manat nəbləğində pulun Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini, onun qanunsuz həbsində günahkar olan orqanların ondan yazılı surətdə üzr istəməsinin təmin edilməsini, 20 ay müddətində qanunsuz həbsdə olmağı ilə əlaqədar müddəti onun əmək stajına daxil edilməsini, ona qarşı cinayət etmiş X5, X7, X3, X6, X2 AR MPM-nin 265.4-cü maddəsində nəzərdə tutulmuş qaydada xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş edir. Məhkəmə hazırkı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx xxx 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçının izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, iddiaçı əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması və həbsdə saxlanılması nəticəsində mənəvi sarsıntı və iztirablar keçirmişdir. Belə ki, qanunsuz məhkum olunması nəticəsində o, fəal ictimai həyat tərzindən məhrum edilmiş, onun azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılmış, sağlamlığına zərər dəymişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, 3.000 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab edir. Məhkəmə iddianın “iddiaçının qanunsuz həbsində günahkar olan orqanların ondan yazılı surətdə üzr istəməsinin təmin edilməsi” tələbi ilə əlaqədar hesab edir ki, mənəvi zərərə görə cavavabdehdən 3000 manat məbləğində pulun tutulması iddiaçının pozulmuş hüququnun bərpa edilməsi kimi qəbul edilməli olduğundan iş üzrə cavabdeh qismində cəlb edilməyən şəxslərin üzərinə əlavə vəzifələrin qoyulmasına zərurət qalmamışdır. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarının 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçı 20 ay müddətində qanunsuz həbsdə qalması müddətini onun əmək stajına daxil edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Lakin işdə olan sənədlərə əsasən İddiaçı qanunsuz olaraq həbsdə qalması ilə əlaqədar işdən çıxarıldığı faktı və ya əmək hüquqlarının digər şəkildə pozulması hallarını müəyyən etmək mümkün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Belə ki, Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Məhkəmə iddianın “vurulmuş maddi ziyanın ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı ona vurulmuş maddi ziyanla bağlı (əmək haqqı, pensiya, başqa gəlirlərin itirilməsi, xərclər və sair) hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə baxışı zamanı onun əmlakının müsadirə edilməsi, götürülməsi və ya üzərinə həbs qoyulması, hökmün icrası zamanı cərimə ödənilməsi halları müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə həmçinin iddiaçının iddia tələbini cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə münasibətdə təmin edərək qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyanın ödənilməsi təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Belə ki, Аzərbаycаn Respublikаsı Prezidentinin 09 fevrаl 2009cu il tаrixli, 48 nömrəli Fərmаnı ilə təsdiq edilmiş "Аzərbаycаn Respublikаsının Mаliyyə Nаzirliyi hаqqındа Əsаsnаmə"nin 1-ci bəndinə əsаsən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Оnа görə də mənəvi ziyаnın əvəzi оlаn 3.000 mаnаt məbləğində pul məhz Аzərbаycаn Respublikаsı Mаliyyə Nаzirliyi vаsitəsilə dövlət büdcəsindən alınıb iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə iddiaçının ona qarşı cinayət etmiş X5, X7, X3, X6, X1 barəsində AR MPM-nin 265.4-cü maddəsində nəzərdə tutulmuş qaydada xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi xahişi ilə əlaqədar qeyd edir ki, bu tələb hüquqi mahiyyəti etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində xüsusi qərardad çıxarılmasını tələb etməsinə baxmayaraq, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Məhkəmə isə məhkəmə araşdırmalarının nəticələrinə əsaslanıb belə qənaətə gəlir ki, cavabdehin hərəkətlərində cinayətin əlamətləri aşkara çıxarılmadığından hazırki mülki iş üzrə xüsusi qərardad qəbul edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən mənəvi zərərə görə 3.000 manat pul alınaraq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən mənəvi zərərə görə 3.000 (üç min) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1241/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1241/2021
18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver