Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1245/2023 31.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızı, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən Cavabdeh şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar (MAPS arayışı, vəsiqə, FİN kod və ya şəxsiyyətini təsdiq edən digər sənədlər əlavə edilmədiyindən) iddia ərizəsində göstərilmədiyindən, həmçinin “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi üzərindən sorğu edilərək Cavabdeh şəxsiyyətini eyniləşdirməyə imkan verən hər hansı məlumatların əldə edilməsi mümkün olmadığından, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5432/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmış, iddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul ona geri qaytarılmış, iddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Qeyd edilən qərardaddan İddiaçı tərəfindən şikayət verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8337/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5432/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8337/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadında əlavə olaraq qeyd edilmişdir ki, iddia icraatı qaydasında icraata qəbul edilməsi xahiş edilən və hüquqi faktın təsdiqi barədə verilən ərizənin cavabdehə qarşı tələbin yönəldiyinin nədən ibarət olduğu məlum olmamışdır. Alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi kimi tələbin ümumiyyətlə mümkünlüyü də iddiaçının diqqətinə çatdırılmalıdır. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Müqavilənin bağlanması tərəflərin iradə ifadəsi təzahürüdür və qarşı tərəfin öz iradə ifadəsini qanunvericiliklə müəyyən edilmiş qaydada müəyyən etməməsi, onun əksi olaraq təfsir edilməsi imkanı olmayan xüsusatdır. Belə ki, daşınmaz əmlakın alqı-satqısı - Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli, yəni dövlət reyestrində qeydiyyatdan keçməklə notarial qaydada təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Hazırda İddiaçı göstərilən nöqsanları aradan qaldırmadan, yalnız Nəsimi rayon MKTB-nin 59 saylı MKİS-nin xx.xx.2023-cü il tarixli “1976-cı il tarixdə verilmiş Texniki pasporta əsasən Cəlil Məmmədquluzadə, 146 saylı fərdi yaşayış evi Cavabdeh adına olub, 1989-cu ilin oktyabr ayına qədər həmin ünvanda yaşayıb” məzmunlu arayışını və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5432/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə ona geri qaytarılmış 100 (yüz) manat məbləğində dövlət rüsumunun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli ********** nömrəli qəbzi iddia ərizəsinə əlavə etməklə yenidən eyni qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin qərardad isə xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almışdır. Bununla əlaqədar qeyd edilməlidir ki, iddia ərizəsinə əlavə edilən Nəsimi rayon MKTB-nin 59 saylı MKİS-nin xx.xx.2023-cü il tarixli “1976-cı il tarixdə verilmiş Texniki pasporta əsasən Cəlil Məmmədquluzadə, 146 saylı fərdi yaşayış evi Cavabdeh adına olub, 1989-cu ilin oktyabr ayına qədər həmin ünvanda yaşayıb” məzmunlu arayışı cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar kimi qəbul edilə bilməz. Bundan əlavə, Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərardadında qeyd etməsinə baxmayaraq, iddiaçı tərəfindən iddia tələbinin məzmunu dəyişdirilməmişdir. Həmçinin, hazırki iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən dövlət rüsumu ödənilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Mülki Prosessual Məcəllənin 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Mülki Prosessual Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Hesab edirəm ki, cavabdehin şəxsiyyətini eyniləşdirmək mümkün olmadığı, iddia tələbinin məzmunu dəyişdirilmədiyi və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu ödənilmədiyi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalı, iddiaçıya yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-1245/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1245/2023
31.01.2023 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver