Məhkəmə qərarları › İş №2(006)-1261/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1261/2021

10.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1261/2021 10.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov İlham Məmməd oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) AAA-nun, onun nümayəndəsi və vəkili FFF oğlunun, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) BBBnın nümayəndəsi və vəkili GGG oğlunun iştirakları ilə İlkin iddia üzrə iddiaçı AAA-nun ilkin iddia üzrə cavabdeh BBBna qarşı "mənzildən çıxarma tələbi"nə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı BBBnın qarşılıqlı iddia üzrə cavabdeh AAAna qarşı “mənzil üzərində istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı AAA ilkin iddia üzrə cavabdeh BBBna qarşı "mənzildən çıxarma tələbi"nə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı BBB qarşılıqlı iddia üzrə cavabdeh AAAna qarşı “mənzil üzərində istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizələri ilə məhkəməyə müraciət etmişlər. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının sabiq gəlinidir. Cavabdehlə iddiaçının oğlu DDD faktiki olaraq xx.xx.2006-cı il tarixdə evlənib ailə qurmuşlar, nikahlarını isə xx.xx.2007-ci il tarixdə Şəmkir rayon Aşağı Seyfəli kəndi üzrə İƏD-də 15 saylı akt qeydi ilə rəsmiləşdirmişlər. Cavabdehlə iddiaçının oğlunun birgə ailə həyatlarından xx.xx.2008-ci il təvəllüdlü Rauf və xx.xx.2010-cu il təvəllüdlü Dəniz adlı uşaqları olmuşdur. Cavabdehlə iddiaçının oğlu Elvinin ailə münasibəti əvvəl normal olmuş, sonradan onun özünün təqsirindən pozulmasına görə iddiaçının oğlu cavabdehə qarşı Şəmkir Rayon Məhkəməsində nikahlarının pozulması tələbi ilə iddia qaldırmışdır. İddiaçı cavabdehi gəlin kimi Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən ata evinə köçürmüş, ona məxsus cehiz əşyaları da həmin evə yığılmışdır. Ancaq, bir müddətdən sonra iddiaçının oğlu Elvin işləmək üçün Bakı şəhərinə getdiyinə görə cavabdeh də iddiaçının oğlu ilə birlikdə Bakı şəhərinə köçmüşdür. İddiaçı onların kirayədə yaşamamaları xatirinə Binəqədi rayonunun Sulutəpə yaşayış massivində yaşayış evi tikdirib, istifadələrinə vermişdir. Ancaq, cavabdeh iddiaçının oğlu ilə birgə ailə şəraitində yaşamamasına görə artıq ayrılmışlar. Cavabdeh isə azyaşlı uşaqları ilə birlikdə iddiaçının mülkiyyətinə xx.xx.2010-cu il tarixdə MA seriyalı ******* nömrəli reyestrlə dövlət qeydiyyatına alınmış ünvan 2, mənzil 94-də yerləşən mənzilə özbaşına olaraq köçüb, orada yaşamağa başlamışdır. İddiaçı mülkiyyətinə verilmiş mənzilindən sərbəst istifadə edə bilmir və mənzilin üzərində sərəncam verə bilmir. Həmçinin, həmin mənzilində iddiaçının kiçik oğlu EEEun arvadına məxsus cehiz əşyaları yerləşir ki, cavabdeh həmin əşyalardan istifadə etməklə yararsız hala salır. Cavabdeh artıq iddiaçının ailə üzvü deyildir, ona görə mənzilində yaşamağa onun hüququ yoxdur. Göstərilənlərə əsasən cavabdehin xx.xx.2008-ci il təvəllüdlü Rauf və xx.xx.2010-cu il təvəllüdlü Dəniz adlı uşaqları ilə birlikdə ünvan 2, mənzil 94-də yerləşən 3 otaqlı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Qarşılıqlı iddia tələbi isə onunla əsaslandırılmışdır ki, ilkin iddia tələbi üzrə iddiaçı qarşılıqlı iddia tələbi üzrə cavabdeh AAAnun oğlu X4 ilə qarşılıqlı iddia tələbi üzrə iddiaçı BBB xx.xx.2006-cı il tarixdə evlənərək ailə qurmuşlar. Cəfərov Elvin ilə BBBin nikahları xx.xx.2007-ci il tarixdə Şəmkir rayon Aşağı Seyfəli kəndi üzrə 15 saylı aktla qeydə alınmışdır. Cəfərov Elvin ilə BBBin birgə nikahından 3 övladı dünyaya gəlmişdir. Mübahisəli evdə Cəfərov Elvin, BBB və 3 övladı ilə birgə yaşayırlar və BBBin cehiz əşyalarının bir qismi də həmin evdədir. Qarşılıqlı iddia tələbi üzrə cavabdehin oğlu DDDla Şəmkir Rayon Məhkəməsinin qətnaməsi ilə boşanma barədə qətnamə çıxarılsa da, həmin qətnamədən hazırda BBB apelyasiya şikayəti vermişdir. Qeyd olunan qətnamə hazırda öz hüquqi qüvvəsini almamışdır. Hazırda BBB həmin evdə qeydiyyatdadır və uşaqları ilə birlikdə həmin evdə daimi istifadə hüququna dair qətnamə çıxarılmalıdır. Hazırda BBBin övladları Bakı şəhərində yerləşən məktəbdə oxuyurlar və onların daimi təhsilindən ayrılaraq başqa yaşayış yerinə köçməsi, başqa məktəbə adaptasiya edilməsi ədalətsiz olar. Qeyd olunan mənzil BBB evə köçərkən dövlət qeydiyyatına alınmamışdır və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217-ci maddəsinin tələbinə əsasən tərəflər arasında yaranmış hüquq münasibəti dövründə həll edilməlidir. Vətandaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə olan siyasətini əks etdirməklə heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum edilməsinin mümkünsüzlüyünü istisna edir. Göstərilənlərə əsasən ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin tam təmin edilməsi və BBBnın az yaşlı övladaları ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzil üzərində istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) AAA ilkin iddia tələbini müdafiə edərək, təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) AAAnun nümayəndəsi və vəkili FFF oğlu ilkin iddia tələbini müdafiə edərək, bildirdi ki, tərəflər arasında hüquq münasibətləri 2006-cı ildə yarandığı üçün hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi tətbiq olnmalıdır. Göstərilənlərə əsasən ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) BBBnın nümayəndəsi və vəkili GGG oğlu ilkin iddia tələbinə etiraz, qarşılıqlı iddia tələbini müdafiə edərək bildirdi ki, tərəflər arasında münasibətlər 2006-cı ildə yaranmışdır. Ona görə hazırkı mübahisəyə baxılarkən Azərbaycan Respublikasının 2009-cu il 1 oktyabr tarixinədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinə istinad edilməlidir. Göstərilənlərə əsasən ilkin iddia tələbinin təmin edilməməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, MA seriyalı, ******* №-li Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, məhəllə 3005, ev 44a, mənzil 94 AAAnun adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 1120 saylı reyestr kitabının 101477 nömrəli vərəqində, ********* nömrə ilə qeydiyyat aparılmışdır. Şəmkir Rayonu İcra Hakimiyyəti Başçısının Aşağı Seyfəlli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1289 nömrəli arayışdan görünür ki, BBB, Şəmkir rayonu, Aşağı Seyfəli kəndində qeydiyyatda olsa da, hal-hazırda Bakı şəhərində yaşayır. Şəmkir Rayonu İcra Hakimiyyəti Başçısının Aşağı Seyfəli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1290 nömrəli arayışdan görünür ki, AAA, Şəmkir rayonu, Aşağı Seyfəlli kəndində Bakı yaşayır. Şəmkir rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 2682 №-li arayışdan görünür ki, X7 xx xxxxxx 2008-ci il tarixdə Bakı şəhəri anadan olmuş, atası X4, anası BBBdır. Şəmkir rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 2681 №-li arayışdan görünür ki, görünür ki, X5 xx xxxxxx 2010-cu il tarixdə Bakı şəhəri, Nizami rayonunda anadan olmuş, atası X4, anası BBBdır. xx.xx.2020-ci il tarixli, 210 nömrəli arayışdan görünür ki, X2 rayonu 240 №-li orta məktəbdə oxuyur. xx.xx.2020-ci il tarixli, 211 nömrəli arayışdan görünür ki, X1 rayonu 240 №-li orta məktəbdə oxuyur. xx.xx.2020-ci il tarixli, 04/310 №-li arayışdan görünür ki, BBB xx.xx.2019-cu il tarixdən Bakı şəhəri Nərimanov rayonu X3 şöbəsində kadr üzrə mütəxəssis vəzifəsində işləyir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, ünvan 2 ünvanında yerləşən 94 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə AAAna məxsusdur. BBB isə Şəmkir rayonu, Aşağı Seyfəlli kəndində qeydiyyatda olmaqla azyaşlı övladları ilə birlikdə həmin mübahisəli mənzildə yaşayır. Hazırda AAA özünün xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 94 saylı mənzildən keçmiş gəlini BBBnın azyaşlı övladları ilə birlikdə çıxarılmasını, BBB isə həmin mənzilə azyaşlı övladları ilə birlikdə istifadə hüquqnun tanınmasını tələb edir. Məhkəmə ilkin iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 152.1ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Sadalanan hüquq normalarından görünür ki, ilkin iddia üzrə iddiaçı AAAnun özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək hüququ mövcuddur və o, həmin hüququndan istifadə etməklə hazırkı iddia tələbini irəli sürməkdə haqlı olmuşdur. Qarşılıqlı iddia ilə bağlı məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı özünün mübahisəli mənzildə qeydiyyatda olmasını, uşaqlarının Bakı şəhərində məktəbə getməsini əsas gətirərək onun həmin mənzilə özünün və uşaqlarının mənzil üzərində istifadə hüququnun məhkəmə tərəfindən tanınmasını xahiş etmişdir. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» xx.xx.2008-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra - Mənzil Məcəlləsi) 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» x xxxxxxx 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimlənmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda qeyd olunan Qərarda belə nəticəyə gəlmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında ailə münasibətləri 2006-cı ildə yaransa da, mübahisəli mənzillə bağlı münasibətlər 2009-cu ildən sonra yaranmışdır. Məhkəmə yuxarıda şərh olunan işin hallarına və ifadə olunmuş hüquq normalarına əsaslanaraq hesab edir ki, tərəflər arasında mübahisəli hüquq münasibətləri 2009-cu ildən sonra əmələ gəldiyindən mövcud mübahisənin həlli zamanı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. Mülki Məcəllənin 228.1 və 228.1-ci, Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafıq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan "ailə üzvləri" anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin "digər qohumlar" ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göründüyü kimi, qanunvericiliyə əsasən qarşılıqlı iddia üzrə iddiaçı BBB qarşılıqlı iddia üzrə cavabdeh AAAnun ailə üzvü və yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malik olan "digər qohum" hesab edilmir. Göstərilənlərə görə məhkəmə hesab edir ki, mübahisələndirilən mənzil ilkin iddia üzrə iddiaçının mülkiyyəti olduğundan, həmin mənzildə yaşamağa heç bir hüquqi əsası olmayan ilkin iddia üzrə cavabdehin həmin mənzildən çıxmaması ilkin iddia üzrə iddiaçının mülkiyyət hüquqlarını pozur. Şərh olunan hüquq normalarına əsasən ilkin iddia üzrə iddiaçının ona məxsus mənzil üzərində mülkiyyət hüququ təmin edilməli və ilkin iddia üzrə cavabdeh azyaşlı övladları ilə birlikdə həmin mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, ilkin iddia üzrə cavabdeh BBB azyaşlı övladları ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 44a saylı evin 94 saylı mənzilindən çıxarılmalı, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi təmin edilsin. İlkin iddia üzrə cavabdeh BBB azyaşlı övladları ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 44a saylı evin 94 saylı mənzilindən çıxarılsın. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar