Məhkəmə qərarları › İş №2(006)-1270/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1270/2025

13.02.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1270/2025 13.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı işə bərpa tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Hava Yollan QSC-yə əvvəlki işinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh təşkilatda 1989-cu ilin 05 oktyabr tarixindən etibarən, əvvəlcə “Direksiya Avk”-da mühəndis, 1997-ci ilin aprel ayından etibarən X3 Baş İdarəsi İstilik və X4 İdarəsinin istilik məntəqəsinin operatoru vəzifəsində işləmişdir. Ali təhsillidir, Azərbaycan Dövlət Neft Akademiyasını bitirmişdir, istilik energetikası üzrə bakalavr dərəcəsi almışdır. Ümumilikdə əmək stajı fasiləsiz 35 il təşkil edir. Əmək pensiyasına cəmi iki ayı qalmışdır. İşdə heç bir qüsura yol verməmişdir, heç vaxt barəsində inzibati tənbeh tənbehn tətbiq edilməmişdir. 23 oktyabr 2024-cü il tarixdə cavabdeh təşkilat onunla əmək münasibətlərinə birtərəfli qaydada xitam vermişdir. İşdən azad olunarkən ondan heç bir izahat alınmamışdır. Cavabdeh təşkilat Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə istinadən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) onu işdən azad etmişdir. Qeyd etmişdir ki, atası X6 iştirakçısı olmuşdur, özü isə tək qadındır, ömür boyu xəstə valideynlərinə baxmışdır, əmək pensiya yaşına cəmi iki ay vaxt qalmışdır. Göstərmişdir ki, işçilərin ixtisarı zamanı işdə saxlanılmağa üstünlüyü olan şəxslərin dairəsinə daxildir, belə ki, yuxarıda qeyd etdiyi hallar onu əmək müqaviləsində işdə saxlanmağa üstünlüyü olan şəxs kimi ona şamil oluna bilər. Cavabdeh təşkilat mediasiya sessiyasında iştirak etməmişdir. Cavabdeh iddiaya etiraz təqdim edərək iddianın təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" QSC arasında bağlanmış əmək müqaviləsinə "xxxx" QSC tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Bununla bağlı İddiaçı xx.xx.2024-cü il tarixdə işə bərpa tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı ərizəsində atasının X6 iştirakçısı olduğunu, tək olduğunu, ömür boyu xəstə valideynlərinə baxdığını və əmək pensiyası yaşına iki ay qaldığını bildirmiş, bununla da işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər sırasına daxil olduğunu bildirmişdir. Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci bəndinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək (“b” yarımçbəndi) və işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək (“ə” yarımçbəndi) işəgötürənin əsas hüquqlarındandır. İddiaçı ilə bağlanan əmək müqaviləsinə xitam verilməzdən əvvəl Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən onun işəgötürənlə bağlanmış əmək müqaviləsinə uyğun müəyyən olunan əmək stajından asılı olaraq 9 təqvim həftəsi əvvəl, xx.xx.2024-cü il tarixdə xəbərdar edilmişdir. İşçi bu xəbərdarlığı imzalamaqdan imtina etmişdir və bu barədə akt tərtib edilmişdir. Göründüyü kimi, işəgötürən (cavabdeh) tərəfindən Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əməl edilmişdir. Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən, bu Məcəllənin 70ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblətinə uyğun olaraq, işəgötürən tərəfindən "xxxx" QSC-nin X3 Baş İdarəsinin Həmkarlar İttifaqı Komitəsinə xx.xx.2024-cü il tarixdə təqdimat ünvanlanmışdır. Həmkarlar İttifaqı Komitəsi xx.xx.2024-cü il tarixdə işəgötürənə öz müsbət qərarını (razılığını) bildirmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən Əmək Məcəlləsinin 80-ci maddəsinin də tələblərinə əməl edilmişdir. Əmək Məcəlləsinin 78-ci maddəsi işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərin dairəsini dəqiq müəyyən etmişdir. Həmin maddənin 2-ci hissəsinə əsasən, İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. İddiaçı iddia ərizəsində atasının X6 iştirkçısı olduğunu, tək olduğunu, ömür boyu xəstə valideynlərinə baxdığını və əmək pensiyası yaşına iki ay qldığını bildirmiş, bununla da İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər sırasına daxil olduğunu bildirmişdir. Əmək Məcəlləsinin 78-ci maddəsindən göründüyü kimi, iddiaçının göstərdiyi səbəblər Əmək Məcəlləsinin 78-ci maddəsində nəzərdə tutulmamışdır. Bundan əlavə, Əmək Məcəlləsinin 79-cu maddəsi əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilərin dairəsini və halları müəyyən edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, işin materiallarını araşdıraraq, sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan «Azərbaycan Hava Yolları” QSC-nin iddiaçıya ünvanlanmış məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin ə) yarımbəndinə əsasən bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. Belə ki, Məcəllənin tələbləri gözlənilməklə, istehsalat zərurətindən irəli gələrək onunla bağlanılmış əmək müqaviləsinə ştatın ixtisarı ilə əlaqədar xitam verilməsi nəzərdə tutulduğu zaman Məcəllənin 79-cu maddəsinə müvafiq olaraq işdən azad edilməsi qadağan edilən işçi kateqoriyasına aid olub-olmamağı ilə bağlı məsələlər tərəfindən araşdırılmış və qeyd olunan işçi kateqoriyasına aid olmadığı müəyyən edilmişdir. İstehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti ilə əlaqədar hazırda çalışdıqları İstilik və Sanitar-Texniki Təminat İdarəsində istilik məntəqəsinin operatoru ştatının ixtisar olunması barədə ona 12 avqust 2024-cü il tarixində işəgötürən tərəfindən rəsmi xəbərdarlıq verilmişdir. O, xəbərdarlıqla tanış olduqdan sonra onu imzalamaqdan imtina etmişdir və bununla bağlı tərəfindən müvafiq akt tərtib edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, X3 Baş İdarəsinin İstilik və Sanitar-Texniki Təminat İdarəsinin fəaliyyət istiqamətləri və funksiyaları təhlil edilmiş, öhdəlikləri üst-üstə düşən və ya təkrarlanan ştatların vəzifə öhdəliklərinin birləşdirilməsi həyata keçirilmişdir. İşəgötürən tərəfindən həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin tələbləri nəzərə alınaraq, müvafiq işlə təmin edilməsi mümkün olmamışdır. İş materiallarında olan ştatın ixtisarı barədə İddiaçı ünvanlnamış xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70 maddəsinin “b” bəndinə əsasən xitam veriləcəyi barədə məlumat verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, İddiaçı həmin tarixdə İnsan Resursları İdarəsinə dəvət olunaraq xəbərdarlıqla tanış olmuş lakin imza etməkdən imtina etmişdir. İş materiallarında olan X3 Baş İdarəsinin Həmkarlar İttifaqı Komitəsi tərəfindən "xxxx" QSC-nin prezidentinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, İddiaçı ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70 maddəsinin “b” bəndinə əsasən birtərəfli qaydada ləğv edilməsinə razılıq verilir. İş materiallarında olan "xxxx" QSC tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş əmrdən çıxarışdan görünür ki, X3 Baş İdarəsi İstilik və Sanitar- A0145 Texniki Təminatı İdarəsinin istilik məntəqəsinin operatoru vəzifəsində işləyən X2 əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən 23 oktyabr 2024-cü il tarixində xitam verilmiş, X2 əmək müqaviləsinə xitam verildiyi gün (son iş günü) ona son haqq-hesab verilərkən xx.xx.2022-xx.xx.2023-cü iş ili üçün 21 təqvim günü, xx.xx.2023-xx.xx.2024-cü iş ili üçün 21 təqvim günü, xx.xx.2024-xx.xx.2024-cü iş ili üçün 12 təqvim günü, cəmi 54 təqvim günü üçün pul əvəzinin ödənilməsinin təmin edilməsi və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən orta aylıq əmək haqqının 2 misli miqdarında işdənçıxarma müavinətinin ödənilməsi Maliyyə və Mühasibat Uçotu idarəsinə tapşırılması əmr edilmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirməklə müəyyən etdi ki, işəgötürən iddiaçını onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” (ştatın ixtisar edilməsi) bəndinə əsasən xitam veriləcəyi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə əsasən isə müavinat ödəniləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin ə) bəndinə əsasən bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 80-ci maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Qeyd olunmalıdır ki, işçi ilə əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv olunduqda və bununla bağlı məhkəmə mübahisəsi yarandıqda isə işə baxan məhkəmə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunub-olunmaması, işəgötürənin özünün diskresion səlahiyyətlərindən qərəzli şəkildə istifadə edib-etməməsinə dair məsələləri nəzərdən keçirməlidir. İş materiallarından göründüyü kimi, iddiaçının tərəf olduğu əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi, o cümlədən işəgötürənin iddiaçıya qarşı qərəzli münasibətdə olması halları aşkar edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Yuxarıda göstərilənlərə uyğun olaraq iş materialları ilə müəyyən edilmişdir ki, ştatların ixtisarı barədə işəgötürən tərəfindən müvafiq əmr verilmiş, həmin əmrin verilməsinin zəruriliyi əsaslandırılmış, işçiyə işəgötürən tərəfindən ştatların ləğvi barədə xəbərdarlıq göndərilmiş, Həmkarlar İttifaqı Komitəsinin razılığı alınmışdır. Odur ki, xx.xx.2024-cü il tarixli əmrin ləğvi üçün hüquqi əsaslar olmadığından təmin edilməməlidir. Eyni zamanda da qeyd edilməlidir ki, iddiaçı işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər kateqoriyasına da aid edilməmişdir. Qeyd olunanlarla yanaşı, məhkəmə iclaslarında cavabdeh iddiaçının təqaüd yaşına çatmasına 2 ay qalmasını və onun işəgötürənə qarşı maddi tələb irəli sürmədiyini nəzərə alaraq ona məhkəmədən kənar razılıq əldə etməklə adığı əmək haqqının 2 ay həcmində ödənişin aparılması ilə barışıq təklifi etmiş, iddiaçı həmin məbləğin 5-6 aylıq həcmdə ödənildiyi halda razı olacağını bildirərək təklifdən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı işə bərpa tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı işə bərpa tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar