Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1290/2021 01.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, cavabdeh "Cavabdeh1" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdehlər "Cavabdeh1" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 qarşı "pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "Cavabdeh1" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 qarşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə İddiaçı xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan bir övladları doğulmuşdur. Tərəflər arasında olan rəsmi nikah Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017 -cı il tarixli qətnaməsi ilə pozulmuşdur. Birgə nikahda olduqları müddətdə Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən iki fərdi yaşayış evini digər Cavabdeh1 ASC-nin girovluğuna verərək öz adına 15.000 (on beş min) ABŞ dolları kredit götürmüşdür və götürdüyü krediti isə Naxçıvandakı tanışlarına olan borcunun ödənilməsinə xərcləmişdir. Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evləri tərəflərin ümumibirgə mülkiyyətləri sayıldığından Abşeron Rayon Məhkəməsinin 2(012)-3644/2018 saylı qətnaməsi ilə əmlaklar üzrə pay bölgüsü aparılmışdır. Belə ki, qətnaməyə əsasən məlum fərdi yaşayış evi 3/5 hissə üzrə iddiaçının, 2/5 hissə üzrə isə Cavabdeh2 mülkiyyətinə verilmişdir və əmlak üzrə yeni çıxarış təqdim edilmişdir. Cavabdeh2 banka qalan 13.000 (on üç min) ABŞ dolları borc isə iddiaçı tərəfindən ödənilmişdir. Borcun ödənilməsi məcburiyyətdən irəli gəlmişdir. Belə ki, Bank artıq tutmanı fərdi yaşayış evlərinə yönəltmiş və əmlakın bazar qiymətdən çox aşağı qiymətə dəyərləndirilməklə hərraca çıxarılmışdı. İddiaçı da əmlakı əldən çıxmasın deyə Cavabdeh2 banka olan borcunu ödəməli oldu. Ödəniş edilən zaman bank tərəfindən də yanlış hesabat aparılmışdır. Belə ki, “Cavabdeh1 “ ASC ödəniş edilən zaman iddiaçıdan yüksək səviyyədə faiz borcu tutmuşdur, ümumilikdə banka 21 967 (19.922 ABŞ dolları) manat pul ödənilmişdir , yekun nəticədə 967 manat pul məbləği əlavə olaraq tərəfindən banka ödənilmişdir və tutulan artıq məbləğ ona geri qaytarılmalıdır. İddiaçı İddiaçı Cavabdeh2 banka olan borcunu ödəmək üçün təcili qohumdan borc aldı və daha sonra o borcu qaytarmaq üçün digər bir yaxın tanışı olan X7 ilə notarial qaydada kredit müqaviləsi bağlayaraq ondan 22.000 manat illik 36,5 % olmaqla pul aldı və aralarında olan müqaviləyə əsasən sonda ona Nərimanov Rayon Məhkəməsinin məlum qətnaməsi əsasında 30.000 (otuz min) manat qaytarmaq məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən cavabdeh "Cavabdeh1" ASC- dən əlavə olaraq ödənilmiş 967 (doqquz yüz altımış yeddi) manat pulun, digər Cavabdeh2 reqres qaydasında borclu olduğu 30.000 manat (otuz min) pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "Cavabdeh1" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 iddia tələbinə etiraz edərək, iddia tələbinin banka münasibətdə təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, iddiaçı onun qızıdır. Kürəkəni Cavabdeh2 banka olan borcuna görə o, məcburiyyət qarşısında qalaraq yüksək faizlə borc almışdır. Kürəkəni Cavabdeh2 bankdan götürdüyü pul ailəsinə xərcləməmişdir. Bankın ilk aylıq ödənişini İddiaçı telefonunu, qızılını sataraq ödəmişdir. Son nəticədə qızı İddiaçı yüksək faizlə götürdüyü borca görə 30.000 manat qaytarmalı olmuşdur. İş materiallarında olan Ordubad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(080)-173/2017 saylı qətnaməsi ilə iddia qismən əsaslı olduğundan qismən təmin edilmiş, iddia tələbinin X9 barəsində olan hissədə rədd edilməsi, Cavabdeh2 xx.xx.2015-ci il tarixli, NSBK 163 saylı baş kredit müqaviləsi üzrə əsas borca görə 11435,56 ABŞ dolları, faiz borcuna görə 1429,4 ABŞ dolları, cərimə borcuna görə 50.00 ABŞ dolları, cəm olaraq 12914,96 ABŞ dollar məbləği həmin günün Azərbaycan manatına uyğunluq məzənnəsilə və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq ünvan 1 ünvanında olan ’’Cavabdeh1” ASC-nin hesabına ödənilməsi, tələb ödənilmədiyi təqdirdə xx.xx.2015-ci il tarixli, NSBK 163 saylı baş kredit nüqaviləsinin təmini olaraq ipoteka ilə yüklü edilmiş Cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə məxsus və istifadəsində olan Abşeron rayonu, Hökməli qəsəbəsində olan 0.10 ha torpaq sahəsində yerləşən yaşayış sahəsi 283,2 kv.m, ümumi sahəsi 482,40 kv.m, yardımçı sahəsi 199,20 kv.m olan 13 otaqlı 2 mərtəbəli, qeydiyyat nömrəsi ********** olan, xx.xx.2014-cü ildə qeydiyyata alınmış fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə bu əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 xx xxxx 2015-ci il tarixli, NSBK- 163 saylı Baş kredit müqaviləsi üzrə cəm olaraq 12914,96 ABŞ dollar məbləği həmin günün Azərbaycan manatına uyğunluq məzənnəsilə və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu məbləğində pulun iddiaçı ünvan 2 ünvanında olan ’’Cavabdeh1” ASC-yə ödənilməsi və ipoteka predmeti olan Cavabdeh2 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində mülkiyyətində olan 0.10 torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2 Abşeron rayonu, Hökməli qəsəbəsində mülkiyyətində olan 0.10 torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evindən çıxarılması və mənzilin boşaldılmış vəziyyətdə təhvil verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən 29 may 2018-ci il tarixdə verilmiş AZ-İ № 294007 saylı nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2 ilə İddiaçı arasındakı nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 172 № ilə qeydiyyat aparılmış, nikah ləğv olunandan sonra qadına Osmanova soyadı verilmişdir. İş materiallarında olan X7 ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən X1 Güləsər Vidadi qızına 22.000 manat borc pul vermişdir. Həmin müqavilənin 3-ü bəndinə əsasən tərəflər kreditin illik faiz dərəcəsinin 36,5 faiz olması barədə razılığa gəliblər. “Borc alan” cəmi 30030 manat xx.xx.2019-cu il tarixədək X4 qaytarmalıdır. İş materiallarında olan "Cavabdeh1" ASC tərəfindən verilmiş xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il tarixli qəbzlərdən görünür ki, İddiaçı Cavabdeh2 borcuna görə "Cavabdeh1" ASC-nin hesabına 2936 ABŞ dolları, 6462 ABŞ dolları, 3524 ABŞ dolları, 61 manat, 32 manat pul ödəmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020- ci il tarixli, 2(005)-2384/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, tərəflər arasında Bakı şəhəri 9 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 30.030 (otuz min otuz) manat əsas borc, nümayəndəyə etibarnamə verilməsi üçün ödənilmiş 11.50 (on bir manat 50 qəpik) manat xidmət haqqı, 110 (yüz on) manat vəkilə ödənilmiş hüquqi yardıma görə xidmət haqqı və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh İddiaçı X3 xeyrinə tutulması qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh2 əvəzinə "Cavabdeh1" ASC-yə 30.000 manat pul ödəmişdir, hazırda iddiaçı ödədiyi pulun əvəzini Cavabdeh2 tələb edir. Eyni zamanda, "Cavabdeh1" ASC-dən əlavə olaraq ödənilmiş 967 manat pulu tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Göründüyü kimi İddiaçı Cavabdeh2 ilə birgə nikah dövründə əldə edilmiş, eyni zamanda Cavabdeh2 tərəfindən bankdan götürdüyü (ailə ehtiyaclarına sərf etmədiyi) kredit borcunun təminatı kimi bank qarşısında yüklü edilmiş əmlakın (ipoteka predmetinin) hərraca çıxarılmaması məqsədilə Cavabdeh2 banka olan borcunu ödəmişdir. Hazırda iddiaçı ödədiyi pulu Cavabdeh2 tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin “bankdan əlavə olaraq ödənilmiş 967 manat pulun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən cavabdeh banka artıq pul ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə iddia tələblərinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 30.000 (otuz min) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 30.030 (otuz min otuz) manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia tələbi cavabdeh "Cavabdeh1" ASC-yə münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 30.000 (otuz min) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 30.030 (otuz min otuz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia tələbi cavabdeh "Cavabdeh1" ASC-yə münasibətdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-1290/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1290/2021
01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver