Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1293/2024 05.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «əmək müqaviləsinə xitam verilməsinin etibarsız sayılması və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «əmək müqaviləsinə xitam verilməsinin etibarsız sayılması və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin əməkdaşları tərəfindən hədə-qorxu gəlinərək işdən çıxma ərizəsi, əmək müqaviləsinə xitam verilməsinin etibarsiz sayılması və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi; həmçinin cavabdehin təqsiri ucbatından ona vurulmuş mənəvi zərərin əvəzi olaraq bir illik əmək haqqının AZN məbləğində dəyərləndirilməsi və pul vəsaitinin cavabdeh "xxxx" MMC-dən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, özünün və ailəsinin Konstitusiyada təsbit edilmiş hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, o, "xxxx" MMC-yə (Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan) xx.xx.2022-ci il tarixdə Sistem infrastrukturu bölməsinin aparıcı mühəndisi vəzifəsinə təyin olunmuş, xx.xx.2022-ci il tarixdə hədə-qorxu gəlinərək öz ərizəsi ilə tutduğu vəzifədən azad olunmuşdur. Halbuki əmək müqaviləsinin 9.4-cü bəndinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə bu əmək müqaviləsini ləğv etməyə onun məcbur edilməsinə yol verilmir. Məlumat üçün bildirir ki, xx.xx.2022-ci il tarixdə Konstantin Kozlov adlı şəxslə Bakı-Qazax yolu 113-cü km. Hacıqabul şəhər ərazisi Qədir Xum restoranın həyətində şəxsi münaqişə zəminində dartışma yaşamışlar. Sonradan məlum olmuşdur ki, Konstantin Kozlov adlı şəxs çalışdığı müəssisə olan "xxxx" MMC-nin şöbə müdiri Əmir Velibəyovun ən yaxın dostu imiş. İş yerindən kənarda şəxsi münaqişə zəmində yaranmış mübahisəyə görə tutduğu vəzifədən hədə-qorxu gəlinərək azad olunmuşdur. Hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Prezidentinə; İ Vitse prezidentinə; Azərbaycan Respublikası Prezidentinin icra Aparatının Rəhbərinə; Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinə və X3 Xidmətinin rəisinə yazılı ərizə ilə müraciət etsə də, "xxxx" MMC onun öz xahişi ilə işdən çıxdığını bildirmişdir. xx.xx.2022-ci il tarixdə MMC-nin işçisi olmayan köhnə tanışı Konstantin Kozlov adlı şəxslə münaqişəsi olmuş və eyni gün də MMC-yə çağırılıb hədə-qorxu gəlinərək ərizə yazdırılıb işdən azad olunmuşdur. İki körpə uşağa baxmaqda çətinlik çəkir. Ölkə vətəndaşı olaraq mövcud qanunlarda əks olunmuş hüquqlardan istifadə etməyə əsası olduğu üçün Azərbaycan Respublikasının vətəndaşı olaraq dövlətin vətəndaşlara verdiyi hüquqlardan səmərəli istifadə edərək, hüquqlarının cavabdeh "xxxx" MMC-nin əməkdaşları tərəfindən kobudcasına pozulması ilə bağlı məkəməyə iddia tələbi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin hüquqazidd hərəkətləri ilə bağlı o, həm maddi, həm də mənəvi zərərə məruz qalmışdır. Belə ki, cavabdehin təqsiri ucbatından səhhətində problem yaranmış, ciddi narahatlıqlar keçirməsi ilə nəticələnmişdir. Mövcud qanunvericilik cavabdeh "xxxx" MMC-nin hüquqazidd hərəkətləri sayəsində ona və ailəsinə vurmuş olduğu ziyanla bağlı müvafiq addımlar atmasına tam əsas verir. Hesab edir ki, cavabdehin təqsiri və hüquqazidd hərəkətlərinin nəticəsi olaraq ona dəymiş mənəvi zərər bir illik əmək haqqı məbləğində dəyərləndirilməli və bu məbləğ cavabdehdən alınaraq ona verilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, birinci dəfə inzibati məhkəməyə müraciət etmişdir. Ona demişlər ki, bu iddiaya rayon məhkəməsi baxmalıdır. Daha sonra Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir və oradan da bildirmişlər ki, ərazi aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə müraciət etməlidir. O, işdən çıxandan sonra Əmək Müfəttişliyinə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, hazırki iş üzrə cavabdeh "xxxx" MMC məhkəməyə müraciət edərək iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü bildirmiş və həmin əsasla iddanın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsi əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, iddiaçı Əmək Müfəttişliyi, Ombudsman və s. orqanlara dərhal müraciət etmişdir. Bu, poçt qəbzində öz əksini tapmaqdadır. Bakı İnzibati Məhkəməsi, Yasamal rayon məhkəməsi, Nəsimi rayon məhkəməsi, Mediasiya Şurasına və təkrar Nəsimi rayon məhkəməsinə müraciət etmişlər. xx.xx.2024-cü il tarixdə mediasiya arayışı əldə edib xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-ci maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 2-ci bəndinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər-hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Əmək Məcəlləsinin 76-cı maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsinə ona xitam verilməsi barədə tərəflərin nəzərdə tutduqları hallar bu Məcəllənin 2-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş işçinin və işəgötürənin hüquqlarının təminatı prinsiplərinə zidd olmamalıdır. Həmin maddənin 5-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə dair tərəflər onların şərəf və ləyaqətini alçaldan, bu Məcəllədə nəzərdə tutulan hüquqlarını məhdudlaşdırmağa yönəldilən şərtlər müəyyən edə bilməzlər. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş, 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü bəndinə əsasən məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Həmin Məcəllənin 5-ci bəndinə əsasən «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Məcəllənin 299-cu maddəsinə əsasən fərdi əmək mübahisələri üzrə iddianın məbləğinə, həmçinin onun təmin olunmasına hər hansı məhdudiyyət qoyula bilməz. Bundan əlavə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini onlara əlavə olunmuş sənədlərlə birlikdə, iqtisadi mübahisələr üzrə isə mülahizənin digər tərəfə göndərilməsi barədə sübutları işə baxılana kimi, ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır. Göründüyü kimi, iddia müddəti ötürülməmişdir. Cavabdeh "xxxx" MMC-nin iddia müddətinin tətbiqinə dair ərizəsinin əsassız olduğunu nəzərə alaraq ərizənin təmin edilməməsini və işə mahiyyəi üzrə baxılıb, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədi, iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etdi və izahatında bildirdi ki, İddiaçı tərəfindən əmək müqaviləsinə xitam verilməsinin etibarsız sayılması və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət edilmişdir. Həmin iddiaçı tərəfindən irəli sürülən iddia əsassız olduğundan və qanunvericiliklə nəzərdə tutulmuş müddət keçirildiyinə görə verildiyindən rədd edilməlidir. Belə ki, 16 noyabr 2022-ci il tarixdə "xxxx" MMC-nin rəhbərliyinə İddiaçı tərəfindən öz xahişi ilə xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən azad edilməsinə dair ərizə ilə müraciət olunmuşdur. Həmin ərizə əsasında "xxxx" MMC tərəfindən Həbibzadənin işdən azad olunmasına dair xx.xx.2022-ci il tarixli KŞ-232 saylı əmr verilmişdir. Əmrə əsasən aparıcı mühəndis Həbibzadə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2a bəndi ilə (işçinin təşəbbüsü ilə) xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi, istifadə etmədiyi xx.xx.2022/23-cü il iş ili üçün 24 t.g məzuniyyət pulu ödənilməklə son haqq-hesab aparılması qeyd edilmişdir. Həmçinin Həbibzadənin irəli sürdüyü iddia tam əsassızdır. İş materiallarına nəzər saldıqda görünür ki, Həbibzadə öz ərizəsi ilə işdən azad olunmuşdur. İddiaçı Həbibzadə öz təşəbbüsü ilə ərizə yazmış və qeyd etdiyi tarixdən də işdən azad olunmasını xahiş etmişdir. "xxxx" MMC tərəfindən Həbibzadəyə heç bir təzyiq və hədəqorxu olmamış, şəxsin öz iradəsinə əsasən işdən azad olunmuşdur. Ərizə yazıldıqdan sonra azad olunmuş və qanunvericiliklə nəzərdə tutulmuş qaydada sənədləşdirilmişdir. Həbibzadə tərəfindən bütün orqanlara edilmiş müraciətlər onu deməyə tam əsas verir. Bundan başqa, iş materiallarından görünür ki, Həbibzadə tərəfindən xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhəri idarəsinə müraciət edilmiş, ona xx.xx.2023-cü il tarixli 3-17-5/2-H-5337/2023 saylı və xx.xx.2023-cü il tarixli 3-17-5/2-H-8964/2023 saylı cavab məktubu ünvanlanmışdır. Həbibzadə tərəfindən xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət edilmiş, ona xx.xx.2023-cü il tarixli 3-27/2-H-641/5- 1/2023/2013 saylı cavab məktubu ünvanlanmışdır. Həbibzadə tərəfindən İnsan Hüquqları Üzrə Müvəkkilinin (OMBUDSMANİN) Aparatına müraciət olunmuş, ona xx.xx.2023-cü il tarixli 2-5/2-7972/2023 saylı cavab məktubu ünvanlanmışdır. Həbibzadə tərəfindən 30 iyul 2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsinin etibarsız sayılması və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmiş və həmin məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmədə adiyyatı üzrə düzgün müraciət olunmaması izah edilmiş və adiyyatı üzrə məhkəməyə müraciət edilməsinə dair qərar qəbul edilmişdir. İş materiallarında olan mediasiya arayışına əsasən Həbibzadə tərəfindən ilkin olaraq mediasiyaya xx.xx.2023-cü il tarixdə müraciət ünvanlanmış, həmin müraciətə əsasən xx.xx.2023-cü il tarixli mediasiya arayışı əldə edilmiş, xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə Bakı şəhər Nəsimi rayon Məhkəməsinə müraciət edilmişdir. Yuxarıda deyilənlər onu deməyə tam əsas verir ki, İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş müddəti yetəri qədər keçirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 294.4-cü maddəsinə əsasən məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. İddiaçı Həbibzadənin ünvanladığı müraciətlərə cavablara nəzər yetirdikdə görünür ki, fevral, mart və aprel aylarını əhatə edir. Bu da onu deməyə əsas verir ki, əmək qanunvericiliyində nəzər tutulmuş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən xeyli müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli 296-cı maddəsinin şərh edilməsi Qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunverici Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində «fərdi əmək mübahisəsinə baxan orqan» dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur. Hazırkı mübahisə iddiaçı tərəfindən yuxarıda göstərilən qanunvericilik normalarının tələblərinə əsasən iddia müddətini keçirmişdir. Odur ki, yuxarıda göstərilənlərə əsasən İddiaçı tərəfindən irəli sürülmüş iddia əsassız olduğundan və qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini keçirdiyinə görə iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan, rədd edilməlidir. Belə ki, "xxxx" MMC-nin 16 noyabr 2022-ci il tarixli KŞ-232 saylı əmrindən görünür ki, informasiya texnologiyaları departamenti, informasiya texnologiyaları infrastrukturu şöbəsinin sistem infrastrukturu bölməsinin aparıcı mühəndisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 a bəndi ilə (işçinin təşəbbüsü ilə) xx.xx.2022-ci il tarixdən xitam verilmiş və o, tutduğu vəzifədən azad edilmişdir. Əmrdə İddiaçı istifadə etmədiyi xx.xx.2022/2023-cü iş ili üçün 24 t.g. məzuniyyət pulu ödənilməklə son haqq-hesabın aparılması barədə göstəriş verilmişdir. - İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə X3 Xidmətinin Bakı şəhər idarəsinə; xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət edərək, əmək mübahisəsi barədə məlumat vermiş və ona köməklik göstərilməsini xahiş etmişdir. - Bakı 9 saylı Mediasiya Təşkilatının 11 dekabr 2023-cü il tarixli MŞB/9/2023-02390 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, yuxarıda qeyd olunan tələblər barədə mübahisə üzrə tərəflər xx.xx.2023-cü il tarixdə saat 14:30-da keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasına dəvət edilmişlər. İddiaçı mediasiya sessiyasında iştirak etsə də, cavabdehin nümayəndəsi mediasiya sessiyasına gəlməmişdir. Bu səbəbdən, qeyd olunan arayış verilmişdir. İddiaçı tərəf 50 manat mediasiya xərcini ödəmişdir. İşin faktiki hallarından göründüyü kimi, işəgötürən Əmək qanunvericiliyinə riayət etməklə, əmək müqaviləsinə xitam vermiş və iddiaçını işdən azad etmişdir. İddiaçının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 a bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsaslı olmuşdur. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. İddia əsassızdır və təmin edilə bilməz. Məhkəmə cavabdeh tərəfin iddiaçının məhkəməyə müraciət üçün iddia müddətinin buraxılmasına dair ərizəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən,fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən isə, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar). İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı ortadan qalxır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan, iddia müddəti ötürülsə də, məhkəmə tərəfindən iddia müddətinin tətbiqindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «əmək müqaviləsinə xitam verilməsinin etibarsız sayılması və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş 50 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «əmək müqaviləsinə xitam verilməsinin etibarsız sayılması və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Ödənilmiş 50 manat mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-1293/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1293/2024
05.03.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver