Məhkəmə qərarları › İş №2(006)-1295/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1295/2021

29.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1295/2021 29.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili X8, Cavabdehlər Cavabdeh və X3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh və X6 qarşı «yaşayış sahəsindən çıxarılma və yaşayış sahəsinə köçürülmə» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və X6 qarşı «yaşayış sahəsindən çıxarılma və yaşayış sahəsinə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və X3 onun mülkiyyətində olan ünvan 3 saylı evin yaşayış sahəsindən çıxarılmaları və onun, həyat yoldaşı X2, övladları X1 və X4 ünvan 3 saylı evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 3 saylı ev onun mülkiyyətindədir. Bu barədə adına 30 yanvar 1989-cu il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdehlərin yuxarıda göstərilən ünvanlarda – birisinin Bakı şəhəri Azadlıq prospekti 86 ünvandakı polis idarəsinin inzibati binasına, digərinin isə Masallı rayonu Yeddioymaq kəndində qeydiyyatda olmasına baxmayaraq və eyni zamanda onun mülkiyyətində olan yaşayış sahəsində onların heç bir əşyalarının olmadığına baxmayaraq, cavabdehlər onun mülkiyyətində olan yaşayış sahəsinə onun, həyat yoldaşının və uşaqlarının köçüb yaşamalarına imkan vermirlər. Cavabdehlərin onun mülkiyyətində olan yaşayış sahəsindən öz istəyinə uyğun istifadə etməsinə imkan verməmələri, onun mülkiyyət hüququnun əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Evin onun mülkiyyətində olmasına baxmayaraq, 4 nəfərdən ibarət ailəsi yaşayış sahəsi ilə bağlı çətinliklərə məruz qalır. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, X9 həmin mənzildə yaşamır. Ancaq özü yaşayır. 2010-cu ildə həmin evə gəlmişdir. Əvvəllər ailəli olmuş, sonra boşanmışdır. Mənzilə də boşanandan sonra gəlmişdir. Uşağının 2 yaşı olardı o həmin evə gələndə. Səadət həmin evdə yaşamır. Əri Rusiyada olduğuna görə, arada bir 1 həftə gələrək həmin mənzildə qalıb, qayıdır. Səadət 5 il olar ərə gedib və o vaxtdan mənzildən çıxıb ər evinə köçmüşdür. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X9 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, o, Bakı şəhərində böyüyüb. Hal-hazırda Masallı rayonu Yeddioymaq kəndində qeydiyyatda olmaqla, orada yaşayır. Oraya gəlin köçmüşdür. Bəzən gəlib bacılarının yanında qalır. Əşyaları Masallı rayonu Yeddioymaq kəndindədir. ünvan 3 saylı evdə əşyaları yoxdur. Məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehlərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 07 noyabr 1998-ci il tarixdə notarial qaydada bağlanmış bağışlama müqaviləsindən görünür ki, X12 ünvan 3 ünvanda yerləşən evi qızı İddiaçı bağışlamışdır. Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş 30 yanvar 1999-cu il tarixli MH seriyalı 170950 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən ev xüsusi mülkiyyət kimi İddiaçı adına 475 saylı reyestr kitabında 68924 saylı səhifəsində qeydiyyata alınmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 16.05.2019-cu il tarixli 2(006)-111/2019 saylı qətnaməsinin surətindən görünür ki, Ağaməmmədov Zakir Mirzəmməd oğlunun İddiaçı qarşı «bağışlama müqaviləsinin və onun əsasında verilmiş reyestrdək qeydiyyatın ləğv edilməsi» tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 avqust 2019-cu il tarixli 2(103)-10410/2019 saylı qətnaməsi ilə Ağaməmmədov Zakir Mirzəmməd oğlunun apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 16.05.2019-cu il tarixli 2(006)-111/2019 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 03 sentyabr 2020-ci il tarixli 2(102)-1995/2020 saylı qərarı ilə Ağaməmmədov Zakir Mirzəmməd oğlunun kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 avqust 2019-cu il tarixli 2(103)-10410/2019 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Yuxarıda adları qeyd olunan məhkəmə aktları ilə müəyyən edilmiş faktlardan, həmçinin hüquqmüəyyənedici sənəd olan qeydiyyat vəsiqəsindən göründüyü kimi, ünvan 3 ünvanda yerləşən ev İddiaçı mülkiyyətindədir. Tərəflərin hər üçü 1995-ci ildən həmin evdə yaşamışlar. Ögey bacılardırlar. 1998-ci ildə mənzilin mülkiyyətçisi olan anası evi iddiaçıya bağışlamışdır. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdehlərin ünvan 3 ünvanda yerləşən evdən istifadə hüquqları yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin olan mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bundan əlavə, «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.11.2004-cü il tarixli Qərarında qeyd edilir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin 2-ci hissəsinə əsasən, qanunla müəyyən edilmiş halla və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı» insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən konvensiya və onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiyyətini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Göründüyü kimi, cavabdehlərin mübahisəli evdən istifadə hüquqları yoxdur. İddiaçı mülkiyyətində olan evin boşaldılmasını və mənzildən çıxmalarını cavabdehlərdən tələb etsə də, sonuncular mənzil üzərində heç bir hüquqları olmadığı halda mənzildən çıxmırlar və iddiaçının mülkiyyət hüquqlarını pozurlar. İddiaçı ailə üzvləri ilə birlikdə mülkiyyətində olan evə köçüb, sərbəst şəkildə yaşaya bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh və X9 İddiaçı mülkiyyətində olan ünvan 3 saylı evin yaşayış sahəsindən çıxarılmalı; İddiaçı, həyat yoldaşı X7, övladları X5 və X10 ilə birlikdə ünvan 3 saylı evə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh və X9 İddiaçı mülkiyyətində olan ünvan 3 saylı evin yaşayış sahəsindən çıxarılsınlar. İddiaçı, həyat yoldaşı X7, övladları X5 və X10 ilə birlikdə ünvan 3 saylı evə köçürülsünlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar