Məhkəmə qərarları › İş №2(103)-5754/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5754/2023

28.11.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5754/2023 28.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Orbita” MTK-nın cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı mənzillərin sökülməsi, yeni təmirli mənzillərin verilməsi, kirayə haqqının ödənilməsi, mənzillərdən çıxarılma tələbinə dair iddia tələbinə dair mülki iş üzrə (açar sözlər: mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X11 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, Cavabdeh1, onun nümayəndələri X6, X7 və X15, cavabdehin nümayəndələri X3, X10 və X8 iştirakı ilə, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı Şəhər Nizami Rayon İcra Hakimiyyəti) mənzillərin sökülməsi, yeni təmirli mənzillərin verilməsi, kirayə haqqının ödənilməsi, mənzillərdən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(007)-1647/2023 nömrəli qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 25 fevral 2016-cı il tarixli, 75 nömrəli sərəncamına əsasən “STL-K” firmasının 15 fevral 2016-cı il tarixli, 01 nömrəli müraciətini nəzərə alaraq, Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti A.Manafov, T.Abbasov və Özbəkistan küçələrinin kəsişməsindəki 2452-ci məhəllədə yerləşən tikililərin sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin firmanın istifadəsinə verilmiş və həmin ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi, “STL-K” firmasına həvalə olunmuşdur.

2. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 06 oktyabr 2017-ci il tarixli, 461 nömrəli “Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 25 fevral 2016-cı il tarixli, 75 nömrəli sərəncamının addan-ada keçirilməsi haqqında” sərəncamına əsasən İddiaçı MTK-nın 02 oktyabr 2017-ci il tarixli, 177 nömrəli müraciətini nəzərə alaraq, Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti A.Manafov, T.Abbasov və Özbəkistan küçələrinin kəsişməsindəki 2452-ci məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsinə dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 25 fevral 2016-cı il tarixli, 75 nömrəli sərəncamı, tərtib olunmuş 13281 nömrəli inşaat pasportu və digər sənədləşmələr İddiaçı MTK-nın adına rəsmiləşdirilmişdir.

3. 23 oktyabr 2017-ci il tarixli, 1397 nömrəli torpaq icarə müqaviləsinə əsasən icarəverən Bakı Şəhər İcra Hakimiyyəti Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 06 oktyabr 2017-ci il tarixli, 461 nömrəli sərəncamı və 13281 nömrəli, 04 iyul 2017-ci il tarixli inşaat pasportuna əsasən Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti A.Manafov, T.Abbasov və Özbəkistan küçələrinin kəsişməsindəki 2452-ci məhəllədə yerləşən 10.000 kv.m olan torpaq sahəsini 49 il müddətinə icarəçi İddiaçı MTK-ya icarəyə vermişdir. Həmin müqavilənin 7.4-cü bəndinə görə icarəçi hər il həmin torpaq sahəsinə görə 22713,60 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür.

4. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 20 dekabr 2021-ci il tarixli Tİ-117/21 nömrəli obyektin tikintisinə icazəyə əsasən Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti A.Manafov, T.Abbasov və Özbəkistan küçələrinin kəsişməsindəki 2452-ci məhəllə ünvanında yerləşən torpaq sahəsinin koordinatları təsdiq edilmişdir.

5. Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 13 iyul 2017-ci il tarixli 17/95 sayla qeydiyyata alınmış ayrıc aktına əsasən “STL-K” firmasına Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, A.Manafov, T.Abbasov və Özbəkistan küçələrinin kəsişməsindəki 2452-ci məhəllədə yerləşən 1000 hektar ərazidə çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün torpaq sahəsi ayrılmışdır.

6. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikinidə X2 X1 Baş İdarəsi tərəfindən verilmiş 14 yanvar 2020-ci il tarixli rəyinin nəticə hissəsindən görünür ki, Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti, İ.Əliyev, A.Manafov, T.Abbasov və Özbəkistan küçələrinin kəsişməsindəki 24512452-ci məhəllələrdə yaşayış binaları (bina 9.10 və 11) üzrə tikinti layihəsi razılaşdırılır.

7. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş 20 dekabr 2013-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ümumi sahəsi 48.4 kv.metr olan Bakı şəhəri Nizami rayonu Özbəkistan küçəsi ev 12, mənzil 3 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı MTK iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 mülkiyyətindəki ünvan 2 ünvanda yerləşən binadakı 58,0 kv.m sahəsi olan ikiotaqlı 2 nömrəli mənzilinin əvəzinə, 78,0 kv.m sahəsi olan ikiotaqlı təmirli mənzil, Cavabdeh1 mülkiyyətindəki həmin ünvanda yerləşən binadakı 48,4 kv.m sahəsi olan ikiotaqlı 3 nömrəli mənzilinin və sənədsiz sahəsinin əvəzinə, 78,0 kv.m sahəsi olan ikiotaqlı təmirli mənzil, Cavabdeh3 mülkiyyətindəki həmin ünvanda yerləşən binadakı 54,2 kv.m sahəsi olan ikiotaqlı 5 nömrəli mənzilinin əvəzinə, 78,0 kv.m sahəsi olan ikiotaqlı təmirli mənzil, Cavabdeh2 mülkiyyətindəki, həmin ünvanda yerləşən binadakı 51,4 kv.m sahəsi olan ikiotaqlı 9 nömrəli mənzilinin və özbaşına tikilinin əvəzinə, 84,68 kv.m sahəsi olan ikiotaqlı təmirli mənzil verilməklə, cavabdehlərin mənzillərinin sökülməsi, yeni mənzillər təhvil verilənədək cavabdehlərin hər birinə hər ay 450 manat kirayə haqqı ödənilməklə cavabdehlərin söküləcək həmin mənzillərdən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddianın əsaslarına görə, Bakı şəhərinin baş planına əsasən paytaxtın daha da abadlaşdırılaraq gözəlləşdirilməsi məqsədilə Bakı şəhəri Nizami rayonu Q.Qarayev metrostansiyası yaxınlığında ötən əsrin 40-50-ci illərində inşa edilmiş, istismar müddətini başa vurmuş, müasir yaşayış tələblərinə cavab verməyən, yararsız binaların da sökülərək onların yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub. Buna görə də Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 26 fevral 2016-cı il tarixli, 75 nömrəli və 06 oktyabr 2017-ci il tarixli, 461 nömrəli sərəncamlarına əsasən Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti A.Manafov, T.Abbasov və Özbəkistan küçələrinin kəsişməsindəki 2452 nömrəli məhəllədə çoxmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin layihələndirilməsinə dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 25 fevral 2016-cı il tarixli 75 nömrəli sərəncamı, tərtib olunmuş 13281 nömrəli inşaat pasportu və digər sənədləşmələr İddiaçı MTK-nın adına rəsmiləşdirilib və torpaq sahəsi İddiaçı MTK-nın istifadəsinə verilib. ünvan 2 ünvandakı 12 mənzilli ikimərtəbəli bina Bakı Şəhər İcra Hakimiyyəti Başçısının qeyd olunan sərəncamı ilə İddiaçı MTK-ya ayrılmış torpaq sahəsində yerləşir. Həmin yaşayış binası 20-ci əsrin 53-cü illərində tikilib, istismar müddəti bitib, köhnə və istifadəyə yararsız vəziyyətdədir. İddiaçı MTK-nın qeyd edilən sərəncamının icrası ilə bağlı Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti, A.Manafov, T.Abbasov və Özbəkistan küçələrinin kəsişməsindəki 2452 nömrəli məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin dəyərinin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi işlərini həyata keçirir. 12 nömrəli 12 mənzilli köhnə yararsız binanın əksər sakinləri ilə razılıq əldə olunsa da yalnız cavabdehlər X9, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ilə onların əsassız varlanmaq niyyətinə düşmələri səbəbindən razılıq əldə etmək mümkün olmayıb. Cavabdeh1 əsassız varlanmaq məqsədilə müqavilə bağlamaqdan və mənzilini təhvil verməkdən imtina edərək mənzilinin əvəzinə 1 ədəd sahəsi 117.80 kv.m və 1 ədəd 63,12 kv.m təşkil edən 1/2 otaqlı mənzillər tələb edir. Cavabdehlər əsassız varlanmaq məqsədilə ünvan 2 ünvanda yerləşən yaşayış binasının sahə mülkiyyətçiləri kimi razılığa gəlməkdən və yararsız binadan köçməkdən imtina ediblər. Bu səbəbdən də uzun müddətdir cavabdehləri söküləcək yaşayış sahəsindən çıxarmaq, söküntü tikinti işlərinə başlamaq mümkün olmayıb. Nəticədə isə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 06 oktyabr 2017-ci il tarixli, 461 nömrəli sərəncamının icrası və tikinti işlərinə başlanması mümkün olmayıb. Tikinti işlərinin yubanması mənzil tikintisi üçün "Orbita” MTK ilə müqavilələr bağlamış, pay haqqı ödəmiş şəxslərin haqlı etiraz və narazılığına səbəb olmuşdur.

10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(007)- 1647/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

11. Qətnamənin əsaslarına görə, tikinti işlərini aparan iddiaçı tərəfindən cavabdehlərə edilən həmin təkliflər, sərəncamla İddiaçı MTK-nın üzərinə qoyulmuş vəzifənin həyata keçirilməsindən irəli gələn addımdır və MTK bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsinədək və hazırkı iş üzrə iddia ərizəsinin verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehlərə əlverişli təkliflər etmişdir. Bundan başqa, məhkəmə tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərə müvafiq şərait yaradılmış, tərəflərin barışması üçün tədbirlər görülmüşdür. Ərazidə yaşayan çoxsaylı ailələrdən fərqli olaraq hazırkı cavabdehlər onlara məxsus olan mənzillərə iddiaçının təklif etdiyi cavabdehlərin yaşayış sahələrinə uyğun əlavə yaşayış sahələrindən daha çox sahə tələb edirlər. Bu hal cavabdehlərin hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirilməlidir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16, 152.6, 560.1, 560.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, qismən – ona aid hissədə ləğv olunub, həmin hissədə iddianın rədd olunmasını xahiş etmişdir.

14. Apellyasiya şikayətinin dəlillərinə görə, ünvan 4 ünvanında yerləşən mənzil onun xüsusi mülkiyyətindədir. İddiaçının təklifi onun mənzilinin dəyərindən aşağıdır. Mənzilin əlavə qeyri-yaşayış sahələri də mövcuddur. İddiaçı ona təmirsiz mənzil təklif edir. Onun ailə üzvləri ilə birlikdə yaşamağa başqa evi yoxdur. Həmçinin iddiaçının təklif etdiyi mənzili təmir etdirib yaşanılacaq vəziyyətə gətirmək də yüksək məbləğdə xərc tələb edir. İddiaçı öz tələbində mənzilin köhnə və istifadəyə yararsız vəziyyətdə olduğunu bildirsə də, bunu təsdiq edən heç bir sübut yoxdur. Eyni zamanda iddiaçı onun əsassız varlanma niyyətində olduğunu qeyd edərək, pay haqqı ödəmiş şəxslərin narazılığına səbəb olduğunu bildirmişdir. Halbuki o birinci instansiya məhkəməsinə digər sakinlər tərəfindən heç bir narazılığın olmadığını sübut edən müvafiq ərizə də təqdim etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etirazın dəlillərinə qarşı, bu günə kimi qeyd olunan ərazidə istismar müddətini başa vurmuş, qəzalı vəziyyətdə olan (T.Abbasov küçəsi 16, Özbəkistan küçəsi 14) binalar sökülərək, onların yerində müasir yaşayış tələblərinə cavab verən 1 ədəd yeni yaşayış binası tikilib və 1 ədəd binanın 8-ci mərtəbəsinin tikintisi həyata keçrirlir. Cavabdeh1 yaşadığı Bakı şəhəri Bakı şəhəri Nizami rayonu Özbəkistan küçəsində yerləşən 12 nömrəli on iki mənzilli binada 3 nömrəli mənzil də Bakı Şəhər İcra Hakimiyyəti Başçısının qeyd olunan sərəncamı ilə İddiaçı MTK- ayrılmış torpaq sahəsində yerləşir. Binanın əksər sakinləri ilə onların evdən köçrülmələri barədə razılığa gəlinib, İddiaçı MTK ilə yeni tikiləcək binada daha böyük sahəsi olan, abad, təmirli mənzil tikintisi ilə bağlı müqavilələr bağlanılıb. İddiaçı MTK həmin ailəllərin hər birinə qarşılıqlı razılaşma əsasında yeni binada mənzilləri tikib hazır olanadək kirayə haqqı ödənilməsi nəzərdə tutulub və köçən ailələrə də artıq kirayə haqqı ödəyir. İddiaçı cavabdehə 48.4 kv.m sahəsi olan ikiotaqlı mənzilinin sənədsiz sahəsinin əvəzinə həmin ünvanda yeni (tkilən binada sahəsi daha artıq, yəni 78 kv.m. sahəsi olan) mənzil tikilib təmirli vəziyyətdə təhvil verilməsini və mənzil təhvil verilənədək hər ay 450 manat kirayə haqqı ödənilməsini təklif edib. Cavabdeh isə əsassız varlanmaq məqsədilə 1 ədəd ikiotaqlı mənzilinin əvəzinə 1 ədəd üçotaqlı və 1 ədəd birotaqlı təmirli mənzillər tələb edir, qanunsuz hərəkətləri ilə tikinti işlərinin başlanmasına mane olur. Nəticədə söküntü və tikinti işlərinin yubanır. Bu da mənzil tikintisi üçün İddiaçı MTK ilə müqavilələr bağlamış digər ailələrin haqlı etiraz və narazılığına səbəb olub. Cavabdeh apellyasiya şikayətində göstərir ki, guya iddiaçının təklif etdiyi mənzil onun mənzilinin dəyərindən aşağıdır, mənzildə əlavə qeyri-yaşayış sahəsi mövcuddur, iddiaçı guya mənzili təmirsiz təklif edir, söküntü və tikinti işləri qanunsuz aparılır, qətnaməni ədalətsiz hesab edir. O. mənzilinə görə hüquqdan suiistifadə halına yol verməyib. Lakin, məhkəməyə təqdim olunmuş mənzilin qiymətləndirilməsi barədə hesabatda cavabdehin mənzilinin dəyəri 106870 manat təşkil edir. İddiaçının cavabdehə verəcəyi mənzilin isə bugünkü bazar qiyməti təmirli vəziyyətdə 190000 manatdan artıqdır. Cavabdehin həmin mənzilə aid qeyri-yaşayış sahəsinin olmasının qeyd etməsi isə cəfəngiyatdır. Onun mənzilinin altında 12 kv.m sənədsiz zirzaəmi sahəsi var və bu da MTK tərəfindən nəzərə alınıb. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 26 Fevral 2016-cı il tarixli, 75 nömrəli və 06 oktyabr 2017-ci il tarixli, 461 nömrəli sərəncamlarına əsasən Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti, A.Manafov, T.Abbasov və Özbəkistan küçələrinin kəsişməsindəki 2452 saylı məhəllədə söküntü və tikinti işləri qanuni əsaslarla aparılır. Binaların tikintisi təsdiq olunmuş layihə smeta sənədlərinə əsasən aparılır, tikinti üçün bütün zəruri icazələr və ekspertiza rəyləri alınıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi obyektin tikintisinə 83 nömrəli icazə verib. Qüvvədə olan Vergi qanunvericiliyinin 218-ci maddəsinin tələbinə görə yaşayış sahəsi sökülən mülkiyyətçilərə yeni mənzillər ayrılarkən 20 faizdən artıq sahə verildikdə, 20 faizdən artıq sahə üçün vergi ödənilməlidir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, şikayətin təmin olunmasını xahiş etdi və əlavə olaraq izahatında göstərdi ki, xüsusi mülkiyətində olan ev binanın 1-ci mərtəbəsində, mərkəzi yolun kənarında yerləşir. Evin yerləşdiyi sırada və ev ilə üzbəüz istiqamətdə obyektlər yerləşir. Onlar həmin evi alarkən obyekt niyyətilə və obyekt qiymətinə almışlar. Qonşuluqda 1-ci mərtəbədə yerləşən, obyekt kimi heç bir sənədi olmayan evi 350000 manata satırlar. Üzbəüz yerləşən binada obyektin 1kv metr – 8000 manata satılır. Onun evi yüksək səviyyədə təmirlidir və o, təmirə külli miqdarda pul xərcləmişdir. Ümumiyyətlə onun evini satmaq fikri yoxdur. Artıq 2 ildir ki, onlar toz - torpaq, səs-küy içərisində yaşayırlar, sağlamlıqlarına ciddi ziyan dəyib və mənəvi zərər vurulub.

17. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri apellyasiya şikayətini qəbul etməyərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır; Maddə 29. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz; Maddə 43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; Maddə 71. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur; Maddə 71. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.4. mülkiyyətin toxunulmazlığı; Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.

20. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar.

21. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 6. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətləri aşağıdakılardır: bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi, onların dövlət ehtiyacları üçün alınması; Maddə 50.1. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

Apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayəti ilə qətnamənin qismən – Cavabdeh1 aid hissədə ləğvi xahiş edildiyindən, mübahisənin predmeti bölünən olduğu, digər cavabdehlər iddianın təmin olunması ilə razılaşaraq, apellyasiya şikayəti vermədikləri (qətnamə onlar tərəfindən mübahisə edilmədiyi) üçün birinci instansiya məhkəməsinin qətnaməsinə digər cavabdehlərə aid hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, qətnamə bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, Cavabdeh1 hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 veriləcək mənzilin ölçüsü ilə bağlı hissədə dəyişdirilməlidir.

26. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı MTK Bakı şəhəri Nizami rayonu ərazisində apardığı tikinti işlərini Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 75 nömrəli 25 fevral 2016-cı il tarixli və 06 oktyabr 2017-ci il tarixli, 461 nömrəli sərəncamlarına uyğun olaraq mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətlərini tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsi ilə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasına uyğun olaraq həyata keçirir. Bu məqsədli iddiaçı MTK söküləcək mənzilin əksər sakinləri ilə razılığa gəlsə də, hazırkı iş üzrə cavabdehlərlə razılıq əldə olunmadığından məhkəməyə müraciət etmişdir.

27. Hazırkı apellyasiya baxışının predmetini təşkil edən iddianın Cavabdeh1 münasibətdə olan hissəsində də iddiaçının mövqeyi eyni olmuş, cavabdehin əsassız olaraq, varlanmaq niyyəti ilə mənzili tərk etməyərək, tikinti işlərinin başlanmasını yubatdığını bildirmişdir.

28. Cavabdeh1 isə apellyasiya şikayəti ilə qətnamənin ona aid hissədə ləğv edilməklə iddianın rədd edilməsini xahiş etmiş, bu barədə dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının təklifi onun mənzilinin dəyərindən aşağıdır. Mənzilin əlavə qeyri-yaşayış sahələri də mövcuddur. İddiaçı ona təmirsiz mənzil təklif edir. Onun ailə üzvləri ilə birlikdə yaşamağa başqa evi yoxdur. Həmçinin iddiaçının təklif etdiyi mənzili təmir etdirib yaşanılacaq vəziyyətə gətirmək də yüksək məbləğdə xərc tələb edir.

29. Kollegiya qeyd edir ki, apellyasiya şikayəti iddiaçının ona təmirsiz mənzil təklif edtməsi, onun ailə üzvləri ilə birlikdə yaşamağa başqa evinin olmaması, həmçinin iddiaçının təklif etdiyi mənzili təmir etdirib yaşanılacaq vəziyyətə gətirmək də yüksək məbləğdə xərc tələb olunması isə əsaslandırılsa da, bu xüsusatlar nəinki işin halları, birinci instansiya məhkəməsinin qətnaməsi və həmin qətnaməyə əsasən gəlinən nəticə ilə tam təkzib olunur.

30. Belə ki, iddiaçının tikintisinə başlamaq istədiyi yeni çoxmənzilli bina istismar müddətini başa vurmuş, müasir yaşayış tələblərinə cavab verməyən köhnə binanın yerində inşa ediləcək və bu binada sakinlərə yeni təmirli mənzilləri verməyi iddiaçı öhdəlik kimi öz üzərinə götürür və yeni mənzilin təmirli olaraq təhvil verilməsi qətnamənin nəticəvi hissəsində qeyd olunmuşdur. Binanın sakinlərinin əksəriyyətinin binanı tərk etdiyi də işin mübahisə edilməyən halıdır.

31. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, mülkiyyət hüququna müdaxilənin mümkünlüyünü nəzərdə tutan aktlarda xüsusi mülkiyyətin sosial öhdəliklərə səbəb olması, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə, cəmiyyətin maraqları naminə, qanunla nəzərdə tutulmuş şərtlər çərçivəsində məhdudlaşdırılması, şəxsin bu hüquqdan məhkəmə qərarı ilə məhrum edilməsinin mümkünlüyü açıqca təsbit olunmuşdur. O cümlədən, qəza vəziyyətində olan və bərpası mümkün olmayan binaların yerində yeniləri inşa edilməklə, mülkiyyət hüququnun kompensasiyası mümkündür.

32. Cavabdeh izahatında və məhkəməyə ünvanlandığı ərizəsində ona məxsus evin binanın 1-ci mərtəbəsində, mərkəzi yolun kənarında yerlədiyini, evin yerləşdiyi sırada və ev ilə üzbəüz istiqamətdə obyektlərin olduğunu, evi alarkən obyekt niyyətilə və obyekt qiymətinə aldığını bildirmişdir. Cavabdehin bu dəlilinə münasibətdə məhkəmə kollegiyası ilkin olaraq onu qeyd edir ki, mübahisə predmeti olan mənzil qeyri – yaşayış sahəsi deyil, yaşayış sahəsi kimi qeydə alınmışdır və bu əsasla qiymətləndirilə bilməz. Digər tərəfdən həmin cavabdeh izahatında həmin evin 1-ci mərtəbəsində obyekt olmadığını bildirmiş, lakin evin yerləşdiyi sırada və ev ilə üzbəüz istiqamətdə obyektlərin olduğunu bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, evin yerləşdiyi sırada və ev ilə üzbəüz istiqamətdə obyektlərin olması mənzilin qeyri - yaşayış sahəsi ilə eyniləşdirə bilməz. Mənzil yaşayış sahəsi kimi qeydə alınsa da, həmin mənzildən qeyri – yaşayış sahəsi kimi istifadə edilsə idi, məhkəmə kollegiyası həmin daşınmaz əmlakın cavabdeh üçün gəlir gətirməsini əlavə hal kimi nəzərə alaraq fərqli nəticəyə gələ bilərdi. Lakin hazırkı vəziyyətdə bu hal da mövcud olmadığından məhkəmə kollegiyası bu qənaətə gəlir ki, qeyd olunan xüsusat qətnamənin ləğvinə əsas vermir.

33. Bununla yanaşı, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi kimi tədbirlər, orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması kimi qanuni məqsədlər daşısa belə, mülkiyyət hüququnun kompensasiyası ədalətli (mütənasib) olmalıdır. Ədalətli kompensasiya dedikdə, müdaxilə ilə hüququ pozulan şəxsin düşdüyü zərərin tam şəkildə qarşılanması başa düşülür.

34. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin cavabdehə məxsus mənzilin əvəzində tikiləcək çoxmərtəbəli yaşayış binasında təmirli yeni mənzilin verilməklə, mənzildən çıxarılmalı olması ilə bağlı gəldiyi nəticə düzgün olsa da, mövcud vəziyyətdə cavabdehə əvəz kimi verilən əmlakın əlamətləri konkret şəkildə fərdiləşdirilmədiyindən, bu məzmunda çıxarılmış qətnamə tikinti şirkətinin vəzifələrini dəqiq müəyyən edən, kompensasiyanın ədalətli olub-olmamasını müəyyənləşdirməyə imkan verən, habelə mülkiyyətinə müdaxilə olunan cavabdehin hüquqlarının real bərpasını təmin edən məhkəmə aktı hesab edilə bilməz.

35. Halbuki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarına əsasən, qətnamənin nəticə hissəsi baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. Məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır (§26).

36. Kompensasiya kimi cavabdehə verilən əmlakın əlamətlərinin konkret şəkildə fərdiləşdirilməməsi, eyni zamanda, həmin məhkəmə qətnaməsinin vaxtında və düzgün icra olunmamasına səbəb ola, bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz, qəbul olunmuş qərarı isə əhəmiyyətsiz edə bilər.

37. İddiaçı MTK tərəfindən məhkəmə kollegiyasına ünvanlanmış ərizədən görünür ki, Cavabdeh1 mənzilin əvəzinə MTK-nın inşa edəcəyi 10 nömrəli binanın 2-ci mərtəbəsindəki 84,68 kv.m. tikinti sahəsi olan 2 otaqlı 3 nömrəli mənzilin verilməsi barədə plan hazırlanmışdır.

38. Belə olan halda kollegiya qeyd edir ki, cavabdehin ünvan 2 ünvanında yerləşən binadakı 48,4 kv.m sahəsi olan ikiotaqlı 3 nömrəli mənzilinin və sənədsiz sahə kimi 10-12 kv.m zirzəminin əvəzində Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti A.Manafov, T.Abbasov və Özbəkistan küçələrinin kəsişməsindəki 2452 nömrəli məhəllədə yeni inşa ediləcək binada 84,0 kv.m sahəsi olan ikiotaqlı təmirli mənzil verilməsi ədalətli hesab olunmalıdır.

39. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin Cavabdeh1 veriləcək mənzilin ölçüsü ilə bağlı gəldiyi nəticə düzgün olmamışdır, cavabdehin apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə qismən təsdiq olunmaqla, qətnamənin dəyişdirilməsinə əsas verir. Bununla bağlı olaraq, cavabdehin şikayəti qismən təmin edilməli, qətnamə yoxlanılan hissədə müzakirə olunan qaydada dəyişdirilməlidir.

40. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(007)-1647/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(007)-1647/2023 nömrəli qətnaməsi Cavabdeh1 veriləcək mənzilin ölçüsü ilə bağlı hissədə dəyişdirilsin. Cavabdeh1 ona məxsus olan ünvan 2 ünvanında yerləşən binadakı 48,4 kv.m sahəsi olan ikiotaqlı 3 saylı mənzilinin və sənədsiz sahəsinin sökülərək əvəzində İddiaçı MTK-nın Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti A.Manafov, T.Abbasov və Özbəkistan küçələrinin kəsişməsindəki 2452 saylı məhəllədə inşa etdiyi 10 saylı binanın 2-ci mərtəbəsində sahəsi 84,0 kv.m 2 otaqlı 3 saylı mənzili təmirli vəziyyətdə verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasimov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar