Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2756/2023 19.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Murtuzəliyevaya qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2756/2023 (Açar sözlər: mənzildən çıxarılması və əmlakın boşaldılması) Bakı şəhəri 19 aprel 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Eyvazov Rafael Əmir oğlu və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılması və əmlakın boşaldılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-269/2023 saylı 02 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə 19 aprel 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ASC ilə borc alan Cavabdeh1 ilə arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən illik faiz dərəcəsi 26% olmaqla 36 ay müddətinə 53600 ABŞ dolları məbləğində kredit verilmişdir və həmin kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 1 otaqlı, 31,5 kv.m. ümumi, 20 kv.m. yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzil və Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan-Binəqədi şossesi, 23 ünvanında yerləşən 179,2 kv.m. ümumi, 154 kv.m. əsas, 25,2 kv.m. köməkçi sahədən ibarət əmlak kompleksi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən bank borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Səbail rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(009)-428/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir.
2. İpoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 1 otaqlı, 31,5 kv.m. ümumi, 20 kv.m. yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzilini hərracdan İddiaçı ASC əldə etmiş və həmin əmlaka dair mülkiyyət hüququ barədə xx.xx.2020-ci il tarixli dövlət reyestrindən çıxarış almışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılması və əmlakın boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, "xxxx" İKB ASC (hazırki İddiaçı ASC) ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuş Cavabdeh1 məxsus Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 31,50 kv.m. ümumi sahədən ibarət olan 7/9 nömrəli evin 24 nömrəli mənzilinə və Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan-Binəqədi şossesi, 23 ünvanında yerləşən 179,2 kv.m. ümumi sahədən ibarət olan əmlak kompleksinə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(009)-428/2018 nömrəli qətnaməsinə əsasən tutma yönəldilmişdir. Əmlaklara dair İddiaçı ASC-nin mülkiyyət hüquqlarının xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi və ********** nömrəsi ilə DƏDRX-da qeydə alınmış və bankın adına çıxarış alınmışdır. İddia ərizəsinə əlavə edilmiş 16 yanvar 2015-ci il tarixli arayışından və MAPS arayışlarından göründüyü kimi, Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 7/9 nömrəli evin 24 nömrəli mənzilində Cavabdeh1 və Cavabdeh2 qeydiyyatda olmaqla yaşayırlar. Əmlakın İddiaçı ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər mənzildən çıxmaqdan imtina edirlər. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və digər şəxslərin Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 7/9 nömrəli evin 24 nömrəli mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçının nümayəndəsi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, onlarla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 7/9 nömrəli evin 2 nömrəli mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli 2(009)- 269/2023 saylı qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddianın təmin edilməsi, Cavabdeh1, Cavabdeh2, onlarla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslər Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 7/9 nömrəli evin 2 nömrəli mənzildən çıxarılmaları və həmin mənzil boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 157.2, 157.4-ci maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3, 59.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən Cavabdeh2 apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə məhkəmə proseslərində iştirakını təmin etməmiş, iddiaya qarşı etiraz verməyinə şərait yaratmamışdır. Beləliklə məhkəmə araşdırılması bir tərəfli qaydada aparılaraq, ödədiyi qəbzlərin məhkəməyə təqdim etməyinə imkan verməmişdir. Buna görə də qətnaməni əsassız, ədaltəsiz və qanunsuz sayır. Bundan başqa, iddiaçı ilə cavabdehin arasında olan şifahi razılaşmaya əsasən mənzil iddiaçının mülkiyyətinə keçmiş olasa da, kredit ödənişləri davam etdirilir, bunun müqabilində iddiaçı cavabdehlərin həmin evdə yaşamasına etiraz etmir və kredit borcu bağlandıqdan sonra yenidən mənzil mülkiyyətçilərin adma keçirbəcəkdir. Lakin iddiaçı tərəflər arasında olan razılaşmaya əməl etməyərək nəticədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir ki, bununlada MM-nin 425-ci maddəsinin tələblərini pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı 10 Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
11. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
12. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
13. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
14. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
15. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun.
16. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
20. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1909/19 saylı, xx.xx.2019-cu il tarixli qərarın surətindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Murtuzəliyevanın kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarı ilə həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-428/2018 saylı,xx.xx.2018-ci il tarixli qətnaməsi ilə "xxxx" İKB ASC-nin iddiası qismən təmin edilərək, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixli banka yaranan 42.585,82 ABŞ dolları əsas, 23.949,86 ABŞ dolları faiz, 597,56 ABŞ dolları cərimə, ümumilikdə 67.133,24 ABŞ dollarının (Mərkəzi Bankın ödəniş gününə olan məzənnə ilə) borc, 30 manat ödənilmiş dövlət rüsumun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumun və 40 manat xidmət haqqının tutularaq "xxxx" İKB ASC-nə ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 1 otaqlı, 31,5 kv.m. ümumi, 20 kv.m. yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzilə və Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, XırdalanBinəqədi şossesi, 23 ünvanında yerləşən, 179,2 kv.m. ümumi, 154 kv.m. əsas, 25,2 kv.m. köməkçi sahədən ibarət əmlak kompleksinə yönəldilməsi, Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 1 otaqlı, 31,5 kv.m. ümumi, 20 kv.m. yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzilin və Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan-Binəqədi şossesi, 23 ünvanında yerləşən 179,2 kv.m. ümumi, 154 kv.m. əsas, 25,2 kv.m. köməkçi sahədən ibarət əmlak kompleksinin açıq hərracdan satılması, əldə olunan vəsait hesabına borc məbləğinin "xxxx" İKB ASC-nə ödənilməsi, Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 1 otaqlı, 31,5 kv.m. ümumi, 20 kv.m. yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzilin ilkin satış qiymətinin 85.000 manat, Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan-Binəqədi şossesi, 23 ünvanında yerləşən, 179,2 kv.m. ümumi, 154 kv.m. əsas, 25,2 kv.m. köməkçi sahədən ibarət əmlak kompleksinin ilkin satış qiymətinin 55.000 manat müəyyən olunması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(102)-11110/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Səbail rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehlərdən iddiaçının xeyrinə faiz borcunun tutulması və ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.
25. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 7/9 nömrəli evin ümumi sahəsi 31,50 kv.m. olan 2 saylı mənzili mülkiyyət hüququ üzrə İddiaçı ASC-nin mülkiyyətindədir.
26. İş materiallarında olan Səbail rayon MKTB-nin 7 saylı MKİS tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli arayışın surətindən və Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli arayışlardan görünür ki, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, R.Rza küçəsində yerləşən 7/9 nömrəli evin 2 saylı mənzildə yaşayış yeri üzrə qeydiyyatdadırlar.
27. Kollegiya apellyatorun məhkəmə iclasında iştirakının təmin olunmamasına dair dəlilinə qiymət verərək qeyd edir ki, iş materiallarından görünüdüyü kimi, birinci instansiya məhkəməsində icraat zamanı bütün proses iştirakçılarının məhkəmə iclasında iştirakı təmin edilmişdir. Belə ki, iş materiallarında olan xəbərnamədən görünür ki, məhkəmə prosesinin yeri və vaxtı barədə bildiriş cavabhin ünvanına çatdırılmış və cavabdeh bildirişi imza edərək qəbul etmişdir. Bundan başqa poçt göndərişlərinin izlənməsi barədə portaldan çıxarışdan görünür ki, məhkəmə bildirişi Cavabdeh2 ya çatdırılmışdır. Buna görə də kollegiya bu dəlili əsassız hesab edir.
28. Kollegiya həmçinin apellyatorun birinci instansiya məhkəməsi iştirakını təmin etmədiyi üçün ödəniş qəbzlərini məhkəməyə təqdim edə bilməməsi barədə dəlilini də əsasız hesab edərək qeyd edir ki, cavabdeh həmin qəbzləri nə apellyasiya şikayətinə əlavə etmiş, nə də apellyasiya məhkəmə baxışında qeyd edilən qəbzləri təqdim etmişdir.
29. Kollegiya həmçinin apellyatorun “iddiaçı ilə cavabdehin arasında olan şifahi razılaşmaya əsasən mənzil iddiaçının mülkiyyətinə keçmiş olasa da, kredit ödənişləri davam etdirilir, bunun müqabilində iddiaçı cavabdehlərin həmin evdə yaşamasına etiraz etmir” barədə dəlilinə də əsasız hesab edir. Belə ki, cavabdeh qeyd edilən halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
30. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.
31. Apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-269/2023 saylı iş üzrə 02 fevral 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Rafael Eyvazov Günay Axundova