Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-131/2022 16.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5, Cavabdeh4 və Cavabdeh5 Qadir qızına qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (hazırda Mənzil Tikinti Kooperativi) cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5, Cavabdeh4 və Cavabdeh5 qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarına və Bakı şəhərinin baş planına əsasən paytaxtımızın daha da abadlaşdırılaraq gözəlləşdirilməsi məqsədilə Bakı şəhəri Nəsimi rayonunda ötən əsrin 20-50-ci illərində inşa edilmiş, istismar müddətini başa vurmuş, müasir yaşayış tələblərinə cavab verməyən, qəzalı, yararsız binaların sökülərək onların yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. Həmin Qərarın 1.1.-ci bəndində göstərilmişdir ki, mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Nəsimi rayonu üzrə XİX əsrin və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 266 yaşayış binasının, habelə rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırırlma sənədlərinin hazırlanması Nəsimi rayon İcra Hakimiyyəti həyata keçirsin. Buna görə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 02/05-1755 saylı, 12.10.2017-ci il tarixdə razılaşdırılmış tikinti planlaşdırma eskizi təsdiq edilmişdir. Bundan əlavə, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 02 fevral 2018-ci il tarixli, 36 nömrəli, “Nəsimi rayonu, Azadlıq prospekti, Mirəli Qaşqay, Mikayıl Rəfili və Sahib Zeynalov küçələrini əhatə etdiyi ərazi planlaşdırma sənədlərinin təsdiq edilməsi haqqında” Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 02/05-1755 saylı, 12.10.2017-ci il tarixli məktubu razılaşdırılmış, Nəsimi rayonu, Azadlıq prospekti, Mirəli Qaşqay, Mikayıl Rəfili və Sahib Zeynalov küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən, qəzalı vəziyyətdə olan yaşayış və qeyri-yaşayış binalarının sökülərək yerində İddiaçı tərəfindən yeni yaşayış binalarının tikintisi nəzərə alınmaqla həmin ərazinin əraziplanlaşdırma sənədləri təsdiq olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 02 fevral 2018-ci il tarixli, 37 nömrəli, “Yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” Sərəncamı ilə Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti, Mirəli Qaşqay, Mikayıl Rəfili və Sahib Zeynalov küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən ərazidəki mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layıhələşdirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı istifadəsinə verilmışdır. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 24 sentyabr 2018-ci il tarixli, 291 nömrəli, “Nəsimi rayonu, Azadlıq prospekti, Mirəli Qaşqay, Mikayıl Rəfili və Sahib Zeynalov küçələrinin əhatə etdiyi ərazidə şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, istismar müddəti başa çatmış evlərin sökülərək, yerində hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə icazə verilməsi haqqında” Sərəncamı ilə Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti, Mirəli Qaşqay, Mikayıl Rəfili və Sahib Zeynalov küçələrinin əhatə etdiyi ərazidə qanunvericiliklə nəzərdə tutulmuş qaydada şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, istismar müddəti başa çatmış mövcud yaşayış evlərinin və qeyriyaşayış obyektlərinin sökülərək, yerində hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının "xxxx" MMC tərəfindən tikintisinə icazə verilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi, ev 19 ünvanında yerləşən çoxmənzilli yaşayış binası XİX əsrin sonlarında inşa edilmiş, yaşayış evləri və yaşayış evləri but daşlardan, mişarlanmış əhəng daşından, dam örtükləri taxta konstruksiyadan inşa edilmiş, yaşayış evlərin but daşından olan divarlarında müxtəlif istiqamətli çatlar, taxta konstruksiyalarında çürümələr, beton konstruksiyalarında mühafizə qatının dağılması, tökülməsi, armatur millərinin açıqda qalaraq korroziyaya uğraması müşahidə olmuş, yaşayış evləri uzun müddət ərzində təmirsiz istismar olunmuş, köhnəlmiş, fiziki və mənəvi aşınmaya məruz qalmış, kommunikasiya xətləri və sistemləri yararsız vəziyyətdədir, həmin evlərdə, binada təmir bərpa və gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədəuyğun hesab edilmir, mövcüd tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcüd şəhərsalma tələblərinə cavab vermir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi “Azərdövləttikintilayihə” DLİ 20 iyul 2017-ci il tarixli, “Bakı şəhəri, Nəsimi rayonu, S.Zeynalov küçəsi 14,16, 18, M.Rəfili küçəsi 11, 13, 15, 17, 19, Azadlıq prospekti 40, 42, M.Qaşqay küçəsi 23 saylı ünvanlarda yerləşən yaşayış evlərinin texniki vəziyyəti haqqında” Aktdan da görünür ki, qeyd olunan ünvanlarda yaşayış evlərində və yaşayış binasında təmir bərpa və gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədəuyğun hesab edilmir, yaşayış binası ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında 19 fevral 2018-ci il tarixdə müqavilə bağlanmışdır. Müqavilə öhdəliyinə əsasən şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərindəki mənzillərdə yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni tam təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 350-550 manat miqdarında kirayə haqlarının verilməsi İddiaçı MMC-yə həvalə edilmişdir. Sözügedən ərazidəki sakinlərin böyük əksəriyyəti aylıq kirayə haqqı verilməklə müvəqqəti yaşayış yerlərinə köçürülmüşlər. Buna və binanın qəzalı vəziyyətdə olması səbəbindən həmin binada yaşayan əksər mənzilin sakinləri öz əşyalarını çıxarmış və mənzillərini boşaltmışlar. Lakin ünvan 1 ünvandakı ümumi sahəsi 50 kvadrat metr olan 2 otaqlı mənzilin mülkiyyətçisi və istifadəcisi Cavabdeh1 kirayə haqlarını İddiaçı MMC-dən almaqla müvəqqəti başqa yaşayış yerinə köçməmiş, yeni inşa ediləcək yaşayış binadan mövcüd mənzil sahəsindən 20% artıq təmirli mənzilləri qəbul etməkdən imtina etmişdir. Bunun nəticəsində Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanmış müqavilənin 2.3. və 2.4.-cü bəndləri axırıncı təşkilatdan asılı olmayan səbəblərdən icra edilməmişdir. Bundan əlavə, “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı Qərarı ilə qərara alınmışdır ki, müvafiq icra hakimiyyətləri aidiyyəti üzrə 5 il müddətinə aşağıdakıları həyata keçirsinlər: 1.1.qəzalı vəziyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi; 1.2. mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını; 1.3. qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını. Bakı şəhəri Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi, ev 19 ünvanında yerləşən yaşayış binasının əksər mənzil sahibləri, mülkiyyətçiləri ilə İddiaçı MMC arasında müqavilə bağlanaraq xüsusi mülkiyyətində olan mənzilin əvəzinə yeni inşa edilən yaşayış binasında mənzil verilməsi şərti ilə boşaldılaraq sökülməsi və müvafiq dövlət qeydiyyatının ləğv edilməsi barədə razılığa gəlinmiş və onlar ailə üzvləri ilə birlikdə mənzillərindən köçmüşlər. Hazırda sözügüdən binada cavabdehlər yaşayır. Bu səbəbdən tikinti işləri dayanmış, vətəndaşlara müəyyən olunmuş tarixdə binanı təhvil vermək öhdəliyi İddiaçı MMC-nin vəzifəli şəxslərinin iradəsindən asılı olmayaraq pozulmaqdadır. Eyni zamanda, İddiaçı MMC köçürülmüş sakinlərə kirayə haqqlarını ödəməyə başlamış, itirilmiş vaxta görə də binanın təhvil tarixi məcburi şəkildə uzanır. Bu da mənzillərindən köçən sakinlərin mənafeyinə ciddi xələl gətirir və hüquqları məhdudlaşır. Daha sonra, tikinti işinin dayandırılması şəhərin mərkəzində böyük bir ərazinin yarısökülmüş, görkəmi pozan şəkildə qalması qaçılmaz olacaq. Bu da haqlı narazılıqlar yaradacaqdır. ünvan 2 ünvandakı ümumi sahəsi 50 kvadrat metr olan mənzilin əvəzinə mülkiyyətçi Cavabdeh1 İddiaçı MMC həmin ünvanda inşa edəcək binada 24 ay müddətində 60 kvadrat metr sahəsi olan təmirli yeni mənzil verir, mənzilindən köçən cavabdehlərə digər yaşayış yeri ilə təmin etmək üçün iddiaçı hər ay 450 manat kirayə haqqı ödəyəcəkdir. Həmin mənzildə mülkiyyətçi Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, X6, Cavabdeh4 yaşayırlar. Cavabdehlər qeyd olunan mənzildən müvəqqəti çıxarılmalı, yeni yaşayış binasının inşa edilməsi üçün cavabdehlərin mənzili sökülməlidir. Göstərilənlərə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi, 19 saylı evin 20 saylı mənzilin sökülməsi; Cavabdeh1 mülkiyyətində olan ünvan 2 əvəzinə ünvan 3 ünvanda yerləşən yaşayış evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasında 60 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh1 xüsusi mülkiyyətinə verilməsi; Yeni mənzil ilə təmin edilənədək İddiaçı MMC tərəfindən Cavabdeh1 hər ay 450 manat kirayə haqqının ödənilməsi; cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, X3, Cavabdeh4 ünvan 2-dən çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin həcminin artırılması haqqında ərizə təqdim edərək, göstərmişdir ki, mülki iş üzrə mütəxəssisin 11.04.2022-ci il tarixli, H\01-PLS nömrəli rəyinə görə Cavabdeh1 məxsus olan ünvan 4-nin faktiki sahəsi 117 kv. metr müəyyən edilmişdir. ünvan 4 ünvandakı ümumi sahəsi 117 kv. metr olan mənzilin əvəzinə mülkiyyətçi Cavabdeh1 İddiaçı Mənzil Tikinti Kooperativi həmin ünvanda inşa ediləcək yüksəkmərtəbəli yaşayış binasında 24 ay müddətində ümumi sahəsi 141 kv. metr olan təmirli yeni mənzil verir, mənzildən köçən cavabdehlərə digər yaşayış yeri ilə təmin edilənədək iddiaçı hər ay 450 manat kirayə haqqı ödəyəcəkdir. Həmin mənzildən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 Qadir qızı, X6, Cavabdeh4 yaşayırlar. Cavabdehlər qeyd olunan mənzildən müvəqqəti çıxarılmalı, yeni yaşayış binasının inşa edilməsi üçün cavabdehin mənzili sökülməlidir. Buna görə də iddia tələbini dəqiqləşdirərək məhkəmədən ünvan 2-nin sökülməsi; Cavabdeh1 mülkiyyətində olan ünvan 2 əvəzinə ünvan 3 ünvanda yerləşən yaşayış evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasında 141 (yüz qırx bir) kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh1 xüsusi mülkiyyətinə verilməsi; yeni mənzil ilə təmin edilənədək İddiaçı MTK tərəfindən Cavabdeh1 hər ay 450 manat kirayə haqqının ödənilməsi; cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 Qadir qızının, X3, Cavabdeh4 ünvan 4-dən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6, Cavabdeh4 və Cavabdeh5 Qadir qızı məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarındakı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 11.01.2021-ci il tarixli, Çıxarışın surətindən görünür ki, ünvan 2 X4 və Cavabdeh5 Qadir qızının adına xüsusi (paylı) mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə müvafiq qeydiyyat aparılmışdır. İşin materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 31.07.1996-cı il tarixli Cavabdeh1 adına tərtib olunmuş texniki pasportun surətindən görünür ki, ünvan 2-nin ümumi sahəsi 80,2 kv.m-dən ibarətdir. İş materiallarında olan 17.12.2018-ci il tarixli, EL-496/2018 saylı lisenziyanın surətindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən İddiaçı MMC-yə tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərini həyata keçirməyə icazə vermişdir. İş materiallarındakı Bakı şəhər İH Nəsimi rayon MKTB-nin 16 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 156 №-li, 05.10.2020-ci il tarixli arayışa əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6, Cavabdeh4 və Cavabdeh5 ünvan 2-də qeydiyyatdadırlar. İş üzrə Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 24.09.2018-ci il tarixli, 291 saylı sərəncamına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 №-li qərarını rəhbər tutaraq İddiaçınə Nəsimi rayonu, Azadlıq prospekti, Mirəli Qaşqay, Mikayıl Rəfili və Sahib Zeynalov küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinə icazə verilmişdir. İş üzrə Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Q.S.İsmayılov ilə İddiaçı direktoru N.X.Umudov arasında bağlanılmış 19.02.2018-ci il tarixli müqaviləyə əsasən Şirkət tərəfindən Nəsimi rayonu, Azadlıq prospekti, Mirəli Qaşqay, Mikayıl Rəfili və Sahib Zeynalov küçələrinin kəsişmələrində yeni çoxmənzilli binaların tikintisi üçün Nazirlər Kabinetinin qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi razılaşdırılmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən "xxxx" MMC sakinlərin köçürülməsinə onlarla müəyyən edilmiş həddə nəqliyyat və əşyalarının daşınması üçün hər mənzil üçün birdəfəlik 300 manat pul vəsaiti ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.4-cü bəndinə əsasən Şirkət binaların tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda sökülən mənzilin (qeyriyaşayış) sahəsindən 20%-dən artıq sahəsi olan, təmirli mənzil (qeyri-yaşayış) sahəsi ilə təmin etməyi, bu zaman həmin mənzilləri (qeyri-yaşayış) su, qaz və elektrik enerjisi sayğacları ilə təmin etməyi öhdəsinə götürmüşdür. İş üzrə Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin «Azərdövləttikintilayihə» Dövlət Layihə İnstitutunun Baş Konstruktoru Emil Əsədullayev, Texnoloji sektorun mühəndisi Vüqar Bağırov, 2 №-li Memar-inşaat şöbəsinin konstruksiya sektorunun mühəndisi Vahid Anarın iştirakı ilə tərtib edilmiş 20.07.2017-ci il tarixli, ünvan 5 ünvanlarda yerləşən, istismar müddəti keçmiş yaşayış evlərinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, baxış keçirilən ərazidə yaşayış evləri XİX əsrin sonlarında inşa edilmişdir. Yaşayış evləri və mənzillər əsasən but daşından, mişarlanmış əhəng daşından, dam örtükləri taxta konstruksiyasından inşa edilmişdir. Sakinlər tərəfindən tikinti norma və qaydalarına uyğun olmadan yaşayış binasında çoxsaylı artırmalar inşa edilmişdir. Binada inşa edilmiş bu artırmalar binanın əlavə yüklənməsinə səbəb olaraq dayanıqlılığına mənfi təsir göstərir. Yaşayış evlərinin but daşından olan divarlarında müxtəlif istiqamətli çatlar, taxta konstruksiyalarında çürümələr, beton konstruksiyalarında mühafizə qatının dağılması, tökülməsi, armatur millərinin açıqda qalaraq korroziyaya uğraması müşahidə olundu. Yaşayış evlərinə və mənzillərə keçirilən vizual texniki baxış zamanı onların uzun müddət ərzində təmirsiz istismar olunduğu, köhnəlməsi, fiziki və mənəvi aşınmaya məruz qalması müəyyən olundu. Kommunikasiya xətləri və sistemləri yararsız vəziyyətdədir. Yaşayış evləri və yaşayış binası məhdud işlək vəziyyətdədir. Yaşayış evlərində və yaşayış binasında təmir bərpa və gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədəuyğun hesab edilmir. Yaşayış evləri və yaşayış binası ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. İşin materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 11 aprel 2022-ci il tarixli, H/01-PLS saylı daşınmaz əmlakın (mənzilin) faktiki ölçüsü barədə Hesabatından görünür ki, ünvan 2-nin ümumi sahəsi (faktiki ölçüsü) 117 kv.m təşkil edir. Həmçinin, işin materiallarında olan İddiaçı Mənzil Tikinti Kooperativinin 79 saylı, 20.04.2022-ci il tarixli arayışından görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarına və Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 02 fevral 2018-ci il tarixli, 34 nömrəli Sərəncamına əsasən Bakı şəhərinin baş planına əsasən paytaxtımızın daha da abadlaşdırılaraq gözəlləşdirilməsi məqsədilə Bakı şəhəri Nəsimi rayonunun “28 May” metrostansiyası yaxınlığında ötən əsrin 40-50-ci illərində inşa edilmiş, istismar müddətini başa vurmuş, müasir yaşayış tələblərinə cavab verməyən, qəzalı, yararsız binaların sökülərək onların yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. İddiaçı MTK-nə həvalə olunan “pilot layihə”yə uyğun olaraq Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Mirəli Qaşqay, Mikayıl Rəfili, Sahib Zeynalov və Ruhulla Axundov küçələrinin yerləşdiyi torpaq sahəsində qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən əmlakları sökülməsini, yenidən qurulmasını, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi, yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillər inşa etməlidir. Qeyd olunan ərazidə istismar müddətini keçmiş, yararsız 385 yaşayış və qeyri-yaşayış binaları mövcüd olmuşdur. 2017-ci ildən başlayaraq bu günə 362 bina (ev) sahibləri ilə razılaşdırılmış, əmlakları yeni tikilən mənzil və qeyri-yaşayış sahələri ilə əvəzləşdirilmişdir. Qalan 23 mənzil və ev sahibləri ilə razılşma mümkün olmadığından məhkəməyə müraciət edilmişdir. Yəni, İddiaçı MTK ərazidən 96% sakinləri köçürmüş, 6% sakinlər ilə mübahisə olduğundan məhkəməyə iddia ərizəsi vermişdir. İddiaçı MTK tərəfindən həmin ərazidə razılaşdırılmış layihəyə uyğun olaraq 6 ədəd 16 mərtəbəli yaşayış binaları inşa edilmiş, 1 binanın 4-cü mərtəbə səviyyəsində inşa edilməkdə davam edir, 1 binanın isə ərazisindən mülkiyyətçilərin köçürülməsi mərhələsindədir. MTK tərəfindən inşa edilmiş sahə 93.908,40 kvadrat metr, sakinlər ilə əvəzləşdirilən sahə 35.452,32 kvadrat metr təşkil etmişdir. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli, 86 saylı qərarının (mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş) icrası ilə əlaqədar Nəsimi rayonu ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Nəsimi rayon İcra Hakimiyyətinin başçısının müavini ilə İddiaçı MMC-nin direktoru arasında müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Mirəli Qaşqay, Mikayıl Rəfili və Sahib Zeynalov küçələrinin kəsişməsində qəzalı vəziyyətdə olan evlərdən sakinlərin köçürülməsi işlərinə başlanılmışdır. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin «Azərdövləttikintilayihə» Dövlət Layihə İnstitutunun əməkdaşları tərəfindən tərtib edilmiş akta əsasən ünvan 5 ünvanlarda yerləşən yaşayış evləri mövcud şəhərsalma tələblərinə cavab vermir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən iş üzrə daşınmaz əmlakın (mənzilin) faktiki ölçüsü barədə Hesabatı alınmışdır. Həmin Hesabatdan görünür ki, ünvan 2-nin ümumi sahəsi (faktiki ölçüsü) 117 kv.m təşkil edir. Məhkəmə hesab edir ki, qanunvericilikdə uçmaq təhlükəsi olan, istismar müddəti bitmiş və qəzalı vəziyyətdə olan yaşayış evlərinin sakinlərinin köçürülməsi yerli icra hakimiyyətinin hesabına həyata keçirilməli olmasına baxmayaraq, mübahisəli mənzilin yerləşdiyi ərazi Nəsimi rayon İcra Hakimiyyətinin sərəncamı ilə tikinti məqsədləri üçün İddiaçı MMC-yə ayrıldığından, həmçinin Nəsimi rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanılmış müqaviləyə əsasən yuxarıda göstərilən işlərin həyata keçirilməsini İddiaçı MMC öz üzərinə götürdüyündən, mənzilin sahəsinə 20% əlavə edilərək, cavabdehlərin 141 kv.m ümumi sahəsi olan mənzil sahəsi ilə təmin edilməsi barədə iddia tələbi əsaslıdır. Məhkəmə cavabdehlərin mülkiyyətində olan mənzilə dair İddiaçı MMC-nin vəsaiti hesabına aylıq müavinət (kirayə haqqı 450 manat) verilməklə və gələcəkdə mənzilin dövlət reyestrində qeydə alınmış qanuni sahələrinə 20% əlavə edilərək İddiaçı MTK-nın vəsaiti hesabına mənzil sahəsi ilə təmin edilməsi şərti ilə cavabdehlərin çıxarılması tələbi üzrə qeyd edir ki, həmin tələb də əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də bu məsələyə dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Məhkəmə mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluq tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (“Kuşoğlu Bolqarıstana qarşı” iş üzrə 2007ci il 10 may tarixli Qərar). Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (“Broniovski Polşaya qarşı” iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; “Skordino İtaliyaya qarşı” iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93). Göstərilən hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Avropa Məhkəməsinin “L.Y.Siqunova və M.Y.Siqunovanın Rusiyaya qarşı” 19.02.2019-cu il tarixli qərarında (şikayət № 18836/11) ifadə etdiyi hüquqi mövqeyə görə “müdaxilənin uyğunluğu cəmiyyətin ümumi mənafeyi ilə bağlı tələblərlə şəxslərin fundamental hüquqlarının qorunması imperativləri arasında düzgün balansın olması deməkdir ... heç bir məqamda aidiyyəti şəxslər yeni mənzilin köhnə mənzillə müqayisədə aşağı dəyərə malik olmasını təsdiq etməyiblər və işdə yer alan xüsusatlar buna əsas vermir ... ərizəçilər həcm etibarı ilə köhnədən bir az da böyük olan, nəzərəçarpacaq dərəcədə daha yüksək dəyərə malik yeni mənzil almışlar və bu mənzil onların köhnə mənzilinin qonşuluğunda yerləşir». Həmin işdə Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, tədbir mütənasib və uyğundur, şikayət açıq-aşkar əsaslandırılmayıb və Konvensiyanın 35-ci maddəsinin 3(a) bəndinə uyğun olaraq rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «”Fortis-Bayıl” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31.05.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392- İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Bununla əlaqədar məhkəmə şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edən Şəhərsalma və Tikinti Məcəlləsinin bir sıra maddələrinin nəzərdən keçirilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilən Məcəllənin 3.0.20-ci maddəsinə görə, tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsidir. Həmin Məcəllənin 4.1 və 4.2-ci maddələrinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindəndir. Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır (Şəhərsalma və Tikinti Məcəlləsinin 17-ci maddəsi). Beləliklə yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi, ünvan 2-nin sökülməsi; Cavabdeh1 ünvan 2 əvəzinə ünvan 3 ünvanda yerləşən yaşayış evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasında 141 (bir yüz qırx bir) kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzilin xüsusi mülkiyyətinə verilməsi; yeni mənzil ilə təmin edilənədək İddiaçı MTK tərəfindən cavabdehlərə hər ay 450 manat kirayə haqqının ödənilməsi; cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 Qadir qızının, X3, Cavabdeh4 ünvan 4-dən çıxarılması barədə qətnamə qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. ünvan 2 sökülsün. İddiaçı MTK tərəfindən Cavabdeh1 ünvan 2 əvəzinə ünvan 3 ünvanda yerləşən yaşayış evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasında 141 (bir yüz qırx bir) kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzil xüsusi mülkiyyətinə verilsin. Yeni mənzil ilə təmin edilənədək İddiaçı MTK tərəfindən cavabdehlərə hər ay 450 (dörd yüz əlli) manat kirayə haqqı ödənilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 Qadir qızı, X6, Cavabdeh4 ünvan 4-dən çıxarılsınlar. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-131/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-131/2022
16.05.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver