Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1325/2023 03.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Abdulova İlahə Telman qızının katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə Ərizəçi maraqlı şəxs 1 saylı Bakı Asan xidmət X1rşı «doğum faktının müəyyən olunması» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi maraqlı şəxs 1 saylı Bakı Asan xidmət X1rşı «doğum faktının müəyyən olunması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, o xx.xx.1987-ci il tarixdə Ermənistan SSR-nin Quqark rayonunda doğulmuş və o 1987-ci ildə Ermənistan SSR-nin Quqark rayon VVAQ idarəsi tərəfindən doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. O, Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1988-ci il yanvar ayının 1-dən 1992ci il yanvarın 1-dək Azərbaycan Respublikası ərazisində məskunlaşmış Ermənistan SSRdən qaçqın düşmüş şəxslərin siyahısındadır. O, oradan qaçqın düşdükdən sonra özünə aid bir çox sənədləri o cümlədən doğum haqqında şəhadətnaməni də gətirmişdir. Lakin qaçqınlıq həyatı sürdüyü üçün və bu səbəbdən də yaşayış yerini bir neçə dəfə dəyişdiyi üçün doğum haqqında şəhadətnaməni harada itirdiyini xatırlaya bilmir. Hazırda o arxivə müraciət edə bilmir. Ona görə ki, Ermənistana gedə bilmədiyi üçün “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”ın 13-cü bəndinə əsasən yaşadığı yerin qeydiyyat şöbəsinə müraciət etmiş və doğum akt qeydinin bərpa olunmasını istəmişdir. Lakin oradan ona bildirdilər ki, doğum haqqında şəhadətnamə təqdim olunmadığı üçün ərizənin təmini şöbədə mümkün olmamışdır. Hamıya bəlli olan fakt bundan ibarətdir ki, Qarabağ münaqişəsinə görə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında hər hansı rəsmi-diplomatik münasibətlər təsis edilməyib. Əgər belə bir münasibət mövcud olsaydı, onun doğum akt qeydinin Azərbaycanda bərpasına ehtiyac da qalmazdı. Məhz bu səbəbdən Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlər olmadığından onun Azərbaycanda doğum akt qeydinin bərpa olunmasına zərurət yaranıb. Doğum haqqında şəhadətnamənin olmasını şəhadətnaməni görən şahidlər də təsdiq edə bilərlər. O, təkrarən doğum şəhadətnaməsi almaq üçün 1 saylı Bakı Asan Xidmət X5 müraciət etmiş lakin əsaslı sənədlər olmadığı üçün doğum haqqında şəhadətnaməni verməkdən şöbədə imtina etmişlər. Adının Xanımzər, soyadının Rzayeva kimi yazılmasını, və xx.xx.1987-ci il tarixdə Ermənistan SSR-nin Quqark rayonunda doğulmağı ilə bağlı doğum haqqında şəhadətnamənin bərpa edilərək yeni doğum haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi vəkili Vəkil ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs 1 saylı Bakı Asan xidmət X3 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxs 1 saylı Bakı Asan xidmət X3 nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir.
6. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
7. Beləliklə, mülki işin materiallarından müəyyən olundu ki, Ərizəçi xx.xx.1987-ci ildə Ermənistan Respublikasının Quqark rayonunda doğulmuşdur. Ərizəçinin doğum haqqında şəhadətnaməsi itdiyində və onu verən orqan Ermənistan Respublikasında yerləşdiyindən və hazırda məlum səbəblərdən ərizəçinin həmin sənədi verən orqandan dublikatını almaq imkanı olmadığından həmin fakt məhkəmə qaydasında müəyyən olunmalıdır.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. İş materiallarında olan AA ******* №-li Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1987-ci ildə Ermənistan Respublikasında doğulmuşdur.
9. İş materiallarında olan 1 saylı Bakı Asan xidmət X3 ərizəçiyə ünvanladığı xx.xx.2023-cü il tarixli 05/Q-84/68 №-li məktubundan görünür ki, itmiş sənədin həqiqətən olduğunu təsdiq edən sənədi təqdim edə bilmədiyindən müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpası mümkün deyildir.
10. İş materiallarında olan Bakı şəhər Lenin rayonunun Pirşağı qəsəbə Soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notarial təsdiqli surətindən görünür ki, X7 xx.xx.1989-cu il tarixində Bakı şəhərində anadan olmuş, atası X8, anası X2r.
11. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyatı və Miqrasiya İdarəsi tərəfindən verilmiş sorğuya cavab olaraq məhkəməyə ünvanlamış məktubda bildirilmişdir ki, xx.xx.1987-ci il təvəllüdlü Ərizəçi ilk dəfə xx.xx.2005-ci il tarixdə Nərimanov RPİ tərəfindən AZE 03567715 nömrəli şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmiş, xx.xx.2022-ci il tarixdə isə şəxsiyyət vəsiqəsinin müddətinin bitməsi səbəbilə 1 saylı Bakı Asan xidmət Mərkəzinə müraciət edərək AA ******* nömrəli şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmişdir. xx.xx.2005-ci il tarixdə şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olunmuş sənədlərin saxlanılma müddəti bitdiyi üçün məhv edildiyindən məhkəməyə göndərilməsi mümkün deyildir. xx.xx.2022-ci il tarixdə AA******* nömrəli şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin surətləri isə göndəriləcəkdir.
12. İş materiallarında olan AZE 13666945 №-li Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1987-ci ildə Ermənistan Respublikasının Quqark rayonunda doğulmuşdur.
13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, ərizəçi onun qızıdır. xx.xx.1987-ci il tarixdə Ermənistan Respublikasının Quqark rayonunda anadan olmuşdur.
14. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, ərizəçi onun bacısıdır. xx.xx.1987-ci il tarixdə Ermənistan Respublikasının Quqark rayonunda dünyaya gəlmişdir. Analarının adı Rəfiqə, atalarının adı isə Ələdindir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
15. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır.
17. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.5-ci maddəsinə əsasən isə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır.
18. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
19. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
20. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarının 4-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər.
21. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
22. Məhkəmələr nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir.
23. Həmin Qərarın 6-cı bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.
24. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər.
25. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur.
26. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.
27. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1987-ci ildə tarixində Ermənistan Respublikasının SSR-nin Quqark rayonunda doğulması barədə doğumun qeyd edilmə faktı müəyyən olunmalı, doğum haqqında akt qeydləri kitabında ata qrafasında “X8”, milliyyəti “azərbaycanlı”, ana qrafasında “X4”, milliyyəti “azərbaycanlı” olaraq qeyd edilməsi barədə qeydiyyat aparılmalı və bunun əsasında doğum haqqında şəhadətnamə verilməlidir.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.
30. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 307-308, 311-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1987-ci il tarixində Ermənistan Respublikasının SSR-nin Quqark rayonunda doğulması faktı müəyyən olunsun. Doğum haqqında akt qeydləri kitabında ata qrafasında “X8”, milliyyəti “azərbaycanlı”, ana qrafasında “X4”, milliyyəti “azərbaycanlı” olaraq qeyd edilməsi barədə qeydiyyat aparılsın və bunun əsasında doğum haqqında şəhadətnamə verilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov