Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1330/2023 29.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh LPO "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və LPO "xxxx" ASC-yə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «öhdəliyin qoyulması və maddi ziyan» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna «öhdəliyin qoyulması və maddi ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ipoteka ilə yüklü edilmiş Abşeron rayonu Saray qəsəbəsində 0,06 ha torpaq sahəsində yerləşən, 132,59 m2 ümumi, 78,7 m2 əsas, 53,89 m2 köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin girovdan azad edilməsi öhdəliyinin cavabdeh Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması və 10.000 manat maddi ziyanın cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, ipoteka ilə yüklü edilmiş Abşeron rayonu Saray qəsəbəsində 0,06 ha torpaq sahəsində yerləşən, 132,59 m2 ümumi, 78,7 m2 əsas, 53,89 m2 köməkçi sahəsindən ibarət olan fərdi yaşayış evinin üzərindən yüklülüyün (girovun) götürülməsi barədə ipoteka qeydiyyatını aparan dövlət orqanına (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs) ərizə ilə müraciət etmək və ona məxsus daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının əslinin qaytarılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması; Daşınmaz Əmlakın Dövlət Reyestrində bununla bağlı müvafiq qeydlərin aparılması və Abşeron rayonu Saray qəsəbəsində 0,06 ha torpaq sahəsində yerləşən, 132,59 m2 ümumi, 78,7 m2 əsas, 53,89 m2 köməkçi sahəsindən ibarət olan fərdi yaşayış evinin yüklülük haqqında müvafiq qeydlərin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən ləğv edilməsi; 10.000 manat maddi ziyanın cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, "xxxx" ASC ilə X9 oğlu (bundan sonra - birinci cavabdeh) arasında bağlanmış xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya 12 ay müddətinə, 100.000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliklərinin təminatı kimi İddiaçı məxsus Abşeron rayonu Saray qəsəbəsində 0,06 ha torpaq sahəsində yerləşən, 132,59 m2 ümumi, 78,7 m2 əsas, 53,89 m2 köməkçi sahəsindən ibarət olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Sonradan ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə 10 iyul 2012-ci il tarixli razılaşmaya əsasən borc alana verilən kredit vəsaitlərindən istifadə müddəti 24 ay uzadılmış, kredit vəsaitlərindən istifadə müddətinin 29 aprel 2015-ci il tarixdə bitməsi müəyyən edilmişdir. Bank borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehə xəbərdarlıq etmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30.468,42 manat əsas, 2.471,30 manat faiz, 21.027,45 manat dəbbə pulu, cəmi 53.967,17 manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın İddiaçı məxsus olan Abşeron rayonu Saray qəsəbəsində 0,06 ha torpaq sahəsində yerləşən, 132,59 m2 ümumi, 78,7 m2 yaşayış sahəsindən ibarət olan 1 mərtəbəli, 4 otaqlı fərdi, yaşayış evinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin (likvid) müəyyənləşdirilməsi, mənzilin açıq hərracdan satılması, bankın kredit tələbinin satılmış əmlak hesabına ödənilməsi, ipoteka predmeti olan yaşayış evi satıldıqda X9 oğlu, İddiaçı, X4, X5 və onunla birlikdə yaşayan digər ailə üzvləri, həmçinin ipoteka müqaviləsi bağlandıqdan sonra mənzilə qeydiyyata düşən şəxslərin 1 ay ərzində evləri tərk etmədikdələri halda onların məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər qismində İddiaçı, X4 və X2 göstərmiş və cavabdeh İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi «Əmanətlərin Sığortalanması Fondu»nun xeyrinə ödənilməmiş 30.468,42 manat əsas borc, 18.027,21 manat cərimə, müqavilənin bitdiyi tarixdən 13 yanvar 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 7.165,62 manat borc olmaqla, cəmi 55.661,25 manat məbləğində borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun hesablanaraq ödənilməsi, tutmanın cavabdeh İddiaçı qızma məxsus olan Abşeron rayonu Saray qəsəbəsində 0,06 ha torpaq sahəsində yerləşən, 132,59 m2 ümumi, 78,7 m2 əsas, 53,89 m2 köməkçi sahəsindən ibarət olan fərdi yaşayış evinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın açıq hərracda satılması və satışından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, həmin mənzilə tutma yönəldikdə və o, satıldıqdan 1 ay sonra İddiaçı, X4 və X1 həmin mənzillərə olan istifadə hüququnun itirilmiş hesab edilməsi, İddiaçı, X4 və X1 həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və ləğv prosesində olan "xxxx" ASCyə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, ipoteka müqaviləsinə əsasən İddiaçı məxsus Abşeron rayonu Saray qəsəbəsində 0,06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 132,59 m2 olan 4 otaqlı fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh borcunu qrafik üzrə qaytarmayaraq, öhdəliyin icrasını gecikdirmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməmiş, banka tələbdə göstərilən məbləğlərdə borcu qalmışdır. Ona görə də, həmin borcun tutulmasını və tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli 211M saylı rəyindən görünür ki, İddiaçı məxsus Abşeron rayonu Saray qəsəbəsində 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin xx.xx.2018-ci il tarixə olan bazar dəyəri 135.000 manat müəyyən edilmişdir. Abşeron Rayon Məhkəməsinin (hakim Elman Məmmədov) 10 sentyabr 2020-ci il tarixli 2(012)-20/2020 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 12106 nömrəli və xx.xx.2020-ci il tarixli, 4952 nömrəli ekspert rəylərindən məlum olur ki, X9 oğlunun krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair maliyyə arayışı, hesabdan çıxarış məlumatları, xx.xx.2011-ci il tarixli, FP/Q-014-011 saylı kredit müqaviləsi və xx.xx.2013-cü il tarixli razılaşma şərtləri əsas götürülməklə X9 oğlunun xx.xx.2015-ci il və xx.xx.2020-ci il tarixədək banka olan borcu tam ödənilmişdir və borc qalığı müəyyən edilməmişdir. Abşeron Rayon Məhkəməsinin (hakim Elman Məmmədov) 10 sentyabr 2020-ci il tarixli, 2(012)-20/2020 nömrəli qətnaməsi apellyasiya və kassasiya instansiyalarında qevvədə qalmışdır. Mülkiyyətçi Ali Məhkəmənin xx.xx.2022-ci il tarxli qərarından sonra xx.xx.2022ci il tarixdə mülkiyyətində olan evi satmış və buna dair beh müqaviləsi bağlamışdır. Bundan sonra mülkiyyətçi xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət edərək ipoteka ilə yüklü edilmiş Abşeron rayonu Saray qəsəbəsində 0,06 ha torpaq sahəsində yerləşən, 132,59 m2 ümumi, 78,7 m2 əsas, 53,89 m2 köməkçi sahəsindən ibarət olan fərdi yaşayış evinin girovdan azad edilməsini xahiş etmişdir. Lakin cavabdehin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublarına əsasən ipoetka ilə yüklü edilmiş əmlakı girovdan azad edilməsindən heç bir əsas gətirilmədən imtina edilmişdir. Bu səbəbən də, mülkiyyətçi, beh müqaviləsinə görə aldığı 5.000 manatın iki qatını, yəni 10.000 manat qaytarmalı olmuşdur. Hesab edir ki, cavabdehin əsassız imtinasına görə iddiaçıya 10.000 manat maddi ziyan dəymişdir. Çünki məhkəmə qətnamələrinə əsasən banka olan borc tamamilə ödənilmişdir. Belə olan halda cavabdehin hüququ yoxdur ki, ipoteka ilə yüklü edilmiş əmlakı girovda saxlasın. Bu səbəbdən, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh LPO "xxxx" ASC-nin nümayəndəsi X6 məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun Hüquq departamentinin direktoru Azər Əmirov məhkəməyə iddiaya etiraz göndərmişdir. Etirazda qeyd olunur ki, İddiaçı iddiası əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. Ərizəçi Azərbaycan Respublikası Mərkəzi Bankı xx.xx.2016-cı İl tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə "xxxx" ASC-nin iflas prosedurunun başlanmasına dair ərizə ilə müraciət edərək, Bankın müflis elan edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)-1541/2016 saylı qərarı ilə "xxxx" ASC-nin müflis elan edilməklə, iflas prosesinə başlanılması, "xxxx" MMC-nin Banka ləğvedici təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)-154/2016 saylı qərardadı ilə ləğvedici dəyişdirilmiş və Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi təyin edilmişdir. «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 72-ci maddəsinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarında qeyd olunur ki «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin «dayandırma» ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır». Beləliklə, İddiaçı tərəfindən irəli sürülmüş iddia məhkəmə tərəfindən nəinki icraata qəbul edilməməli, ümumiyyətlə ərizənin qəbulundan imtina edilməli idi. İddiaçının pul tələbi kreditor tələbi olduğundan, həmin iddia tələbinə Bankın müflis elan olunmasına dair qərar qəbul etmiş məhkəmə (Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası) tərəfindən baxılaraq hüquqi qiymət verilməli idi. Müflis elan olunmuş banka qarşı tələblər yalnız iflas proseduru çərçivəsində irəli sürülür (Banklar haqqında qanun, 72.1.3-cü maddə). LPO "xxxx" ASC İddiaçı və digərlərinə qarşı 53.967,17 manat pulun tutulması və ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-20/2020 saylı qətnaməsi ilə Bankın iddia tələbləri təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Abşeron rayon məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Nəzərinizə çatdırırıq ki, qüvvədə qalmış qətnamələrdə Bankı cavabdehlərə qarşı iddiası təmin olunmamışdır. Həmin qətnamədə bankın üzərinə əmlakın ipotekadan azad olunması ilə bağlı hər hansı öhdəlik qovulmamışdır. xx.xx.2022-ci il tarixində İddiaçı ipoteka predmeti olan mənzili satmasına dair beh müqaviləsi bağlamasının heç bir əsası olmamışdır. Belə ki, o, mənzilin ipoteka predmeti olduğunu bilirdi və bunu bilərək, gələcək nəticələrini təxmin edərək bu müqaviləni imzalamışdır. İddiaçının bu düşünülməmiş hərəkətinə görə, Bank deyil iddiaçı özü məsuliyyət daşımalıdır. Bundan başqa iddiaçı beh müqaviləsini bağladıqdan sonra xx.xx.2022-ci il tarixində Banka «ipotekadan azadetmə» ilə bağlı müraciət etmişdir. İddiaçı ipoteka yüklülüyündə olan əmlaka dair beh müqaviləsi bağladığına görə məsuliyyət Bankın üzərinə qoyula bilməz. Bildirilmişdir ki, Bankın İddiaçı qarşı «borcun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi» tələbinin məhkəmədə təmin olunmamasının əsas səbəbi ekspertin yalnış hesablama aparması olmuşdur. Bankın iddiası təmin olunmasa da İddiaçı hal-hazırda bank əməliyyat sistemində 53.967,17 manat borcu mövcuddur. İddiaçı tərəfindən ödənişlər vaxtında icra olunmadığından Bank həmin vəsaitlərdən faydalana bilməmiş, müvafiq vəsaitlər Bankın büdcəsində kəsirə səbəb olmuş və bu cür hallar onun iflasına rəvac vermiş, ləğv prosesi müddətində isə kreditorların borcunu vaxtında qaytara bilməmiş və bununla da Banka zərər dəyməsi ilə nəticələnmişdir. Banka olan borcun ödənməməsi və əmlakın ipoteka yüklülüyündən azad edilməsi, gələcəkdə mənfi məhkəmə təcrübəsinin yaranmasına səbəb olacaqdır. Bu hal məhkəmə qətnamələrinin gələcəkdə vaxtında icra olunmayacağına, onlara dırnağarası baxılacağına və zərərçəkmiş şəxslərin hüquqlarına toxunacağına və onların hüquqlarının pozulmasına gətirib çıxaracaqdır. Həmçinin qeyd etməliyik ki, hazırki iş üzrə artıq məhkəmə təcrübəsi mövcuddur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 iyun 2022-ci il tarixli 2(102)-2920/2022 saylı qərarı ilə oxşar məhkəmə qətnaməsi qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə əsasən əsas öhdəliyə xitam verildikdə, ipotekaya xitam verilir. Etirazda İddiaçı Əmanətlərin Sığortalanması Fonduna qarşı iddiasına dair mülki iş üzrə icraata xitam verilməsi və ya iddia tələbinin əsassız hesab edilərək rədd olunması xahiş edilmişdir. Cavabdeh Əmanətlərin Sığortalanması Fonduna və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Əmanətlərin Sığortalanması Fondunun və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və cavabdeh LPO "xxxx" ASC-nin nümayəndəsi X3 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-4942/2022 saylı qərarından göründüyü kimi, həmin iş üzrə iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu X9 oğluna və digərlərinə qarşı «kredit borcunun tutulması, tutmanın ipotekaya qoyulmuş əmlaklara yönəldilməsi və açıq hərracdan satılması» tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəsməsinə müraciət etmişdir. Abşeron rayon Məhkəsməsinin 10 sentyabr 2020-ci il tarixli 2(012)-20/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli 2(105)-514/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Abşeron rayon Məhkəsməsinin 10 sentyabr 2020-ci il tarixli 2(012)-20/2020 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-4942/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli 2(105)-514/2021 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materiallarından göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə borclunun kredit müqaviləsi üzrə borcu olmadığı müəyyən edilmişdir. İşin qeyd olunan halı aşkar olmaqla, həmin faktın yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İddiaçı nümayəndəsi vasitəsi ilə Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək, iddia ərizəsində qeyd olunan məsələ ilə əlaqədar zəruri tədbir görülməsini xahiş etmiş, lakin sonuncu həmin müraciətə 14 noyabr 2022-ci il tarixli və 02 dekabr 2022-ci il tarixli məktublarla cavab verərək, Fondun üzərinə məhkəmə qərarı ilə icra ediləcək hər hansı öhdəlik qoyulmadığını əsas gətirmiş və bunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə vurğulayır ki, əsas öhdəliyin icrasının təminatı üsulu olan yuxarıda qeyd edilən ipoteka müqaviləsi üzrə təminat altına alınan borc öhdəliyi icra edildiyindən, əmlakın ipoteka ilə yüklü vəziyyətdə saxlanılması (qalması) mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozur. Borc öhdəliyi icra edildiyindən və bankın iddiaçıya qarşı iddiası rədd edildiyindən, ipoteka müqaviləsinə xitam verilmiş və aktuallığını itirmişdir. Fərdi yaşayış evinin ipoteka müqaviləsi üzrə yüklü qalmasına heç bir zərurət yoxdur, bu vəziyyətin davam etməsi mahiyyət etibarı ilə mülkiyyətçinin dövlət tərəfindən tanınan və qorunan mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Mülki Məcəllənin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Mülki Məcəllənin 294.1.1-ci maddəsinə əsasən girovla təmin edilmiş öhdəliyə xitam verildikdə girova xitam verilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə əsasən əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Göründüyü kimi, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. İddianın 10.000 manat pul tələbinə dair hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin hissədə iddia əsassızdır və təmin edilə bilməz. Çünki, iddiaçı yuxarıda qeyd olunan məhkəmə aktlarında qeyd olunan mübahisə olduğunu, mübahisəyə müvafiq hüquqi qiymət verildiyini bilmiş, ipoteka predmetinin yüklülükdən azad edilib-edilməməsini yoxlamadan, beh müqaviləsi bağlamışdır. Bundan əlavə Mülki Məcəllənin 419.2-ci maddəsinə əsasən beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Göründüyü kimi müqavilə bağlanarkən qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 120 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, ipoteka ilə yüklü edilmiş Abşeron rayonu Saray qəsəbəsində 0,06 ha torpaq sahəsində yerləşən, 132,59 m2 ümumi, 78,7 m2 əsas, 53,89 m2 köməkçi sahəsindən ibarət olan fərdi yaşayış evinin üzərindən yüklülüyün (girovun) götürülməsi barədə ipoteka qeydiyyatını aparan dövlət orqanına (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs) ərizə ilə müraciət etmək və ona məxsus daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının əslinin qaytarılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulmalı, Daşınmaz Əmlakın Dövlət Reyestrində bununla bağlı müvafiq qeydlərin aparılması və Abşeron rayonu Saray qəsəbəsində 0,06 ha torpaq sahəsində yerləşən, 132,59 m2 ümumi, 78,7 m2 əsas, 53,89 m2 köməkçi sahəsindən ibarət olan fərdi yaşayış evinin yüklülük haqqında müvafiq qeydlərin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən ləğv edilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Ödənilmiş 120 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İpoteka ilə yüklü edilmiş Abşeron rayonu Saray qəsəbəsində 0,06 ha torpaq sahəsində yerləşən, 132,59 m2 ümumi, 78,7 m2 əsas, 53,89 m2 köməkçi sahəsindən ibarət olan fərdi yaşayış evinin üzərindən yüklülüyün (girovun) götürülməsi barədə ipoteka qeydiyyatını aparan dövlət orqanına (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs) ərizə ilə müraciət etmək və ona məxsus daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının əslinin qaytarılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulsun. Daşınmaz Əmlakın Dövlət Reyestrində bununla bağlı müvafiq qeydlərin aparılması və Abşeron rayonu Saray qəsəbəsində 0,06 ha torpaq sahəsində yerləşən, 132,59 m2 ümumi, 78,7 m2 əsas, 53,89 m2 köməkçi sahəsindən ibarət olan fərdi yaşayış evinin yüklülük haqqında müvafiq qeydlərin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən ləğv edilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 120 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-1330/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1330/2023
29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver