Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1341/2021 10.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Ərizəçi və Maraqlı şəxs2 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs1 və Maraqlı şəxs2 maraqlı şəxslər qismində cəlb edilməklə “nikah haqqında akt qeydinin bərpa edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Ərizəçi məhkəməyə ərizə və sonradan tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, onunla Maraqlı şəxs2 arasında xx xxxxxx 1982-ci il tarixdə Ermənistan Quqark rayonunun Hallovar kənd Sovetliyində bağlanan nikahın qeyd edilmə faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o Maraqlı şəxs2 ilə xx xxxxxx 1982-ci il tarixdə Ermənistan Respublikası, Quqark rayonunun Hallovar kənd Sovetliyində rəsmi nikaha daxil olmuşdur və bu nikahlarından üç övladları anadan olmuşdur. Hal-hazırda isə ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayırlar. Onlar rəsmi nikaha daxil olduqdan sonra onlara sovetlik tərəfindən nikahın bağlanması haqqında şəhadətnamə təqdim edilmişdir. Məlum hadisələrlə bağlı onlar Ermənistan Respublikasından qaçqın düşərək Bakı şəhərinə gəlmişlər. Ailələrinə məxsus bir çox sənədlər, o cümlədən nikahın bağlanması haqqında şəhadətnamə Ermənistan Respublikasında qalmışdır. Həmin şəhadətnamənin onda yalnız surəti var. O, Bakı şəhəri Maraqlı şəxs1nə təkrar şəhadətnamə almaq üçün müraciət etmişdir. Lakin oradan ona bildirmişlər ki, itmiş yazının Qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadığı üçün vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Buna görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Onun Maraqlı şəxs2 ilə xx xxxxxx 1982-ci il tarixdə Ermənistan Respublikası Hallovar kənd Sovetliyində rəsmi nikaha daxil olmağının müəyyən edilməsi və bu barədə akt qeydinin bərpa edilməsi ona onkoloji xəstəlikdən əziyyət çəkdiyinə və əmək qabiliyyətini itirdiyinə görə pensiya almağı üçün lazımdır. Həmin sənədin olmaması ona lazım olan hüquqi hərəkətləri həyata keçirməkdə çətinlik törədir. Göstərilənlərə əsasən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs2 bildirdi ki, Ərizəçi onun həyat yoldaşıdır. Onlar 1982-ci il tarixdə Ermənistan Respublikasında ailə qurmuşlar. 3 övladları var. Nikah haqqında şəhadətnamənin surəti var, amma əsli itmişdir. Maraqlı şəxs1 məhkəməyə ərizə ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində bildirdi ki, Maraqlı şəxs2 onun dayısı oğludur, Ərizəçi isə onun bibisinin gəlinidir. Maraqlı şəxs2 ilə Ərizəçi toyu 1982-ci ilin noyabr ayında Ermənistanda Quqark rayonunun Hallovar kəndində olmuşdur. O da həmin toyda iştirak etmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Ermənistan SSR-nin Quqark rayonunun Hallovar kənd Soveti tərəfindən xx xxxxxx 1982-ci il tarixdə verilmiş İİ-СЛ 270912 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs2 ilə X1 arasında xx xxxxxx 1982-ci ildə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx xxxxxx 1982-ci ildə 33 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra kişiyə Gülməmmədov, qadına Gülməmmədova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, ərizəçinin övladlarının ata qrafasında ata adları Maraqlı şəxs2 qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs1 tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2020-ci il tarixli 05/Q-410/68 nömrəli məktubdan görünür ki, itmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda, vətındaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Qeyd olunan Məcəllənin 311-ci maddəsinin tələblərinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li, xx xxxxx 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarın 4.5-ci bəndinə əsasən nikahın qeydə alınma faktının müəyyən edilməsi xahişi ilə məhkəməyə o, halda müraciət edilə bilər ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanının itmiş qeydin bərpa edilməsinin mümkün olmamasını təsdiq edən sənəd mövcud olsun. Məhkəmə ər-arvadın hər ikisinin sağ olduqları dövrdə onların nikahının qeydə alınması faktının müəyyən edilməsindən imtina edə bilməz, çünki qanunvericilik buna hər hansı məhdudiyyət qoymamışdır. Nikahın qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə ər və ya arvad, yaxud onların hər ikisi müraciət edə bilər. Məhkəməyə ər-arvaddan biri ərizə verdikdə, digəri maraqlı şəxs qismində işdə iştirak etməyə cəlb edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ərizəçi onunla Maraqlı şəxs2 arasında olan nikahın bağlanması haqqında şəhadətnamənin verilməsi məqsədilə Maraqlı şəxs1nə müraciət etmiş, lakin itmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadığından məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, Maraqlı şəxs2 ilə Ərizəçi arasında Ermənistan SSR-nin Quqark rayonunda xx xxxxxx 1982-ci il tarixdə nikahlarının bağlanması faktı iş materialları ilə tam sübut olunduğundan, onların nikah şəhadətnaməsi itdiyindən və həmin sənədin bərpa olunması hüquqi əhəmiyyət kəsb etdiyindən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1961-ci il təvəllüdlü Ərizəçi ilə xx.xx.1961-ci il təvəllüdlü Maraqlı şəxs2 arasında xx xxxxxx 1982-ci il tarixdə Ermənistan SSR-nin Quqark rayonunun Hallovar kənd Sovetində bağlanmış nikahın qeyd edilmə faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-1341/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1341/2021
10.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver