Məhkəmə qərarları › İş №2(006)-136/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-136/2022

14.02.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-136/2022 14.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «kompensasiya ödənilməsi yolu ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 66 saylı evin 43 saylı mənzilinin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 6.000 manat kompensasiya verilməklə Cavabdeh Bakı şəhəri Nəsimi rayonu Moskva prospekti 66 saylı evin 43 saylı mənzilinin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 10.800 manat kompensasiya verilməklə, Cavabdeh Bakı şəhəri Nəsimi rayonu Moskva prospekti 66 saylı evin 43 saylı mənzilinin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 1984-cü ildə ailə quraraq nikah münasibətlərinə daxil olmuş və Cavabdeh anası - X6 məxsus olmuş Bakı şəhəri Nəsimi rayonu Moskva prospekti 66 saylı evin 43 saylı mənzilinə gəlin köçərək orada onlarla birgə yaşamışdır. O, bu ünvanda yaşayış yeri üzrə qeydiyyata da alınmışdır. Bir neçə ildən sonra cavabdehlə aralarında olan münasibətlər son dərəcə pisləşmiş, aralarında tez-tez münaqişələr baş vermiş və nəticədə cavabdehlə birgə yaşamaları qeyrimümkün olmuşdur. 1994-cü ildə cavabdehlə aralarında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Ailə münasibətlərinə xitam verildikdən sonra Cavabdeh bir müddət onun anasının mülkiyyətində olmuş mənzildə yaşamış, sonra övladları ilə daimi yaşamaq üçün Rusiya Federasiyasına köçmüş, orada özünə mənzil də almışdır. 1997-ci ildə onun anası vəfat edəndən sonra Bakı şəhəri Nəsimi rayonu Moskva prospekti 66 saylı evin 43 saylı mənzili vərəsəlik qaydasında mülkiyyətinə keçmiş və həmin mənzilə dair mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata alınaraq bu haqda ona Dövlət Reyestrindən müvafiq çıxarış verilmişdir. Cavabdeh öz növbəsində Rusiya Federasiyasında vərəsəlik qaydasında mülkiyyətinə mənzil əldə etmişdir. Belə olan halda cavabdehin onun mülkiyyətində olan mənzilə ehtiyacı yoxdur. Belə ki, cavabdeh demək olar ki, daimi olaraq Rusiya Federasiyasının ərazisində yaşayır və orada özü üçün yaşayış yeri seçmişdir. Azərbaycan Respublikasında cavabdeh çox nadir hallarda olur. Rusiya Federasiyası Daşınmaz Əmlakın Vahid Dövlət Reyestrindən əldə etdiyi məlumata görə, Cavabdeh Volqoqrad vilayəti Voljskiy şəhərində Drujba prospekti ev 16 ünvanda yerləşən 41 saylı mənzilə dair mülkiyyət hüququ Dövlət Reyestrində qeydiyyata alınmışdır. Hesab edir ki, bütün bu qeyd olunanlar Cavabdeh mübahisə predmeti olan yaşayış sahəsindən istifadə etmək niyyətində olmadığını açıq-aşkar sübut edir. Cavabdeh öz təşəbbüsü ilə ona məxsus mənzili tərk edib getmişdir və onun mülkiyyətində olan yaşayış sahəsinə cavabdehin ehtiyacı yoxdur. Hazırda da cavabdehin bu mənzildə yaşamaq niyyəti yoxdur, mənzildə formal qeydiyyatda qalmaqda yeganə məqsədi isə onun mülkiyyətində olan daşınmaz əmlak barəsində sərbəst şəkildə sərəncam vermək imkanının məhdudlaşdırılmasıdır. Cavabdeh artıq onun ailə üzvü olmadığından, cavabdeh özü üçün başqa daimi yaşayış yeri seçdiyindən və başqa ölkədə digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etdiyindən, bununla da, cavabdehin onun mülkiyyətində olan mənzilin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığından, cavabdehin yaşayış sahəsindən istifadə hüququna xitam verilməlidir. İddiaçı iştirak etdiyi əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, Cavabdeh ilə ailə qurduqdan sonra anasına məxsus evdə yaşamışlar. Daha sonra aralarında olan münasibətlər pisləşmiş və nikahları pozulmuşdur. Bir müddət keçdikdən sonra, yəni 01 mart 1997-ci il tarixdə o, yenidən ailə qurmuş və həmin ilin mart ayının sonlarında həyat yoldaşı X7 ilə Sankt Peterburq şəhərinə köçmüşlər. Anasının rəhmətə getməsi barədə ona keçmiş iş yoldaşı X3 xəbər vermişdir. Onun anası zəhmətkeş qadın olmuş, Topçubaşov adına xəstəxanada xadimə olaraq çalışmışdır. X10 3 gün ərzində insult keçirməsi səbəbi ilə vəfat etmiş və o, heç bir zaman yataq xəstəsi olmamışdır. Onun cavabdehlə birgə nikahlarından olan qızları Zakirova, hazırda isə X1 Rusiya Federasiyası Sankt Peterburq vilayəti Ulyanovka qəsəbəsində yaşayır. Qızları Volqoqrad vilayəti Voljskiy şəhərində yerləşən Cavabdeh adına rəsmiləşdirilmiş mənzilə mütəmadi olaraq anasını görmək üçün gedir. Onun ölmüş elan edilməsi barədə qətnamənin mövcud olmasından yalnız keçən il xəbər tutmuşdur. Hazırda onun əsas istəyi cavabdehin ona məxsus mənzilindən istifadə hüququna xitam verilərək, həmin mənzildən çıxarılmasıdır. Göstərilənlərə əsasən 10.800 manat kompensasiya ödənilmək şərti ilə Cavabdeh Bakı şəhəri Nəsimi rayonu Moskva prospekti 66 saylı evin 43 saylı mənzilinin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iştirak etdiyi əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, İddiaçı onun yaşayış sahəsinə istifadə hüququna xitam verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi ilə razı deyildir. Belə ki, iddia ərizəsində göstərilənlər həqiqəti əks etdirmir və tam yalan üzərində qurulmuşdur. İlk əvvəl onu qeyd etmək istəyir ki, o, bu evdə 1984-cü ildə nikaha daxil olduqdan sonra pasport qeydiyyatına alınaraq yaşamış və yaşamaqda davam edir. Onunla iddiaçı arasında olan nikahları 1994cü ildə deyil, 1995-ci ildə ləğv olunmuşdur. Nikahları ləğv olunduqdan sonra iddiaçı onu, iki uşağını və anasını ataraq Azərbaycan Respublikasından çıxıb getmiş və 05 mart 1997-ci ildə Rusiya vətəndaşlığını qəbul edərək, Sankt Peterburq şəhəri Polustrovskiy prospekti ev 21 mənzil 61 ünvanı üzrə qeydiyyata düşmüşdür. Anası vəfat edən zaman o, artıq Rusiya vətəndaşı olmuş və anasının vəfatından sonra bir gün Azərbaycana gəlib yenidən çıxıb getmişdir. Anası vəfat etdikdən sonra da o və iki övladı bu mənzildə yaşamaqda davam etmişlər. İddiaçı 2020-ci ildə gəlib notariat kontoruna ərizə ilə müraciət edərək, guya anası ölən zaman pasport qeydiyyatında olduğu mənzildə yaşadığı üçün vərəsəlik şəhadətnaməsi almış və sonradan bu mənzilə qeyri-qanuni yolla çıxarış almışdır. Lakin nə notariat kontoru, nə də dövlət Reyestr xidməti onun barəsində Azərbaycan Respublikasında ölməsi barədə ölüm şəhadətnaməsinin olmasını araşdırmamış, ona vərəsəlik şəhadətnaməsi vermiş və sonradan çıxarış da vermişlər. Bütün bu qanunsuz əməllərindən ruhlanan iddiaçı onun bu evdə yaşamasına, mənzil üçün bu illər ərzində kommunal xərclər çəkməsinə, mənzili təmir etdirib uçulub dağılmağa imkan verməməsinə baxmayaraq, 23 ildən sonra gəlib onun bu evdə yaşamadığını iddia edərək, istifadə hüququma xitam verilməsini istəyir və onun bu evdə yaşamadığını bildirir. Göstərilənlərə əsasən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə növbəti ərizə ilə müraciət edilərək, məhkəmə iclasının təxirə salınması xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil işin artıq uzun müddətdir ki davam etdiyini, cavabdehin hər dəfə işin uzadılması məqsədilə eyniməzmunlu ərizələr verdiyini qeyd edərək, mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını tələb etdi. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsi səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi rayon VVAQ şöbəsi tərəfindən 30 may 1995-ci il tarixdə verilmiş İİ-JQ seriyalı 312509 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında nikah 30.05.1995-ci il tarixdə pozulmuşdur. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 30.05.1995-ci il tarixdə 203 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 19 mart 1997-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X4 məxsus Bakı şəhəri Nəsimi rayonu Tbilisi prospekti 66 saylı evin 43 saylı mənzilini İddiaçı vəsiyyət etmişdir. İş materialalrında olan Bakı şəhəri Nəsimi rayon VVAQ şöbəsi tərəfindən 24 aprel 1997-ci il tarixdə verilmiş V-JQ seriyalı 281072 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 23 aprel 1997-ci il tarixdə “insult” səbəbindən Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 24 aprel 1997-ci il tarixdə 431 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 21 fevral 2020-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu Tbilisi prospekti 66 saylı evin 43 saylı mənzili vəsiyyətnamə üzrə miras pay qismində İddiaçı keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Tbilisi prospekti Moskva prospekti 66 saylı evin 43 saylı mənzili xüsusi mülkiyyət kimi tam pay üzrə İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 yanvar 2010-cu il tarixli 2(006)-132/2010 saylı qətnaməsindən görünür ki, ərizəçi X2 maraqlı şəxs Nəsimi rayon Qeydiyyat şöbəsinə qarşı “vətəndaşın ölmüş elan edilməsi” tələbinə dair ərizəsinin təmin edilməsi, ərizəçi X2 atası xx xxx 1957-ci ildə Leninqrad şəhərində anadan olmuş, ünvan 1 ünvanda daimi qeydiyyatda olan İddiaçı Şərif oğlunun ölmüş elan edilməsi, qətnamənin qanuni qüvvəyə mindiyi günün İddiaçı Şərif oğlunun ölüm günü sayılması qət edilmişdir. Yuxarıda qeyd edilən qətnamə əsasında İddiaçı ölmüş elan edilməsi barədə Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən 26 avqust 2010-cu il tarixdə AZ-İ seriyalı 417195 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli 2(006)-132/2010 saylı qətnaməsindən görünür ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş ərizənin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 yanvar 2010-cu il tarixli 2(006)-132/2010 saylı qətnaməsinin ləğv edilməsi, hazırki qətnamənin əmlakın idarə edilməsinin ləğvi üçün və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında İddiaçı Şərif oğlunun ölməsi barədə qeydin ləğv edilməsi üçün əsas olması qət edilmişdir. İş materiallarında olan əmlaka hüquqların verilməsi haqqında daşınmaz əmlakın Vahid dövlət reyestrindən 05.03.2020-ci il tarixli 99/2020/317124673 saylı çıxarışıdan görünür ki, Volqoqrad vilayəti Voljskiy şəhəri Drujba prospekti 16 saylı evin 41 saylı mənzili Cavabdeh adına 13.08.2002-ci il tarixdə 34-01/03-53/2002-166 nömrə ilə qeydiyyatdan keçmişdir. İş materiallarında olan Nəsimi rayon MTKB 23 saylı MKİS-in 2020-ci il tarixli 558 saylı arayışından görünür ki, Cavabdeh Bakı şəhəri Nəsimi rayonu Moskva prospekti 66 saylı evin 43 saylı mənzilində 10.06.1995-ci il tarixdən bu günə qədər qeydiyyatdadır. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh müxtəlif tarixlərdə (2012, 2013, 2014, 2015, 2016, 2017, 2018, 2019, 2020-ci il tarixlərdə) Sankt-Peterburq şəhərinə getməklə, Azərbaycan Respublikasının ölkə hüdudlarını keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş 19 iyun 2021-ci il tarixli 33/2046 saylı məktubdan görünür ki, İddiaçı dövlət sərhəddindən 15.02.2020-ci il tarixdə giriş etməklə, 07.03.2020-ci il tarixdə çıxış etmiş, habelə İddiaçı dövlət sərhədindən hərəkəti zamanı Rusiya Federasiyasına məxsus pasport təqdim etməklə dövlət sərhədindən buraxılmışdır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından müəyyən edildi ki, Bakı şəhəri Nəsimi rayonu Moskva (Tbilisi) prospekti 66 saylı evin 43 saylı mənzili İddiaçı anası X5 vəsiyyətnamə üzrə keçmiş və hazırda onun xüsusi mülkiyyətindədir, Cavabdeh isə həmin evə istifadə hüququ vardır. Məhkəmə qeyd edir ki, hazırda iddiaçı cavabdehə 10.800 manat kompensasiya ödənilməsi şərti ilə ona məxsus Bakı şəhəri Nəsimi rayonu Moskva (Tbilisi) prospekti 66 saylı evin 43 saylı mənzilindən cavabdehin istifadə hüququna xitam verilməklə, həmin mənzildən çıxarılmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2 və 228.5-ci maddələri təşkil edir. Bundan başqa, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarının saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəllənin 158.1.2-ci maddəsinin tələbinə görə, əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Avropa İnsan Hüquqları Məhkəməsi «Marks Belçikaya qarşı» iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. «Sporronq və Lonnpot İsveçə qarşı» işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, mülkiyyətçinin iradəsinin ziddinə olaraq cavabdehlərin mübahisəli mənzildən istifadə hüququnun saxlanılmasının davam etməsi iddiaçının evə olan mülkiyyət hüququnu «şərti və qeyri-sabit» xarakterli edir. Məhkəmə tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi üçün Bakı şəhəri, Nəsimi rayonu, Moskva (Tbilisi) prospekti, 66 saylı evin 43 saylı mənzilin qiymətləndirilməsi aparılmış və müəyyən edilmişdir ki, həmin mənzilə oxşar ərazidə və şəraitdə olan mənzilin aylıq kirayə haqqı 250 - 300 manat təşkil edir. Məhkəmə həmçinin nəzərə alır ki, R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında, Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq, mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin həmin qərarında həmçinin göstərilmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Moskva (Tbilisi) prospekti 66 saylı evin 43 saylı mənzilinə olan istifadə hüququna Cavabdeh 10.800 manat məbləğində kompensasiya ödənilməklə xitam verilməli və o, həmin mənzildən çıxarılmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Ekspertiza xərci olan 100 manat İddiaçı tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Moskva (Tbilisi) prospekti 66 saylı evin 43 saylı mənzilinə olan istifadə hüququna Cavabdeh 10.800 manat məbləğində kompensasiya ödənilməklə xitam verilsin və o, həmin mənzildən çıxarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza xərci olan 100 manat İddiaçı tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar