Məhkəmə qərarları › İş №2(006)-1380/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1380/2025

02.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1380/2025 02.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı1 nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə, iddiaçılar İddiaçı1 və Nümayəndə Cavabdeh qarşı (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti, "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «mənzildən təyinatına uyğun olmayan şəkildə istifadə edilməsinin dayandırılması, vurulmuş mənəvi zərərin və məhkəmə xərclərinin tutulması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçılar İddiaçı1 və Nümayəndə Cavabdeh qarşı (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti, "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «mənzildən təyinatına uyğun olmayan şəkildə istifadə edilməsinin dayandırılması, vurulmuş mənəvi zərərin və məhkəmə xərclərinin tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 342 nömrəli mənzildən qeyriyaşayış məqsədli, yəni, yaşayış təyinatına aid olmayan fəaliyyət üzrə, təyinatından kənar məqsədlərə istifadə edilməsinin dayandırılması vəzifəsinin Cavabdeh üzərinə qoyulması, onlara dəymiş mənəvi zərərə görə 20.000 manat məbləğin, hüquqi yardımla bağlı xərclərə görə 1.340 manat, dövlət rüsumuna görə 154,02 manat olmaqla, ümumillikdə 21.494,02 manat pul vəsaitinin Cavabdeh tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 8 saylı evin 341 saylı mənzilində həyat yoldaşı Nümayəndə və oğlu ilə birlikdə yaşayır. Sözügedən mənzil binanın 13-cü mərtəbəsində yerləşir. Həmin mənzilə qonşu olan 342 nömrəli yaşayış sahəsini mənzilin mülkiyyətçisi Cavabdeh alaraq təmir etməyə başlamışdır. Təmir zamanı həmin mənzilin yaşayış sahəsi olaraq fəaliyyət göstərməyəcəyindən, ofis olaraq fəaliyyət göstərəcəyindən şübhələnərək iddiaçılar və digər mənzil sakinləri bu barədə iradlarını həmin yaşayış kompleksinin kommunal xidmətlərinə nəzarət edən "xxxx" MMC vasitəsi ilə bildirmişlər. Bundan sonra cavabdeh tərəfindən yaşayış sahəsində iş dayandırılmış, lakin bir müddət sonra yenidən Cavabdeh təmir işlərinə başlamışdır. Hal-hazırda sözügedən mənzil qeyri-yaşayış sahəsi olaraq ofis kimi fəaliyyət göstərir, 20 nəfərdən artıq şəxs orada işləyir. Həmin binanın ilk 3 mərtəbəsi qeyri-yaşayış sahəsi kimi istifadə üçün ayrılmışdır. Sözügedən yaşayış sahəsinin təyinatına uyğun olmayaraq qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərməsindən həmin binada yaşayan digər sakinlər də narazıdır. Eyni zamanda, cavabdehin həmin mənzildən qeyri-yaşayış sahəsi kimi istifadəsi iddiaçıların gündəlik həyatına mənfi təsir edir. Bu hallar onların hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarır, həmçinin Cavabdeh qanunsuz hərəkətləri mənzil qanunvericiliyinin tələblərinin pozulmasına dəlalət edir. Qeyd edilən halların aradan qaldırılması ilə bağlı iddiaçılar tərəfindən bir çox aidiyyəti qurumlara müraciətlər edilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-35-1/2/Ə-23xx-xx-2387/2024 saylı cavab məktubunda Baş İdarə bildirmişdir ki, yerində baxış zamanı Bakı şəhəri Nəsimi rayonu Üzeyir Hacıbəyli küçəsi ev 57 ünvanda yerləşən yaşayış binasının 13-cü mərtəbəsindəki 342 nömrəli mənzilin mülkiyyətçisi tərəfindən yaşayış sahəsinin bir müddət öncə təyinatının dəyişdirilərək qeyri-yaşayış sahəsinə çevrilməsi və hazırda ofis olaraq fəaliyyət göstərməsi müəyyən edilmişdir. Cavab məktubunda narazılığa səbəb olan amillərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətindən xahiş edilmişdir. Bakı şəhəri Nəsimi RİH tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən "xxxx" MMC-nin rəhbərliyi ilə sözügedən ünvana baxış keçirilmiş, mənzilin həqiqətən də qeyri-yaşayış sahəsi kimi istifadə edildiyi və orada "xxxx" MMC-nin fəaliyyət göstərdiyi məlum olmuşdur. Nəsimi RİH tərəfindən cavabdehə xəbərdarlıq edilərək mənzildən təyinatı üzrə istifadə edilməsi üçün müvafiq addımların atılması məqsədilə vaxt verilmiş, əks təqdirdə məsələnin hüquqi müstəvidə həlli üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna baxmayaraq, bu günədək sözügedən hallar həllini tapmamış, həmin mənzil cavabdeh tərəfindən yenə də qeyri-yaşayış sahəsi kimi istifadə edilir. Odur ki, iddiaçıların hal-hazırda mövcud problemin həlli ilə bağlı məhkəməyə müraciət etməsi zərurəti yaranmışdır. Yuxarıda qeyd edilənlərə əsasən işin mahiyyəti üzrə bəlli edilməsi üçün sözügedən ünvana baxış keçirmiş inzibati orqanların - Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin və "xxxx" MMC-nin üçüncü şəxs qismində mülki məhkəmə icraatına cəlb edilməsi zərurəti yaranmışdır. Belə ki, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin və "xxxx" MMC-nin nümayəndələri ünvana baxış keçirərək həmin mənzilin həqiqətən də qeyri-yaşayış sahəsi olaraq istifadə edilməsi faktı təsdiq etmişlər. Əlavə olaraq qeyd etmişlər ki, "xxxx" MMC həmin yaşayış kompleksinin kommunal xidmətlərinə nəzarət edən müəssisədir. İddiaçılar hesab edirlər ki, Bakı şəhəri Nəsimi rayonu Üzeyir Hacıbəyli küçəsi ev 57 ünvanda yerləşən yaşayış binasının 13-cü mərtəbəsindəki 342 nömrəli mənzilin qeyri-yaşayış sahəsi kimi istifadəsi cavabdehə qadağan edilməli və iddiaçılara dəymiş mənəvi zərər cavabdeh tərəfindən ödənilməlidir. İşin hallarından da göründüyü kimi ünvan 5 ünvanda yerləşən mənzil binanın 13-cü mərtəbəsindən yerləşir. Eyni zamanda həmin binanın ilk 3 mərtəbəsi qeyri-yaşayış sahəsi kimi istifadə üçün ayrılmışdır. Belə ki, qeyd edilənlərə baxmayaraq cavabdeh tərəfindən 342 nömrəli mənzilin qeyri-yaşayış sahəsi olaraq istifadəsi qanuna ziddir. Cavabdehin qəsdən törədilmiş əməli nəticəsində mülki qanunvericiliyin və mənzil qanunvericiliyinin tələbləri kobudcasına pozulur. Cavabdehin hərəkətləri mənzilin ofis kimi istifadə edilməsi iddiaçıların gündəlik yaşamına mənfi təsir göstərir. Uzun müddətdir həmin mənzilin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi iddiaçıların mənəvi sarsıntı keçirməsinə səbəb olur. Həmçinin sözügedən mənzildə 20 nəfərdən çox işçinin işləməsi səs-küyə səbəb olur. Bununla bağlı cavabdehə dəfələrlə müraciət edilməsinə, həmçinin cavabdehin qanunsuz hərəkətləri ilə bağlı aidiyyəti qurumlara şikayətlər edilməsinə baxmayaraq cavabdeh qanunsuz hərəkətlərini davam etdirmişdir. Bu hallar iddiaçıların vaxt itkisinə və əsəb, stress keçirməsinə səbəb olmuşdur. Şərh edilənlərə əsasən iddiaçılar 20.000 manat məbləğində mənəvi zərərin ödənilməsini cavabdehdən tələb edir. İddiaçılar tərəfindən pozulmuş hüquqlarının bərpası ilə bağlı hüquqi yardımın göstərilməsi haqqında müqavilələrə əsasən 1.340 manat ödəniş edilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçılara dəymiş mənəvi zərərə görə 20.000 manat, hüquqi yardımla bağlı 1.340 manat, ümumillikdə 21.340 manat məbləğində iddia tələbinə uyğun olaraq 154,02 manat dövlət rüsumu nəzərdə tutulmuşdur. Tərəflərin iştirakı və izahatları: İddiaçı1 nümayəndəsi (vəkili) Vəkil2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən İddiaçı1 iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil1 məhkəmə iclasında iddianı qəbul etmədi, İddiaçı1 iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, digər iddiaçı Nümayəndə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin və "xxxx" MMC-nin nümayəndələri məkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin X2 öz izahatında bildirdi ki, tərəflərindən cavabdehin mənzilinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, mənzil 3 otaqdan ibarətdir. Hər otaqda müəyyən qədər stol və kompyuter mövcuddur. Həmin mənzil iş üçün deyilsə, bir evdə nə üçün bu qədər kompyuter olsun ki? Cavabdeh mənzildən qeyri-yaşayış sahəsi kimi istifadə etmək üçün razılıq almalıdır. Cavabdehə mənzildən ofis kimi istifadə qadağan edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilməsi barədə vəsatət verilsə də, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi qismində izahat vermiş X3 öz izahatında bildirdi ki, "xxxx" MMC-nin direktorudur. "xxxx" və "xxxx" MMC arasında fərq yoxdur. Yəni iki ad olsa da,onların işi həmin binanın idarəetməsindən ibarətdir. Belə ki, 1-ci mənzildən 232-ci mənzilədək nəzarəti "xxxx" həyata keçirir, onun da rəhbəri Nurəddin Həsənodur. 342 nömrəli mənzil yanvar ayında təmirə başlamış, sentyabrda təmiri bitmiş, noyabr ayında qeyri-yaşayış sahəsi kimi fəaliyyətə başlamışdır. 10 noyabrda bina sakinləri yazılı olaraq müraciət etmişlər. Onlar da Bakı şəhər İcra Hakimiyyətinə məlumat vermişlər. İcra hakimiyyətinin nümayəndəsi tərəfindən mənzilə baxış keçirildi və mənzilin qeyriyaşayış sahəsi kimi istifadə olunduğu təsdiqlənmişdir. Təmir zamanı mənzildə işçilərin olduğu müəyyən edilmişdir. Daha sonra 2 ay təmir dayanmışdır. Lift sərbəst şəkildədir. Lakin, lift bina sakinləri üçün nəzərdə tutulmuşdur. 342 nömrəli mənzilə də çox adam qalxdığı üçün lift 13-cü mərtəbədə məşğul olaraq qalır və bu da bina sakinlərinin etirazına səbəb olur. Hər gün saat 09:00-da işçilərin gəlməsindən müəyyən olunur ki, həmin mənzil qeyri-yaşayış sahəsidir. Mənzil fəaliyyətə başlamamış həmin mənzildə olmuşdur. Sözügedən mənzilin ümumi sahəsi 202 m2 təşkil edir. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid öz izahatında bildirdi ki, onun qohumunun da Rüfət bəyin yaşadığı binanın 7-ci mərtəbəsində mənzili olmuş və rayondan Bakıya gəldiyi zaman həmin qohumunun razılığı qohumuna məxsus evdə qalmışdır. Özü Çanaqqala restoranında çalışır və Rüfət bəyi də restoranın müştərisi kimi tanımışdır. Həmçinin də Rüfət bəyin yaşadığı binada da qonşusu olduğunu bilmişdir. Təxminən 5-6 ay əvvəl günorta saatlarında Rüfət bəyin yaşadığı evdən əşya götürmək üçün həmin ünvanda olmuş, qapını Rüfət bəy açmış və ona həmin əşyanı vermişdir. Həmin vaxt Rüfət bəy sadə ev geyimində olmuşdur, mənzilə daxil olmamışdır, lakin mənzilin ofis olması barədə onda hər hansı məlumat yoxdur. Rüfət bəyin yaşadığı yer normal yaşayış evidir. Mənzilin təyinatı üzrə istifadə edilməməsi barədə şübhə yaradacaq bir nüansın şahidi olmamışdır. 2-3 ay olar ki, özü həmin binadan başqa yerə köçmüşdür. Bina sakit binadır. Özü restoranda işlədiyi üçün yalnız axşamlar evdə olmuşdur, evdə yaşayan ailəsinin heç vaxt Rüfət bəyin mənzili barədə şikayəti olmamışdır. İş materialları: Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 57 ünvanında yerləşən 341 nömrəli mənzil xüsusi mülkiyyət kimi İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 57 ünvanında yerləşən 342 nömrəli mənzil xüsusi mülkiyyət kimi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. "xxxx" MMC və İddiaçı1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kommunal xidmətlərin göstərilməsi haqqında müqavilənin surətindən görünür ki, müqavilənin 4-cü maddəsində qeyd olunur ki, mənzil sahibi mənzildə təmir işləri apardığı təqdirdə tikinti tullantılarını öz vəsaiti hesabına daşımalı, təmir işlərini iş günləri saat 10:00-dan 18:00dək, şənbə günü isə saat 10:00-dan 16:00-dək aparmalı, binada yaşayan digər sakinlərin rahatlığını və təhlükəsizliyini qorumalı, Lift şaxtalarının, yanğın əleyhinə, habelə digər fövqəladə hallar üçün nəzərdə tutulmuş qurğu və şaxtalarının, eləcə də çıxışların önünə və ya üstünə tikinti materiallarını, zibilləri qoymamalı, binanın və mənzilin ilkin layihə sərədlərindən fərqli əsaslı dəyişiklik və yenidənqurma işləri aparmamalı, yaşadığı blokun səliqəsinə xələl gətirməməli, sakinlərin blokda və pilləkənlərdə sərbəst hərəkətini məhdudlaşdıran hər hansı bir mane yaratmamalı və MMC tərəfindən müəyyən edilən birgəyaşayış qayda və davranışlarına əməl etməli, digər sakinlərin hüquqlarına hörmətlə yanaşmalıdır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən Nəsimi RİHB aparatına ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, əməkdaşlar tərəfindən yerində baxış zamanı müəyyən edilmişdir ki, ünvan 7 ünvanında yerləşən yaşayış binasının 13-cü mərtəbəsindəki 342 nömrəli mənzilin mülkiyyətçisi tərəfindən yaşayış sahəsi bir müddət öncə təyinatı dəyişdirilərək qeyri-yaşayış sahəsinə çevrilmiş və hazırda ofis kimi fəaliyyət göstərir. 04 dekabr 2024-cü il tarixli aktdan görünür ki, Nəsimi RİHB aparatının Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri V.Zeynalov, şöbənin baş məsləhətçisi O.Mövsümov, "xxxx" MMC-nin direktoru N.Həsənov ünvan 8 ünvanda yerləşən binanın 13-cü mərtəbəsində yerləşən 341 nömrəli mənzilin mülkiyyətçisi İddiaçı1 müraciəti əsasında həmin binada eyni giriş, 13-cü mərtəbədə yerləşən 342 nömrəli mənzilə baxış keçirmişlər. Məlum olmuşdur ki, 342 nömrəli mənzil 3 otaqdan ibarətdir. Təqdim edilən çıxarışa əsasən ümumi sahəsi 193,2 m2-dir. Mənzilin mülkiyyətçisi Cavabdehdur. Baxış zamanı məlum olmuşdur ki, mənzildən qeyri-yaşayış sahəsi (ofis) kimi istifadə olunur və burada "xxxx" MMC fəaliyyət göstərir. Mənzildə 15 nəfərə yaxın şəxsin olduğu müəyyən edilmişdir və onların MMC-nin əməkdaşları olduğu bildirilmişdir. Aktı tərtib edən şəxslər tərəfindən 342 nömrəli mənzilin mülkiyyətçisi Rüfət Aslanova qonşuların narazılığı barədə bildirilmiş və mənzildən təyinatı üzrə istifadə edilməsi üçün müvafiq addımların atılması məqsədi ilə vaxt verilərək xəbərdarlıq edilmişdir. Nəsimi Rayon İcra Hakimiyyəti Başçısı aparatı tərəfindən İddiaçı1 nümayəndəsi Vəkil2 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Nəsimi rayonu X4 yerləşən 57 nömrəli binanın 342 nömrəli mənzilinin təyinatına uyğun olmayaraq qeyriyaşayış (ofis) obyekti kimi fəaliyyətindən narazılıqla bağlı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş idarəsinə ünvanlanmış müraciətlə əlaqədar tərəflərindən "xxxx" MMC-nin rəhbərliyi ilə birgə sözügedən ünvana baxış keçirilmişdir. Baxış zamanı mənzildən həqiqətən də qeyriyaşayış sahəsi (ofis) kimi istifadə edildiyi və orada "xxxx" MMC-nin fəaliyyət göstərdiyi məlum olmuşdur. Tərəflərindən "xxxx" MMC-nin rəhbərliyinə qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlərin görülməsi tapşırılmış və bu barədə məktub ünvanlanmış, eyni zamanda 342 nömrəli mənzilin mülkiyyətçisi Rüfət Aslanova xəbərdarlıq edilərək mənzildən təyinatı üzrə istifadə edilməsi üçün müvafiq addımların atılması məqsədilə vaxt verilmiş, əks təqdirdə qeyd edilən məsələnin hüquqi müstəvidə həlli üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İddiaçı1 adından X7 Xidmətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Operativ Nəzarət və Uçotun təşkili Baş İdarəsinə yazılmış ərizələrdən görünür ki, ərizələrin mahiyyətlərinə uyğun olaraq Cavabdeh hərəkətlərinin araşdırılması, qanunvericiliyə uyğun olaraq tədbir görülməsi; eləcə də, qeyri-qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olub-olmamasının araşdırılması, barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülməsi və nəticəsi barədə ərizəçiyə məlumat verilməsi xahiş edilmişdir. "xxxx" MMC-yə ünvanlanmış ünvan 13 Nümayəndə, Tural Həsənov, Fərhad Hacıyev, Fərid Şükürlü, Ədalət Muradov, Nicat Muradov, Esmira Əhmədova, Əsgər Zeynalov və Tmaerlan Həsənzadə tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 57-də yerləşən 342 №-li mənzilin mülkiyyətçisi Cavabdeh dair kollektiv şikayət ərizəsinin surətindən görünür ki, ünvan 14 ünvanında yerləşən yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh həmin yaşayış sahəsini qeyri-yaşayış sahəsi kimi istifadə edir. Belə ki, Cavabdeh məxsus həmin yaşayış sahəsi təyinatına zidd olaraq ofis kimi fəaliyyət göstərir, hal-hazırda 20 nəfərdən artıq şəxs həmin ofisdə işləyir. Sözügedən mənzil binanın 13-cü mərtəbəsində yerləşir, həmin mənzilin digər yaşayış sahələrindən ayrılıqda giriş-çıxışı mövcud deyil, yəni həmin yaşayış sahəsinə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün deyildir. Həmçinin həmin mənzilin altında və yanında yerləşən mənzillər də yaşayış sahəsidir. Bu da bina sakinlərinin hüquqlarının pozulmasına gətirib çıxarır. Bununla bağlı daha mənzil təmir edilərkən həmin sahənin sonralar qeyri- yaşayış sahəsi olaraq fəaliyyət göstərməsi ilə bağlı bina sakinlərinin narazılıqları "xxxx" MMC vasitəsilə mənzilin mülkiyyətçisi Cavabdeh bildirilmişdir. O, bir müddət işi dayandırmış, lakin sonra yenidən təmir işlərini davam etdirib. Eyni zamanda nəzərə çatdırmışlar ki, binanın ilk 3 mərtəbəsi qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulmuşdur və təyinatına uyğun olaraq həmin sahələrdən qeyri- yaşayış sahəsi kimi istifadə edilir. Yəni yaşayış kompleksində müvafiq olaraq qeyri- yaşayış sahələri üçün yerlər ayırlmışdır. Odur ki, qeyd edilən hallarla bağlı müvafiq tədbirlər görməyinizi, həmin mənzilin qeyri-yaşayış sahəsi kimi fəaliyyətinin dayandırılmasını xahiş etmişlər. Nəsimi RİHB 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən İddiaçı1 nümayəndəsi Vəkil2 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, rayon icra hakimiyyətinin əməkdaşlarının iştirakı ilə araşdırma zamanı qonşu mənzildən müvafiq qanunvericiliyinə əsasən mənzilin mülkiyyətçisi tərəfindən təyinatına uyğun olaraq istifadə olunmaması faktı öz əksini tapmışdır. Faktla bağlı qonşu mənzilin mülkiyətçisinə mənzildən qeyri-yaşayış sahəsi kimi istifadənin dərhal dayandırılması üçün rayon icra hakimiyəti tərəfindən xəbərdarlıq olunaraq məlumat verilmişdir. İddiaçı1 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə və 10 ədəd CD disk təqdim etmişdir. Ərizədə qeyd olunmuşdur ki, cavabdehin nümayəndəsi Vəkil1 məhkəmədə bildirdiklərinin əksinə olaraq, ünvan 8 saylı evin 342 saylı mənzilində gün ərzində ortalama 19-20 nəfərədək işçi və 10 nəfərədək müştəri qismində şəxslər sözügedən mənzilə daxil olur. Mənzilin qapısı açıq olarkən müşahidələrə əsasən mənzildə işçilərin iş otaqlarının və iş üçün şəraitin təmin edilməsi aşkar edilmişdir. Mənzilə ofis obyekti kimi gəlib-gedən şəxslər müşahidə kamerası ilə qeydə alındığından həmin görüntülərin yazıldığı CD-ləri məhkəməyə təqdim edərək sübut növü kimi qiymətləndirilməsini və iş materiallarına əlavə edilməsini xahiş etmişdir. Təqdim edilmiş fotoşəkillərdən və DVD diskdəki videogörüntülərdən görünür ki, iddia ərizəsində qeyd edilən mənzildən ofis kimi istifadə olunur, ofisdə çox sayda işçi çalışır, ofis daxilində müxtəlif tipli tədbirlər təşkil olunur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 16(103)- 92/2025 nömrəli qərardadı ilə Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev № 57-də yerləşən 342 №-li mənzildən qeyri-yaşayış məqsədilə istifadə edilməsinin (mənzildə kommersiya və digər bu kimi fəaliyyətin həyata keçirilməsi) Cavabdeh və digər şəxslərə qadağan olunması qərara alınmış və icra edilməsi üçün Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli aktların surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 16(103)-92/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icra edilməsi ilə əlaqədar Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev № 57-də yerləşən 342 №-li mənzildə olmuşlar. Tərəflərindən müəyyən olunmuşdur ki, borclu Cavabdeh və iki nəfər qadın həmin ünvanda olmuşlar. Borclunun dediyinə görə onun qonaqları idi. Daha sonra mənzilə baxış keçirərkən mənzildə kommersiya və ya digər növ fəaliyyətin həyata keçirilməsi müəyyən olunmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(006)-1680/2025 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 16(103)-92/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icra edilməməsi ilə əlaqədar X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Ödəniş qəbzindən görünür ki, iddiaçılar İddiaçı1 və Nümayəndə tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün 155 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır. 14.2-ci maddəsinə əsasən yaşayış sahəsində qanuni əsaslarla yaşayan fiziki şəxslərə həmin yaşayış sahəsindən peşə fəaliyyətini və ya fərdi sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə istifadəsinə yol verilir o şərtlə ki, bu digər şəxslərin hüquqlarını və qanuni mənafelərini, habelə yaşayış sahəsi üçün müəyyən edilmiş tələbləri pozmasın. 14.3-cü maddəsinə əsasən yaşayış sahələrində sənaye istehsalatlarının yerləşdirilməsinə yol verilmir. 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. 170.4-cü maddəsinə əsasən bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir. 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. 171.3-cü maddəsinə əsasən əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.https://e-qanun.az/framework/46944 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İddiaçıların tələbi məhz onlara mənəvi zərər yetirilməsi ilə nəticələndiyi üçün qonşucavabdehin öz mənzilindən yaşayış təyinatındankənar istifadə edilməsinin qadağan edilməsindən ibarət olmuşdur. İddiaçıların irəli sürdüyü dəlillər cavabdehin mənzilində məhz kommersiya fəaliyyəti ilə məşğul olduğu üçün onlara mənəvi zərər vurulması barədə olsa da, aparılmış məhkəmə araşdırması nəticəsində cavabdehin öz mənzilindən bu və ya digər formada istifadəsinin iddiaçıalara vurduğu zərərin nədən ibarət olması müəyyən edilməmişdir. Belə ki, araşdırma zamanı cavabdehin mənzilindən qeyri-yaşayış və kommersiya təyinatlı istifadəsi istisna edilməsə də, lakin bu zaman iddiaçının özünün öz mülkiyyətindən və ya çoxmənzilli binanın ümumi istifadədə olan hissəsindən istifadəsinə manelərin yaranması, cavabdehin mənzilindən istifadə zamanı səs-küyün və ya digər ehtimal olunan oxşar amillərin yaranması, cavabdehin mənzilinə daxil olan şəxslərin sayının iddiaçıda hər hansı narahatlıq yaratması faktı öz təsdiqini tapmamışdır. İddiaçının dəlili cavabdehin mənzilinə günün müəyyən saatlarında daxil olan və ya mənzildən çıxan şəxslərin sayının çoxluğu da olmuşdur ki, iddiaçı tərəfindən təqdim edilmiş kamera görüntülərinə əsasən günün müəyyən saatlarında – səhər saat 9-dan axşam saat 19-dək olan müddətdə - həqiqətən də şəxslərin cavabdehin mənzilinə sərbəst şəkildə daxil olması və mənzili tərkt etməsini müəyyən etmək mümkündür. Lakin nəzərə alınsa ki, cavabdehin mənzilinin yerləşdiyi mərtəbədə iddiaçının mənzili ilə yanaşı bir neçə mənzil daha yerləşir, görünən odur ki, cavabdehin mənzilinə daxil olan və çıxan şəxslərin hər hansı əhəmiyyətli səs-küy yaratması halı yoxdur. Analoji hal şəxsin mülkiyyətində olan mənzilə özünün və yaxın ailə üzvlərinin sayının çoxluğu və həmin şəxslərin gün ərzində mənzilə daxil olma və mənzili tərk etmələri halında hansı narahatlıq yarada bilər sualı ilə müqayisə olunsa da, təbii bu halda heç kim mülkiyyətçiyə eynilə belə bir qadağanın tətbiqini tələb edə bilməz. Şəxsin mənzilinə məhz başqa şəxslərin bu qaydada daxil olması və ya mənzili tərk etməsi də hazırki halda iddiaçının narazılığına əsas verə bilməz. Belə ki, hazırki halda cavabdeh tərəfindən iddiaçıya mənəvi zərər vurulması ilə nəticələnən hər hansı davranış müəyyən edilmir. Bu və ya digər qadağanın tətbiq edilməsi üçün şəxsin törətdiyi əməllə (hərəkət və ya hərəkətsizlik) baş verən nəticə arasında səbəbli əlaqə olmalıdır ki, hazırki mübahisədə bu hal sübuta yetməmişdir. İddiaçıların cavabdehin mənzilindən qeyri-yaşayış təyinatlı istifadənin qadağan edilməsi barədə iddiası məhz iddiaçılara mənəvi zərər vurması halından irəli gəldiyindən və iddiaçılara mənəvi zərər vurulması dəlili nəinki cavabdehin etirazı ilə təkzib edildiyindən hətta özü-özlüyündə əsassız olduğundan cavabdehin öz mülkiyyətində olan mənzildən qeyri-yaşayış təyinatlı istifadəsi də qadağan edilə bilməz. İddiaçıların dəlilləri onun tələbinin əsaslandığı maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşmadığından iddiaçıların buna dair tələbi təmin edilə bilməz. Məhkəmə təqdim edilmiş sübutlara, dindirilmiş şahidlərin ifadələrinə qiymət verərək qeyd edir ki, təqdim edilmiş yazılı sübutlardan cavabdehə mənzilindən qeyri-yaşayış təyinatlı istifadənin qadağan edilməsi barədə xəbərdarlıq edilməsi, iddiaçı tərəfindən təqdim edilmiş kamera görüntülərindən mübahisəli mənzilə şəxslərin daxil olması və mənzili tərk etməsi, cavabdeh tərəfindən dindirilmiş şahidin ifadəsindən cavabdehin həmin mənzildə olaraq şahidə bir əşyanın verilməsi faktları müəyyən edilir ki, həmin faktlar nə iddianın təmin edilməsinə, nə də rədd edilməsinə əsas verən hallar deyildir. Məhkəmə bir daha vurğulayır ki, iddiaçının tələbi məhz cavabdehin mənzilindən qeyri-yaşayış təyinatlı istifadəsinin ona mənəvi zərər vurması barədədir ki, bu hal öz təsdiqini tapmır. Hətta cavabdehin mənzilindən təyinatdankənar istifadəsi müəyyən edilsə də, bu halın iddiaçıya hansı zərəri vurması təsbit edilməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçılar İddiaçı1 və Nümayəndə Cavabdeh qarşı (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti, "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «mənzildən təyinatına uyğun olmayan şəkildə istifadə edilməsinin dayandırılması, vurulmuş mənəvi zərərin və məhkəmə xərclərinin tutulması» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və Nümayəndə Cavabdeh qarşı (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti, "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «mənzildən təyinatına uyğun olmayan şəkildə istifadə edilməsinin dayandırılması, vurulmuş mənəvi zərərin və məhkəmə xərclərinin tutulması» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar