Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1383/2024 12.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülnarə Coşqun qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili X2 iştirakı ilə Ərizəçi Bakı şəhəri 24 saylı Notariat ofisini maraqlı şəxs qismində cəlb etdiyi «mirasın qəbul edilməsi faktının müəyyən olunması» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi Bakı şəhəri 24 saylı Notariat ofisini maraqlı şəxs qismində cəlb etdiyi «mirasın qəbul edilməsi faktının müəyyən olunması»tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. 2.Ərizə onunla əsaslandırılmışdır ki, miras qoyan X10 ərizəçinin anasıdır. ünvan 1 ünvanı Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsinin qeydiyyat vəsiqəsinə əsasən onun və mərhum anası X5 məxsus olmuşdur. Ərizəçi, onun ailə üzvləri və anası həmişə həmin evdə yaşamışlar. X15 xx.xx.2020-ci ildə ölmüş, anası öldükdən sonra onun mülkiyyətində olan həmiş torpaq sahəsini miras qismində o, faktiki olaraq qəbul etmişdir. Ərizəçi həmin miras əmlakı faktiki qəbul etməsinə baxmayaraq mirasın onun adına keçməsi üçün notariusa müraciət etdiyi zaman Bakı şəhəri 24 saylı notariat ofisinin notariusu onun müraciətindən imtina edərək, əsas kimi miras əmlakı qəbul etməsi üçün müddəti ötürməsini göstərmişdir. Anasının birinci dərəcəli vərəsəsi kimi miras açıldıqdan sonra miras əmlakı faktiki olaraq istifadə etməklə həmin mirası faktiki ərizəçi qəbul etmişdir. Qeyd edilən torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir, həmin evdə yaşaması, həmin torpaq sahəsini saxlamağı məhz həmin mirası faktiki qəbul etməsi hesab edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsinin qeydiyyat vəsiqəsinə əsasən xüsusi mülkiyyət hüququ ilə ünvan 3 ünvanının X15ya məxsus hissəsinin vərəsəsi kimi miras qismində ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili X7 ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, mirasqoyan X10 ərizəçinin anası olu. ünvan 4 ünvanında yerləşən daşınmaz əmlak ərizəsi və onun mərhum anasının mülkiyyətində olmuşdur. Ərizəçi, onun mərhum anası və ərizəçinin ailə üzvləri həmişə həmin evdə yaşamışlar. Ərizəçinin anası xx.xx.2020-ci il tarixdə vəfat etmiş və ərizəçi anasının mülkiyyətində olan həmin sahəni faktiki olaraq qəbul etmişdir. Həmin əmlakın rəsmi olaraq onun adına keçirilməsi üçün isə ərizəçi notariusa müraciət etmiş, lakin Bakı şəhəri 24 saylı notariat kontoru onun müraciətindən imtina etmiş və vərəsəliyin qəbul edilməsi üçün müəyyən olunmuş müdddətin ötürüldüyünü bldirmişdir. Ona görə də ərizəçi məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd edilənləri nəzərə alaraq ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 4.Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri 24 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə məktub ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxs Bakı şəhəri 24 saylı notariat ofisinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. 5.Məhkəmə ərizəçinin nümayəndəsinin və vəkilin izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. İş materiallarında olan Bakı şəhəri VVADQ tərəfindən verilmiş xx.xx.1955-ci il tarixli evlənmə haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən X8 ilə X11 arasında xx.xx.1955-ci il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 255 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra arvada «Babayeva» soyadı verilmişdir.
7. İş materiallarında olan Bakı şəhəri Oktyabr rayon (indiki Yasamal rayon) VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.1981-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1970-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X8, anası X10 kimi göstərilmişdir.
8. İş üzrə Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 251006 nömrəli, xx.xx.2005-ci il tarixli Qeydiyyat Vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048ci məhəllədə yerləşən 1 saylı evin 3 otaqlı 53 saylı mənzili paylı mülkiyyət hüququ üzrə Ərizəçi və X4 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
9. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X8 xx.xx.2004-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2003cü il tarixdə 827 № ilə qeyd edilmişdir.
10. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X10 xx.xx.2020-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 490 № ilə qeyd edilmişdir.
11. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon MTKB-nin 63 saylı MKİS tərəfindən Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X3 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi məhəllə 4048, ev 1, mənzil 53-də qeydiyyatda heç bir şəxs yoxdur. Mənzildə hal-hazırda mənzil sahibinin Ərizəçi həyat yoldaşı X1 qeydiyyatsız yaşayır.
12. İş materialarında olan Bakı şəhəri 24 saylı notariat ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 860 nömrəli məktubundan görünür ki, anası X10 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir, ondan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllə, ev 1 ünvanında yerləşən 53 saylı mənzildən paylı mülkiyyət üzrə ona məxsus olan hissə miras qalmışdır. Həmin mənzil üzrə Ərizəçi vərəsəlik şəhadətnaməsi verilməsini xahiş edir. Mirasın qəbul müddəti keçdiyi üçün Ərizəçi şəhadətnamə verilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinin tələbinə əsasən «Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirasın qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır». Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinin tələbinə əsasən «Vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir». Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1248-ci maddəsinin tələbinə əsasən «Miras qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikmənin səbəbini üzürlü sayarsa, uzada bilər». Bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunur.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
13. Beləliklə, mülki işin materiallarından müəyyən olundu ki, ərizəçi və onun anası X10 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllədə yerləşən 1 saylı evin 53 saylı mənzilin paylı mülkiyyətçilər olmuşdur. X10 xx.xx.2020-cı il tarixdə vəfat etmişdir. Ərizəçi anasının ölümündən sonra vərəsəlik işinin açılması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri 24 saylı notariat ofisinə müraciət etmiş, notariusun xx.xx.2023-cü il tarixli məktubu ilə mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət ötürüldüyündən vərəsəlik hüququ şəhadətnamənin verilməsindən imtina edilmişdir. Hazırda ərizəçi hüquqi əhəmiyyətli olan mirasın qəbul edilməsi faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
14. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
15. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur.
16. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ isə subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir.
17. Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur.
18. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin.
19. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur.
20. Məlum olduğu kimi, mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır. Vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsini mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsidir (Mülki Məcəllənin 1145-ci maddəsi). Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir.
21. Göründüyü kimi, fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır və miras qoyanın vərəsələri ola biləcək şəxslər mirasın açıldığı andan vərəsəliyə çağırılmış hesab edilirlər. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
22. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər (Mülki Məcəllənin 1134-cü maddəsi).
23. Beləliklə, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir.
24. Məhkəmə iclasında müəyyən edilmişdir ki, miras qoyan X10 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllədə yerləşən 1 saylı evin 53 saylı mənzilin paylı mülkiyyətçisi olmuş və xx.xx.2020-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir.
25. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, ərizəçi miras qoyan Sara Babayevanın doğma oğludur, mübahisəli mənzilin paylı mülkiyyətçisidir və 1-ci növbə vərəsədir.
26. Məhkəmə qeyd edir ki, mirasın qəbulu dedikdə elə bir hərəkət başa düşülür ki, bu hərəkətin vasitəsi ilə vərəsəliyə çağırılan şəxs subyektiv vərəsəlik hüquqlarını həyata keçirir və miras əmlakı əldə etmək imkanı qazanır. Öz hüquqi təbiətinə görə mirasın qəbulu birtərəfli əqddir. Mirasın qəbulu eyni zamanda iradəli aktdır ona görə ki, o, vərəsənin iradəsi ilə bağlıdır. Bu aktda vərəsənin mirası qəbul etmək arzusu, istəyi və niyyəti ifadə olunur.
27. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar ilə müəyyən edilmişdir ki, ərizəçi, X15 ilə birlikdə onların paylı mülkiyyətində olan mənzildə qeydiyyatsız yaşamış və anasının ölümündən sonra Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllədə yerləşən 1 saylı evin 53 saylı mənzilinə faktiki yiyələnməklə mirası qəbul etmişdir. Lakin ərizəçi miras əmlakı faktiki olaraq qəbul etsə də, həmin əmlakı qanunla müəyyən edilmiş müddət ərzində vərəsəlik hüquqlarının rəsmiləşdirməmişdir.
28. Bu səbəbdən məhkəmə hesab edir ki, aşağıda göstərilən qanunun tələblərinə əsasən ərizəçinin miras əmlakı qəbul edilməsi faktı müəyyən edilməlidir.
29. Məhkəmə ilk növbədə qeyd edir ki, notariat kontoru ərizəçiyə miras əmlaka vərəsəlik hüquqlarının rəsmiləşdirməsindən imtina etdiyindən, həmçinin ərizəçi miras qoyanın birinci növbəli vərəsəsi olduğundan, ərizəçi miras əmlaka vərəsəlik hüquqlarının tanınması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
30. Məhkəmə qeyd edir ki, miras qoyan Sara Babayeva xx.xx.2020-ci il tarixdə vəfat etdiyindən, ərizəçinin birinci növbəli vərəsə kimi miras əmlaka vərəsəlik hüquqlarının tanınması qüvvədə olan Mülki Məcəllənin müddəaları baxımından hüquqi qiymət verilməlidir.
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
32. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır.
33. Göstərilən Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə vərəsələr ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar.
34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci madəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (maddə 1243.2). Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (maddə 1243.3).
35. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
36. Qeyd edilən Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.
37. Məhkəmə qeyd edir ki, miras əmlak ərizəçi tərəfindən bu günədək rəsmiləşdirilməsə də, həmin əmlakın onun tərəfindən faktiki olaraq qəbul edilməsi, həmin əmlaka faktiki olaraq yiyələnməsi kimi qiymətləndirilməlidir.
38. Belə ki, mirasın qəbulu dedikdə elə bir hərəkət başa düşülür ki, bu hərəkətin vasitəsi lə vərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) sübyektiv vərəsəlik hüquqlarını həyata keçirir və miras əmlakı əldə etmək imkanı qazanır. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyəti ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miran qoyanın hüquq və vəzifələrinin daşıyıcısıdır. Mirasın qəbul etmək vərəsənin vəzifəsi yox, yalnız onun hüququdur. Bu o deməkdir ki, o mirası qəbul edə də bilər, etməyə də bilər. Mirası qəbul etmək hüququ subyektiv mülki hüquqdur. Bu hüquq həyata keçiriləndə mirasın qəbulu əqdə çevrilir. Öz hüquqi təbiətinə görə mirasın qəbul birtərəfli əqddir. Ona görə ki, mirasın qəbulu, birincisi, xüsusi olaraq miras əmlakın əldə edilməsi məqsədilə həyata keçirilir, ikincisi, o yalnız bir tərəfin-vərəsəliyə çağrılan şəxsin ifadəsini ifadə edir. Mirasın qəbulu vərəsəliyə çağrılan digər vərəsələrin iradə ifadəsindən asılı deyil. Mirasın qəbulu iradəvi aktdır. Ona görə ki, o vərəsənin iradəsi ilə bağlıdır. Bu aktda vərəsənin mirası qəbul etmək arzusu, istəyi və niyyəti ifadə olunur.
39. Mirasın qəbulu iki yolla – formal üsulla və qeyri-formal üsulla həyata keçirilir.
40. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Formal üsul vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Qeyri-formal üsulla mirasın qəbul edilməsi dedikdə, vərəsə miras əmlaka faktiki sahiblik və ya miras əmlakı faktiki idarə etmiş olur. Faktiki bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyəti açıq-aşkar təsdiqləyir və sübut edir. Faktiki sahiblik etmək üsulu odur ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki «ağalıq» edir. Öz hüquqi təbiətinə görə bu, konkludent hərəkətlərdir. Ona görə ki, bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür və bəlli olur. Həmin üsul müxtəlif yollarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; miras qoyanla birlikdə yaşayan vərəsənin sadəcə olaraq həmin mənzildə yaşamaqda davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi və s. Əgər miras əmlakın tərkibinə yaşayış evi daxil olarsa, ondan evin kirayəçilərinə kirayə haqqı verilməsi və ya evin təmir edilməsi barədə müraciət olunması mirasın qəbul edilməsi kimi sayıla bilər.
41. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin miras qalmış əmlakı qəbul etmək niyyəti olmuş və bu hal onun həmin əmlakda yaşamaqla ona faktiki olaraq sahiblik etməsi ilə tam təsdiq olunur.
42. Bu səbəbdən məhkəmə hesab edir ki, miras əmlak faktiki olaraq ərizəçi tərəfindən qəbul edildiyindən və bu hal məhkəmə iclasında öz təsdiqini tapdığından, mirasın qəbul edilməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi əsaslı hesab edilməli və təmin edilməlidir.
43. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
44. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi Bakı şəhəri 24 saylı Notariat ofisini maraqlı şəxs qismində cəlb etdiyi «mirasın qəbul edilməsi faktının müəyyən olunması» barədə ərizəsi təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllədə yerləşən 1 saylı evin 53 saylı mənzilin X6 məxsus hissəsinə Ərizəçi mirasın qəbul edilməsi faktı müəyyən edilməlidir.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.
48. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 307-308, 311-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi Bakı şəhəri 24 saylı Notariat ofisini maraqlı şəxs qismində cəlb etdiyi «mirasın qəbul edilməsi faktının müəyyən olunması» barədə ərizəsi təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllədə yerləşən 1 saylı evin 53 saylı mənzilin X6 məxsus hissəsinə Ərizəçi mirasın qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllədə yerləşən 1 saylı evin 53 saylı mənzilin X6 məxsus hissəsinə dair Ərizəçi adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.