Məhkəmə qərarları › İş №2(006)-139/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-139/2025

12.06.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-139/2025 12.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, İddiaçı Cavabdeh MMC-yə qarşı “tikinti və söküntü işlərinin aparılmasının qadağan edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh MMC-yə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “PİLOT-16" MMC tərəfindən ona məxsus əmlaka vurulmuş 40.000 manat məbləğində zərərin, hazırki iddia tələbinin qaldırılması üçün tərəfindən ödənilmiş 210 (iki yüz on) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi və cavabdehin üzərinə ünvan 1 ünvanında yerləşən, fərdi yaşayış evinə münasibətdə, həmin evinin həyətyanı sahəsinin sərtəddində və yaxınlığında qazıntı, söküntü və tikinti fəaliyyətini dayandırmaq və xitam vermək vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi var. Həmin fərdi yaşayış evinin **********91-10301 reyestr nömrəli,xx.xx.2021-ci il tarixli çıxarışı və **********91-10301 reyestr nömrəli,16.03,2021-ci il tarixli texniki pasportu var. Həmin fərdi yaşayış sahəsi 2,183 sot özəl torpaq sahəsindən,ümumi sahəsi 68,0 kv.m olan bir mərtəbəli fərdi yaşayış evindən, həyət tikililəri-sahəsi 6,25 kv.m olan hamam, sahəsi 1,2 kv.m olan ayaqyolu, 119,7 kv.m ağlay döşənmiş sahə və sahəsi 18,0 kv.m olan qarajdan ibarətdir. Həmin evdə o 5 nəfər aiə üzvləri ilə birlikdə yaşayırdı. 2022-ci ilin aprel ayından "xxxx" MMC tərəfindən onun evinin ətrafında yerləşən fərdi yaşayış evlərinin bir hissəsini ağır texnika ilə sökülmüş,tikiləcək hündürmərtəbəli binanın bünövrəsi ilə bağlı qazıntı işləri aparılarkən fərdi yaşayış evi qəzalı vəziyyətə düşərək evinə külli miqdarda ziyan vurulmuşdur. ‘PİLOT-16” MMC qəsdən fərdi yaşayış evinə gedən avtomobil və piyada yolunu qazıb dağıdaraq yararsız hala salmış, nəticədə fərdi yaşayış evinə nəqliyyat vasitəsinin girib-çıxması qeyri mümkün olmuşdur. Evinin qaz sayğacı qaz xəttindən ayrılmaqla, qaz təchizatı dayandırılmış, su xətti sındırılaraq su təchizatı dayandırılmış, evinin həyətində olan hamam uçurulmuş, evinin həyətyani sahəsinin daş hasarının bir hissəsi uçmuş, evin divarlarında çatlar əmələ gəlmiş, evinin həyətyanı sahəsinin sərhəddində bünövrə qazıldığında evinin özülünü dərinliyə doğru açmışdır. Hal-hazırda da Cavabdeh MMC hüquqa zidd fəaliyyətini davam etdirir.Ona görə də evinin və evinin həyətyanı sahəsində yerləşən tikililərin hər zaman uçmaq təhlükəsi var. Cavabdeh MMC qeyd edilən hüquqa zidd fəaliyyəti nətəcəsində ona məxsus əmlaka 40.000 manat məbləğində zərər vurmuşdur. Hətta "xxxx" MMC bir neçə dəfə fərdi yaşayış evini sökməyə cəhd göstərmişdir. O və ailə üzvləri həmin fərdi yaşayış evlərində yaşamaq üçün şəraitin olmaması səbəbindən kirayə ev tutub həmin evdə yaşamağa məcbur olmuşuq. Qeyd edir ki, “PİL0T-16" MMC-nin rəhbərliyi bu yolla onu həmin fərdi yaşayış evini dəyərindən dəfələrlə ucuz qiymətə onlara satmağa məcbur edir. Bu tamamilə qanuna ziddir və burada əmlakın qəsdən məhv edilməsi cinayətinin əlamətləri var. O və həyat yoldaşı X6 dəfələrlə Cavabdeh MMC-nin icraçı direktoru X3 iradlarını bildirərək hüquqa zidd fəaliyyətini dayandırmasını tələb etsələrdə, heç bir tədbir görülməmiş, əksinə icraçı direktor X5 onları şərləyib tutduracağı ilə hədə-qorxu gələrək fərdi yaşayış evlərini sökəcəyini bildirmiş və hazırda də hüquqa zidd fəaliyyətini davam etdirir. Daha sonra İddiaçı məhkəməyə iddia ərizəsinə dəqiqləşmə barədə ərizə ilə müraciət edərək, cavabdeh “PİLOT-16" MMC tərəfindən ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ərazisində, həmin evin həyətyanı sahəsinin sərhəddində və yaxınlığında qazıntı, söküntü və tikinti işlərinin aparılmasının qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi X6 iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə izahat verərək iddianın əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasının (məhkəmə qərarının elan iclası) yeri və vaxtı barədə tərəflər lazımi qaydada məlumatlandırılsalar da, onlar məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Bu səbəbdən məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək qətnaməni elan etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında olan: - Azərbaycan Respublikası Əmlak X2 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 sylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı verilmiş texniki pasportdan görünür ki, ünvan 1 ünvanında yerləşən (reyestr nömrəsi: **********91-10301) fərdi yaşayış evi İddiaçı məxsusdur. - Nəsimi RPİ-nin İŞ tərəfindən qəbul edilən xx.xx.2024-cü il tarixli 006584 nömrəli qərarın surətindən görünür ki, X1 Azərbaycan Azərbaycan Respublikası CM-nin 186.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə və ona maddə ilə ittiham elan olunması qərara alınmışdır. - Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin Nəsimi Rayon İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-18-2/2-11516/2024 nömrəli məktubunun surətindən görünür ki, məsələ ilə bağlı mütəxəssisləri tərəfindən qeyd olunan ünvana baxış keçirilmiş və göstərilən fakt öz təsdiqini tapmışdır. Qeyd edilənləri nəzərə alaraq adı gedən ünvanlarda sakinlərin təhlükəsizliyi və təxliyə olunması məqsədilə müvafiq tədbirlərin görülməsi barədə aidiyyatı üzrə göstərişin verilməsi xahiş edilmişdir. - Bakı İnzibati Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2-1(112)-839/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin xx.xx.2020-ci il tarixli, 51 nömrəli sərəncamı iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanında fərdi yaşayış evinin altındakı 0,02183 ha torpaq sahəsinə aid hissədə etibarsız hesab edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 sentyabr 2024-cü il tarixli, 2- 1(103)-2711/2024 nömrəli qərarı ilə üçüncü şəxs Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(102)-480/2025 saylı qərdadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 sentyabr 2024-cü il tarixli, 2-1(103)-2711/2024 nömrəli qərarından üçüncü şəxs Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinin mümkün sayılmaması qərara alınmışdır. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; - 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; - 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər; - 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir; - 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; - 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; - 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; - 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. - 1098.1-ci maddəsinə əsasən gələcəkdə zərər vurulması təhlükəsi bu cür təhlükəni yaradan fəaliyyətin qadağan edilməsi barədə iddiaya əsas verə bilər. - 1098.2-ci maddəsinə əsasən əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. - 1098.3-cü maddəsinə əsasən məhkəmə müvafiq fəaliyyətin dayandırılması və ya ona xitam verilməsi barədə iddiadan yalnız o halda imtina edə bilər ki, həmin fəaliyyətin dayandırılması və ya ona xitam verilməsi dövlət mənafelərinə zidd olsun. Bu cür fəaliyyəti dayandırmaqdan və ya ona xitam verməkdən imtina edilməsi zərərçəkənləri həmin fəaliyyətlə vurulmuş zərərin əvəzinin ödənilməsi hüququndan məhrum etmir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından (işin mübahisələndirilməyən halları) görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir və həmin daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mülkiyyət hüququ əsasında iddiaçıya məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi də daxil olmaqla, ümumilikdə 4,2258 ha torpaq sahəsi həmin ərazidə mövcud yaşayış və qeyriyaşayış bina və qurğuları sökülməklə, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyriyaşayış obyektlərinin tikintisi üçün Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 51 nömrəli sərəncamına əsasən üçüncü şəxs Cavabdeh MMC-yə icarəyə verilmişdir. Məhkəmə qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2-1(112)- 839/2024 nömrəli qanuni qüvvəsini almış qərarı ilə qəbul edilmiş sərəncamın (iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair hissədə) iddiaçının mülkiyyət hüququna müdaxilə olması və bu müdaxiləyə nə mülkiyyətdən istifadəyə nəzarət məqsədi daşıyan qanunvericilik sisteminin tərkib hissəsi kimi, nə də mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipinin işığında deyil, mülkiyyətdən məhrumetmə kimi qiymət verilmişdir. Məhkəmənin qərarına əsasən Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş mübahisələndirilən inzibati akt – sərəncam iddiaçının mülkiyyətində olan torpaq sahəsinə münasibətdə müvafiq səlahiyyət olmadan qəbul edildiyinə görə, iddiaçıya aid hissədə etibarsız inzibati akt kimi sayılmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmlak X2 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı verilmiş texniki pasporta əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olmasına baxmayaraq, cavabdeh mübahisəli ərazidə tikinti və digər fəaliyyətlər həyata keçirməyə başlamış, bununla da iddiaçının həmin ərazidən istifadə imkanlarını faktiki olaraq məhdudlaşdırmışdır. Yuxarıda qeyd olunan halları nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh hərəkətləri iddiaçının İddiaçı məxsus əmlakdan sərbəst və maneəsiz istifadə etmək hüququnu pozmaqla yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına da ziddir. Hazırda mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi istisnasız olaraq iddiaçının mülkiyyətindədir və həmin əraziyə hər hansı hüquqi və ya fiziki şəxsin razılıq olmadan müdaxilə etməsi qanunsuz maneə hesab olunmalıdır. Bununla belə, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının qanuni mülkiyyət hüququ yalnız ona məxsus torpaq sahəsi ilə məhdudlaşır və bu hüquq digər şəxslərin mülkiyyət və ya istifadəsində olan qonşu torpaq sahələrinə aid edilə bilməz. Qanunvericiliyin tələblərinə əsasən fərdi şəxsin mülkiyyətində olan torpaq sahəsinin sərhəddindən kənarda yerləşən və digər hüquqi və ya fiziki şəxslərə məxsus olan torpaq sahələrində qazıntı, söküntü və tikinti işlərinin aparılmasının qadağan olunması üçün yalnız həmin ərazilərə dair xüsusi hüquqi əsaslar və ya təhlükəsizlik, sanitariya və ya şəhərsalma baxımından müvafiq ekspert rəyləri olmalıdır. Lakin iş üzrə təqdim edilmiş sübutlar və sənədlər iddiaçının evinin həyətyanı sahəsinin sərhəddinə bitişik və ya yaxın ərazilərdə cavabdeh tərəfindən həyata keçirilən fəaliyyətin birbaşa təhlükə və ya zərər yaratdığını, yaxud şəhərsalma, ekoloji və ya sanitariya tələblərinin pozulduğunu təsdiq etmir. Məhkəmə həmçinin onu da qeyd edir ku, mübahisəli ərazidə aparılan tikinti işləri Bakı şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən həyata keçirilən layihənin tərkib hissəsidir və bu layihə üzrə fəaliyyətin dayandırılması yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda və əsaslarla mümkündür. Cavabdehin fəaliyyəti ümumi maraqlara xidmət edən şəhərsalma məqsədləri ilə əsaslandırıldığından, onun qanuni mülkiyyət və icarə hüququnun həyata keçirilməsinə inzibati və ya məhkəmə yolu ilə müdaxilə yalnız müstəsna hallarda mümkündür. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin “həyətyanı sahənin sərhəddində və yaxınlığında” yerləşən torpaq sahəsində tikinti və digər fəaliyyətləri qanunvericilik çərçivəsində həyata keçirdiyi hallarda bu fəaliyyətlərin ümumi şəkildə qadağan olunması iddiaçının subyektiv dəyərləndirmələrinə əsaslanır və hüquqi əsaslara söykənmir. Bu səbəbdən İddiaçı iddiasının “həmin evin həyətyanı sahəsinin sərhəddində və yaxınlığında qazıntı, söküntü və tikinti işlərinin aparılmasının qadağan edilməsi” hissəsinin təmin edilməsinə hüquqi əsas yoxdur. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən tələbi təmin edilməli, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ərazisində qazıntı, söküntü və tikinti işlərinin aparılması Cavabdeh MMC-yə qadağan edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “tikinti və söküntü işlərinin aparılmasının qadağan edilməsi” tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ərazisində qazıntı, söküntü və tikinti işlərinin aparılması Cavabdeh MMC-yə qadağan edilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar