Məhkəmə qərarları › İş №2(006)-1402/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1402/2020

08.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1402/2020 08.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxxxxxxx" MMC-yə (MTK) qarşı “mənzilin təhvil verilməsi və s." tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən Cavabdeh MMC (MTK) tərəfindən tikilən binanın birinci blokunun, 3-cü mərtəbəsinin, ümumi sahəsi 233 kv. metr olan, 4 otaqdan ibarət 14 saylı mənzilinin sahiblik və istifadəsi ilə bağlı Cavabdeh MMC (MTK) tərəfindən yaradılmış məneələrə son qoyulması və mənzilinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixdə Bakı şəhərində Cavabdeh MMC (MTK) ilə iddiaçı arasında Cavabdeh MMC (MTK)-nın ünvan 1 ünvanda tikdiyi binanın birinci blokunun, 3-cü mərtəbəsinin, ümumi sahəsi 233 kv. metr olan, 4 otaqdan ibarət olan 14 saylı mənzilinə dair “Kooperativ Binada Mənzil Tikintisi Haqqında” müqavilə imzalanmışdır. Həmin müqavilənin 2-ci bəndi müəyyən edir ki, “Mənzil son variantda daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən, bilavasitə payçının özünə verilir. Tikintinin tamamlanması 24 ay müddətinə müəyyənləşdirilir”. Müqavilənin xx.xx.2017-ci ildə bağlandığını nəzərə alsaq 24 aylıq müddət xx.xx.2019-cu ildə bitmişdir. Müqavilənin 3-cü bəndində iddiaçının öhdəliyi müəyyən olunmuşdur. Həmin öhdəliyə əsasən iddiaçı mənzilin dəyəri kimi cavabdehin hesabına 200.000 manat pul ödəməli idi. Cavabdeh MMC-nin xx.xx.2017-ci il tarixli maliyyə arayışından görünür ki, iddiaçı tərəfindən Cavabdeh MMC-yə məxsus kooperativ yaşayış binasının ümumi sahəsi 233 kv. metr, olan 4 otaqlı, 14 saylı mənzilinin ümumi pay dəyərindən 200.000 manat ödənilmişdir. Göstərilən sənədlər Cavabdeh MMC-nin (MTK) sədri və direktoru kimi Tağıyev E.B tərəfindən imzalanmış və müəssisənin möhürü ilə təsdiq edilmişdir. 2019-cu ilin iyul ayında iddiaçı Cavabdeh MMC-yə (MTK) yazılı müraciət edərək əldə etdiyi mənzilin ona təvhil verilməsini və mənzilə dair istifadə və sahiblik hüququnun tanınmasını xahiş etmiş, lakin ona rədd cavabı verilmişdir. Tərəflər arasında qeyd etdiyi müqavilə bağlandığından tərəflərin öhdəlikləri yaranmışdır. İddiaçı öz öhdəliyini cavabdeh qarşısında tam şəkildə yerinə yetirsə də, cavabdeh öhdəliyini yerinə yetirməkdən müxtəlif bəhanələrlə imtina etmişdir. Yaranmış vəziyyətdən çıxış yolu kimi iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil yuxarıda göstərilən məzmunda izahat vermiş və əlavə olaraq bildirmişdir ki, ekspert rəyi ilə razı deyildir. Ekspertiza iş materiallarında olan sənədlər əsasında keçirilmişdir. Ekspertizanın kimin imza nümunələri əsasında keçirilməsi bəlli deyil. Ona görə də təkrar ekspertiza keçirilməli, Elşad Tağıyev özü gəlib məhkəmədə imza nümunələri təqdim etməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının məhkəməyə təqdim etdiyi müqavilə saxtadır. Ekspert rəyindən də görünür ki, ""xxxxxxxxx" kooperativ binada mənzil tikintisi haqqında" xx xxxx 2017-ci il tarixli müqavilədə “Tağıyev E.B” yazısının qarşısında imza qrafasındakı imza E.Tağıyev tərəfindən icra edilməmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi və iddiaçı barədə xüsusi qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. İş materiallarında olan “"xxxxxxxxx" kooperativ binada mənzil tikintisi haqqında” xx xxxx 2017-ci il tarixli müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Kooperativ Nəsimi rayonu, Qulu Quliyev küçəsi, ev 38 ünvanında tikilməkdə olan binasında 14 №-li mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və 200.000 manat mənzil haqqını ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 4/203 nömrəli rəyindən görünür ki, “"xxxxxxxxx" kooperativ binada mənzil tikintisi haqqında” xx xxxx 2017-ci il tarixli müqavilədə "xxxxxxxxx" MMC-nin direktoru Tağıyev E.B qrafasının qarşısında imza X3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 76.1-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlardan görünür ki, İddiaçı cavabdeh "xxxxxxxxx" MMC ilə aralarında bağlanmış “"xxxxxxxxx" kooperativ binada mənzil tikintisi haqqında” xx xxxx 2017-ci il tarixli müqaviləyə əsasən, ünvan 1 ünvanda tikilən ümumi sahəsi 233 kv. metr olan 14 saylı mənzilin ona təhvil verilməli olduğunu bildirərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən təyin edilmiş məhkəməxətşünaslıq ekspertizası nəticəsində ““xxxxxxxxx" kooperativ binada mənzil tikintisi haqqında” xx xxxx 2017-ci il tarixli müqavilədə "xxxxxxxxx" MMC-nin direktoru Tağıyev E.B qrafasının qarşısındakı imzanın X3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Beləliklə məhkəmə iclasında araşdırılmış sübutlarla tərəflər arasında hər hansı öhdəlik münasibətlərinin olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxxxxxxx" MMC-yə (MTK) qarşı “mənzilin təhvil verilməsi və s." tələbinə dair iddiası rədd edilməli, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 112 (yüz on iki) manat məbləğində pul İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxxxxxxx" MMC-yə (MTK) qarşı “mənzilin təhvil verilməsi və s." tələbinə dair iddiası rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 112 (yüz on iki) manat məbləğində pul İddiaçı alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar