Məhkəmə qərarları › İş №2(006)-141/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-141/2023

20.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-141/2023 20.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Gülməmmədov Qabı̇ l Musa oğlu cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 Tahı̇ r oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1ndən və təsisçisi Cavabdeh2 Tahı̇ r oğlundan iddiaçı Gülməmmədov Qabı̇ l Musa oğlunun xeyrinə rəsmi kassa-mədaxil qəbzləri ilə ödədiyi pul vəsaitinin qalan hissəsi olan 23350 (iyirmi üç min üç yüz əlli) manat məbləğində borcun, 10000 (on min) manat məbləğində cərimənin, ümumilikdə 33350 (otuz üç min üç yüz əlli) manat və 191.05 (bir yüz doxsan bir manat sıfır beş qəpik) manat ödənilmiş manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Gülməmmədov Qabı̇ l Musa oğlu Cavabdeh1 (VÖEN: **********) ilə ilk dəfə telekanalların birində “ev təmiri edən” şirkət kimi fəaliyyət göstərdiyinə dair reklam çarxında məlumatlandıqdan sonra həmin şirkətə müraciət edərək, özünə məxsus ünvan 1 ünvanında ("xxxx" Şirkəti tərəfindən tikilən, “Həzi Aslanov” metrostansiyasının yaxınlığında) yerləşən mənzilin təmir edilməsinə dair 25 dekabr 2020-ci il tarixdə Cavabdeh1 MMC-nin ünvan 2 ünvanında yerləşən ofisində aralarında 0012 nömrəli “təmir xidmətlərinin göstərilməsinə dair müqavilə” bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən, icraçı Cavabdeh1 MMC 3 (üç) ay müddətinə qeyd edilən mənzili tam təmir edərək sifarişçi Gülməmmədov Qabı̇ l Musa oğluna təhvil verməyi öz öhdəsinə götürmüşdür. Lakin 2021-ci ilin yanvar-fevral aylarından sonra təmir işləri icraçı tərəfindən dayandırılaraq müqavilənin şərtləri pozulmuşdur. Qeyd edilən müqavilənin şərtlərinə görə xidmət haqqı 37000 (otuz yeddi min) manat təşkil edirdi və həmin məbləğdən müxtəlif tarixlərdə ümumilikdə 31350 (otuz bir min üç yüz əlli) manat məbləğində pul vəsaitini iddiaçı Cavabdeh1 MMC-nin təsisçisi Cavabdeh2 Tahı̇ r oğluna nağd şəkildə təhvil verərək, ondan rəsmi qaydada cəmiyyətin imza və möhürü ilə təsdiqlənmiş kassa-mədaxil qəbzlərini təhvil almışdır. Daha sonra iddiaçıya məlum olmuşdur ki, vətəndaşı aldatmaq məqsədilə cavabdehlər həmin puldan mənzilin təmirinə cəmi 8000 (səkkiz min) manata yaxın pul vəsaiti xərcləyiblər və pulun qalan hissəsini şəxsi ehtiyacları üçün xərcləyərək mənimsəyiblər. Hal-hazırda 1 (bir) il 7 (yeddi) aydır ki, qeyd edilən mənzilin təmir işləri yarımçıq olaraq cavabdeh tərəfindən dayandırılıbdır və dəfələrlə iddiaçı tərəfindən Cavabdeh1 MMC-nin təsisçisi Cavabdeh2 Tahı̇ r oğluna müraciət olunmasına baxmayaraq, nə mənzilin təmir edilməsi davam etidirilmir, nə də ki ödənilən pul məbləğinin qalan hissəsini qaytarmaqdan boyun qaçırırlar. Cavabdeh1 MMC-nin təsisçisi Cavabdeh2 Tahı̇ r oğlu iddiaçı kimi bir neçə şəxsi eyni qaydada aldadaraq pullarını mənimsəyibdir. Bundan əlavə, iddiaçı və digər aldadılmış şəxslər baş vermiş faktla bağlı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə 19 dekabr 2021-ci il tarixli ərizə ilə müraciət etmiş və Nəsimi Rayon Polis İdarəsi tərəfindən cavab olaraq işin mülki iş olması və məhkəməyə müraciət edilməsinə dair xx.xx.2022-ci il tarixli qərar verilmişdir. Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 iddiaçının ödədiyi 31350 (otuz bir min üç yüz əlli) manat məbləğində pul müqabilində mənzilini tam təmir etməmişlər, nə də ki iddiaçı Gülməmmədov Qabı̇ l Musa oğlunun rəsmi qəbzlə ödədiyi pul vəsaitinin qalan hissəsini – 23350 (iyirmi üç min üç yüz əlli) manat məbləğində pulu sonuncuya geri ödəməmişlər. Buna uyğun olaraq, cavabdehlərin iddiaçıya vurmuş olduqları maddi zərəri, eləcə də tikinti materiallarının qiymətinin qalxdığını nəzərə alaraq cavabdehlərdən 10000 (on min) manat məbləğində dəymiş zərərə görə dəbbə pulunun (təzminat) tutulması məqsədəuyğundur. İddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması qaydasına riayət olunaraq cavabdehlərə son olaraq xx.xx.2022-ci il tarixində xəbərdarlıq göndərilmiş və həmin məktub xx.xx.2022-ci il tarixində cavabdeh tərəfindən imzalanaraq qəbul edilsə də, cavabdeh indiyədək heç bir ödəniş etməmişdir. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə hazırlıq iclaslarından birində iştirak edən Cavabdeh2 iddiaçı ilə müqavilə bağlanan zaman Cavabdeh1 MMC-nin direktoru olduğunu bildirmişdir. Hazırda MMC-nin direktoru dəyişib, lakin təsisçi hələ də özüdür. İddiaçı ona müqavilə üzrə 31350 manat verdiyini bildirəndə o bunu mübahisələndirməmiş, həqiqətən müqavilə üzrə iddiaçıdan 31350 manat məbləğində pulu aldığını qəbul etmişdir. Lakin həmin məbləğin hamısını evlərin təmirinə sərf etməmiş, təmir-tikinti materiallarının qiymətlərinin qalxması ilə əlaqədar onların işində problem yaranmışdır. Mənzillərdə aparılan təmir işlərinin dəyərinin müəyyən edilməsi üçün ekspertiza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə tərəflərin vəsatəti təmin edilmiş, iş üzrə obyektiv həqiqətə nail olmaq üçün məhkəmə-əmtəəşünaslıq və tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, iddia ərizəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2944A-məhəllə, ev 4,5 mənzil 34 (Yeni qaydalarla: AZ1123, ünvan 3 ünvanında yerləşən mənzil (reyestr nömrəsi: **********75-05301-093046) tam mülkiyyət hüququ üzrə (qeydiyyat nömrəsi: **********) xx.xx.2020-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2944A-məhəllə, ev 4,5 mənzil 33, bina 4 (Yeni qaydalarla: AZ1123, ünvan 4 ünvanında yerləşən mənzil (reyestr nömrəsi: **********75-05301-093072) tam mülkiyyət hüququ üzrə (qeydiyyat nömrəsi: **********) xx.xx.2020-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan 25 dekabr 2020-ci il tarixdə bağlanmış 0012 nömrəli “təmir xidmətlərinin göstərilməsinə dair müqavilə”dən görünür ki, icraçı Cavabdeh1 MMC Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, bina 4, "xxxx" yaşayış kompleksi, 8-ci mərtəbədə yerləşən 107 kv.m və 52 kv.m olan mənzillərin təmirinin öhdəliyini üzərinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndindən görünür ki, icraçı hazırki müqavilənin 1.1-ci bəndində göstərilmiş işləri sifarişçinin tapşırığına uyğun olaraq tam keyfiyyətlə və vaxtında yerinə yetirilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 4.1-ci bəndindən görünür ki, sifarişçi hazırki müqavilənin 1.1-ci bəndində göstərilmiş işlər üçün icraçıya smeta dəyərinə uyğun olaraq hər bir iş vahidi müəyyənləşdirməklə görülmüş işin həcmi və bu iş həcminin əsası olan təhvil-təslim aktına uyğun olaraq hesablanmaqla 37000 AZN valyutasında ödəniş edir. Müqaviləyə əlavə edilən ödəniş cədvəlindən görünür ki, xx.xx.2020-ci ildə 10000 manat, xx.xx.2021-ci ildə 7000 manat, xx.xx.2021-ci ildə 9000 manat, xx.xx.2021-ci ildə 9000 manat, təhvil zamanı isə 2000 manat ödəniş edilməsi müəyyənləşdirilmişdir. Qeyd edilən müqavilə üzrə görüləcək işlərin siyahısı müqaviləyə əlavə olunmuşdur və həmin işlər aşağıda qeyd olunan həcmdədir: 1. Güzgü üstündə işıq 1.1 yanında vintelyatorun işığı razetka; 2. Pol minimum aşağı; 3. Balkona metlax keroma qranit; 4. Damafon; 5. Alçipan fiqur kolidor zal; 6. İnternet və telefon çəkilməsi; 7. Rus qapısı içi şüşəli; 8. Plasmas qapıya oxşasın (sanitar qoşvaq); 9. Hamam tualet duş kabine parok mərmər girişə mərmər; 10. Duş ECA; 11. Dunlop qalanları Qrok dunlop;

12. Kombi Hidroterm 24-32; 13. Aboy Valpaper mm – 20 AZN seçim müştəri; 14. Dekor işıq kolidorda -108; 15. Pol Dik 20 laminat 11 mm polski; 16. çanaxqala kafel müştəri seçir; 17. karniz vurulmalı; 18. smistitel şifon kuxna; 19. Pəncərələrə Setka; 20. Pəncərə cif 2+3; 21. Kombi şkafı hər ikisinə və plasmas altdan polka; 22. kafelin rəngini dekor vurmaq müştəri seçir; 23. Plasmas çöl qapının altı panel bütöv; 24. Çöldə kombinin altında trubalara izolyasiya olunur; 25. Hamamın üstündə 30x30 rəngli asma tavan rəngini və fiqurunu müştəri seçir. Mülki işin materiallarında olan Cavabdeh1 MMC-nin kassa mədaxil orderlərindən görünür ki, Gülməmmədov Qabı̇ l Musa oğlu tərəfindən “X.Məmmədov küçəsi 107 kv.m və 52 kv.m mənzillərin təmirə başlaması üçün ilkin ödəniş” əsası ilə MMC-yə 10000 manat və 7000 manat ödəniş edilmişdir. Mülki işin materiallarında olan Cavabdeh1 MMC-nin xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən (kassa mədaxil) görünür ki, 9000,00 manat əsas məbləğdən 3000,00 manat hissəsi Cavabdeh2 tərəfindən ödənilmiş, Gülməmmədov Qabı̇ l Musa oğlu tərəfindən qəbul edilmiş, qalıq borcun məbləği 6000,00 manat təşkil etmişdir. Mülki işin materiallarında olan Cavabdeh1 MMC-nin xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən (kassa məxaric) görünür ki, 6000,00 manat əsas məbləğdən 4000,00 manat hissəsi Cavabdeh2 tərəfindən ödənilmiş, Gülməmmədov Qabı̇ l Musa oğlu tərəfindən qəbul edilmiş, qalıq borcun məbləği 2000,00 manat təşkil etmişdir. Mülki işin materiallarında olan Cavabdeh1 MMC-nin xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən (kassa mədaxil) görünür ki, 9000,00 manat əsas məbləğdən 4000,00 manat hissəsi Gülməmmədov Qabı̇ l Musa oğlu tərəfindən ödənilmiş, qalıq borcun məbləği 5000,00 manat təşkil etmişdir. Mülki işin materiallarında olan Cavabdeh1 MMC-nin xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən (kassa mədaxil) görünür ki, 3000,00 manat əsas məbləğin hamısı Gülməmmədov Qabı̇ l Musa oğlu tərəfindən ödənilmiş, Cavabdeh2 tərəfindən qəbul edilmişdir, qalıq borc qalmamışdır. Mülki işin materiallarında olan Cavabdeh1 MMC-nin kassa mədaxil orderindən görünür ki, Gülməmmədov Qabı̇ l Musa oğlu tərəfindən “X.Məmmədov küçəsi 107 kv.m və 52 kv.m mənzillərin təmirə başlaması üçün ödəniş” əsası ilə MMC-yə 320 manat ödəniş edilmişdir. Mülki işin materiallarında olan Gülməmmədov Qabı̇ l Musa oğlu və digərləri tərəfindən Bakı şəhəri Nəsimi rayon prokurorluğu və Nəsimi rayon Polis İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsində yerləşən ofisdə ev təmir etmək və kirayə vermək fəaliyyətləri ilə məşğul olan Cavabdeh2, X3 və Səid adlı şəxslərin onları aldadaraq külli miqdarda pullarını mənimsəmələri ilə əlaqədar barələrində cinayət işinin açılmasını və qanunamüvafiq qaydada ciddi tədbir görülməsini xahiş etmişlər. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən Gülməmmədov Qabı̇ l Musa oğluna ünvanlanmış xx.xx.2022-ci il tarixli 082-18429 nömrəli məktubda qeyd edilmişdir ki, Nəsimi RPİ-nin İŞ-də toplanmış HK-1/195 nömrəli material üzrə aparılmış araşdırma zamanı Cavabdeh2 və X2 əməllərində cinayət tərkibi olmadığından material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin, Cavabdeh2 və X2 onunla aralarında olan mübahisəli pul məsələsi ilə əlaqədar olaraq mübahisənin mülki qaydada həll olunmasından ötrü aidiyyəti üzrə məhkəməyə müraciət etmək və qəbul edilmiş qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nəsimi rayon prokuroruna, yuxarı prokurora, yaxud məhkəməyə şikayət vermək hüquqlarının olması izah edilmişdir. Mülki işin materiallarında olan Nəsimi RPİ-nin İŞ-nin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Gülməmmədov Qabı̇ l Musa oğlunun və digərlərinin müraciətləri əsasında toplanmış material üzrə Cavabdeh2 və X1 əməllərində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmış, mübahisənin mülki qaydada həll olunmasından ötrü məhkəməyə müraciət olunması hüququ izah edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli xəbərdarlıqlardan görünür ki, Gülməmmədov Qabı̇ l Musa oğlu tərəfindən Cavabdeh1 MMC və Cavabdeh2 23350 (iyirmi üç min üç yüz əlli) manat məbləğində borcun, 15000 (on beş min) manat məbləğində cərimənin, ümumilikdə 38350 (otuz səkkiz min üç yüz əlli) manat məbləğində borcun 5 (beş) gün ərzində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişlər. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********060000 nömrəli cavab məktubundan görünür ki, vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən Cavabdeh1 MMC-nin (VÖEN: **********) vergi ödəyicisi kimi xx.xx.2020-ci il tarixdə uçota alınması və qeydiyyata alındığı tarixdən bu günədək fəaliyyətinin aktiv vəziyyətdə olması barədə məlumat mövcuddur. Cavabdeh1 MMC-nin (VÖEN: **********) ləğv və ya müflis elan edilməsi barədə məlumat müəyyən edilməmişdir. Mülki işin materiallarında olan sadə yazılı formada tərtib edilmiş xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh2 1 noyabr 2023-cü il tarixinə 1 otaqlı 54 kv.m olan mənzilin kafelmetlaxın hazır vəziyyətdə olacağına söz vermiş, digər mənzilə 130 AZN olan materialı da alacağını, sonrakı 5 gün ərzində hamamların qapısını və podvisnoyun vurulmasını öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06 yanvar 2023-cü il tarixli 10/6650 saylı ekspert rəyindən görünür ki, iddiaçı Gülməmmədov Qabı̇ l Musa oğluna məxsus olan ümumi sahəsi 54.10 kvadratmetr olan Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2944A-məhəllə, ev 4, 5-də yerləşən 34 saylı (yeni qaydalarla: AZ1123, ünvan 3 mənzil üzrə yerinə yetirilmiş təmir işlərinin ümumi dəyəri təqribən 3975,0 manat, ümumi sahəsi 99.20 kvadratmetr olan Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2944A-məhəllə, ev 4, 5-də yerləşən 33 saylı (yeni qaydalarla: AZ1123, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 190, M8, m4) mənzil üzrə yerinə yetirilmiş təmir işlərinin ümumi dəyəri təqribən 6275,0 manat məbləğində müəyyən edilmişdir. Mülki işin materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 191.05 (bir yüz doxsan bir manat beş qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “pul və s.” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmış, iddiaçı tərəfindən ödənilmiş 191.05 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmışdır. Sonradan iddiaçının ərizəsi əsasında məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Əvvəlki dövlət rüsumu iddiaçıya qaytarıldığından, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 191.05 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş hallar ondan ibarət olmuşdur ki, İddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2020-ci il tarixində “təmir xidmətlərinin göstərilməsinə dair” müqavilə imzalanmış, həmin müqaviləyə əsasən, cavabdeh iddiaçıya məxsus 2 ədəd mənzili təmir edib təhvil verməyi, iddiaçı isə əvəzində 37000 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materialları əsasında aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən həmin müqavilə üzrə cavabdehə ümumilikdə 31350 manat məbləğində ödəniş edilmiş, cavabdeh tərəfindən isə həmin mənzillərdə cəmi 10250 manat məbləğində təmir işləri aparılmışdır. Hazırda iddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müqavilə üzrə öhdəliklərini icra etmədiklərinə görə müştərək qaydada pulun tutularaq ona verilməsini tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında olan hazırki mübahisənin predmetini təşkil edən münasibətlər podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərində podratçının öz öhdəliyini lazımınca yerinə yetirməməsi hesab olunmalıdır. Belə ki, sifarişçi tərəfindən edilmiş ödəniş məbləğinin yalnız bir qismi podratçı tərəfindən icra edilmiş işlərə sərf olunmuş, icra edilməli olan işlərin hamısı görülməmiş və edilmiş ödəniş üzrə qalıq məbləğ sifarişçiyə qaytarılmamışdır. Məhkəmə iddia tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı müqavilə üzrə 31350 manat məbləğində pul vəsaitini həmin dövrdə Cavabdeh1 MMCnin direktoru olan Cavabdeh2 ödədiyini və onun tərəfindən yalnız 8000 manat məbləğində pulun təmirə xərcləndiyini, qalan hissəsinin isə mənimsənildiyini iddia edərək, cavabdehlərdən 23350 manat məbləğində qalıq pulun tutulmasını tələb etsə də, həmin dövrdə MMC-nin direktoru olan Cavabdeh2 tərəfindən də etiraf edilmişdir ki, iddiaçı tərəfindən Cavabdeh1 MMC-yə cəmi 31350 manat ödəniş edilmiş, lakin onun hamısı təmirə xərclənməmiş, bir hissəsi mənfəət kimi götürülmüşdür. Ödəniş məbləğinin hansı hissəsinin təmir işlərinə sərf edildiyini müəyyən etmək məqsədilə tərəflərin vəsatətinə əsasən məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmiş və təqdim edilmiş ekspert rəyi əsasında müəyyən edilmişdir ki, mənzillərdə aparılan təmir işlərinin ümumi dəyəri cəmi 10250 manat təşkil etmişdir. Cavabdeh2 izahatı məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilərək qəbul edilmişdir. Çünki iddiaçı ilə müqavilə bağlanan dövrdə MMC-nin direktoru Cavabdeh2 olmuş, bütün sənədlərdə MMC-nin qanuni təmsilçisi kimi o imza etmiş, sənədlər MMC-yə məxsus möhürlə təsdiq edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərinə qiymət verərək məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin qəbzlər əsasında iddiaçı tərəfindən cavabdehə hansı məbləğdə ödəniş edilməsi müəyyən edilə bilmir. Çünki Cavabdeh1 MMC-nin xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən (kassa mədaxil) görünür ki, 3000,00 manat əsas məbləğin hamısı Gülməmmədov Qabı̇ l Musa oğlu tərəfindən ödənilmiş, Cavabdeh2 tərəfindən qəbul edilmiş, qalıq borc qalmamışdır. Lakin buna baxmayaraq, tərəflərin izahatlarından da aydın olduğu kimi, İddiaçı tərəfindən müqavilə üzrə ödənişin bir hissəsi ödənilmiş, müəyyən məbləğdə qalıq borc qalmışdır. Beləliklə, müəyyən edilmişdir ki, Cavabdeh1 MMC-nin müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməsi nəticəsində iddiaçıya 21100 manat məbləğində ziyan dəymiş və onun vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququ yaranmışdır. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddia bu hissədə qismən təmin edilməli, Cavabdeh1 MMC-dən 21100 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə cərimə tələbi ilə əlaqədar qeyd edir ki, tərəflər arasında olan müqavilədə cərimənin ödənilməsi ilə əlaqədar razılaşma qeyd edilməmişdir. Belə ki, mülki qanunvericilikdə cərimə müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği kimi müəyyən edilmişdir. Lakin hazırki iş üzrə tərəflər arasında bağlanmış müqavilənin müddəalarında öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi hallara görə cərimə ödənilməsi məsələsi qeyd edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Məhkəmə digər Cavabdeh2 münasibətdə qeyd etməyi zəruri hesab edir ki, hazırki mübahisənin yaranmasına əsas olan müqavilədə Cavabdeh2 deyil, onun direktoru olduğu Cavabdeh1 podratçı qismində öhdəliklər daşıması müəyyən edilmişdir. Belə ki, müqavilənin sifarişçi qismində çıxış edən tərəfi İddiaçı, podratçı qismində çıxış edən tərəfi isə Cavabdeh1 MMC olmuşdur və məhz Cavabdeh1 MMC tərəfindən iddiaçıya ziyan vurulmuşdur. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh2 əsl cavabdeh olmadığından iddia ona münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllənin) 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 14-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Mülki Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər. Mülki Məcəllənin 777.4-cü maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir. Mülki Məcəllənin 779.1-ci maddəsinə görə vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 779.2-ci maddəsinin tələblərinə görə isə vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllənin) 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə görə isə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1ndən 21.100 (iyirmi bir min bir yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 191.05 (bir yüz doxsan bir manat beş qəpik) manat dövlət rüsumunun 122 (bir yüz iyirmi iki) manat hissəsi Cavabdeh1ndən alınaraq İddiaçı ödənilməli, qalan 69.05 (altmış doqquz manat beş qəpik) manat hissəsi isə İddiaçı aid edilməlidir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir: Məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 50 (əlli) manat pulun 32 (otuz iki) manat hissəsi Cavabdeh1ndən, qalan 18 (on səkkiz) manat hissəsi isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh1ndən 21.100 (iyirmi bir min bir yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 191.05 (bir yüz doxsan bir manat beş qəpik) manat dövlət rüsumunun 122 (bir yüz iyirmi iki) manat hissəsi Cavabdeh1ndən alınaraq İddiaçı ödənilsin, qalan 69.05 (altmış doqquz manat beş qəpik) manat hissəsi isə İddiaçı aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 (əlli) manat pulun 32 (otuz iki) manat hissəsi Cavabdeh1ndən, qalan 18 (on səkkiz) manat hissəsi isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar