Məhkəmə qərarları › İş №2(006)-1410/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1410/2020

01.10.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1410/2020 01.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Ağayev Cavad Elşad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdeh2 nümayəndəsi Cavabdeh1 iştirakı ilə İddiaçı MMC-nin cavabdehlər X5, Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Bakı şəhər İcra Hakimiyyətinə, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə və LPO «xxxxxxxxx» ASC-yə qarşı «kompensasiya verməklə yaşayış və qeyri-yaşayış sahələrindən çıxarılma» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Bakı şəhər İcra Hakimiyyətinə, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı «kompensasiya verməklə yaşayış və qeyri-yaşayış sahələrindən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən 11 m2 qeyri-yaşayış sahəsinin (zirzəminin) boşaldılıb İddiaçı MMC-yə təhvil verilməsi və əvəzində İddiaçı MMC-dən 30 m2 tam təmirli mənzilin Cavabdeh1 tərəfindən qəbul edilməsi; Cavabdeh2 məxsus ünvan 1 ünvanda yerləşən 16 saylı mənzilin 20 m2-dən ibarət hissəsinin boşaldılıb İddiaçı MMCyə təhvil verilməsi və əvəzində İddiaçı MMC-dən 50 m2 tam təmirli mənzilin Cavabdeh2 tərəfindən qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçının vəsatəti təmin edilərək, X9 «xxxxxxxxx» ASC (ləğvedicisi X1) mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş, əsl olmayan Cavabdeh1 əsl cavabdeh X6 ilə əvəz edilmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx xxxx 2005-ci il tarixli 79 saylı sərəncamına əsasən Bakı şəhəri Nəsimi rayonu R.Behbudov, Ş.Əzizbəyov, S.Ələsgərova küçələri ilə Bülbül prospektinin kəsişməsindəki 391-ci məhəllədə yaşayış binalarının layihələşdirilməsi, tikintisi üçün icarə əsasında 1,3888 ha torpaq sahəsi İddiaçı MMC-nin istifadəsinə verilmişdir. Sərəncamın 7.1-ci bəndinə əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi İddiaçı MMC-yə həvalə edilmişdir. Sərəncamın icrası ilə bağlı Bakı şəhəri İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında xx xxxxxxxx 2005-ci il tarixdə torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə imzalanmışdır. Həmin ünvandakı yaşayış və qeyriyaşayış sahələrinin böyük əksəriyyətini təşkil edən mülkiyyətçiləri yuxarıda qeyd edilən sərəncamın icrasının həyata keçirilməsi və mənzil şəraitlərini yaxşılaşdırmaq məqsədi ilə mülkiyyətində olan sahələri alğı-satqı müqavilələri ilə İddiaçı MMC-yə satmışlar. Lakin qeyd edilən ərazidə Cavabdeh1 ona məxsus olan qeyri-yaşayış sahəsi sayılan 11,4 m2-dan ibarət zirzəmi hissəsini, Cavabdeh2 isə həmin ərazidə paylı mülkiyyətdə olan Ş.Əzizbəyov küçəsi 173/16 saylı mənzilin 20 m2-dən ibarət hissəsini satmaqdan imtina etməsi səbəbindən layihə başa çatdırıla bilmir, şirkətlərinə və mənzil şəraitini yaxşılaşdırmaq istəyən digər sakinlərə ziyan vurulur, onların Konstitusiya ilə təsbit edilmiş hüquqlarının həyata keçirilməsinə maneə yaradılır. Həmin ünvanda yerləşən mənzilin 23 m2-dən ibarət olan 1 otağının 1/3 hissəsinin paylı mülkiyyətçisi olan X3 ilə, həmin otağın 2/3 hissəsinin paylı mülkiyyətçisi olan Həsənova (Quliyeva) Şölə Hacı qızı ilə razılıq əldə edilərək, xx xxxxxxxx 2014-cü il tarixdə alğı-satqısına dair müqavilələr imzalanmışdır. Cavabdehlərin mülkiyyətində olan cüzi sahəyə malik yaşayış və qeyri-yaşayış sahələrini satmaqdan imtinası qərəzli olmaqla, yalnız iddiaçının deyil, həm də digər şəxslərin hüquqlarını pozur. Cavabdehlərə təklif edilən kompensasiya «ədalətli balans» prinsipinə tam uyğundur. İstismar müddəti keçmiş, qəzalı mənzillərdə və evlərdə cavabdehlərin yaşamağa davam etməsi onların həyat və sağlamlıqlarına ciddi təhlükə olmaqla yanaşı, cavabdehlərin iddiaçının təklifini qəbul edərək yaşayış sahəsindən çıxmamaları ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneə yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdehlərin yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan mənzillərdən çıxarılması ilk növbədə onlar üçün həyati vacib məsələdir. Hansı ki, onların mənzilləri boşaltdıqları halda, mülkiyyətlərində olan sahələrə uyğun tam təmirli mənzillərin verilməsi sərəncamla İddiaçı MMC-nin üzərinə qoyulmuş vəzifədir və MMC də bu vəzifəni yerinə yetirmək üçün bütün imkanlardan istifadə edir. Cavabdehlərin istismar müddətini uzun müddətdir keçmiş, qəzalı vəziyyətdə olan mənzildən köçürülmələri, əvəzində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binasından yeni mənzillə təmin olunmaları ilk növbədə yararsız mənzildə yaşayan cavabdehlərin həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılmasına, gözəlləşməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur. Yuxarıda qeyd edildiyi kimi, cavabdehlərin qeyd edilən hərəkətləri məhz hüquqdan sui-istifadədir, iddiaçı tərəfindən tanınan və qorunan mülkiyyət hüquqlarından Bakı şəhər İcra Hakimiyyətinin sərəncamını icra edən MMC-yə ziyan vuran şəkildə sui-istifadə edirlər ki, onlanı bu suiistifadələrinə yol verilməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında müəyyən edilmiş müddəalar da rəhbər tutulmalıdır. Cavabdehlərin qərəzli surətdə hüquqlarından sui-istifadə etməsi nəticəsində şirkətləri üzərinə götürdüyü öhdəliyi vaxtında icra edə bilmir ki, bu da yuxarıda qeyd edildiyi kimi, həm də mənzil şəraitini yaxşılaşdırmaq istəyən dinc sakinlərin hüquqlarını pozur. Bundan əlavə, satılması təklif edilən Cavabdeh1 məxsus sahə zirzəmidən ibarət olmaqla, yaşayış sahəsi sayılmır, Cavabdeh2 məxsus 20 m2 yaşayış sahəsi isə paylı mülkiyyətdir, 19,1 m2 yardımçı sahə 3 mülkiyyətçinin birgə istifadə etdiyi sahədir. Belə olan halda, həmin mənzil şəraitinin həddən artıq əlverişsiz vəziyyətdə olduğunu sübut etməyə ehtiyac yoxdur. Qeyd edilən hallar da, cavabdehlərin həmin sahələri özgəninkiləşdirməkdən qərəzli surətdə hüquqlarından sui-istifadə etmələrini təsdiq edir. İddiaçı tərəfindən cavabdehlərə məktub göndərilərək, Cavabdeh1 mülkiyyətində olan zirzəminin yerləşdiyi rayon ərazisində, tam təmirli ümumi sahəsi 30 m2 (yəni hazırda mövcud olandan 3 dəfə çox sahə); Cavabdeh2 isə yaşadığı rayon ərazisində, mülkiyyətində olan mənzilin yaxınlığında tam təmirli ümumi sahəsi 50 m2 (yəni, hazırda mövcud olan sahədən 30 m2 çox) mənzil müqabilində hazırda onlara məxsus sahələrin İddiaçı MMC-yə satılması təklif edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Ə.M.Əmirəliyev məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış vəkil sorğusuna cavab olaraq xx.xx.2020-ci il tarixli **********84 saylı məktubda qeyd olunmuşdur ki, Cavabdeh1 məxsus olmuş ünvan 1 ünvanda yerləşən 11 m2 qeyri-yaşayış sahəsi Hərrac Təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 54/01 saylı xx.xx.2019-cu il tarixli müqaviləyə, RX seriyalı ******* saylı xx.xx.2017-ci il tarixli çıxarışa əsasən həmin qeyri-yaşayış sahəsi X4 mülkiyyətinə xx.xx.2019-cu il tarixdə verilmişdir, hazırda mülkiyyətindədir və həmin qeyri-yaşayış sahəsi yüklü deyildir. Cavabdeh2 məxsus olan ünvan 1 ünvanda yerləşən 16 saylı mənzilin 20 m2-dən ibarət hissəsi xx.xx.2020-ci il tarixə olan məlumatlara əsasən «xxxxxxxxx» ASC-nin Biznes Filialının xeyrinə ipoteka ilə yüklüdür. Bu səbəbdən, hazırkı iş üzrə Cavabdeh1 əsl cavabdeh X6 ilə əvəz edilməsini və «xxxxxxxxx» ASCnin üçüncü şəxs kimi işə cəlb edilməsini xahiş etmişlər. Lakin cavabdehlər həmin təklifə heç bir cavab verməmişlər. Məhkəmədən qeyd olunanların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X6 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, ona təklif edilən mənzil ona məxsus olan əmlakın yerində tikiləcək binadan deyil, hardasa başqa yerdə tikilən binadan təkif edilmiş, habelə ona məxsus olan əmlak qeyri-yaşayış sahəsi olmaqla dəyəri mənzildən bir neçə dəfə bahadır, ona görə də sahəsi 168 m2 olan mənzil verilməsini istəyir lakin şirkət onunla razılaşmır. Bu səbəbdən məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 nümayəndəsi Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, onlara təklif edilən mənzilin kv sahəsi çox kiçik olmaqla başqa yerdə tikilən binadan təkif edilmişdir, bacısına məxsus olan əmlakın yerində tikiləcək binadan sahəsi 153,8 m2 olan mənzil verilməsini istəyir. Bu səbəbdən, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Bakı şəhər İcra Hakimiyyətinə, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə və LPO «xxxxxxxxx» ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə 3-cü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi Ə.M.Əmirəliyevin və Cavabdeh2 nümayəndəsi Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən – iddiaçının fəaliyyətini tənzimləyən sənədlərdən, cavabdehlərin mülkiyyət hüquqlarını təsbit edən sənədlərdən və s. göründüyü kimi, ünvan 1 ünvanda yerləşən 11 m2 qeyri-yaşayış sahəsi olan zirzəmi X4, ünvan 1 ünvanda yerləşən 16 saylı mənzilin 20 m2-dən ibarət hissəsi Cavabdeh2 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Nəsimi rayonu R.Behbudov, Ş.Əzizbəyov, S.Ələsgərova küçələri ilə Bülbül prospektinin kəsişməsindəki 391-ci məhəllədə yaşayış binalarının layihələşdirilməsi, tikintisi üçün icarə əsasında 1,3888 ha torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx xxxx 2005-ci il tarixli sərəncamına əsasən İddiaçı MMC-nin istifadəsinə verilmişdir. İddiaçı MMC cavabdehlərə müvafiq olaraq 30 m2 tam təmirli mənzil və 50 m2 tam təmirli mənzil verilməsi şərti ilə, cavabdehlərin mülkiyyətlərində olan yerlərdən çıxarılmasını tələb edir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalqhüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bundan əlavə, «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004cü il tarixli Qərarında qeyd edilir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. İşin faktiki hallarından göründüyü kimi, mülkiyyətçilər onlara edilmiş təkliflə razı deyillər. Cavabdehlərin mülkiyyət hüququ Dövlət tərəfindən təminat altında olduğundan və qorunduğundan, hazırkı iddia təmin edilə bilməz. Mülkiyyətçilər iddiaçıdan müvafiq olaraq sahəsi 168 m2 olan mənzil və 153,8 m2 olan mənzil verilməsi müqabilində mülkiyyətlərində olan sahələri iddiaçıya təhvil verməyə razı olduqlarını bildirirlər. Bundan başqa, iddiaçının cavabdehlərə təqdim etməyi təklif etdiyi sahələrin məhz hansı ünvanda yerləşməsinə dair dəqiq bilgi, məlumat göstərilməmişdir. Bu da, mülkiyyətçilərin haqlı narazılığına səbəb olur. Mülkiyyətçilərin mövqeyi bununla bağlıdır ki, verilən mənzillərin sahəsi qeyd etdikləri həcmdə olmaqla yanaşı, özlərinin həmişə yaşamağa öyrəşdikləri yerdə, ünvanda, yaxud çox yaxın ərazidə yerləşməlidir. Nəsimi rayonunun inzibati ərazisi böyükdür və onlar, həmişə yaşamağa öyrəşdikləri, özləri üçün daha əlverişli saydıqları ünvandan kənar ərazilərdə mənzil təqdim edilməsinə razı deyillər. Ödəniş tapşırığından (qəbzindən) görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin cavabdehlər X5, Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Bakı şəhər İcra Hakimiyyətinə, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə və LPO «xxxxxxxxx» ASC-yə qarşı «kompensasiya verməklə yaşayış və qeyri-yaşayış sahələrindən çıxarılma» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin cavabdehlər X5, Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Bakı şəhər İcra Hakimiyyətinə, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə və LPO «xxxxxxxxx» ASC-yə qarşı «kompensasiya verməklə yaşayış və qeyri-yaşayış sahələrindən çıxarılma» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar