Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1411/2021 10.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İddiaçı və Cavabdeh1 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Kürdəmir Rayonlararası Mühafizə Bölməsinə qarşı "işə bərpa" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin və Kürdəmir Rayonlararası Mühafizə Bölməsinin xx xxx 2020-ci il tarixli 547 ş/h-038-20 №-li əmrini ləğv edib, Kürdəmir Rayonlararası Mühafizə bölməsinin mülki mühafizə xidməti üzrə mühafizəçi (fəhlə) vəzifəsinə bərpa olunmağı barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlər Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin və X4 Bölməsinin xx xxx 2020-ci il tarixli 547 ş/h-038-20 №-li əmri ilə xx xxx 2020-d il tarixli Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən (işçi özünün əmək funksiyası və ya əmək müqaqviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) Kürdəmir rayonlararası Mühafizə bölməsinin mülki mühafizə xidməti üzrə mühafizəçi (fəhlə) vəzifəsindən azad edilmişdir. İşdən azad edilməyinə dair əmri qanunsuz və əsassız sayır. Belə ki, o, 2010-cü ilin aprel ayınını 5-də əmək haqqı ştat cədvəlinə əsasən ödənilməklə Kürdəmir Rayonlararası Mühafizə Bölməsinin Mülki Mühafizə Xidməti üzrə mühafizəçi vəzifəsinə təyin edilmiş və onunla əmək müqaviləsi müddətsiz bağlanmışdır, lakin bir nüsxəsi ona verilməmişdir. İşdən nəyin əsasında və nə günah işləməyi ilə bağlı azad olunmağını ona bildirməmişlər. Sadəcə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndini heç bir xəbərdarlıq və töhmət vermədən ona bəhanə tutmuşlar. Həmin əmr qanunsuz və əsassız olduğundan ləğv edilməli, işə bərpa edilməyinə dair qətnamə qəbul ediməlidir, ona görə ki, o, çalışdığı illər ərzində qüsursuz işləmişdir. Bundan başqa, əmrdə işçi ilə işəgötürən arasında əmək münasibətlərini nizama salan qanunvericilik aktlarına, o cümlədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin normasına düzgün istinad edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi (tərəflərdən birinin təşəbbüsü) ilə işçinin işəgötürən tərəfindən azad edilməsi əsaslarını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinin (tərəflərdən birinin təşəbbüsü) dəqiqləşdirilməsi, daha doğrusu hansı halları nəzərdə tutması həmin Məcəllənin 70-ci maddəsi ilə dəqiqləşdirilmişdir. Həmin normaya görə Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini verinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda. Sadalanan normanın məzmunundan göründüyü kimi, əslində onunla əmək müqaviləsi bağlanmışdır və həmin müqavilənin birtərəfli qaydada, əmrdə göstərilən şəkildə ləğv edilməsi qanunsuz olmuşdur. Bu barədə x xxxxxxx 2020-ci il tarixində Bakı inzibati Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Hakim Pərviz Hüseynovun icraatında 2- 1(112)-7035/2020 saylı iş üzrə x xxxxxx 2020-ci il tarixində baxılaraq qərardad çıxarılmışdır. Hakim Pərviz Hüseynovun Qərardadda müəyyən etmişdir ki, "göründüyü kimi, iddiaçı hərbi qulluqçu olmamışdır, hazırki mübahisə inzibati orqanla hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı deyildir. İddiaçı mülki mühafizə xidməti üzrə mühafizəçi vəzifəsində işləmişdir, tərəflər arasında əmək müqaviləsi mövcud olmuşdur və iddiaçı ilə cavabdeh arasında münasibətlər əmək qanunvericiliyi ilə tənzimlənir. Belə olan halda hazırki mübahisənin araşdırması ümumi məhkəmələrin səlahiyyətlərinə aiddir, həmin məsələlər mülki məhkəmə icraatı qaydasında araşdırılmalıdır. Bu baxımdan hazırki iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz". Göstərilənlərə əsasən Azərbaycan Respublikası inzibati Prossesual Məcəlləsinin 2,35,80 və 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə onun cavabdehlər Azərbaycan Respublikası Cavabdeh1 və Kürdəmir Rayonlararası Mühafizə Bölməsinə qarşı işə bərpa" tələbinə dair iddiasını mümkün saymamışdır. Bu əsasla iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. Cavabdehlərlə aralarında yaranmış mübahisəni yoluna qoymaq cəhdləri nəticə verməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, tələbin əsaslılığı yoxlanılarkən müəyyən olmuşdur ki, 2020-ci ilin may ayının 1-də vətəndaş Röya Abbasova DİN-in «102» Xidməti-zəng mərkəzinə müraciət edərək bildirmişdir ki, özlərini Ağsu Rayon İcra Hakimiyyətinin məsul işçiləri kimi təqdim edən Təbriz və Elşən adlı şəxslər ona zəng edərək yardım ayrılacağı ilə bağlı köməklik göstərəcəklərini, yardım aldıqdan sonra ondan 30 manat pul tələb etmələrini, lakin vədlərinə əməl etmədiklərini söyləməklə həmin şəxslər barəsində müvafiq tədbirlər görülməsini xahiş etmişdir. Xidməti araşdırma zamanı həmin şəxslərin Kürdəmir Rayonlararası Mühafizə Bölməsinin mülki mühafizəçiləri İddiaçı və Elşən Məmmədov olduqları müəyyən edilmişdir. İddiaçı və E.Məmmədov izahat verərək Röya Abbasova ilə həqiqətən bu mövzuda telefon vasitəsilə danışdıqlarını, yardım ayrılmağa köməklik etməkləri təqdirdə ondan 30 manat pul istədiklərini etiraf etmişlər. İddiaçı və E.Məmmədovun hərəkətləri bölmənin ilk Həmkərlar Təşkilatının yığıncağında müzakirə olunmuş, müəyyən edilmişdir ki, xidməti vəzifələrinin icrasına etinasız yanaşaraq özlərini İcra Hakimiyyətinin məsul işçiləri kimi təqdim edib, vətəndaşa yardım ayrılmasına köməklik göstərmək müqabilində ondan 30 manat pul tələb etməklə R.Abbasovanın haqlı şikayətinə zəmin yaratmışlar. Bu hərəkətləri ilə mühafizə xidmətinin nüfuzuna xələl gətirdiklərinə, Azərbaycan Respublikası DİN-in xx.xx.2015-ci il tarixli 10 nömrəli Qərarı ilə təsdiq olunmuş «Mülki mühafizə xidməti fəaliyyətinin təşkilinə dair Təlimat»ın və əmək müqaviləsinin şərtlərini kobud surətdə pozduqlarına görə, onlarla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Baş İdarə qarşısında vəsatət qaldırılmışdır. Vəsatətə uyğun olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «c» bəndi əsasında İddiaçı və E.Məmmədovla bağlanmış müqavilə ləğv olunmuşdur. İddiaçı iddiası əsassız olmaqla yanaşı, iddia müddəti də keçmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Kürdəmir Rayonlararası Mühafizə Bölməsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və iddia müddətinin tətbiq edilməsinə dair ərizəni araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Kürdəmir rayonlararası Mühafizə Bölməsinin həmkarlar təşkilatının yığıncağının xx xxx 2020-ci il tarixli, 01 №-li protokolunun surətindən görünür ki, Xidməti vəzifələrinin icrasına etinasız yanaşaraq özlərini yalandan icra hakimiyyətinin məsul işçiləri kimi təqdim etməldə vətəndaşa yardım aynlmasına köməklik göstərmək müqabilində ondan 30 manat pul tələb etməkdə R.Abbasovanın haqlı şikayətinə zəmin yaratdıqlarına, bu hərəkətləri ilə mühafizə xidmətinin nüfuzuna xələl gətirdiklərinə, bununla da Azərbaycan Respublikası DİN-in xx.xx.2015-ci il tarixli 10 nömrəli Qərarı ilə təsdiq olunmuş «Mülki mühafizə xidməti fəaliyyətinin təşkilinə dair Təlimat»ın tələblərini və əmək müqaviləsinin şərtlərini kobud surətdə pozduqlanna görə, hissənin ilk Həmkarlar Təşkilatının yığıncağının qərarı da nəzərə alınmaqla Kürdəmir Rayonlararası Mühafizə Bölməsinin mühafizəçiləri İddiaçı Fikət oğlu və X5 ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən ləğv edilməsi təklif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin xx xxx 2020-ci il tarixli 547 ş/h-038-20 saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin surətindən görünür ki, İddiaçı xx xxx 2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyindən Kürdəmir rayonlararası Mühafizə Bölməsinin rəisi vəzifəsindən azad edilmişdir. İş materiallarında olan ******* saylı əmək kitabçasının surətindən görünür ki, xx xxx 2020-ci il tarixli, 547 ş/h №-li əmrə əsasən, xx xxx 2020-ci il tarixdə İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hisssində göstərilən haldan başqa qalan bütün hallarda işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx xxxxxx 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000-ci və xx xxxx 2004-cü il tarixli qərarları). Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Kürdəmir rayonlararası Mühafizə Bölməsinin mülki mühafizə xidməti üzrə mühafizəçi vəzifəsində çalışan İddiaçı Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin xx xxx 2020-ci il tarixli 547 ş/h-038-20 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı isə hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməli olmasına baxmayaraq, bu müddəti ötürmüş, cavabdehin nümayəndəsi isə məhkəmədən iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı müddətin buraxılmasını Azərbaycan Respublikasının ərazisində Covid-19 infeksiyasının yayılması ilə əlaqələndirilsə də, bu hal müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən hal kimi məhkəmə tərəfindən nəzərə alına bilməz. Belə ki, Covid-19 infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə məhkəmələr işlərin baxılmasına dair öz fəaliyyətlərini müvəqqəti olaraq dayandırsa da, məhkəmə tərəfindən sənədlərin qəbulunun həyata keçirilməsi davam etdirilmişdir. Beləliklə, məhkəmə Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinin göstərişinə əsaslanaraq hesab edir ki, iddia müddəti keçdiyindən, iddia müddətinin bərpası üçün əsas olmadığından və cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən iddia rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Kürdəmir Rayonlararası Mühafizə Bölməsinə qarşı "işə bərpa" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-1411/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1411/2021
10.03.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver