Məhkəmə qərarları › İş №2(006)-142/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-142/2022

16.08.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-142/2022 16.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Əzizova Şəbnur Rəfail qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzilə dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh1 qarşı «mənzilə dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən, 25 saylı mənzilə su sızması nəticəsində dəymiş zərərin əvəzi olaraq 3.000 manat maddi zərərin Cavabdeh1 tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Sonradan, ünvan 1 saylı evin 31 saylı mənzilinin mülkiyyətçisi Cavabdeh2 ikinci cavabdeh qismində mülki işə cəlb edilərək, dəymiş zərərin miqdarı olan 3.000 manat pulun müştərək qaydada cavabdehlərdən tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsini onunla əsaslandırmışlar ki, Bakı şəhəri Nəsimi rayonu F.Əmirov küçəsi ev 10 mənzil 25 mülkiyyət hüququ ilə iddiaçılara məxsusdur. Yuxarı mərtəbədə yerləşən 27 saylı mənzil isə Cavabdeh1 məxsusdur. Yuxarıdakı mərtəbədə yerləşən həmin 27 nömrəli mənzildən onlara məxsus mənzilə kanalizasiya suyu axıdılır, su sızması bu günə qədər davam edir, bunun nəticəsində mənzilin tavanı, divarları, dəhlizi, hamam otağı, sanitar qovşağı və s. yarasız hala salınmışdır. Dəfələrlə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh su sızmasının qarşısının alınması üçün mənzilindəki kanalizasiya sistemini təmir etdirmir. Qoxu və üfunətdən əziyyət çəkirlər, nəfəs almaq olmur. Dəfələrlə cavabdehə etdikləri xahişləri cavabdeh tərəfindən «heç bir şey edən deyiləm, məndən əl çəkin» kimi ifadələr işlədilərək rədd edilir. 49 saylı MKİS tərəfindən mənzildəki nasazlığı təmir etdirməsi cavabdehdən tələb edilsə də, buna da məhəl qoyulmayıb. Su sızması tez-tez davam edir. Bu barədə 49 saylı MKİS-in xx.xx.2020-ci il tarixdə tərtib etdiyi arayışını məhkəməyə sübut kimi təqdim edirlər. Hadisənin nəticələrini əks etdirən şəkilləri, sübutları iddia ərizəsinə əlavə etmişlər. Mənzillərinə ümumilikdə 3000 manat məbləğində maddi ziyan dəymişdir. Su hal-hazırda da ara-sıra sızmağa davam edir. Evin həmin hissələrdə tavanı və divarları yaşdır. Təmir işləri aparmaq mümkün deyil. Həmin nəm və islanmış divardan elektrik naqilləri keçir ki, həmin naqillərin də bir hissəsi yararsız olub. Cavabdehin təqsiri üzündən onlar mənzillərindən ürəkləri istədiyi kimi istifadə edə bilmirlər. Cavabdehin qanunsuz hərəkətləri və hərəkətsizliyi hələ də davam etməkdədir. Ona görə də, məhkəməyə müraciət etmişlər. Mənzillərinə dəymiş zərərin əvəzinin ödənilməsini istəyirlər. İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Digər iddiaçılar İddiaçı2 və İddiaçı3, həmçinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə iddiaçılar İddiaçı2, İddiaçı3, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, İddiaçı1 izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri Nəsimi rayonu Fikrət Əmirov küçəsi 10 saylı evin 25 saylı mənzili iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 payları bərabər olmaqla (hər birinin payı 1/3 hissə) paylı mülkiyyətlərində, Bakı şəhəri Nəsimi rayonu Fikrət Əmirov küçəsi 10 saylı evin 31 saylı mənzili Cavabdeh2, Bakı şəhəri Nəsimi rayonu Fikrət Əmirov küçəsi 10 saylı evin 27 saylı mənzili isə Cavabdeh1 mülkiyyətindədir. 49 saylı MKİS-in işçiləri tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli aktda qeyd olunmuşdur ki, Bakı şəhəri Nəsimi rayonu Fikrət Əmirov küçəsi 10 saylı evin 27 saylı mənzilindən 25 saylı mənzilinə su sızması nəticəsində 25 saylı mənzilin sanitar qovşağı, hamam, mətbəx və dəhlizin tavan hissəsi yararsız hala düşmüşdür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/1441 saylı rəyindən görünür ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Fikrət Əmirov küçəsi 10 saylı evin 25 saylı mənzilinin dəhliz, mətbəx, hamam və ayaqyolu tikililərinə su sızması nəticəsində ziyanın dəydiyi müəyyən edilir. İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Fikrət Əmirov küçəsi 10 saylı evin 25 saylı mənzilinin üst mərtəbəsində yerləşən (5-ci mərtəbə 31 saylı mənzil) mənzildən su sızma nəticəsində ziyanın dəydiyi müəyyən edilir. Qeyd olunur ki, 25 saylı mənzilin üst mərtəbəsində yerləşən 27 və 29 saylı mənzillərə 31 saylı mənzildən su sızma nəticəsində ziyanın dəydiyi müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi rayonu Fikrət Əmirov küçəsi 10 saylı evin 25 saylı mənzilinə baxış keçirilən zaman 27 saylı mənzildən faktiki olaraq suyun sızmadığı müəyyən edilmişdir. İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Fikrət Əmirov küçəsi 10 saylı evin 25 saylı mənzilində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1.071 manat məbləğində müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/812 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətində olan ünvan 1 saylı evin 25 saylı mənzilinə ziyan dəydiyi müəyyən olunur. Tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 25 saylı mənzilin binanın 2-ci mərtəbəsində, cavabdehə məxsus 27 saylı mənzilin 25 saylı mənzilin üstündə 3-cü mərtəbədə, həmçinin 29 və 31 saylı mənzillərin eyni sıra ardıcıllığı ilə binanın 4-cü və 5-ci mərtəbələrində yerləşdiyini, 25, 27 və 29 saylı mənzillərdə eyni xarakterli qüsurların yarandığını, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin binanın ümumi kanalizasiya xətlərinin çuqun borulardan çəkilməklə, uzun müddət istismar olunaraq təmir edilmədiyini nəzərə alaraq, 25, 27 və 29 saylı mənzillərə su sızması faktının, binanın 5-ci mərtəbə səviyyəsində, 31 saylı mənzil yerləşən hissədə ümumi kanalizasiya borusunda yaranmış hər hansı qəza nəticəsində baş verməsi ehtimal olunur. Baxış zamanı tədqiq olunan mənzilə su axıdılmasının davam etmədiyi müəyyən olunmuşdur. ünvan 1 saylı evin 25 saylı mənzilinə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 1093 manat məbləğində müəyyən olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin faktiki hallarından göründüyü kimi, ünvan 1 saylı evin 25 saylı mənzilinə 1.093 manat məbləğində ziyan dəymişdir. Ziyan məhz 31 saylı mənzildən suyun sızması nəticəsində vurulmuşdur. 25 saylı mənzilə 27 saylı mənzildən su sızması nəticəsində hər hansı zərər vurulmamış, ümumiyyətlə 27 saylı mənzildən 25 saylı mənzilə su sızmamışdır. Ekspert rəyində qeyd edildiyi kimi, 25 saylı mənzilə su 31 saylı mənzildən sızmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, qeyd olunan maddi ziyan qanunvericiliyə əsasən 31 saylı mənzilin mülkiyyətçisi - Cavabdeh2 tutularaq iddiaçılara ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş maddi zərərə görə 1.093 manat Cavabdeh2 tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat və 100 manat olmaqla, cəmi 200 manat Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş maddi zərərə görə 1.093 manat Cavabdeh2 tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ödənilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat və 100 manat olmaqla, cəmi 200 manat Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar