Məhkəmə qərarları › İş №2(006)-142/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-142/2024

26.01.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-142/2024 26.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı «iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı «iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqının ödənilməsi, artıq vaxtda işə cəlb olunduqda onun "növbə kitabı" sənədinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin Baş Muhafizə İdarəsinə sorğu göndərərək məhkəməyə təqdim olunması və artıq iş saatların hesablanmasına görə ekspertiza təyin edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, Ağsu rayonu, Yeyilik kənd sakini İddiaçı 23 fevral 2009-cı il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Muhafizə İdarəsi Kürdəmir RMB-nin MMX-nə əmək müqaviləsi (kontrakt) ilə mühafizəçi vəzifəsinə təyin olunmuşdur. Xidmətini Ağsu rayon ərazisində müxtəlif dövlət idarələrində aparmışdır. Xidməti apardığı zaman əmək müqaviləsində göstərilən tələbləri hec vaxt pozmamışdır. Əmək müqaviləsinin 6-cı bəndinə əsasən işçi gündə 8 saatdan, həfdə ərzində 40 saat çox olmayaraq işləyir. Lakin həmin bəndə əsasən işə götürən tərəfindən pozulmuşdur. Bildirir ki, əmək müqaviləsində həftə ərzində iş saatı 40 saatdan çox olmayaraq göstərilsə də o, 40 saatdan artıq növbədə saxlanaraq işləmişdir. Bir gün növbədə olaraq bir gün istirahətdə olmalıdı, lakin onu nöbəti gün yenidən növbəyə təyin ediblər. Artıq işlədiyi saatlar onun "növbə kitabı"-da qeyd olunub, həmin nöbələri Ağsu rayonu MMX-nın komandirləri təyin edib. Hər növbəni təyin edən zaman imzası ilə təsdiq edib və imazası ilə təhfil götürüb. İş saatından artıq işləməyini rəhbərliyə bildirsə də heç bir nəticə olmayıb. 2009-cı ildən 2022ci ilə qədər ümumi 13 il mühafizə işləmişdir. Daha sonra İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, cavabdehdən xx.xx.2009-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə 36000 (otuz altı) min manat əmək haqqını ödənilməsi, artıq vaxtda işə cəlb olunduqda onun "xidməti kitabı" və "naryad jurnalı" sənədlərinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin Baş Muhafizə İdarəsinə sorğu göndərərək məhkəməyə təqdim olunması və dəqiq hesablanılmasına görə etkspertiza təyin edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə vəsatət ünvanlayaraq, məhkəməyə gediş-gəlişi və vəkil hüquqi yardım alınması ilə bağlı 1718 manat xərclərinin cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə vəsatət ünvanlayaraq, ona qanunsuz verilmiş töhmətlərin silinməsinin və hər töhmətə görə ona 500 manat, ümumilikdə 1000 manat kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə vəsatət ünvanlayaraq, 13 il işlədiyi müddətdə hər aya 100 manat kompensasiya, ümumilikdə 15600 manat ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, iclasın onun iştirakı olmadan keçirlənməsini və iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi verilməsinə baxmayaraq, o, göstərilən tarixdə məhkəmə iclasına heç bir üzrlü səbəb göstərmədən gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Müki iş materiallarında (bundan sonar iş materilları) olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, xx.xx.1987-ci il təvəllüdlü İddiaçı ünvan 1i ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarixli əmək müqaviləsnə əsasən İddiaçı xx.xx.2009cu il tarixdən Kürdəmir X1 mülki xidməti üzrə mühafizəçi vəzifəsinə işə qəbul edilmişdir. Məhkəmə sorğusuna əsasən Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2022-ci il tarixli Ə453ş,h-038-22 nömrəli əmrinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdən Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən (öz xahişi ilə) Kürdəmir X1 mülki xidməti üzrə mühafizəçi (fəhlə) vəzifəsindən azad edilmişdir. İş materillarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Kürdəmir X1 04 avqust 2023-cü il tarixli məktubundan görünür ki, DİNnin xx.xx.2018-ci il tarixli Q36-001-18 nömrəli qərarına əsasən 2020-ci ilədək olan saxlama müddətləri bitmiş arxiv sənədləri DİN-nin BƏSİİ ilə razılaşdırılaraq məhv edilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsində göstərildiyi kimi, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək işəgötürənin əsas vəzifələri hesab olunur. Həmin Məcəllənin 9-cu maddəsinin “e” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək, “ə” bəndinə əsasən - əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək, belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əmək haqqının verilməsini tələb etmək hüquqları vardır. Göstərilən Məcəllənin 102-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. Azərbaycan Respublikası Əmək Məcəllənin 175-ci maddəsinin 1-ci bəndinə əsasən əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. Məhkəmə qeyd edir ki, işçinin iş vaxtından artıq müddətdə işə cəlb edilməsinə əsas verən işəgötürənin (onun səlahiyyətli şəxslərinin) hər hansı yazılı göstərişinin mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə bir göstərişin mövcud olmasını təsdiq edən mötəbər sübutlar da iddiaçı tərəfindən məhkəməyə təqdim edilə bilməmişdir. Bu səbəbdən məhkəmə iddiaçının iş vaxtından artıq işləməsi və artıq işlədiyi müddət ərzində əmək haqqı almaması barədə dəlillərini əsaslı hesab etmir. Məhkəmə həmçinin qeyd edir ki, hər bir işçi işləyərkən bu münasibətləri tənzimləyən onunla işə götürən arasında mövcud olan və əmək münasibətlərini tənzimləyən əmək müqaviləsidir. Həmin əmək müqaviləsində işçinin konkret iş saatları, iş rejimi və s. müəyyən edilməklə işçi ilə razlaşdırılmalıdır. Əlavə iş saatlarına (cəlb edilməyə) gəldikdə isə (əmək müqaviləsindən kənar) bu münasibət hər iki tərəf arasında müvafiq qaydada rəsmiləşdirilməli, əlavə işin nədən ibarət olması işçiyə bildirilməli və bunun razılığı alınmalıdır. Əlavə iş saatlarından kənar işçinin iş yerində olması hələ onun həqiqətəndə əmək fəaliyyətinin həyata keçirməsi demək deyildir ( işçinin əlavə olaraq işə cəlb edilməsi nəticəsində icra olunmuş fəaliyyətin işəgötürən tərəfindən təhvil alınması). Əksi olduğu təqdirdə isə bu kimi işlər (icra olunubsa əgər) könüllü qaydada əmək fəaliyyəti deməkdir ki, bu halda işçinin işəgötürəndən hər hansı əmək haqqı tələbi irəli sürməsi əsassız hesab edilməlidir. Bu kimi hallarda məhkəmə hesab edir ki, mütləq qaydada öhdəliyin yaranması üçün işçi işəgötürəndən bu halın razılaşmasını tələb etməli idi. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır». Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, hər bir tərəf irəli sürdüyü iddia tələblərini sübut etməldir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsaslanmalıdır. “Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, işin hərtərəfli tədqiqi dedikdə, baxılan iş üzrə mövcud olan bütün məsələlərin, onlar daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların müəyyən edilməsi ilə araşdırılması başa düşülməlidir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. İşin obyekti və qanuni həlli üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması da əhatə olunmalıdır. Qanunvericilik sübutetmə vəzifəsini tərəflərin üzərinə qoyduğu kimi, eyni zamanda tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsini də onların üzərinə qoymuşdur. Bununla yanaşı məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Cavabdehin nümayəndəsi və vəkili tərəfindən hazırki iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. AR Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin 1-ci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Qeyd edilən maddənin 5-ci bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxud qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək, mübahisəyə mahiyyəti üzrə baxa bilər. AR Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bununla əlaqədar isə məhkəmə qeyd edi rki, iddiaçının iddiasının özü əsassız hesab edildiyindən iddia müddətinin tətbiqinə dair ərizəyə münasibət bildirilməsinə zərurət qalmamışdır. Lakin məhkəmə yenədə qeyd edir ki, iddia tələbi iddiaçının 2009 ildən 2022-ci ilə qədər iş vaxtından artıq işlədiyi vaxt üçün əmək haqqının hesablanıb həmin tarixdən ona ödənilməsi ilə əlaqədar olduğundan, əmək haqqı ilə bağlı mübahisənin həlli üçün isə qanunvericilikdə 1 il ərzində məhkəməyə müraciət edilməsi nəzərdə tutulduğundan, məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan 1 ildən əvvəlki müddət üçün iddia əsaslı olsa idi belə ödənilməyən əmək haqqının tələb edilməsi ilə bağlı iddia tələbi təmin edilməyəcəkdi. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaldırılan iddia tələbinin təmin edilməsi ilə əlaqədar əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, iddia tələbləri əsassızdır və təmin edilməməlidir. Məhkəmə qeyd olunanlara qiymət verərək, belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı «iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqının ödənilməsi» tələbinə dair iddiası əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı «iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqının ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar