Məhkəmə qərarları › İş №2(006)-1428/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(006)-1428/2025

26.05.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1428/2025 26.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçı Alıhosseinzadeh Hassan, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı «mənzildən çıxarılma» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Alıhosseinzadeh Hassan Cavabdeh1 qarşı «mənzildən çıxarılma və pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ailəsi və əşyaları ilə birlikdə ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, b. 215, 29a saylı mənzildən çıxarılmasına, həmin mənzilin boşaldılaraq ona təhvil verilməsinə və cavabdehlərdən əldən çıxmış fayda olaraq hesablanmış 2100 (iki min bir yüz) manat məbləğində vəsaitin, 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Alıhosseinzadeh Hassan məhkəməyə iddia tələbinin azaldılmasına dair ərizə təqdim edərək, cavabdeh xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh1, xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh2, xx.xx.2009-cu il təvəllüdlü Cavabdeh4 və xx.xx.2013-cü il təvəllüdlü Cavabdeh3 əşyaları ilə birlikdə ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, b.215, 29a saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, b.215, 29a saylı mənzilin tam mülkiyyətçisidir. Sözügedən mənzil onun adına xx.xx.2019-cu il tarixində dövlət reyestrində qeydə alınmış və buna dair ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Belə ki, o daha öncə tanımadığı Cavabdeh1 ilə aralarında müəyyən olunmuş şərtlərlə kirayə müqaviləsinin bağlanmasına dair razılığa gəlmişlər. Lakin o, ölkə xaricində yaşadığından onun adından Azərbaycan Respublikası ərazisində bütün hərəkətlərin onun yaxın qohumu tərəfindən icra olunması nəzərdə tutulmuşdur. O, mənzili kirayə verərkən notariat kontorunda kirayə müqaviləsinin bağlanması zərurətinin olduğunu və həmin müqavilədə müddət, kirayə haqqı, ödəniş üsulu, məcburi ödənişlərə dair şərtlərin əks etdirilməsi məqsədilə qohumuna etibarnamənin göndərilməsini təmin etməli idi. Cavabdeh sözügedən etibarnamənin göndərilməsinin təmin olunması üçün müəyyən bir vaxt tələb olunduğunun və yaşayış yerinin olmadığını əsas gətirərək ondan müqavilə bağlanana qədər mənzilə köçməyinə icazə verməyini xahiş etmiş və etibarnamə ünvana çatdıqdan sonra dərhal müavilə bağlayacağına dair vəd vermişdir. Cavabdeh xx.xx.2024-cü il tarixində 500 (beş yüz) manat məbləğində bir aylıq kirayə haqqını ödəyərək ailəsi ilə birlikdə onun mənzilinə köçmüşdür. Lakin bəhs edilən etibarnamənin artıq uzun müddətdir ki, ünvana çatdırılmasına baxmayaraq, cavabdeh kirayə müqaviləsinin rəsmiləşdirilməsindən, razılaşdıırlmış kirayə haqqının ödənilməsindən və ya mənzildən çıxmaqdan müxtəlif bəhanələrlə imtina edir. Cavabdeh artıq altı aydır ki, mülkiyyətində olan mənzildə yaşayır və cəmi 900 (doqquz yüz) manat ödəniş etmişdir. Artıq dörd aydır ki, cavabdeh mənzilində onun iradəsi ziddinə yaşayır. Tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, mənzili boşaltmaqdan imtina edir. Göründyü kimi cavabdeh könüllü surətdə mənzili boşaltmaq niyyətində deyil. Mənzil tam mülkiyyət hüququ ilə ona məxsusdur və həmin mənzil üzərində onun mülkiyət hüququndan başqa digər heç bir hüquq dövlət reyestrində qeydə alınmamışdır. Eyni zamanda cavabdehlər mülkiyyətində olan mənzildə qaldıqlarından, o, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur. Halbuki, mənzil tərəfindən həmin müddət ərzində kirayə verilsə idi, 6 (altı) ay ərzində əldə edə biləcəyi gəlir 3000 (üç min) manat məbləğində təşkil edəcəkdir. Lakin cavabdeh tərəfindən ödənilən kirayə haqqı cəmi 900 (doqquz yüz) manat təşkil etmişdir. İddiaçı Alıhosseinzadeh Hassan məhkəmə iclasında iddia tələbini müdafiə etdi, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdirlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbləri baxımından iddia tələbinə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının işə qiyabi icraat qaydasında baxılması barədə yazılı xahişi nəzərə alınaraq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli 2(006)- 1428/2025 saylı qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının və onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin müvafiq Ərazi İdarəsi tərəfindən verilmiş dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, b.125, m. 29a xüsusi mülkiyyət kimi tam pay üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərai İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-12671/2025 saylı məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, bina 215, 29a saylı mənzil Bakı şəhəri 9 saylı DNK-nın 4Ə-02/799 reyestr nömrəli xx.xx.2013-cü il tarixli bağışlama müaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - AZEMİS “Elektron Məhkəmə” sistemindən əldə olunan çıxarışdan görünür ki, Cavabdeh1 ailə tərkibi həyat yoldaşı Cavabdeh2, iki övladı – Cavabdeh4 və Cavabdeh3 ibarətdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilir: "Mülkiyyət hüququ, nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələblərinin təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan mənafelərini pozmadan, mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə 3-cü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətləridir". Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir Hüququn ümumi prinsiplərindən görünür ki, mülkiyyət hüququ fundamental bir hüquqdur. Həm daxili qanunvercilik, həm də beynəlxalq hüquq mülkiyyət hüququna “mülkiyyətçinin sərbəstlik sferası” prizmasından yanaşır. Mülkiyyətçi öz əmlakından maneəsiz və arzuladığı formada istifadə etdiyi təqdirə bu hüquq öz mahiyyətini əldə edir. Mülkiyyətçinin öz əmlakından istədiyi formada istifadə edə bilməməsi əslində mülkiyyət hüquqlarını maneəli formada həyata keçirilməsini özündə ehtiva edir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə qeyd olunanlarla bağlı hesab edir ki, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən iddiaçının mənzilin mülkiyyətçisi olması işin mübahisəsiz halıdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hüquqlarına Dövlət tərəfindən müvafiq qanunvericiliyə əsasən təminat verilir və o mülkiyyətçi kimi məhkəmə müdafiəsi hüququndan istifadə etməkdə haqlıdır. İşin faktiki hallarından göründüyü kimi, iddiaçının mülkiyyətində olan mənzildə cavabdehlər buna hər hansı hüquqları olmadan yaşalar da, hazırda iddiaçının tələbi ilə oranı tərk etməməklə, mənzili boşaltmamaqla onun qanunla qorunan mülkiyyət hüquqları pozulur. Bu səbəbdən, məhkəmə iddianı əsaslı sayaraq təmin edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh1, xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh2, xx.xx.2009-cu il təvəllüdlü Cavabdeh4 və xx.xx.2013-cü il təvəllüdlü Cavabdeh3 əşyaları ilə birlikdə İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, b. 215, 29a saylı mənzildən çıxarılmalıdırlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh1, xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh2,xx.xx.2009-cu il təvəllüdlü Cavabdeh4 və xx.xx.2013-cü il təvəllüdlü Cavabdeh3 əşyaları ilə birlikdə İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, b. 215, 29a saylı mənzildən çıxarılsınlar. Cavabdehlər qətnaməni aldıqdan sonra 10 gün müddətində bu qətnamənin ləğvi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ərizə verməyə haqlıdırlar. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar