Məhkəmə qərarları › İş №2(006)-1446/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1446/2021

11.03.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1446/2021 11.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh Kayman Adalarının "X8" Şirkətinin nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdeh Kayman Adalarının "X8" Şirkətinə qarşı "xx.xx.2020-ci il tarixli 28X-OK saylı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi işburaxmağa görə əmək haqqının ödənilməsi və mənəvi ziyan tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Kayman Adalarının "X8" Şirkətinə qarşı "xx.xx.2020-ci il tarixli 28X-OK saylı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi işburaxmağa görə əmək haqqının ödənilməsi və mənəvi ziyan tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh şirkətdə uzun müddətdir ki, çalışır. xx.xx.2003-cü il tarixdə Qarasu Əməliyyat şirkətinə Quyuların əsaslı təmiri sahəsinə qazmaçı köməkçisi vəzifəsinə qəbul edilmişdir. İddiaçı 7 ay işlədikdən sonra vəzifələrini layiqincə yerinə yetirdiyi üçün vəzifəsi böyümüş, Quyuların əsaslı təmir sahəsinə qazmaçı vəzifəsinə qəbul edilmişdir. İddiaçı 1 il 7 aydan sonra cavabdeh şirkətdə əmək vəzifələrini keyfiyyətlə icra etdiyi üçün vəzifəsi böyümüş, əmək müqaviləsi əsasında qazma qurğusu üzrə usta vəzifəsinə keçirilmişdir. İddiaçı 3 il bu vəzifədə çalışmışdır. Bundan sonrakı 4 il ərzində Quyuların cari və əsaslı təmiri sexində texnoloq, Böyük texnoloq vəzifəsinə keçirilmişdir. İddiaçı xx.xx.2012-ci il tarixində vəzifələrini tam və səriştəli icra etdiyi üçün Quyuların Əsaslı və Yeraltı təmiri sexinin rəisi vəzifəsinə təyin edilmişdir. İddiaçı 7 il 5 ay ərzində bu vəzifəni layiqincə yerinə yetirmişdir. İddiaçı 2018-ci ilin dekabr ayında sex rəisi vəzifəsini düzgün və şərəflə icra etdiyi üçün Qarasu Əməliyyat Şirkətinin rəhbəri tərəfindən fəxri fərmanla təltif olunmuşdur. xx.xx.2019-cu il tarixində bu etimadlardan sonra yenidən iddiaçıya böyük etimad edilmiş, işlədiyi şirkətin Prezident aparatında Quyuların Əsaslı və Yeraltı təmiri üzrə Operativ idarəetmə meneceri vəzifəsinə təyin edilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixində sex rəisi vəzifəsi ilə paralel Qarasu əməliyyat şirkəti ilə tam maddi məsuliyyət müqaviləsi bağlamışdır. Podratçı təşkilat “Şirvan Drillinq Limited” şirkəti ləğv olunduqdan sonra şirkətin daxilində yeni yaradılmış Quyuların Əsaslı və Yeraltı təmiri sexinə şirkət rəhbərinin təşəbbüsü ilə iddiaçı (xx.xx.2020-ci ildə tutduğu vəzifə üzrə menecer ştatı bağlandığından) sex rəsi vəzifəsinə layiq görülmüş və təyin olunmuşdur. İddiaçının ümumilikdə 18 ildən artıq iş təcrübəsi və tək sex rəisi vəzifəsi üzrə 9 illik səriştəsi olan halda əsassız şəkildə günahlandırılaraq onun hüquqları pozulmuşdur. Halbuki, bu müddət ərzində dəfələrlə rəhbərlik tərəfindən mükafatlandırılmışdır. İddiaçı xx.xx.2020-ci il tarixdə saat, 11:00-da kadrlar şöbəsinə dəvət olunmuşdur. Kadrlar şöbəsinin rəisi Fərid Əliyev tərəfindən iddiaçıya 01/532 bildiriş təqdim edilmişdir. Bildirişdə 18 il bu şirkətdə fasiləsiz çalışmağına baxmayaraq, xx.xx.2020-ci il tarixdən sınaq müddətində özünü doğrultmadığı üçün müqaviləsinə xitam veriləcəyi əks olunmuşdur. X12 tərəfindən təsdiq olunmuş pandemiya zamanı işdən bu qədər tez müddətdə uzaqlaşdırılacağı iddiaçı üçün gözlənilməz xəbər oldu. Lakin sonradan bu əsasla deyil, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70- ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2020-ci il tarixli, 28X-OK saylı əmrlə əmək müqaviləsinə qanunsuz şəkildə xitam verilmişdir. İddiaçının barəsində əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli, 28X- OK saylı əmr qanunsuzdur. Belə ki, xx.xx.2020-ci il tarixli 28X- OK saylı əmrdə heç bir əsası olmadan iddiaçının haqqında yanlış məlumatlar qeyd edilmişdir. Guya iddiaçının özünü qeyri-adekvat aparmağı, özünü yandıracağı barədə heç bir sübuta, dəlilə, həqiqətə istinad etməyən əsassız məlumatlar qeyd edilmişdir. Əmrdə iddiaçının davranışında qəribəliklər müşahidə edilməsi, tez-tez əsassız mübahisə yə münaqişələrə yol yerməyi, şəxsiyyət pozulmaları ilə müşayiət olunan psixi xəstəlikdən əziyyət çəkməyi, şirkətin filialında yüksək yanğın təhlükəli ərazisində qeyri-qanuni əmələ yol yerməyi barədə heç bir əsası olmayan məlumatlar da qeyd olunmuşdur. İddiaçı haqqında qanunsuz araşdırılma aparılmış, guya avtomobilə tökmək üçün X1 istədiyi benzinlə özünü yandıracağı barədə yalan məlumat qeyd olunmuşdur. Bu hala dair cavabdeh təşkilatın heç bir rəsmi sübutu yoxdur. Əgər belə bir hal baş vermişdirsə, hüquqmühafizə orqanlarına müraciət edilməli və bu hal yalnız müvafiq orqanın rəsmi sənədi ilə təsdiq edilməli idi. Yalnız söz yığımından ibarət olan cümlələr qurmaqla cavabdeh şirkət heç bir qanuni əsas olmadan əmək müqaviləsinə xitam vermişdir. İddiaçı şəxsiyyət pozuntuları ilə müşayiət olunan psixi pozuntudan əziyyət çəkirdisə, işlədiyi 18 il müddətində nə üçün bu hallar cavabdeh şirkət tərəfindən müəyyən olunmamışdır. Əlavə olaraq, əməkdaşlar hər il həkim müayinəsindən keçirlər və hər hansı bir xəstəliyi olsaydı bu 18 il ərzində öz əksini rəsmi həkim epikrizlərində tapardı. Əlavə olaraq, əgər iddiaçı işlədiyi şirkətdə əsassız mübahisələrə və münaqişələrə yol verirdisə, nə üçün indiyə qədər bu hallar rəsmiləşdirilməmişdir? Göründüyü kimi, heç bir qanuni əsas olmadan cavabdeh şirkət iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam vermişdir. Göstərilənlərə əsasən Kayman Adalarının “X9” Şirkətinin xx.xx.2020-ci il tarixli, 28X-OK saylı əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsi üzrə işə bərpa edilməsi, məcburi işburaxmağa görə əmək haqqının ödənilməsi, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 500 (beş yüz) manat məbləğində müqavilə haqqının cavabdehdən tutulub iddiaçıya ödənilməsi, işdən qanunsuz olaraq çıxarıldığı üçün 5.000 (min) manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddiada göstərilənləri təsdiq etdilər və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında cavabdeh Kayman Adalarının "X8" Şirkətinin nümayəndəsi X10 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, o, şirkətdə təhlükəsizlik xidmətinin rəis müavini vəzifəsində işləyir. Şirkətin mərkəzi ofisində İddiaçı işdən azad olunması ilə əlaqədar bildiriş təqdim ediləndə o, aşağı düşmüş, binanın həyətinin mərkəzində dayanaraq Mehman adında işçi ilə telefon əlaqəsi yaratmış, ondan benzin gətirməsini istəmiş və həmin benzinlə özünü yandıracağını həmin vaxtı orada dayanmış təhlükəsizlik xidmətinin əməkdaşlarına bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, o, “xxxx” Əməliyyat Şirkətində təmirçi-çilingər vəzifəsində işləyir. 2020-ci ilin avqust ayının 14-ü onun istirahət günü olmuş. Həmin günü evdə olduğu zaman İddiaçı ona zəng vurub maşının yanacağının bitməsi bəhanəsilə ondan benzin istəmişdir. O da İddiaçı yanacaq almağa pulu olmadığını bildirmiş. Sonra isə şirkətin baş ofisinə yaxınlaşdı. Həmin vaxt İddiaçı mühafizənin yanında gördü. Həmin vaxt bilmişdir ki, İddiaçı benzini maşın üçün yox, özünü yandırmaq üçün istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, o, Kayman Adalarının "X8" Şirkətində kadrlar şöbəsinin rəisi vəzifəsində işləyir. İddiaçı işlədiyi müddətdə əmək funksiyalarını lazımınca yerinə yetirməmiş, son dövrdə töhmət və sonradan da şiddətli töhmət almışdır. xx.xx.2020-ci il tarixdə Şirkətin baş ofisində onun tərəfindən İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildiriş təqdim olunandan sonra sonuncu özünü qeyri-adekvat aparmış, özünü yandıracağı barədə hədələr bildirmiş, hətta tabeçiliyində olan QƏYT sexinin çilingəri Mehman Hüseynova zəng edərək, avtomaşına tökmək adı ilə aldatmaqla, ona 1 litr benzin çatdırmasını tələb etmişdir. Onun niyyətini başa düşən təhlükəsizlik xidmətinin əməkdaşları İddiaçı sakitləşdirərək, təhlükənin qarşısını almışlar. İş materiallarındakı Kayman Adalarının "X8" Şirkətinin rəhbəri X4 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli, 30/L №-li “işçiyə intizam məsuliyyətinin tətbiq edilməsi barədə” əmrin surətindən görünür ki, əmək və icra intizamını pozduğuna görə QƏYTS-nin rəisi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcələsinin 186-cı maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən töhmət elan edilmişdir. İş materiallarındakı Kayman Adalarının "X8" Şirkətinin rəhbəri X4 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli, 32/L №-li “işçiyə intizam məsuliyyətinin tətbiq edilməsi barədə” əmrin surətindən görünür ki, əmək və icra intizamının normal ahəngini pozduğuna görə QƏYTS-nin rəisi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcələsinin 186-cı maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. İş materiallarındakı Kayman Adalarının "X8" Şirkətinin rəhbəri X4 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli, 28X-OK №-li əmrin surətindən görünür ki, əmək vəzifələrini kobud şəkildə pozduğuna görə Quyuların Əsaslı və Yeraltı Təmiri sexinin rəisi İddiaçı ilə bağlanmış Əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcələsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2020-ci il tarixdən xitam verilmiş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək iş dövrü üçün istifadə etmədiyi 15 (on beş) əsas məzuniyyət günlərinə görə İddiaçı pul əvəzi, istifadə etmədiyi 1 (bir) əvəzgünə görə günlük vəzifə maaşının 2 misli həcmində pul əvəzi və əmək haqqı ödənilmədiyi iş günləri üçün əmək haqqı hesablanmış və ödənilmişdir. Həmin əmrdən görünür ki, araşdırma nəticəsində müəyyən edilmişdir ki, İddiaçı tərəfindən iş vaxtı ərzində, onun iş yeri olan Şirkətin Filialının yüksək yanğın təhlükəli ərazisində qeyri-qanuni əmələ yol verilmişdir ki, bu da müəssisə üçün, eləcə də ətrafdakıların həyatı və sağlamlığı üçün ciddi təhlükəli vəziyyətin yaranmasına səbəb olmuşdur. Əmək və icra intizamını pozduğuna görə Quyuların Əsaslı və Yeraltı Təmiri sexinin rəisi İddiaçı xx.xx.2020-ci il tarixli 30/L nömrəli əmrlə “töhmət” və xx.xx.2020-ci il 32/L tarixli əmrlə isə “sonuncu xəbərdarlıqla şiddətli töhmət” almışdır. İddiaçı nə onunla aparılmış söhbətlərdən, nə də verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndi ilə nəzərdə tutulmuş əmək vəzifələrinin kobud şəkildə pozulması halına yol vermişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2003-cü il tarixdən İddiaçı Kayman Adalarının "X8" Şirkətində müxtəlif vəzifələrdə çalışmış və işəgötürənin xx.xx.2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə işdən azad olunmuşdur. İddiaçı həmin əmri qanunsuz sayaraq onun ləğv olunması və əvvəlki vəzifəsinə bərpa olunması üçün müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göstərilən hallarla əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinə görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işin materiallarında olan Kayman Adalarının "X8" Şirkətinin xx.xx.2020-ci il tarixli, 28X-OK №-li əmrində İddiaçı tərəfindən yol verilmiş «əmək funksiyasının kobud şəkildə pozulması halları»nın konkret olaraq nədən ibarət olması göstərilməmiş, həmin pozuntuların işəgötürənin qanuni mənafeyinə xələl gətirməsi ilə bağlı hallar lazımi qaydada əsaslandırılmamış və Əmək Məcəlləsinin 72ci maddəsində göstərilən hallardan hər hansı biri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçının həqiqətən də əmək vəzifələrinin kobud şəkildə pozması faktı ilə əlaqədar şirkət tərəfindən hər hansı daxili araşdırmanın nəticəsi və həmin faktın həqiqətən də öz təsdiqini tapdığını sübut edən hər hansı sənəd cavabdeh şirkətin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.3-cü maddəsinin tələbinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. İşin sadalanan hallarından və yuxarıda qeyd olunan hüquq normalarından da göründüyü kimi işəgötürən – Kayman Adalarının "X8" Şirkəti tərəfindən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən vəzifədən azad olunması açıq-aşkar qanunsuz və əsassız olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci bəndinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Məhkəmə iş üzrə alınmış şahid ifadələrinə və Kayman Adalarının "X8" Şirkətinin nümayəndəsi tərəfindən təqdim olunmuş sənədlərə (əmrlər, aktlar və s.) hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, həmin sübutlar iş üzrə obyektiv həqiqəti əks etdirmir və yalnız İddiaçı qərəzli olaraq işdən kənarlaşdırmaq məqsədi ilə verilmişdir. Belə ki, işdən çıxarılma əmrində qeyd olunanlarla bağlı məhkəmə tərəfindən cavabdeh şirkətin nümayəndəsinə müvafiq videogörüntünü əks etdirən, həmçinin iddiaçının “xxxx” ilə əlaqədar Şirkətin hüquq mühafizə orqanlarına müraciət edib-etməməsi barədə müvafiq sübutların təqdim olunması təklif olunsa da, cavabdeh tərəfindən bu cür sübutlar təqdim olunmamışdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Şirkətin xx.xx.2020-ci il tarixli, 28X-OK saylı əmrində Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə (əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması) istinad olunmuşdur. Həmin əmrdən daha öncə iddiaçı barəsində üç gün fərqi ilə xx.xx.2020-ci il tarixli (töhmət) və xx.xx.2020-ci il tarixli (sonuncu xəbərdarlıqla şiddətli töhmət) iki əmr verilmişdir. 18 ilə yaxın bir müddət ərzində şirkətdə müxtəlif vəzifələrdə (o cümlədən rəhbər vəzifələrdə) qüsursuz olaraq çalışmış bir işçi barəsində üç gün fərqi ilə töhmət və şiddətli töhmət növündə intizam tənbehlərinin verilməsi və sonradan da Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə (həmin Məcəllənin 72-ci maddəsinin “ə” bəndinə istinad etməklə) işdən azad olunması və qeyd olunan əmrlərin lazımi qaydada əsaslandırılmaması həmin işçiyə münasibətdə işəgötürənin qərəzli olduğuna dəlalət edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh şirkətin xx.xx.2020-ci il tarixli, 28X-OK saylı əmri əsassız və qərəzli olduğuna görə ləğv olunmalıdır. Mənəvi zərərlə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx xxxxxx 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 500 (beş yüz) manat məbləğində mənəvi zərərin əvəzinin tutulması ağlabatan və eyni zamanda ədalətlidir. İddianın hüquqi yardıma görə ödənilmiş 500 manat məbləğində pulun cavabdehdən alınması hissəsi ilə əlaqədar məhkəmə hesab edir ki, iddia bu hissədə təmin olunmalı və hüquqi yardım xərci cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin 1-ci hissəsində hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ təsbit edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Kayman Adalarının "X8" Şirkətinin xx.xx.2020-ci il tarixli, 28X-OK saylı əmri ləğv edilməli, İddiaçı Kayman Adalarının "X8" Şirkətində əvvəlki vəzifəsi üzrə işə bərpa edilməli, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh Kayman Adalarının "X8" Şirkətindən tutularaq İddiaçı ödənilməli, cavabdeh Kayman Adalarının "X8" Şirkətindən 500 (beş yüz) manat hüquqi xidmət xərcinin və 500 (beş yüz) manat mənəvi zərərin əvəzi olmaqla, cəmi 1000 (bir min) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Kayman Adalarının "X8" Şirkətinin xx.xx.2020-ci il tarixli, 28X-OK saylı əmri ləğv edilsin. İddiaçı Kayman Adalarının "X8" Şirkətində əvvəlki vəzifəsi üzrə işə bərpa edilsin, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh Kayman Adalarının "X8" Şirkətindən tutularaq İddiaçı ödənilsin. Cavabdeh Kayman Adalarının "X8" Şirkətindən 500 (beş yüz) manat hüquqi xidmət xərcinin və 500 (beş yüz) manat mənəvi zərərin əvəzi olmaqla, cəmi 1000 (bir min) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar