Məhkəmə qərarları › İş №2(006)-1449/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1449/2022

23.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1449/2022 23.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin verilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin verilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı F.X1 ilə 01 may 2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Həyat yoldaşı mərhum X7 20 iyun 2014-cü il tarixdə saat 13:00 radələrində Xocavənd Rayon Polis Şöbəsində xidməti otağında olarkən polis şöbəsinin əməkdaşları Oqtay Hacıyev, Şakir Əhmədov və Nazir Quliyev onu otaqda huşsuz vəziyyətdə görmüş və dərhal təcili tibbi yardım briqadası çağırmış, müayinə zamanı həyat yoldaşının vəfat etməsi müəyyən olunmuşdur. Beyləqan Rayon Prokurorluğu tərəfindən aparılmış araşdırma zamanı mərhum həyat yoldaşı - polis polkovniki X4 ürək-damar xəstəliyindən 20 iyun 2014-cü il tarixdə xidməti iş yerində vəfat etməsi müəyyən edildiyindən toplanmış material üzrə 27 iyun 2014-cü il tarixdə cinayət işi başlanmasının rədd olunması barədə qərar qəbul edilmişdir. Beyləqan Rayon İHB-nin 1-ci Şahsevən İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 iyul 2014-cü il tarixli AZ-1649025 nömrəli ölüm haqqında şəhadətnamədə H.Qarayevin 20 iyun 2014-cü il tarixdə ürək çatışmazlığı səbəbindən vəfat etməsi qeyd olunmuşdur. İddiaçının həyat yoldaşı mərhum H.Q.Qarayev 1958-ci il tarixdə anadan olmuş, 1981-ci ildən DİO-da, 2007-ci ildən Xocavənd RPŞ-nin rəisi vəzifəsində xidmət etmişdir. Xocavənd Rayon Polis Şöbəsinin rəisi iddiaçının həyat yoldaşı mərhum X4 vəfat etməsi faktı üzrə aparılan xidməti təhqiqatın nəticəsinə dair rəydən də görünür ki, H.Q.Qarayev xidməti vəzifəsini icra edərkən vəfat etmiş hesab olunmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubovun 09 sentyabr 2014-cü il tarixli, 22377ş/h-001-14 saylı əmrindən də görünür ki, xidməti vəzifəsini icra edərkən vəfat etmiş Xocavənd Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki X6 20 iyun 2014-cü il tarixdən ölümünə görə şəxsi heyətin siyahısından çıxarılmışdır. İddiaçı Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etmiş, müraciətinə cavab olaraq ona həyət yoldaşı mərhum H.Qarayev ürək çatışmazlığı səbəbindən vəfat etdiyinə görə “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanuna əsasən sığorta ödənişinin verilməsi nəzərdə tutulmadığı bildirilmişdir. Eyni cavabı iddiaçıya Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti də vermişdir. Halbuki, «Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikasının 05 oktyabr 1999-cu il tarixli Qanununun 5-ci maddəsinə əsasən sığortalı məhkəmə hüquq mühafizə orqanları işçilərinin xidmət vəzifələrinin icrası ilə bağlı həlak olması, vəfat etməsi, zədələnməsi, xəsarət alması, yaralanması, sığorta hadisələri hesab edilir. Göstərilənlərə əsasən Xocavənd Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki – iddiaçının həyat yoldaşı mərhum X4 xidməti vəzifəsini yerinə yetirən zaman vəfat etməsi səbəbindən iddiaçıya “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanununa görə sığorta ödənişinin verilməsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X8 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmiş və bildirmişdir ki, “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 05 oktyabr 1999-cu il tarixli Qanununun 5-ci maddəsinə əsasən sığortalı məhkəmə və hüquq mühafizə orqanları işçilərinin xidmət vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), zədələnməsi, yaralanması, xəsarət alması sığorta hadisələri hesab edilir. 09 iyul 2014-cü il tarixli ölüm haqqında şəhadətnamədən göründüyü kimi, mərhum H.Q.Qarayev “ürək çatışmamazlığı” xəstəliyi ilə əlaqədar vəfat etmişdir ki, bu da yuxarıda göstərilən Qanuna əsasən sığorta hadisəsi sayılmır. Məhkəmə, tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Beyləqan rayon İHB-nın 1-ci Şahsevən İƏD üzrə nümayəndəliyi tərəfindən 09.07.2014-cü il tarixdə verilmiş Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 “ürək çatışmamazlığı” səbəbi ilə əlaqədar 20.06.2014-cü il tarixdə vəfat etmişdir. İşdə olan Beyləqan rayon İHB-nın 1-ci Şahsevən İƏD üzrə nümayəndəliyi tərəfindən 01.05.2013-cü il tarixdə verilmiş Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə İddiaçı arasında həmin tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 38 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Ocaqverdiyeva soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Naziri, generalpolkovnik Ramil Usubov tərəfindən təsdiq edilmiş Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin “Xocavənd RPŞ-nin rəisi H.Qarayevin vəfat etməsi faktı üzrə aparılan xidməti təhqiqatın nəticəsinə dair” 03.09.2014-cü il tarixli rəyindən görünür ki, Xocavənd RPŞ-nin rəisi, polis polkovniki X7 xidməti vəzifəsini icra edərkən vəfat etmiş hesab olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Naziri, generalpolkovnik Ramil Usubovun verdiyi 22377ş/h-001-14 №-li, 09.09.2014-cü il tarixli əmrin surətindən görünür ki, xidməti vəzifəsini icra edərkən vəfat etmiş Xocavənd RPŞ-nin rəisi, polis polkovniki X7 20 iyun 2014-cü il tarixdən ölümünə görə şəxsi heyətin siyahısından çıxarılmışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı ünvanlanmış 07-05-1071 №-li, 08.09.2016-cı il tarixli məktubundan görünür ki, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 05 oktyabr 1999-cu il tarixli Qanununun 5-ci maddəsinə əsasən sığortalı məhkəmə və hüquq mühafizə orqanları işçilərinin xidmət vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), zədələnməsi, yaralanması, xəsarət alması sığorta hadisələri hesab edilir. 09 iyul 2014-cü il tarixli ölüm haqqında şəhadətnamədən göründüyü kimi, mərhum H.Q.Qarayev “ürək çatışmamazlığı” xəstəliyi ilə əlaqədar vəfat etmişdir ki, bu da yuxarıda göstərilən Qanuna əsasən sığorta hadisəsi sayılmır. Ona görə də H.Q.Qarayevin ölümü ilə əlaqədar onun varislərinə Qanunda nəzərdə tutulmuş sığorta ödənişinin verilməsi qeyrimümkündür. İş materiallarında olan Beyləqan rayon 1 saylı Notariat Ofisinin notariusu C.M.Qasımov tərəfindən verilmiş 326 №-li, 16.04.2022-ci il tarixli arayışından görünür ki, Beyləqan rayonu 2 saylı notariat ofisində X3 adına vərəsəlik işi açılmışdır və vərəsə kimi İddiaçı Mayıs qızına 22.12.2014-cü il tarixdə 2V-123 reyestr nömrəsi ilə təsdiq edilmiş miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının əri Xocavənd Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki X7 xidməti vəzifəsini yerinə yetirən zaman 20.06.2014-cü il tarixdə vəfat etmiş, ölüm haqqında şəhadətnamədə H.Q.Qarayevin vəfat etməsinin səbəbi kimi “ürək çatışmamazlığı” göstərilmiş, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin “Xocavənd RPŞ-nin rəisi H.Qarayevin vəfat etməsi faktı üzrə aparılan xidməti təhqiqatın nəticəsinə dair” 03.09.2014-cü il tarixli rəyində göstərilmişdir ki, Xocavənd RPŞ-nin rəisi, polis polkovniki X7 xidməti vəzifəsini icra edərkən vəfat etmiş hesab olunmuşdur. Hazırda cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti mərhum H.Q.Qarayevin “ürək çatışmamazlığı” xəstəliyi ilə əlaqədar vəfat etməsini, bunun da “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanununa əsasən sığorta hadisəsinin sayılmaması əsası ilə vərəsəsi İddiaçı sığorta ödənişinin verilməsindən imtina etmişdir. “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən həmin qanuna uyğun olaraq hər bir məhkəmə və hüquq mühafizə orqanları işçisi onların 5 illik əmək haqqı məbləğində sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən sığortaolunanların xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması və (və ya) əlilliyin müəyyən edilməsi sığorta hadisələri hesab edilir. Sığorta hadisələri baş verdikdə bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğindən faizlə aşağıdakı sığorta ödənişləri verilir; a) sığortaolunan məhkəmə və ya hüquq mühafizə orqanlarında xidmətdə olduğu zaman həlak olduqda (vəfat etdikdə) - 100 faiz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 154.1-ci maddəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 157.3-cü maddəsinə görə əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Göründüyü kimi iddiaçının mərhum əri X7 hüquq-mühafizə orqanının əməkdaşı (Xocavənd Rayon Polis Şöbəsinin rəisi) kimi xidmətdə olduğu zaman vəfat etmiş, həmçinin Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin müvafiq rəyi ilə onun xidməti vəzifəsini icra edərkən vəfat etməsi müəyyən olunmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, Dövlət Sığorta Kommersiya Şirkətinin imtinası əsassız hesab olunmalı və iddiaçıya mərhum ərinin vərəsəsi kimi “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə müvafiq olaraq sığorta ödənişi verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı mərhum əri X3 vəfat etdiyi zaman icra etdiyi Xocavənd Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə uyğun olaraq (polis polkovniki rütbəsində) “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş 5 illik əmək haqqı miqdarında sığorta ödənişi cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı mərhum əri X3 vəfat etdiyi zaman icra etdiyi Xocavənd Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə uyğun olaraq (polis polkovniki rütbəsində) “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş 5 illik əmək haqqı miqdarında sığorta ödənişi cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar