Məhkəmə qərarları › İş №2(006)-1455/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1455/2024

30.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1455/2024 30.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Mikayılova Dilbər Ağaverdi qızının katibliyi ilə, Ərizəçi 1 saylı Bakı "ASAN Xidmət" Mərkəzində Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi "mirasın qəbul edilməsi üçün ötürülmüş müddəti bərpa etməklə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi"nə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi 1 saylı Bakı "ASAN Xidmət" Mərkəzində Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi "mirasın qəbul edilməsi üçün ötürülmüş müddəti bərpa etməklə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi"nə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X7 məxsus ünvan 1ində yerləşən torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi üzərində mirası qəbul etməyi üçün üzrlü səbəbdən ötürülmüş müddəti bərpa etməklə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1992-ci il tarixdə X12 ilə rəsmi nikaha daxil olmuşlar. Bu nikahdan 2 övladları doğulmuşdur. Həyat yoldaşı xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. ünvan 1 qəbirstanlığında dəfn olunmuşdur. Bildirmişdir ki, həyat yoldaşının mülkiyyətində ünvan 1 ərazisində torpaq sahəsi və üzərində fərdi yaşayış evi olmuşdur. Hazırda da həmin torpaq sahəsi və fərdi ev mərhum həyat yoldaşının adınadır. Ərizəçi onun vərəsəsi kimi həmin torpağa vərəsəlik şəhadətnaməsi almaq üçün 1 saylı Bakı Asan Xidmət Mərkəzində Notariat Ofisinə müraciət etmiş, lakin oradan ərizəçiyə vərəsəlik şəhadətnaməsi almaq üçün müəyyən olunmuş müddəti keçirdiyi üçün ona imtina verilmişdir. Bildirmişdir ki, müddəti üzrlü səbəbdən ötürüb. Belə ki, vərəsəliyin açılması barədə qanundan başı çıxmırdı. Həmçinin həyat yoldaşının ölümü ona və övladlarına pis təsir etmiş, heç cür qəbul edə bilmirdilər, ona görə də sənəd işləri ilə məşğul olmamışdır. Heç yadına da düşməyib, ona görə ki, övladlarını tək böyütmüşdür. Elə bilirmiş ki, hər bir vaxt vərəsəliyi qəbul etmək olar. Ona görə də bu müddətin buraxılması üzrlü səbəbdən olmuşdur və bunun nəzərə alınmasını xahiş etmişdir. Həyat yoldaşından ona qalmış miras əmlakından təyinatı üzrə istifadə edə bilmir. Notariat ofisi tərəfindən imtina olunması isə ona maneəçilik törədir. Həmin torpaq sahəsindən və fərdi evdən istifadə etmədikcə məhv olmağa doğru gedir. Ona görə də həyat yoldaşının 1-ci dərəcəli vərəsəsi kimi miras torpaq üzərində hüququnun tanınmasını istəyir. Digər vərəsə olan övladları buna etiraz etmir. Lazım gəlsə məhkəmədə də iştirak edib razılıqlarını bildirə bilərlər. Tərəflərin iştirakı və izahatlar: Ərizəçi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsin nümayəndəsi məhkəməyə məktub ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin müddəalarına əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları: xx.xx.1961-ci il tarixdə verilmiş 046108 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1961-ci ildə ünvan 1ində anadan olmuşdur. 1 saylı Bakı Asan Xidmət mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİ seriyalı, 355681 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2023-cü il tarixində həzm orqanlarının dəqiqləşdirilməmiş xəstəliyi səbəbindən Bakı şəhərində vəfat etmişdir. xx.xx.1992-ci il tarixdə verilmiş 465459 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X15 arasında xx.xx.1992-ci il tarixdə, bu barədə nikah haqqında akt qeydləri kitabında 9 nömrə ilə qeyd edilməklə nikah bağlanmışdır. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.1984-cü il təvəllüdlü X4 və xx.xx.1988-ci il təvəllüdlü X1 valideynləri Ərizəçi və X9r. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin xx.xx.2010-cu il tarixli MA seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Qazax rayonu, Birinci Şıxlı kəndində yerləşən fərdi yaşayış evi X5 adına daşınmaz əmlakın dövlət reyestrində 4 saylı reyestr kitabının 188 saylı vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin xx.xx.2010-cu il tarixli MA seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən 0,11 ha torpaq sahəsi X5 adına daşınmaz əmlakın dövlət reyestrində 5 saylı reyestr kitabının 81 saylı vərəqində qeydiyyata alınmışdır. 1 saylı Bakı “Asan Xidmət” mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 1656 nömrəli Ərizəçi, X10 və X2 ünvanlanmış məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X6 vərəsəlik işinin həlli ilə əlaqədar təqdim edilmiş sənədlər araşdırılmış və müəyyən edilmişdir ki, vərəsəliyin qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddət ötürülmüşdür. Tətbiq edilməli qanunvericilik: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Qüvvədən düşmüş 1246-cı maddəsində deyilirdi : Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qüvvədən düşmüş 1273-1-ci maddəsində deyilirdi: Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, “Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, zərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərarın qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil ediməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1i ünvanında yerləşən torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi ərizəçinin vəfat etmiş həyat yoldaşı X11 məxsus olmuşdur. Həmçinin araşdırma zamanı məlum oldu ki, ərizəçi tərəfindən vərəsəliyin formal qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddət üzrlü səbəbdən ötürülmüşdür. Ümumiyyətlə isə miras əmlak faktiki olaraq qəbul edilmişdir. Mülki qanunvericiliyə əsasən ərizəçi mərhumun 1-ci dərəcəli qanun üzrə vərəsəsi hesab olunur və miras əmlak üzərində vərəsəlik hüquqlarının tanınması üzrə məhkəməyə müraciət etmişdir. Birgə nikahdan doğulan övladları bu faktın tanınmasına etiraz etmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, vərəsəliyin qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddət bərpa edilməli, ərizəçi tərəfindən xx.xx.2023-cü il tarixdə vəfat etmiş arvadından qalmış mirasın qəbul edilməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2023-cü il tarixdə vəfat etmiş X3 qalmış ünvan 1ində yerləşən torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mirasın qəbul edilməsi üçün ötürülmüş müddət bərpa edilməklə Ərizəçi mirası qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar