Məhkəmə qərarları › İş №2(006)-1457/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1457/2022

31.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1457/2022 31.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "xitam verilmiş zaminlik müqaviləsi üzrə zamin statusunun bağlı edilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "xitam verilmiş zaminlik müqaviləsi üzrə zamin statusunun bağlı edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların qohumu olan Ağayev Abi Bahaddin oğlu Cavabdeh1 ASC-nin Lənkəran filialından 23 iyun 2016-cı il tarixində 36 ay müddətinə kredit götürərkən, götürmüş olduğu 24054 manat məbləğində kredit borcuna bank tərəfindən zamin tələb olunduğundan, onlardan sözügedən kreditə zamin durmağını xahiş etmişdir. Borclu ilə qohum olduqları üçün, eləcə də aylıq ödənişlərində heç bir problemin yaranmayacağını düşünərək, iddiaçılar borclu ilə birlikdə banka yaxınlaşıb, Cavabdeh1 ASC ilə 23 iyun 2016-cı il tarixli LAN-138639/16 saylı zaminlik müqavilələri bağlamışlar. X5 Bahaddin oğlu öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etmədiyi üçün, kreditor təşkilat aidiyyəti üzrə Astara Rayon Məhkəməsinə ona və zaminlərə qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi” tələbinə dair iddia qaldırmışdır. İddia ərizəsi ilə tanış olarkən, Cavabdeh1 ASC ilə iddiaçılar arasında bağlanılmış 23 iyun 2016-cı il tarixli LAN-138639/16 saylı zaminlik müqavilələrinin öhdəliyinin icrası 23 iyun 2019-cu il tarixdə başa çatdığından və həmin vaxtdan 1 (bir) il ərzində zaminlərə qarşı heç bir iddia irəli sürülmədiyindən, “zaminliyə xitam verilməlidir” qənaətinə gəldilər. Odur ki, peşə fəaliyyətlərilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədikləri üçün, məhkəmədən xahişlərini rəsmi şəkildə vəsatət təqdim etməklə birdirmək məcburiyyətində qalmışlar. Hər ikisinin vəsatəti Astara Rayon Məhkəməsinin 2(018)-323/2021 saylı, 21 iyun 2021-ci il tarixli qətnaməsi ilə təmin olunaraq, X5 Bahaddin oğlunun kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 ASC ilə bağladıqları 23 iyun 2016-cı il tarixli LAN-138639/16 saylı zaminlik müqavilələrinə xitam verildi. İddianın qismən təmin olunması ilə razılaşmayan iddiaçı LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Astara Rayon Məhkəməsinin 2(018)-323/2021 saylı, 21 iyun 2021-ci il tarixli qətnaməsindən Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Mülki kollegiyada işə baxılaraq, iddiaçının şikayətinin əsassız olduğunu qeyd edərək, apellyasiya şikayətinin təmin olunmaması və Astara Rayon Məhkəməsinin 2(018)-323/2021 saylı, 21 iyun 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə 2(106)-2917/2021 saylı, 30 sentyabr 2021-ci il tarixli qətnamə qət edilmişdir. Bir müddət sonra iddiaçılar kredit götürməkdən ötrü, banklara müraciət edərkən, aydın oldu ki, yuxarıda qeyd olunan zaminlik müqavilələrinə xitam verilməyinə baxmayaraq, "xxxx" MMC-dən kredit tarixçələri barədə çıxarış əldə edərkən, X5 Bahaddin oğlunun 23 iyun 2016-cı il tarixli 24054 manat kredit borcu üzrə aktiv zaminlik öhdəliyi göründüyü üçün, kredit götürmək mümkünsüz olmuşdur. Bütün bunlara rəğmən, ədalətli məhkəmə qərarının icrasından ötrü, LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun “941” saylı qaynar xətti ilə, həmçinin Mərkəzi Bankın “966” saylı qaynar xətti, eləcə də, "xxxx" MMC-nin “***- ***-**-**” saylı telefon nömrəsi ilə əlaqə saxladıqdan sonra, hər üç müəssisədən bildirdilər ki, Astara Rayon Məhkəməsinin 2(018)-323/2021 saylı, 21 iyun 2021-ci il tarixli qətnaməsində qət edilən “zaminlik müqavilələrinə xitam verilsin” müddəası üzrə qətnamənin icrasından ötrü onların üzərinə işin icrası ilə əlaqədar, hər-hansı bir tələb qoyulmamışdır. Ona görə də bildirilmişdir ki, kredit tarixçəsindən hazırki zaminlik öhdəçiliyinin silinməsi üçün yalnız ayrıca məhkəmə qərarı olduğu təqdirdə işin icrası mümkün olacaqdır. Bununla əlaqədar, zaminlik müqavilələrinə xitam verilməsi barədə 2(018)-323/2021 saylı qətnamə olduğu üçün, kredit tarixçəsindən zaminlik öhdəçiliyinin silinməsindən ötrü, aidiyyəti üzrə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Göstərilənlərə əsasən Astara Rayon Məhkəməsinin 2(018)-323/2021 saylı, 21 iyun 2021ci il tarixli qətnaməsi əsasında, İddiaçı1 və İddiaçı2 23 iyun 2016-cı il tarixli LAN- 138639/16 saylı zaminlik müqavilələrinə xitam verildiyindən, Ağayev Abi Bahaddin oğlu ilə Cavabdeh1 ASC arasında bağlanmış 23 iyun 2016-cı il tarixli kredit müqaviləsi üzrə "xxxx" MMC-də olan iddiaçıların kredit tarixçələrində zaminlik statuslarının bağlı edilməsindən ötrü LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qarşısında tələb qoyulması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Əvvəlki məhkəmə iclasında (hazırlıq iclasında) iştirak etmiş iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişlər. Sonuncu məhkəmə iclasından əvvəl iddiaçılar məhkəməyə teleqram göndərib məhkəmə iclasında məsafənin uzaq olması ilə bağlı iştirak edə bilməyəcəklərini bildirmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 işə iddiaçıların iştirakı olmadan baxılmasına etirazının olmadığını bildirmiş və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Astara Rayon Məhkəməsinin 2(018)-323/2021 saylı 21 iyun 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Ağayev Abi Bahaddin oğlu, İddiaçı1 və İddiaçı2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, faizlərin, dəbbə pulunun ödənilməsinə dair iddiasının qismən təmin edilməsi, cavabdeh Ağayev Abi Bahaddin oğlundan iddiaçı Ləğv prosesində olan Cavabdeh1, ASC-yə əsas borc üzrə 19515 (on doqquz min beş yüz on beş) manat, 51 (əlli bir) qəpik, faiz borcu üzrə (25%-lə) 6915 (altı min doqquz yüz on beş) manat, 12 (on iki) qəpik, cərimə borcu 500 (beş yüz) manat və gecikmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi üzrə 1140 (bir min bir yüz qırx) manat, 91 (doxsan bir) qəpik olmaqla, cəmi borcu 28071 (iyirmi səkkiz min yetmiş bir) manat, 54 (əlli dörd) qəpik məbləğində pul vəsaitinin, həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsinin cavabdeh Ağayev Abi Bahaddin oğlundan tutularaq iddiaçı ləğv prosesində olanCavabdeh1 ASC-nə ödənilməsi, Cavabdeh1 ASC ilə cavabdehlər İddiaçı1 və İddiaçı2 arasında bağlanmış 23 iyun 2016-cı il tarixli LAN- 138639/16 saylı zaminlik müqavilələrinə xitam verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-2917/2021 saylı, 30.09.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı ləğv prosesində olanCavabdeh1 ASC-nin apellyasiya şikayətinin təmin edilməməsi, Astara Rayon Məhkəməsinin 2(018)-323/2021 saylı 21 iyun 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə olan iddiaçıların "xxxx" MMC-dən kredit tarixçələri barədə çıxarışlardan görünür ki, X5 Bahaddin oğlunun 23 iyun 2016-cı il tarixli 24054 manat kredit borcu üzrə hər iki iddiaçının aktiv zaminlik öhdəliyi mövcuddur (silinməmişdir). Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Göstərilən maddənin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. Belə ki, qanuni qüvvəsini almış qətnamə ilə hazırki iş üzrə iddiaçılar ilə cavabdeh Bank arasında bağlanmış zaminlik müqavilələrinə xitam verilməsi qət olunmuşdur. Belə olan halda mərkəzləşdirilmiş kredit reyestrində onların həmin müqavilələr üzrə aktiv öhdəliyin qalması (silinməməsi) iddiaçıların hüquq və qanuni maraqlarının pozulması ilə nətəcələnir. “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə əsasən, kredit tarixçəsinin subyekti öz kredit hesabatını təşkil edən məlumatın yanlış olmasını aşkar etdikdə, düzgün olmayan məlumatın aradan qaldırılması üçün müvafiq kredit bürosuna və məlumat təchizatçısına müraciət edə bilər. Həmin Qanunun 18.8-ci maddəsinə əsasən, kredit tarixçəsinin subyekti araşdırmanın nəticələri ilə razı olmadıqda, nəzarət orqanına və məhkəməyə şikayət verə bilər. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 23 iyun 2016-cı il tarixli LAN-138639/16 saylı zaminlik müqavilələrinə xitam verildiyindən, Ağayev Abi Bahaddin oğlunun Cavabdeh1 ASC-də olan eyni tarixli kredit müqaviləsi üzrə "xxxx" MMC-yə iddiaçıların kredit tarixçələrində zaminlik statuslarının ləğv edilməsi barədə müvafiq məlumatların verilməsi öhdəliyi LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 23 iyun 2016-cı il tarixli LAN-138639/16 saylı zaminlik müqavilələrinə xitam verildiyindən, Ağayev Abi Bahaddin oğlunun Cavabdeh1 ASC-də olan eyni tarixli kredit müqaviləsi üzrə "xxxx" MMC-yə iddiaçıların kredit tarixçələrində zaminlik statuslarının ləğv edilməsi barədə müvafiq məlumatların verilməsi öhdəliyi LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar